Mersedesin yan güzgüsündə - Həmid Herisçinin yeni hekayəsi

Mersedesin yan güzgüsündə - Həmid Herisçinin yeni hekayəsi
9 oktyabr 2023
# 15:00

Kulis.az Həmid Herisçinin “Mersedesin yan güzgüsündə" adlı yeni hekayəsini təqdim edir.


Arxiv dosyelərini şişdirən qoca tarix, qulağı-burnu tüklü siyasətçilər, hətta baş barmağında möhürlü üzük gəzdirən məşhur yazarlar belə bəzən...
“Bəzən” nədi eyyy? Çox vaxt...
Kitablarını özləri yazmır.
Əlləri, barmaqları daha ciddi işlərlə məşğuldu.
Qələm, tapanca, rəssam fırçası, iti süngü, orkestr direjorlarının sehirli çubuğu, Trotski nümunəsində - buz baltası, hətta tabutunu yonacaq rəndə belə... Bəli, istisnasız həmişə düşmən...
Yaxud mənim kimi adsız, gözəgörünməz kölgənin əlində, ixtiyarındadır. İti caynağındadır.
Futboldakı əvəzedici heyət, ehtiyat skamyalarında, fotomakinaların parıltılı gözləri önündədirsə...
Bizlər- siyasi-ictimai xadimlərin əvəzedici heyəti, tam... tam məxfiyik. Xəlvətdəyik.
Hamı, bütün tanınmışlar “iki örpəkli”, iki simalıdırlar.
Ayın görünən-görünməyən tərəfi kimi.
SSRİ Sülh cəmiyyətinin fəxri sədri, xalq yazıçısı Mirzənin qələmi, imzası bəzən özünkü deyildi.
Mənimkiydi.
Ustad-şəyird arasında hər zaman pərdə olub.
Mirzə ilə mənim aramda isə həmişə tən ortadan açılmış rəsmi qəzet səhifələri vardı.
***
O, rəsmi qəzet səhifələri arxasında qeybə çəkilməyi sevirdi. Çox peşəkardı bu sehrində.
Qeybin yolunu qısası, bu cür bələdləmişdi.
Orda-qəzet səhifələri arxasında neynirdi? Bəlkə, xəlvətə dalıb demateriallaşırdı? Neynirdi? Sevdiyi “Nağıl” tortunu evdəkilərdən gizləyirdi? Kimsəylə bölüşmək istəmirdi bu ləzzəti? Yox... cibinə qoyma Mirzəni. SSRİ Sülh cəmiyyəti, Asiya və Afrika xalqları ilə Həmrəylik Təşkilatınının fəxri sədridir. Arazın o tayından... yox ey... qəzetin o tayından hərdən məni səsləyərdi: “Bu tortda evdəkilərin yox, Bakıda təhsil alan Vyetnam tələbələrinin halal payı var”.
Gecənin, gündüzün xain vaxtlarında evindəki kəfkirli saatına belə etibar etməz... yox, etməz...
Qum saatını masası üstə dəfələrlə baş-ayaq çevirərdi.
Zamanı öz qum saatında dəqiq ölçdükdən sonra, həəəə...
Bu “Nağıl”ı öz məntiqi sonluğuna gətirərdi:
- Payını, min ölçüb, bir kəsmişəm. Dəqiq. Evə gedəndə özünlə aparasan.
***
Çox meteohəssasdı. Çoxxxx.
SSRİ Hidrometeorologiya Mərkəzinini hava məlumatları TV ekranlarından səsləndimi, vəssəlam, gərək mütləq, yüz faiz lal olaydın.
Qəzet səhifələri bu dəfə ağır mahud Azdrama pərdələrinə döndü.
Titrəyişləri, əsmələri, dalğalanmaları tam eyniydi, vallah.
Baş qəhrəman tamaşadan əvvəl, pərdəarxasında necəydisə, neynəyirdisə, necə əyilib, əzilib-düzəlirdisə, zəif silueti orda hansı qələtlər yeyirdisə, həəə... Mirzə də eyni lal ssenarini qəzet arxasında təkrarlayırdı.
- Eşikdəki, evdəki hava barometrləri gör hansı dalğada donub. Dəqiq bax.
Sürüşkən palıd parket üzərində bir balet partiyasını tam təkrarlayaraq eyvana çıxdım.
Bayaqkı teatr görüntüləri balet səhnələri ilə əvəzləndi. Bu dəfə “Qu gölü”nü səhnələşdirirdim elə bil.
Qəzet arxasındakı Mirzə məni sanki iki gözüylə yox... üçüncü - bəsirət gözüylə güdürdü.
Baletin müəllifi, əsl qara qartalı oydu axı.
Aldığım rəqəmlər çox fərqliydi:
- Eşikdə it soyuğudu. Mənfi 0. Evdə 19 dərəcə isti var.
***
Nizami metrostansiyası önündəki “Azad qadın” heykəli çadrasını necə yerə atırsa, Mirzə də öz çadrasını...
Yox ey... qəzetini eləcənə yerə atdı. Qəzet havada bir an qanadlandı.
Bayaqkı bayağı “Qu gölü” baletində özünə kiçik epizodik rol qazandı bir an. Baleti məntiqi sonluğa gətirdi.
Səhnədə əsərin müəllifi-Mirzəydi.
Bircə gurultulu, sürəkli alqışlar yoxdu.
- Hidrometeorologiya Mərkəzi isə deyir ki, Bakıda 8 dərəcə istidi. – Mirzə sifətini turşutdu. – Televizoru elə naqilindən çıxarıb söndür! Heç düyməsinə də dəymə!
Bir an içində qəzetlərdən də azad olduq, ümumittifaq TV-lərin yağlı hap-gopundan da.
Tam səmimiyyət yarandı aramızda.
Bu məqamda o, həyatının, yaddaşının ilk abzasını, əzəl mübtədasını mənə etibar etdi.
Bəlkə, yediyi “Nağıl” tortunun təsirindənmi, nədi, bilmirəm... daxilindəki nağıl dirilmişdi elə bil. Özünə ilk dinləyici axtarırdı.
Çox-çox qədimlərə - 1919-cu ilə, Arazın o tayına, doğma Yiva kəndində getdi o.
Nənələrin “Biri var idi, biri yox idi” başlanğıcı yoxdu bu “Qorxulu nağıl”da.
Doğma yuvası soyulmuş, talanmış, qərətə məruz qalmış iki yoldaşın qəmli hekayəsi vardı.
- Şahsevən quldurları tam lüm-lüt elədilər kəndimizi. Sonra, lap axırda eyyy... tək-tük diriləri boğazınadək, xirtdəyinədək topağa basdırdılar. Bədənim artıq ixtiyarımda deyildi. Yalnız başımı sağa-sola tərpədə bilərdim. Tanış mənzərələri tam başqa, bəlkə, yad gözlə gördüm bu dəfə. Vahimə məni basdı. Uşaq beşiklərini artıq analar yox, yoxxxx.... yel həmlələri yırğalayırdı... Sonra sahibsiz qapıları eyni musiqi ilə araladılar... Çəpər üstəki cəsədləri tanıdım, hə.... Çəpəri aşa bilməmişdilər. Güllə kimi harda haqlamışdısa, cəsədi elə orda da qalmışdı. Şahsevənlərdən sonra kəndimizi çaqqallar, qurdlar, göreşənlər, qarğalar basacaqdılar. Bu, ən dəhşətlisiydi... Şükür, o səhnələri görmədik. Yoldaşım öz məzarından çıxmağı bacardı. Məni də çıxartdı öz gorumdan. Arazı adlayıb gəldik Bakı neft mədənlərinə. Muzdurluq elədik, günəmuzd işlədik hər cür it-qurda.
Səsinin titrədiyini duydum. İlk dəfəydi. Əvvəlllər xallı əllərinin xəfifcə titrədiyini sezmişdim. Növbəylədi. Əvvəl əllər titrəyirdi, sonra səsi.
Məncə, Mirzə öz nağılını yox, yox... səsindəki titrəyişi dayandırdırmaq istədi o vaxt. Mövzunu qəfil bir başqasına dəyişdi.
- Həmid, bala. Dəyiş öz Herisçi soyadını. Sən burda Herisçi adınla ancaq dilləri dolaşdıracaqsan. Bir də beyinləri. Bax mən öz... Götür öz “Nağıl” tortundakı halal payını. Min ölçüb bir kəsmişəm.
Saatda 180 kilometr sürətlə uçan avtomobilin qəfil sükanı sola döndərməyi necə təhlükəliydisə...
Gəldiyimiz nöqtə də bir o qədər təhlükəliydi.
Ancaq mən əvvəlcədən sanki hazırdım bu cür “Formula 1” avtoşluğuna. Mirzənin görüşünə təkcə “Nağıl” tortuyla gəlməmişdim. Dəcəl nəvəsi üçün uşaq tapancası da almışdım.
Tapancanı düz vaxtında cibindən çıxardım. Bir xeyli havada saxlayıb:
- Mirzə İbrahimi nə vaxtsa bu tapancadanmı qətlə yetirilib, yoldaş sədr?- cümləmi, tam aydın tələffüz qaydaları ilə Mirzənin tüklü qulağına pıçıldadım.
Atəş də açdım düz sol gicgahıma. Yerimdəcə azca sağa-sola silkələndim.
Yerə sərilmək səhnəsinə gördüm day ehtiyac yoxdu.
Bu dəfəki tamaşanın müəllifi artıq özüm idim.
Mirzə bərk diksindi açıdığım atəş səslərindən. Hiss etdim... oxşar səhnəni bir başqa cür o, nə vaxtsa yaşayıb.

***
“Nağıl” tortundan zərgər dəqiqliyi ilə kəsilmiş öz halal payımı gətirdim evə. Armududa çay süzdüm təbrizlilər demiş, “büləsünə”. Yatmadım o gecə.
Düşündüm səhərəcən - “Bütün bədii mətnlər, xatirələr yarımçıqdı. Elə Mirzəninki də. Ayın görünən tərəfi başqadı, görünməyən tərəfi başqa. İndi mən gərək ayın bu görünməyən tərəfinə öz kosmonavtımı çıxarım. Endirim.
Həmin kosmonavt oldu digər yazıçı Rüstəm İbrahimbəyov.
***
Yuxu əvəzində “Səhranın ağ günəşi” filmi gözlərim qarşısında canlandı. Elə bil əyalət kinoteatrındaydım. Sıraların birinə əlavə kətil qoyulub. Məni gözləyir bayaqdan. Biletsiz kütlədən xəbərsiz, gəlib üstündə yerimi rahatlayıram. Film ilk saniyələrindən saqqızımı oğrlayır:
Sonsuz qumsal səhranı düz ortadan yara-yara, dərin qumlarda bata-bata qırmızı qvardiyaçı yoldaş Suxov öz hədəfinə - Rusiyadakı sevgilisinə doğru, dayanmadan-durmadan irəliləməkdədir. Heç nə durdura bilməz bu qorxmaz ağ insanı. Səhranın ağ günəşini.
Axar qumlara boğazınadək basdırılmış bir zavallıdan başqa...
Kadrlara muğamat ahəngi qonur bu vaxt.
***
Sonrakı hadisələri xatırlamağa day ehtiyac qalmadı. Mirzə görünür, əvvəlcə Rüstəmə danışmışdı öz qəliz bioqrafiyasını.
Eyni İbrahimov, İbrahimbəyov, bəlkə də, İbrahimi soyadı aldadıb hə....bizim ”Asiya və Afrika ölkələri ilə Həmrəylik Təşkilatı”nın qocaman sədrini. Açıb sandığını, töküb pambığını.
“Abdulla, Mahmud, Səid, kömrük sədri Vereşaqin, Gülçatay, Züleyxa, Petruxa”nın adları, simaları səhərəcən beynimi silkələdi.
Yavaş-yavaş Mirzənin sevdiyi “Nağıl” tortu öz ilk simasını bərpa edirdi beynimdə. Bütövləşirdi. Orda-burda unudulmuş xırda nüansları çıxsaq...
Mənzərə tam aydın idi məninm üçün. Hadisələr filmdəki kimi Xəzərin Qərb yox... Şərq sahillərində başlamışdı. Süjetdə Abdulla, Mahmud adlı əli naqanlı quldurlar da vardı. Hiss edirdim ki, açıdığım atəş də təsadüfü deyil.
Mirzə oxşar atəş səsinə çox diksinib. Neft çənləri içində kənd qızları, qadınları ilə çox gizlənib. Arada çar kömrükçüləri ilə bəhsləşib. Petruxanın köksünə süngü yeridiblər. Gülçatay sifətini ruslara göstərmək istəməyib...
Hə... Artıq Mirzənin zəif nöqtəsini, Axilles dabanını aşkarlamışdım. Mahir velisopedçi kimi əlimi qəfil sükandan üzüb, var gücümlə mövzunu pedallayırdım. Yanğımı ancaq “koka-kola” soyuda bilərdi. Moskvadakı növbəti sülh konfranları zamanı Mirzəyə tərcüməçilik edəndə qaydaları bilərəkdən pozurdum. Mirzə İbrahimovun adını “Mirzə İbrahimi” kimi səsləndirirdim bəzən dünya ictimaiyyəti qarşısında.
Moskvadakılar heç... Qaradərili sülh azarkeşləri də, sözsüz, bu xırdalıqlara əsla diksinməyirdilər. Qıllı bədənlərinin bir tükü belə tərpənmirdi. Ürpəşmirdi.
Əvəzinə Mirzənin səsində titrəyişlər artır, nəfəsinin adi ahəngi pozulurdu. Gicgahında damarları şişir, nəbzi sürətlənirdi. Sinxron tərcüməçimizə - osetin qızı Ofelya Dadayevaya hətta şikayəti də, məni əsla narahat etmədi. Nümayişkaranə, ovcumun içində, çox uzaq məsafədən öpüş göndərdim bu qıza. Hardan?-Mirzənin düz hotel qapısı astanasından.
Yazığı Qıratdan endirib, Dürata mindirdim.
Növbəti dəfə Moskvada, “Orlenyok” hotelində Yasir Ərafatla görüş zamanı Mirzəyə “İbrahimi” deməyim, həəə... anında bütün domino daşlarını aşırtdı böyrü üstə.
El demiş, “dil yaşmaq, ay bulud arxasından çıxdımı, vəssəlam, özünü gözlə”. Cavabını əvvəlcə sükutda eşidəcəksən. Pişiklər durduğu yerdəcə daşlanacaq öz-özünə. Xalçanız qəfil düz ortasından süzüləcək. Tozlu çəkmələrinin ağırlığını duyub etiraf edəcəksən güzgüdəki əksinə - “Dünyanın tozu niyə bu qədər ağırdı?”
***
Yay bitirdi. Yayla birgə dəcəlliyim də azalırdı mənim. Payız fəsli bizi öz quldur gəmisinin göyərtəsinə alanda bilmirəm niyə...
Bəlkə də, poetik payızın təsiriylə...
Mirzəni dərk etməyə başladım.
Yenə də Moskvada, növbəti səfərdəydik. Varovski küçəsindəki SSRİ Sülh komitəsinin dəbdəbəli, Nikolaydanqalma malikanəsindən küçəyə çıxınca sanki bütün ağacların payız ətri düz burnuma vurdu. Qarşı səkidə Moskva yazıçılarının məşhur restoranı öz pencərələrini taybatay açmışdı. Ağır pərdələrin ağır düyünləri hələ eşikdən çox cəzbedici idi.
Qaşıqların, boşqabların cingiltisi, səkinin hələ bu tayından eşidilirdi.
Boz plaşımı asılqandakı cazibədar qadına etibar etsəm də, kitablarla dolu çantamı özümlə içəri apardım. Bir gözüm menyuya taxılsa da, digəri çantamdakı kitablardaydı. Yazı masamla yemək masamı həmişə birləşdirərəm. Xoşum gəlir bu inadkarlığımdan.
Qəfil diksindim. “Səməd Vurğunun “26-lar” poemasını çantama kim atıb?” sualıma cavab vermədən əsəri yemək masası üzərinə vızıldatdım. Sualın cavabı, sözsüz, yüz qram bahalı konyakdaydı.
Əvvəl ətrini uddum içkinin, sonra mayesini. Qan dövranım anında düzəldi. Qarson süfrəyə salatları düzəndə səbəbkarı xəyallarımda dəqiqləşdirdim.
Mirzəydi.
Kitabı o atıb çantama. Bioqtafiyasının ardı bu dəfə Rüstəmin yox... Səmədin əsərindədi?
Sualım yenə də Mirzəyə yox... yox... yenə özüməydi.
Məktəb dərsliklərindən tanış təsirli sətirlər yaddaşımı silkələdi. Rüstəmin kino mozaikası ilə müqayisədə...
Hə... şeirlər, necə deyərlər, atamı yandırdı:
“Gəlir xəyalının önünə bəzən
Ətəkdən, divardan yapışıb gəzən
Günahsız bir körpə...
Düşkün bir qarı
Gözləyir uzanan dilsiz yolları...”
Kitabın çəkisi artdı bax bu son sətirlərdə. Yüngül, yumşaq cildli nazik kitab döndü dəmirçi zindanına. Əlimdən qopub masaya düşdü.
Qarşımdakı boşluqda anında Mirzənin özü yox… kölgəsi canlandı:
- Deyirsən, Mirzə İbrahimini hansı tapancadan öldürüblər?
Mirzənin kölgəsi ilə görüşüm görünür labüddü. Əsl həqiqəti də görünür ancaq kölgəsi mənə deyə bilərdi. Özü yox.
Kölgə özünü restoran güzgülərində axtardı bir ara. O güzgüyə boylandı, bu güzgüyə göz vurdu. Əksini görməyincə, ürəkləndi. Kitabı masadan götürüb muğamat ahəngi ilə, nəfəsi ilə oxudu:
“Yoxulluq içində böyük bir ürək
Döyünür, döyünür...
Bu dəmdə birdən
Yazıq bir top kimi qalxıb yerindən,
Qıvrıla-qıvrıla dəyir daşlara;
Çaxnaşır aralıq, qarışıq ara...
Nə olmuş? Nə imiş hambalın suçu?
Burdan təsadüfən keçən bir qoçu
Sınamaq istəmiş öz nağanını,
Yurdsuz bir insanın tökmüş qanını...
Əlində körpəni oynadır qarı.
Göstərir uzanan dilsiz yolları...”

***
Mövzunun ardını sonra hoteldə, Mirzənin özüylə davam etdim. Masa arxasında qarşı-qarşıya əyələşdik. Aramızdakı şəffaf su qabı gözlərimizə, baxışlarımıza əsla maneçilik törətmirdi. Əksinə, mənzərəni daha da bədiiləşdirir, bizi öz əhatəsinə, çərçivəsinə tam alırdı. Mirzə kuzədəki nağıl divini xatırladırdı hərdən. Onu su qabının içindən izləyirdim.
Kuzənin dar boğazından div kimi sivişib azadlığa çıxmaq fürsəti, öz ixtiyarımızdaydı. Söhbətimizin axır nəticəsinə bağlıydı.
- Sənədlər ancaq Mirzə İbrahimidəydi. Yazığı gözümün önündəcə, poemadakı kimi gülələdilər Bakı qoçuları. Heç nədən! Səbəbsiz… Bərk qorxdum o vaxt. Hətta öz adımı belə birdəfəlik unutdum. Tam amneziyaya uğradım. Yaddaşım tam sıfırlandı o cinayət nəticəsində. Mirzə İbrahiminin sənədlərini götürüb yeni həyəta başladım. Fəhlə məktəbinə qəbul oldum bu sənədlərlə. SSRİ Ali Sovetinin sədr müavini də oldum. İndi görürsən, “Asiya və Afrika xalqları ilə Həmrəylik Təşkilatı”nın fəxri sədriyəm.
Masa silkləndi bu vaxt. Su qabındakı əkslərimiz də keyfiyyətsiz film kimi başladı əsməyə.
- Yivaya qayıdıb özünüzü, doğmalarınızı axtarmadınızmı orda? - Kuzədəki Mirzəni sualım bərk diksindirdi. Gözləri böyüyüb hədəqəsindən çıxdı. Digər bütün bədən üzvləri isə tam tərsinə, ölçüdə xeyli kiçildi.
- 1942-ci ildə İrandaydım. İlk fürsətdəcə Yivaya gəldim. Kəndlilər məni tanımadı. Dedim itlər-pişiklər, qoyun-quzu ətrimi, qoxumu bəlkə, xatırlayar. Əbəs yerə. Heyvanlar da, insanlar da, ikiayaqlılar da, dördayaqlılar da, qanadlılar da, qanadsızlar da, bəli… məndən uzaq qaçdılar. Ağladım bir kor divar dibində. Hıçqırdım.
- Çirkab göıməçələri bəs necə? Sizi əks edirdimi?
- Yox.
- Mirzə İbrahimini bəs necə? Xatırlayanlar vardımı orda?

Masadakı su... yox ey, div şüşəsinin ağzını açdım, nəhayət. Mirzəyə halal su payını süzdüm. O sanki suda boğuldu bir ara. Öldü elə bil. Dərindən udqununca yenidən dirildi:
- Palçıq divarlar önündə bir pişik məni görüncə miyoldadı amma. Adını xatrılayammadım. Alnımı çox çırpdım o palçıq divara. Yenə də xatırlayammadım. Pişik isə miyoldaya-miyoldaya qalmışdı. Ardımca çox gəldi. Sovet zabitlərindən biri tumarladı. Mən, bacarmadım...
Su qabında dalğanan, titrəyən Mirzə axır bir nöqtədə, bu nöqtədə donub öz dəqiq cizgilərini qazandı. Hiss etdim - bu div öz şüşəsindən azadlığa çıxmaq istəmir. Şüşədəki taleyi ilə tam razılaşıb.
- Mirzəni xatırlayanlar, hə… vardı hələki orda. Ancaq Yivada mən heç nəyi, heç kimi tanımadım. Bircə…
Şəffaf su qabında bir an tufan qopdu sanki. “Fincanda qasırğa” ifadəsi döndü reallığa. Ancaq tez də sakitləşib tam yatdı.
- Bəs siz kimsiz? - yad səsimə özüm də diksindim. Qorxdum. Elə bildim qarşımdakı su qabında da öz zəif cizgilərimi, reallığımı itirə bilərəm.
Qorxdum qarşımdakı bax bu div kimi bir gün tam demateriallaşım.
Düşüm bax bu şuşə qaba.
“SSRİ Sülh cəmiyyəti”nin canlı… yox ey… cansız müqəvvasına çevrilim.
- Bəs siz kimsiz? - sualımı təkrarlasam da, su qabında gördüyüm şəxs artıq məni eşitmirdi.
Şüşədəki div idi ancaq.
***
“Nağıl” tortum necə? Xoşunuza gəldimi?
Mersedesin yan güzgüsündə oxşar əhvalatları çox görmək olar.

# 6820 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
#
#
# # #