Uğursuz gün - Təvəkgül Boysunardan yeni hekayə

Təvəkgül Boysunar, yazar

Təvəkgül Boysunar, yazar

15 noyabr 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Təvəkgül Boysunarın “Uğursuz gün” adlı hekayəsini təqdim edir.

(Yumor üçün)

Keçmiş iş yoldaşım Jalə məni toyuna dəvət eləyəndə axırda belə bir cümlə də yazdı:

– Səni elə masada əyləşdirəcəm ki, bir ay sonra sən də məni toyuna çağırassan.

Gülümsəyib sağollaşdım və iki həftə sonra zala daxil olub, məni qarşılayan adamın göstərdiyi masaya doğru gedəndə Jalənin zarafat etmədiyini başa düşdüm.

Cəmi üç oğlanın əyləşdiyi həmin masada qalan qonaqların hamısı qız idi və qızların hamısı da elə gözəl və gözqamaşdırıcı görsənirdilər ki, ürəyimdə ciddi bir təəssüf hissi ilə dördüncü oğlan olaraq masaya əyləşdim.

Təəssüfüm ona görə idi ki, işdən çıxıb birbaşa bura gəlmişdim və günorta da heç nə yeməmişdim deyə çox ac idim, hətta o qədər ac idim ki, başqa masaların arasından keçib öz masama doğru gedərkən az qalırdı, əl atıb digər stolların üstündəki ət tikələrini, blinçikləri qapım.

İndi isə bu səkkiz gözəlin qarşısında ürəyim istəyən kimi yemək yeyə bilməyəcəyimin qorxusu məni möhkəm narahat edirdi.

Oturan kimi oğlanlarla salamlaşıb guya ünsiyyət qurmağa çalışdım ki, yavaş-yavaş yeməyə girişə bilim. İlk fürsətdə qızları da diqqətlə süzdüm. Elə bəzənib düzənmişdilər və gözəl görsənmək üçün bütün var qüvvələrini elə səfərbər etmişdilər ki, bir anlıq, iştahımın qaçacağını düşündüm.

Amma baxışlarımı təzədən süfrənin üstünə qaytaranda daha heç nə fikirləşmədən öz boşqabıma yeməklərin ən ləzzətli görünənini çəkdim. Salat olaraq isə həmin an yeməkdən də ləziz görünən qıpqırmızı bir pomidoru çəngəlimin ucu ilə qamarlayıb boşqabıma qoydum.

Fikir verdim ki, masada oturanların hamısı çəngəl və bıçaqdan olduqca incə-incə, səliqəli şəkildə istifadə edirlər. Məcburən mən də elə elədim, amma bıçağım, deyəsən, çox küt idi, çünki pomidoru kəsməyə bir cəhd elədim, alınmadı, iki cəhd elədim alınmadı, üçüncü cəhdimdə əsəbiləşib pomidora öz gücümü göstərməyi qərara aldım və bıçağı bayaqkından daha möhkəm sıxanda pomidor sağ tərəfdən elə partladı ki, içindəki dənələri qırmızı suyu ilə bir yerdə fışqıraraq sağımda oturmuş qızın açıq mavi rəngli paltarına çiləndi.

Bıçaqdan fərqli olaraq baxışlarım çox iti idi. Pomidorun fışqıran suyunun necə trayektoriya cızdığını və cızdığı trayektoriyaya uyğun formada qızın üstünə özünü necə atdığını dəqiqliklə müşahidə elədim. Onu da müşahidə edə bildim ki, qız sanki üstünə ilan hücum edibmiş kimi, baş verən bədbəxt hadisənin şokunda həyəcanla ayağa sıçradı, bir az qışqırdı və sonra təzədən stuluna oturub nə edəcəyini bilmədən ağlamağa başladı.

Pomidorun dənələri isə onun paltarı üstündə elə harmonik və ahəngdar düzülmüşdü ki, elə bil qızın mavi rəngli donunda ağlı-qırmızılı balaca-balaca düymələr var idi.

O qədər rüsvayçı vəziyyətdə idim ki, hamının gözündən yayınmaq üçün yoxa çıxmaq, yerin dibinə girmək istəyirdim.

Masadakı qızlar zərərçəkmişin yanında dayanıb ona kömək etməyə çalışır, kimisi salfetka ilə pomidorun dənələrini paltardan təmizləməyə cəhd edir, kimisi qıza təsəlli verir, kimisi də ona qoşulub ağlayırdı.

Özümü itirmişdim, nə deməli və nə etməli olduğumu bilmirdim. Qızların onun başına yığışdığını görüb əvvəlcə istədim deyəm ki, narahat olmayın, o qızı özüm alacam. Amma birtəhər ağlımı başıma yığdım və yadıma saldım ki, bu addım daha böyük faciələrdən sonra atılır. Ağlıma ikinci gələn şey, zaldakı bütün qonaqların gözü önündə, çalğıçıların çaldığı dramatik musiqi sədaları altında qızı elə yerindəcə qamarlayıb qucağıma almaq və qapıya doğru qaçmaq idi. Ancaq, deyəsən, bu da daha ağır qəza hallarında yerinə yetirilən bir şey idi.

Bir xeyli qanqaraçılıqdan sonra rəfiqələri qızın üstündəki pomidor dənələrini təmizlədilər. Daha sonra onlar qızı ayağa qaldırıb birlikdə çölə çıxdılar.
Bütün bu hadisələr baş verərkən masadakı oğlanlar özlərini o qədər ciddi aparırdılar ki, guya bunların gözü dünyada heç kəsi görmür.

...İştahım qaçmışdı. Amma kor-peşman çəngəl-bıçağı əlimə götürüb başımı qatmağa çalışdım.

Bu vaxt hiss elədim ki, masada qalan iki-üç qız məndən qorxduqları üçün ayağa qalxıb stullarını bir qədər uzağa sürüşdürdülər.

Bir az sonra qızı gətirdilər.

O, əməlli-başlı pərişan olmuşdu. Üzümə də baxmadan keçib yerlərində oturdular. Amma mən gözucu nəzər salanda ləkə düşən yerin hələ də qurumadığını görürdüm.

İlk fürsətdə imkan tapıb qıza tərəf əyildim və çalışdım ki, üzrxahlıq edəndə vəziyyəti daha da korlamayım.

– Xanım... həqiqətən... çox üzr istəyirəm, bilmirəm necə oldu, siz Allah bağışlayın. Yəni... bilmirəm, necə yuya bilərəm günahımı, paltarın xərci filan nə qədərdisə...

Qız sözümü kəsdi və acıqla üzümə baxdı:

– Ehtiyac yoxdu.

Daha nəsə deməyə qorxdum. Kirimişcə boşqablarıma tərəf qayıtdım və bu uğursuz gecənin tez başa çatmasını, zaldan çıxıb evə rədd olacağım anı səbirsizliklə gözləməyə başladım.

Bir-iki dəfə həyətə düşüb qayıtdım, bir dəfə bəylə gəlinin yanına gedib onları təbrik elədim və şəkil çəkdirdim.

Və hər dəfə masama qayıdanda həmin qız mənə daha gözəl görsəndi.

Baş verənlərin xoşagəlməz dadını unutmaqdan ötrü içdiyim bir neçə qədəh arağın təsiri altında beynim azacıq dumanlanmışdı.

Bir qədər sonra toy meydançasında gənc cütlüklərin romantik rəqsi başlandı.

Masadakı oğlanların hərəsi bir qızı dəvət edib ayağa qaldırdı. Digər qızlar isə yan masalardan gələn oğlanların təklifinə etiraz etmədilər. Deyəsən, onlardan bəziləri tələbə yoldaşı idilər. Hər kəs ayağa qalxıb yanındakı həmkarı ilə rəqs meydançasına üz tutdu. Sağımda oturan və məyus baxışları hələ də dəyişilməyən qızla məndən başqa bizim masada heç kəs qalmadı.

Vurduğu dodaq boyasının daha da nəzərəçarpan etdiyi dodaqları bir anlıq mənim gözümdə sevgiyə o qədər təşnə görsəndi ki, kənarları qara sürməylə haşiyələnmiş gözləri, biçimli qaşları, yarı-açıq çiyinləri, ətraflı təsvir etməyə qısqandığım incə bədəni elə aşiqedici görsəndi ki, bir az içkinin, bir az da bu gözəlliyin təsiri ilə azacıq sərxoş olduğumu hiss elədim və özümdə necə cəsarət tapdımsa, çox tərəddüd etmədən səsli dodaqlarımı ona tərəf yaxınlaşdırdım:

– Rəqs eləyə bilərik?

Qız üzümə baxdı:

– Ayağa qalxmaq istəmirəm, üzrlü hesab edin. Ləkənin izi qalıb.

– Qaranlıqdı. Heç kim ləkə görmür, – dedim.

– İstəmirəm, – deyə ikinci dəfə təklifimi rədd elədi.

– Heç kim ləkəni görməyəcək, yəni ən azından mən yanınızda olacam, görsənməyəcək.

Qız sözümü eşitdi, amma cavab vermədi, mənsə sonrasının nə olacağını düşünmədən içkinin verdiyi cəsarətlə əlimi qıza tərəf apardım və onun əlindən tutmağa çalışdım. Bunu gözləmirmiş kimi qeyri-ixtiyari əlini çəkmək istədi və bu vaxt paltarı rəngində boya vurulmuş uzun dırnağı əlimə ilişdi. Amma o, əlini çəkməyə müvəffəq ola bilməmişdi. İncə əli artıq əlimin içindəydi.

Tutduğum əlini buraxmadan ayağa qalxdım və onu da ayağa qaldırdım.

Çaşqın-çaşqın üzümə baxdı. Vəziyyəti yumşaltmaq üçün gülümsəyib:

– Rəqs eləyək. Çox çətin şey deyil ki. Siznən rəqs eləmək istəyirəm, - dedim və onu rəqs meydançasına tərəf apardım.

Sağ əlim onun incə belində öz yerini tutdu, onunsa sol əli mənim sağ çiynimin üstündə dayandı.

İçimdəki qəribə və gözəl hisslərin fırtınasını hiss edə-edə onun üzünə diqqətlə nəzər saldım. Qaçırmaq istədiyi baxışlarına, gözlərinə, dodaqlarına, arxasında bir ürəyin döyündüyü köksünə baxdım.

Yarıaçıq çiyinlərinə baxmadım, baxmaq istəmirdim.

Bu vaxt ürəyimdə düşündüm ki, deməli, doğrudan da, hər şeyin bir səbəbi var imiş, əgər o xoşagəlməz hadisə olmasaydı, indi, bəlkə də, bu gözəl qızla rəqs edən mən olmayacaqdım. Gözlərinə yenidən baxanda mənə baxdığını gördüm, amma baxışlarını təlaşla qaçırdı.
Ona tərəf əyilib sözə başladım:

– Məncə, bu rəqsdən sonra məni az da olsa, bağışlayarsız.

– Nə əlaqəsi var? – deyə cavab verdi.

– Adi bir ləkəyə görə kefinizi çox pozursuz, məncə. Həm də o ləkə heç mane ola bilməyib sizin gözəlliyinizə, – dedim, amma özüm də hiss elədim ki, deyəsən, getdikcə sırtıqlaşıram.

Onun üzündə azacıq da olsa təbəssümə nail olmaq idi mənim məqsədim.
Və, deyəsən, buna nail olmaq üzrəydim. Çünki qız son sözlərimə cüzidən də cüzi bir təbəssümlə:

– Çox sağ olun, – deyə cavab verdi.

– Siz Jalənin nəyisiz? – fürsətdən istifadə edib söhbəti davam etdirdim.

– Tələbə yoldaşı olmuşuq magistrda.

– Magistr da oxumusuz? Bəs indi işləyirsiz?

O işlədiyi yerin adını dedi və bir-iki cümləylə işini təsvir də elədi. Aramızdakı buzlar əridiyinə görə bir xeyli şad idim.

Hətta bir az da söhbət edəndən sonra daha da qudurdum, onun evə taksiylə qayıdacağı məlumatını öz sözlərindən dolayı yolla əldə etmişdim deyə, etiraz etməsinə şərait yaratmamaq üçün ciddi-ciddi dedim:

– Ümid eləyirəm, günahımı yumaq üçün icazə verərsiz, toydan sonra sizi taksiylə mən yola salım, hə?

Bu dəfə onun üzündə ikinci kiçik təbəssümü gördüm və bunu öz aləmimdə razılıq əlaməti kimi qəbul elədim. Sonra rəqs bitdi, hər kəs öz yerinə tərəf çəkilməyə başladı, biz birlikdə, bayaqkı təbəssümlü söhbəti davam etdirə-etdirə masamıza tərəf addımladıq.

Jalənin məni toya dəvət edərkən yazdığı mesajı xatırladım və mənə elə gəldi ki, indi yanımda yeriyən bu gözəl xanımla mənim aramda, doğrudan da, ciddi bir münasibət yarana bilər. Amma elə bu fikir ağlıma gələn kimi, masamıza gedən yol üstündəykən ayağım çəkilişçilərin andıra qalmış şunurlarına ilişdi. Əvvəlcə, ciddi heç nə olmadı, səndələyib bir az qabağa gəldim, bu gün baş verən uğursuzluğum yadıma düşdü, sonra stula ilişdim, müvazinətimi saxlamağa çalışdım, amma bacarmadım və tərslikdən yerə yıxılarkən necə oldusa, əl atıb yanımdakı qızdan da yapışdım və hər ikimiz birlikdə yerə yıxıldıq. Hiss elədim ki, toydakıların az qala hamısı diqqətlə bizə baxır. Yaxınlıqdakı adamlardan bəziləri bizə kömək edib ayağa qaldırdı və mən masaya qayıdandan sonra o qızın üzünə xəcalətimdən bir də baxa bilmədim.

İlk fürsətdəcə zaldan çıxdım, pul qabımdakı yüzlüyü zərfin içinə qoyub sandığa salandan sonra isə şadlıq sarayını tərk edib birbaşa taksi dayanacağına yollandım.


# 1911 dəfə oxunub

Oxşar xəbərlər

# # #