Qeyri-ciddi tragediya - Malik Atilayın hekayəsi

Qeyri-ciddi tragediya - Malik Atilayın hekayəsi
21 noyabr 2023
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Malik Atilayın "Qeyri-ciddi tragediya" adlı hekayəsini təqdim edir.


Ölüm

Atasının ölüm xəbərini Alber Kamyunun "Yad"-ı kimi soyuqqanlılıqla qarşılamaq istəsə belə bir şərqli üçün ölüm həmişə qorxulu bir şey idi. Çünki içdən-içə bilirdi ki, yaxşılıq edən adamlar əslində, bunu cənnətin səfasından çox cəhənnəmin cəfasını görməmək üçün edirdi. Atası da onlardan biri.

Birinci sinif

Kimin atasının daha güclü olduğunun hərarətli mübahisəsi gedən zaman atasının bu güclü küləkdə tək ayağıyla onun dalıyca necə gələcəyini düşünürdü.

Əzrail səhv edərsə...

Gecə Bakını günəşə tapşırmağa can atdığı saatlarda atası mətbəxdə oturub özü üçün süzdüyü suya baxırdı diqqətlə. Elə bu zaman telefonun zəng çaldığını eşidib qonaq otağına keçdi. Yuxudan oyanan anası mətbəxə gedib stolun üstündəki suyu içib yenidən səssizcə yerinə qayıtdı. Anası ölmüşdü, həkimlər intihar dedi...

"Əl-Fatihə"

Atasının yas çadırında bir küncə sığınıb mollanın cəhənnəm əzabı barədə nəql elədiklərinə qulaq asır, bir yandan da yas üçün üstünü yığdığı borcları necə qaytaracağını düşünürdü. Anidən mollanın borc verməyin və borc qaytarmağın vacibliyi barədə uca səslə oxuduğu hədis bomba kimi düşdü beynindəki səssizliyə.

Qorxu

Atasının öldüyü evə girə bilmir, şəkillərinə baxa, əşyalarına toxunmağı bacarmırdı. Sonuncu dəfə atasının şəkliylə üz-üzə gələndə çərçivədəki rəsmin üzünü bir tərəfə, analığının üzünü də başqa tərəfə çevirib soyundurmuşdu qadını.

Anası ölmüşdü

Artıq anasının olmadığını iliklərinə qədər hiss etmişdi. Çünki üçüncü sinifdə oxuyan bir uşağa görə çox ağır dərd idi; valideyn iclasına gəlib, qadınların içində oturan atasını görmək.


Absurd

İnsanlar sahildəki cansız kişi bədəninə baxır, hərəsi "intihar" səbəbi kimi öz fərziyyələrini irəli sürürdü. Əynindəki boz paltodan, əlinin üstündəki döymədən tanımışdı özünü. Həmişə kirli hiss etdiyi ruhunu tapşırsa belə göylərə, bədənini Xəzər belə götürməyib sahilə tullamışdı. Cansız bədəninin üzünə toxunanda qapının səsinə oyandı.


Məryəm Ana

"Dərsə getmək üçün evdən çıxan 18 yaşlı qızın hər addımında gecə və gündüz yerini dəyişir, küçələri keçdikcə gah payız olur, gah yay. Qız yolda gedərkən anidən hamilə olduğunu görür, doğuş sancısını hiss edir bir neçə addımdan sonra. Qucağına aldığı uşaq "Qırx pilləkəni" düşənə qədər böyük oğlan olur..." Qarşısındakı dostunun baxışlarında nəsə qəribəlik olduğunu hiss edən kimi hekayəsini yarıda saxladı. Dostu sakitcə əlini onun çiyninə qoyub:
- Bəlkə bu aralar bir az dincələsən? - dedi

Yollar

Manatlıq taksiylə evinə gedirdi. Sürücü gah güzgüdən arxadakı qadına baxır, gah yoluna çıxmağı ağlının ucundan keçirən digər maşınlar üçün siqnallayırdı. Xəstəxanada gözlərini açanda sürücünün son qəzadan bir neçə dəqiqə əvvəl dediyi sözləri xatırlayırdı təkcə "Həyata ölmək üçün gəlmişik, başqa heç nə". "Ölmək üçün həyata gəlmək" - deyə pıçıldadı - "maraqlıdı".


Tək ayaqqabı

Qonaqların hər iki tayı geyinilmiş ayaqlarına nəzər edəndən sonra, biri yeyilib köhnəlmiş, biri qəttəzə qalan ayaqqabılarına baxdı atasının. Körpə məsumluğu ilə atasına yaxınlaşıb :
- Ata , bilirsən nə tapdım - dedi - sən gərək özünə sol ayağı olmayan dost tapmalısan.
Atasının dostu sol əlindəki qədəhi masaya qoyub başladı sol dizini ovuşdurmağa.


Yuxu

Yuxudan oyanıb məktəbə gecikdiyini gördü. Anası oyaq olsa da, oyatmağa qıymamışdı onu. Yerindən qalxıb otağın qapısından qonaq otağına boylandı, bayırda qar yağırdı, atası eyvanda siqaret çəkir, anası mətbəxdə xəşil bişirirdi, yatağının ayaq ucunda qutu, içində bir tək ayaqqabı.

# 3511 dəfə oxunub

Oxşar xəbərlər

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

15:00 5 may 2026
Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər