Qasımın metamarfozu – Yusif Yusifzadə

Yusif Yusifzadə

Yusif Yusifzadə

17 dekabr 2021
# 14:45

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Yusif Yusifzadənin “Qasımın metamarfozu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar.

“Mənə nə olub görəsən?” – o düşündü.

Frans Kafka "Metamarfoz"

On birinci sinifdə oxuyarkən bir insanın metamarfoz keçirməsini öz gözlərimlə gördüm. Bunu tək mən yox bütün məktəb gördü. Mən əhvalatı təfsilatı ilə yazmasam buna heç kim inanmaz, yenə deyirəm bu əsl metamarfoz idi.

***

Məktəbdəki iki tip oğlanlara qalan bütün oğlanlar sorğusuz sualsız hörmət edirdi. Bunlar işləyən və sevgilisi olan oğlanlar idi. İşləyən oğlanlara ona görə hörmət edirdik ki, onlar güclü və çevrəli idilər. Onlarla hesablaşmağa məcbur idik.

Qəsəbəmizdə işləyən şagirdlərin böyük əksəriyyəti fəhlə idi. İnkişaf dövründə olan şagirdlər bir araba sement qarışdıran kimi əzələləri genəlirdi. Biz isə sadəlövhcəsinə onlardan soruşurduq.

- Qaqa, bəs mən belə bədəni neçə aya yığa bilərəm?

Onlar gülürdülər.

Sevgilisi olan oğlanlarda isə vəziyyət başqa idi. Onlara ona görə hörmət edirdik ki, ola bilsin onların "şotuna" biz də sevgili tapdıq.

Siniflərin hamısında işləyən və sevgilisi olan oğlanlar var idi. Bu balans siniflərin arasındakı bərabərliyi qoruyub saxlayır, birinin digərini əzməyinə icazə vermirdi. İşləyən və sevgilisi olan oğlanlar siniflərin elçiləri idi. Onlar siniflər arası izdivaçlara xeyir dua verir, sinifin namusunu qoruyur, dərsdən qaçışları təşkil edir, siqaret paylayır, qızlar haqqında sirlər bölüşür, lazım olsa müəllimlə də dalaşırdılar. Müəllimlərdən söhbət düşmüşkən bunu deməsəm olmaz. Müəllim (qadın) biləndə ki, sinifdə bir nəfərin sevgilisi var, vay o sinfin və uşağın halına. Bütün dərs göz qaş edəcək, eyham vuracaq, əhval ruhiyyəsindən fikir vermədən, sevgilisi olan uşağa baxıb deyəcək.

- Kefin yoxdu, nə məsələdi. Bəlkə kimdənsə incimisən. Bəlkə kimsə sözünə baxmır. Sevgilisi olan oğlan durub sinifin ortasında oynasa belə, müəllim sualını verəcək.

- Bikef görünürsən, bəlkə məktəbdə kiminsə qəlbini qırmısan. Məktəb müəllimləri belədir, neyləmək olar.

Bunu hər birimiz görmüşük, (elit məktəblərdə, kolleclərdə oxuyanlar istisna) sevgilisi olan oğlanlar müəllimlər arasında populyar olurlar. Mən bir nəfər tanıyırdım ki, sadece, sevgilisi var deyə bütün dərslərdən dörd alırdı. Müəllimlər gələcəyin sadiq, ailəcanlı, romantik ərlərinə attestat üçün dördü çox görmürdülər.

Sinfimizdə də sevgilisi olan oğlan var idi. Təxmin elədiyiniz kimi hekayə də elə onunla bağlıdır. Adı Qasım idi. O sinifimizdə ilklərin adamı idi. Dərsə telefonu ilk dəfə o gətirmişdi, facebookda ilk dəfə o hesab açmışdı, hətta, sinifdə ilk nəm safetkanı da o çıxartmışdı. O günü hələ də xatırlayıram. İçi mən qarışıq bütün oğlanlar ingilis dili dərsinə hazır olmadığımız üçün qızların qarşısında yaxşıca döyülmüşdük. Qəsəbə məktəblərində ingilisdilli bilən uşaq olmur (amma yalnız oğlanlar döyülür). Qəsəbə adamının ingilis dili nəyinə lazımdı, axı? İngilis dilini öyrənmirdik buna görə tez-tez döyülürdük. O gün bizi döyən müəllim həm də saçlarımızı qopartmaq istəyərcəsinə, yolduğundan saçlarımızın yağı əllərinə bulaşmışdı. Qıp qırmızı qızarıb yerimizə əyləşəndən sonra, müəllim arsız-arsız sinfə müraciət edərək, əllərini silmək üçün, nəm salfet olub olmadığını soruşmuşdu. İnanın qızlarda belə, nəm salfet yox idi. Ümumiyyətlə, bizim nəm salfetə ehtiyacımız yox idi. Amma Qasım çıxarıb müəllimə nəm salfet vermişdi. Qarşılığında isə müəllim onu əsl centilmen adlandırmışdı. Elə bu ad bəs elədi ki, az əvvəl lövhənin önündə rəng alıb verən Qasım yenidən qızların sevimlisi bizim kümirimiz olsun. Bax, belə uşağa necə qibtə eləməyəsən. Belə uşağın necə sevgilisi olmaya bilərdi axı?!

***

Qasım haqqında məktəbdə bir dedi qodu gəzirdi. Bu elə bir dedi qodu idi ki, sübuta yetirilsə o, bütün nüfüzünü, hörmətini itirəcək hətta qapaz altı olacaqdı.

Məktəb elə bir yerdiki, dedi qodular bir həftənin içində hamıya çatır həftə sonuna kimi də hər şey açıqlığa qovuşurdu. Məktəb özü müttəhimin cəzasını verir, ədaləti bərqərar edirdi.

Deyirdilər ki, guya, Qasım geydi. O başqa oğlanlarla min hoqqadan çıxır, şübhə yaratmamaq üçün də Əsli ilə(sevgilisinin adı) sevgili imiş kimi görünür. Təsəvvür edirsiz, qəsəbəmizdə bu xəbər necə ajotaj yaratmışdı. Bizi (onun sinifyoldaşlatını) kim harda görür sörğu sual edirdi. Bu qeyri adi hadisə haqqında hər şeyi öyrənmək istəyirdilər.

Bəzi şagirdlər heç, gey sözünün mənasını bilmirdilər. İki-üç gün məktəbin yarısı gey sözünü mənasını bir birindən gizli yollarla öyrənməyə çalışırdı.

Qəribə dialoqlar ortaya çıxırdı.

- Xəbərin var, Qasım geydi?

- Hə, geydi, mən bilirdim ki, onda belə bir şey var.

- Nə? Onda nə var?

- Yəni, o, şey də?

- Nə e?

- Nədi? Yoxsa sən bilmirsən o nədi?

- Yox, yox bilirəm. Elə sən deyəndəndir.

- Hə, mən bunu çoxdan bilirdim.

Amma hələ heç nə dəqiq deyildi.

***

Adı Qasım olan insan gey ola bilməzdi. Yox, qətiyyən ola bilməzdi. Qasım qaqa, əmi, baba hətta centilmen de ola bilərdi amma gey ola bilməzdi.

Bu məsələni yalnız Qasımın özü ilə dəqiqləşdirə bilərdik. Lakin buna ehtiyac qalmamışdı. Cümə günü məktəbin işləyən şagirdlərindən biri, o həm də Qasımın qonşusu idi, söhbətə son qoydu. Qasım, həqiqətən, gey idi! O bunu öz gözləri ilə görmüşdü. Ona inanmamaq olmazdı. Hadisə belə olmuşdu. Arif (işləyən şagird) pəncərədən baxarkən Qasım və qonşu uşağının Qasımgilin bağında oral sekslə məşğul olduğunu görmüşdü. Bu söhbət bircə günün içində yayıldı. Novbəti həftədən Qasım hörmətdən düşdü. Uşaqlar ona sataşmağa onu təkləməyə başladı. O qapaz altı oldu. Sevgilsi çox keçmədən onu atdı. Bir neçə ay sonra isə Qasımın metamarfozu baş verdi.

***

Bir ay içində Qasımı o qədər döymüşdülər ki, qorxusundan tənəffüsə ancaq zəruri ehtiyaclarını ödəmək üçün çıxırdı. Bu düzgün strategiya idi. Beləcə onu yalnız dərsə gələndə və gedəndə döyürdülər. Mən onda nələrin baş verdiyini anlaya bilmirdim. Biz o vaxt qız əli tutarkən haldan hala düşürdük. Bu axmaq sevgilisi olduğu halda, qonşunun oğlu ilə oral seks eləməyə üstünlük vermişdi.

Onunla heç kim danışmırdı. Özünü müdafiə üçün ona şans verməmişdik. Arifə inanmağa məcbur idik. İşləyənlər sevgilisi olanlardan güc nöqteyi nəzərdən üstün idi. Onlara əks bir şey desən, yumruq yeyib evə yollanırdın. Valideyn şikayətə gəlsə belə, işləyən uşaqların valideynləri belə ucuz məsələlərdən ötrü məktəbə ayaq basmazdılar. Yəni onlar cəzasız qalardılar. Hətta şikayətə görə, səni bir dəfə də döyərdilər. Heç birimiz yumruq yeməməyə istəkli deyildik.

Bir məktəbli oxuduğu sinifdən asılı olmayaraq döyüldüsə, bunun geri dönüşü yoxdu. O həmişəlik döyüləcək.

Səkkizinci sinifdə oxuyanda, bizim sinfin qarşısındakı sinifdə on birincilər oxuyurdu. Cəbr həndəsə müəllimimiz hərdən bizim dərsə ordan uşaq gətirib, onu bizə qarovulçu qoyub, araq içməyə gedirdi. Müəllim arağ içəndən sonra, iki cür davranırdı. Davranışları arağın miqdarı təyin edirdi. Möhkəm içəndə hinduşka kimi qıpqırmızı qızarır gəlib, qarovul qoyduğu uşağı saatlarla bizə tərifləyirdi. Tələm tələsik boğazını yaşlayıb qayıdanda isə qarovulçu qoyduğu uşağı yola salıb təsadüfi olaraq içimizdən birini lövhə çıxarıb "Tusi-Paş" aksiomunu soruşardı. Başqa şey soruşmuşdu. Həmişə bunu soruşdu. İndi, bəzi oxucular belə müəllimin mövcudluğuna inanmaya bilər. Özünüz bilərsiz inanmayın amma belə müəllim mövcuddur.

Bizim sinifin qabağındakı on birinci sinifdə oxuyan bir oğlanın hamı hər zəng dalına təpik vururdu. Deyirdilər ki, o yeddinci sinifdə döyülüb.

***

Qasım döyülməyə davam edirdi. Onun bir ayın içində bu qədər dəyişməsinə heç kim təəccüblənmirdi. Qasımın sevgilisi çoxdan təzə bir oğlan tapmışdı. Mən elə qızları yaxşı tanıyıram. Onlar sevgilisiz ola bilmirlər. Qızın bir dəfə sevgisi oldusa evlənənə qədər həmişə sevgilsi olacaq. O heç vaxt boş qalmayacaq. Bu hal onlarda asılılıq yaradır. Elə qızlardan iyrənirəm. Yox, bu heç də "barmaq salınmış çaydan içərsən mi?" ibrətamiz söhbətindən qaynaqlanmır. Sadəcə olaraq, mən elə qızları bəyənmir.

Qasım üçün hər şey bitirdi. İş o yerə çatmışdı ki, ona aşağı sinif uşaqları da sataşırdı. O nəsə eləməli idi yoxsa, məktəbdəki son ili qapaz altı keçirəcəkdi. Onun nəsə edəcəyinə heç kim inanmırdı heç özü də. Ona baxanda taleyi ilə çoxdan barışmış bədbəxt birisini görürdüm.

***

Cümə gününün son tənəffüsü idi. Sinfin qabağında düzülüb başqa sinifdəki qızlara baxıb.

- Lənət olsun, kaş o qızlarla bir sinifdə olardıq, deyirdik, yarı zarafat yarı ciddi.

Bu vaxt, qarşımızdan yaşca bizdən balaca, amma boyca bizim hamımızdan böyük bir oğlan keçirdi, o, bizi baxaraq,

- Sinfinizdə oğlanlar azlıq edir oğlan lazımdı sizə qız yox, dedi. Dalınca da yaxşıca güldü.

Belə anlarda dava baş verməli idi. Bütünə sinifə təhqir edilmişdi. Amma yaşca balaca boyca böyük oğlan bizi görkəmcə yaman qorxutmuşdu. Yaşca balaca boyca böyük oğlanla sonu bəlli olmayan davaya girə bilməzdik. Bu riski almağa dəyməzdi. Ona fikir vermədik amma belə atmacaya səbəb olduğuna görə Qasıma şillə, təpik vurmaq istəyirdik. Bax, elə bu an Qasım sıranın ən sonundan gəlib yaşca balaca, boyca böyük oğlanın qarşısında dayandı.

- Sən mənə söz atırsan?

- Hə, ay, petux, sənə deyirəm. Ağzın boşalıb ,deyəsən, danışa bilirsən.

Mat məəttəl durub onları izləyirdik.

- Sən indi görərsən, dedi Qasım. Elə bil bütün uşaqlar bu cümləni eşitdi

Hamı bir anda həyətə töküldü. Onları halqaya aldıq. Əsəbiləşən yaşca balaca boyca böyük oğlan yumruğunu qaldırıb Qasımın gözünə endirməyə hazırlaşırdı ki, (Qasım ondan boyda xeyli balaca idi) Qasım əvvəlcə havalanıb boyunu onun boyuna çatdırdı. Sonra havada dönərək ona bərk bir yumruq vurub yerə sərdi. Biz gözlərimizə inanmırdıq. Hamı yanındakı yoldaşından soruşurdu.

- Bu Qasımdır?

- O uça bilir?

Yaşca balaca boyca böyük oğlan yerdən qalxıb qışqıraraq aradan çıxdı.

Hər şeyi yalnız o, dərk edirdi, deyəsən.

Qasım hələ havada idi. Biz onun yerə enməyini, “Mən gey deyiləm, gördünüz!” deməyini gözləyirdik. O isə bizi təəccübləndirməyə davam edirdi.

Hamımız gözü qarşısında Qasımın əvvəlcə kürəyindən əl boyda iki qanadı çıxdı, sonra ağzı dimdik oldu, ayaqları balacalaşıb qarnına yığıldı, bədəni lələklərlə örtüldü. O uça-uça məktəbdən çıxıb getdi. Onu bir də görmədik. Qasım quş oldu.

# 4086 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #