“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari
28 noyabr 2024
# 13:00

Kulis.az Ümid Nəccarinin "Babamın xatirəsinə..." yazısını təqdim edir.



Babam çox əsəbi adam idi.

Savaşlar görmüşdü; Pəhləvi dövründə lor etniklərin yaşadığı yerdə - Lorestanda, Xorrəmşəhrdə jandarma rəisi kimi çalışmışdı. Səkkiz il İran-İraq müharibəsində komandir kimi canını ovcuna almışdı. Bədənində qalan yüzlərlə qəlpə onu yuxu yatmağa qoymazdı. Anam əməliyyata getməsi və qəlpələrin bir qisminin çıxarılması üçün hər iş gördü, babam razılaşmadı.

Uşaq ikən qaranlıqdan qorxurdum, babam qorxduğumu biləndə əsəbiləşdi. Məni qarşısına qoydu, müharibənin dəhşətlərini əvvəldən axıra kimi danışdı. Müharibədə qopmuş ayağını meydanın ortasında qoltuğuna vurub, səngərə geri qayıdan əsgərin əhvalatını bildikdən sonra qaranlıqdan qorxum töküldü. Həyatdakı bütün qorxular gözümdə cılızlaşdı. Həyatın siması gözümdə saraldı.

Elə səhnələri təriflədi ki, kiçik və bədəvi qorxularımı unutdum.

Babamın evi başdan-başa əldə toxunmuş rəngarəng xalçalarla dolu idi. Üstündə şərqin atributları, Təbrizin sehrli küçələrindən alınmış qəribə motivlər, eşq macəralarından qopmuş ilməklər… Hamısı qiymətli, antik. Həmin xalçaları canından çox istəyirdi.

Sağ ikən ondan çox nəvəsi var idi. Xalçanın üzərinə süfrə salıb, çay-çörəyimizi yerdə yeyərdik. Nənəm çay gətirəndə birdən hansısa uşağın ayağı çay stəkanına dəyib, xalçanın üzərinə calananda babam özünü saxlaya bilməzdi. Uşağa bir-ikisini gələrdi. Hər zaman xalçanın üzərinə çay töküləndə nənəm tez qalxıb deyərdi ki, "olsun, su aydınlıqdı!" Belə deyərdi ki, babamın əsəbi yatsın, uşaqları az döysün.
Nəvələrinin içində bir mənə dəyməzdi. Məni döyməzdi. Məni xalçaları qədər sevərdi.

Babamın canı qəlpələrlə dolu idi. Müharibədən sonra əsəbləri pozulmuşdu. Yuxu yata bilməzdi. Yatarkən ağrıdan sağa-soluna dönərdi. Gecədən səhərə bir neçə dəfə otağın işığını yandırıb-söndürərdi. Üşüməsinlər deyə, səhərin gözü açılana kimi uşaqların üstünü örtərdi.

Babamı on beş yaşımda itirdim. Onun cansız bədənini morqda mürdəşir yuyanda gördüm, canındakı qəlpələr paslanıb iz buraxmışdı.

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin,” - deyə məzarı başında ağı söyləyirdi nənəm. Babamı on beş yaşımda itirmişdim sanırdım, nənəmin sözlərindən sonra anladım ki, babamı illər öncə müharibədə itirmişik.

Bir neçə gün öncə Bakıda payızın sərt küləyini kürəyimdə hiss edəndə içim üşüdü. Birdən yadımda düşdü ki, babam üşüməyim deyə, gecədən səhərə qədər üstümü örtərdi...

# 3082 dəfə oxunub

Oxşar xəbərlər

Huma quşu əfsanəsi - Reyhan Yusifqızının hekayəsi

Huma quşu əfsanəsi - Reyhan Yusifqızının hekayəsi

16:55 22 oktyabr 2026
Soyuq payız - İvan Buninin hekayəsi

Soyuq payız - İvan Buninin hekayəsi

14:00 22 oktyabr 2026
"Ortaq iztirablar birgə sevinclərdən qat-qat möhkəm körpüdür..." - Alfons de Lamartindən sitatlar

"Ortaq iztirablar birgə sevinclərdən qat-qat möhkəm körpüdür..." - Alfons de Lamartindən sitatlar

15:00 21 oktyabr 2026
"Hamımız rol oynayırıq və bunu dərk edən insan müdrikdir..." - Artur Şnitsler

"Hamımız rol oynayırıq və bunu dərk edən insan müdrikdir..." - Artur Şnitsler

13:30 21 oktyabr 2026
Tüpürcək qabı - Racu Şıxlının hekayəsi

Tüpürcək qabı - Racu Şıxlının hekayəsi

16:00 20 oktyabr 2026
"Qadınların əksəriyyəti qarşılarına çıxan ən pis "yanlış adam"la kifayətlənir..." - Elfrida Yelinekdən sitatlar

"Qadınların əksəriyyəti qarşılarına çıxan ən pis "yanlış adam"la kifayətlənir..." - Elfrida Yelinekdən sitatlar

15:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər