Sevinc - Çexovun hekayəsi

Anton Pavloviç Çexov, rus yazıçı

Anton Pavloviç Çexov, rus yazıçı

15 iyul 2022
# 14:30

Bu gün məşhur rus yazıçısı Anton Çexovun doğum günüdür. Kulis.az onun "Sevinc" adlı hekayəsini təqdim edir:

Gecə saat on ikiydi.

Mitya Kuldarov coşğulu, saçları pırtlaşdırılmış halda tələm-tələsik valideynlərinin yaşadığı mənzilə gəldi, sonra tez otaqbaotaq gəzdi. Valideynləri yatmağa hazırlaşırdılar. Bacısı çarpayısında uzanmışdı və oxuduğu romanın axırıncı səhifəsindəydi. Gimnazist qardaşlarısa yuxudaydılar.

– Hardan gəlirsən? – valideynləri təəccübləndilər. – Nə olub?

– Heç bilirsiz nə olub?! Gözlənilməz oldu! Yaman gözlənilməz oldu! Bu heç... ağlabatan deyil!

Mitya qəhqəhə çəkərək xoşbəxtlikdən duruş gətirə bilmirmiş kimi kresloya çökdü.

– Bu, inanılmaz bir şey! Heç təsəvvür etməzsiz! Gör e...

Bacısı çarpayısından sıçradı və ədyalı çiyninə atıb, tez qardaşına yaxınlaşdı. Gimnazistlər də oyandılar.

– Noolub sənə? Tanınmaz olubsan!

– Sevincdəndi, anacan! İndi məni bütün Rusiya tanıyır! Rusiya! Əvvəl bu dünyada kollec registratoru Dmitriy Kuldarov kimi təkcə siz tanıyırdız məni, indi haqqımda bütün Rusiya bilir! Anacan! Ay, Allaaah!

Mitya yerindən sıçrayıb, otaqbaotaq yüyürüb yenidən oturdu.

– Axı noolub, desənə? Danış görək!

– Siz qəribəsiz, qəzet oxumursuz, aşkarlıq nədir bilmirsiz, qəzetlərdə elə maraqlı şeylərdən yazırlar ki! Nə baş verdisə, dərhal yazırlar! Mən necə də xoşbəxtəm! Ay, Allah! Qəzetlərdə ancaq məşhurlardan yazırlar, birdən-birə mənim haqqımda da!

– Həqiqiii? Harda?

Atasının rəngi qaçdı. Anası divardakı surətə baxıb xaç çəkdi. Gimnazist qardaşlar otağa yataq geyimlərindəcə sıçrayıb, böyük qardaşlarına yaxınlaşdılar.

– Bəli-bəli! Haqqımda yazıblar! İndi mənim barəmdə bütün Rusiya bilir! Hə, anacan, bu qəzet nömrəsini xatirə kimi saxlayın! Aradabir oxuyacağıq! Bir baxın!

Mitya qəzeti cibindən çıxarıb, atasına uzatdı və göy karandaşla dairələnmiş yeri barmağıyla göstərdi.

– Oxuyun!

Ata eynəyini taxdı.

– Oxuyun da!

Ana surətə baxıb, yenidən xaç çəkdi. Ata boğazını arıtlayıb, oxumağa başladı:

– "29 dekabr, gecə saat 11-də, kollec registratoru Dmitriy Kuldarov...

– Bir baxın, baxın! Ardı!

– ...kollec registratoru Dmitriy Kuldarov, Kozixinin kiçik Bronnıdakı pivəxanasından sərxoş vəziyyətdə çıxarkən...

– O mənəm, Semyon Petroviçləyəm... Dəqiqliyilə yazılıb ha! Davam edin! Sonra, sonra! Dinləyin!

– ...sərxoş vəziyyətdə çıxarkən sürüşmüş və orada dayanmış Yuxnovski qəzasındakı Durikin kəndindən olan İvan Drotovun atının altına yıxılmışdır. Hürkmüş at, Kuldarovun üstündən adlayaraq və içərisində ikinci gildiya dərəcəli moskvalı tacir Stepan Lukov olan xizəyi onun üzərindən dartmış, küçə boyu bərk çapmış və nəhayət, at süpürgəçilər tərəfindən saxlanmışdır. Kuldarov huşsuz vəziyyətdə əvvəl polis bölməsinə aparılmış və həkim tərəfindən müayinə olunmuşdur. Peysərindən aldığı zərbə...

– Mənim qoşquya çırpılmağımı deyir, ata, baxın.

– Oxuyun! Ardını oxuyun!

– ...Peysərindən aldığı zərbə yüngül hesab edilmişdir. Hadisə barədə protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxsə tibbi yardım göstərilmişdir..."

– Boynumun ardını soyuq suyla islatmağı məsləhət gördülər. Oxuduz? Həə? İş də elə orasındadı da!.. Bütün Rusiyaya yayıldı! Verin bura!

Mitya qəzeti qamarlayıb qatladı və cibinə dürtdü.

– Makarovgilə qaçım, onlara göstərəcəm...Sonra hələ İvanitskigilə göstərmək var, sonra Natalya İvanovnaya, Anisim Vasilyeviçə... Mən qaçdım! Salamat qalın!

Mitya kokardalı furajkasını geyib, şadyanalıq və sevinc içində küçəyə qaçdı. /artkaspi.az/

# 10675 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
#
#
# # #