Köz - Hümbət İsmayılov

Hümbət İsmayılov

Hümbət İsmayılov

28 noyabr 2021
# 14:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Hümbət İsmayılovun “Köz” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həm sakit, həm də təbiətin ən uca səsinin hiss olduğu bir kənd yeri. Yaz ayı. Mehriban bir ailə. Belə bir məkanda mehriban olmamaq çətindir... Ailə öz övladını şəhərdəki işinə yola salmaq üçün hazırlaşırdı. Səhər-səhər gözəl yeməklər hazırlanıb, süfrəyə düzülmüşdü və ailə evin şəhərdə işləyən tənbəl oğlunu gözləyirdi.

Bəxtiyar, Abdulla bəy və Tamella xanımın tək övladı idi. Onlar Bəxtiyarı qayğı, nəvaziş içində böyüdüb öz istəklərini yerinə yetirə bilməsi üçün sərbəstlik verib və daim dəstək olublar.

Yuxulu-yuxulu tələsik halda aşağı düşən Bəxtiyara atası səsləndi:

Abdulla: Harda qaldın tənbəl? Sən zavodu da belə işlədirsən?

Bəxtiyar: Eeh ata! Mən o zavodu işlədə bilməsəydim, indi biz hamımız ömrümüzü torpağa,meyvəyə,heyvana xərcləyib çörək pulu çıxarmağa çalışardıq...

Abdulla: Sən adam ola bilmədin də...

Tamella xanım söhbətə qoşuldu: Niyə elə deyirsən a bala? Kəndin nəyi pisdir məgər? Şükür Allaha sağlam yaşayırıq burda. Daha sənin kimi tənbəlləşməmişik ki... Çörəyimizi də artıqlaması ilə qazanırıq.

Əl-üzünü qurulayaraq süfrəyə yaxınlaşan Bəxtiyar anasına bu cür cavab verdi:

- Eh, ay ana! Barı sən belə demə. Zəmanəni bilmirsiz? İndi elə dövrdür ki kənddə də nə sağlamlıq qalıb,nə də pul-para. Sən yaxşı bilirsən ki mən o zavodun rəhbəri olmasaydım, indi günümüz gün deyildi. Dolanmaq üçün o qoyunları bir-bir satıb axırda da acından öləcəkdik.

Tamella: Nə deyim vallah? Bu da düzdü...

Abdulla: Elə uşaq da sənə bənzəyib, ay Toma!

Bəxtiyar tələsik yeməyini yeyib ailəsi ilə sağollaşdı:

Bəxtiyar: Di mənə yaxşı yol! Siz də özünüzdən muğayət olun! Çox yormayın özünüzü. Qaçdım mən.

Abdulla: Sənin bizim kombaynçıdan fərqin qalmayıb ha! O da sənin kimi sezondan sezona gəlir.

Bəxtiyar: Bizim böyük bir fərqimiz var ata! O kombaynçı gələndə siz ona pul verirsiz. Amma mən gələndə mən sizə pul verirəm...

Tamella bu sözlərin Abdullanı çox incidəcəyini hiss edib dərhal oğlunu yola salmağa cəhd etdi:

Tamella: Tələs ay oğul! Gecikəcəksən. Onsuzda gec oyanıbsan. Get,Allaha əmanət!

Bunları deyərək anası Bəxtiyarı həyətin qapısına tərəf itələdi. Abdulla orta səslə oğlunun arxasınca bağırdı:

- Mənim də sənlə böyük bir fərqim var a Bəxtiyar! Mən heç vaxt pul hərisi olmadım! Sən isə hər şeyini pula həsr edirsən! Bu yolda nələri məhv etdiyini də heç bilmirsən! Fikrin ancaq puldadı...

Bəxtiyar dönərək atasını dinləyirdi. Cavab verməyə isə anası icazə vermədi, pıçıldayaraq nə isə deyib onu qapıdan bayıra çıxardı və yola saldı.

Bəxtiyar avtomobili ilə şəhərin mərkəzindən irəlilədikcə müasir göydələnləri, yeni ticarət mərkəzlərini izləməkdən zövq alırdı.

Bəxtiyarın rəhbəri olduğu zavod digər zavodlar kimi şəhərin mərkəzindən xeyli aralı idi. Bütün zavodlar şəhərin kənarında tikilir və yaşayış zonaları şəhərlərin mərkəzinə salınır. Amma bunu edərkən deyəsən heç kəs diqqət yetirmir ki şəhərin mərkəzi ilə kənarı, insanlar və zavodlar fərqli yerdə olsalar da hamısı eyni səmanın altındadır...

Bəxtiyar artıq alüminium istehsalı ilə məşğul olan zavoduna yaxınlaşırdı. Zavoda yaxınlaşdıqca isə ətrafdakı torpaqların rəngi dəyişir, qırmızıya çalırdı. Yol boyu göydələnləri izləməkdən zövq alan Bəxtiyarın bu çirkli və boş torpaqları görməyə gözü yox idi. Səbrsizliklə sürəti artırıb ünvana çatdı. Maşını təyin olunmuş yerdə dayandırıb, endi. Rəhbərin gəldiyini görən bir neçə işçi və mühəndis dərhal onu qarşılamağa gəldi:

Fərid: Xoş gəldiz Bəxtiyar bəy! Necəsiz?

Bəxtiyar: Xoş gördük Fərid! İşlər necədi? Hər şey qaydasındadı? Bir problem yaranmayıb ki?

Baş mühəndis Fəridin yanında olan digər işçilər Bəxtiyarın bu xarakterinə yaxşı bələd idilər. O hər zaman işi və işlə bağlı məsələləri üstün tutardı. İşlə bağlı sual verər və yalnız işlə bağlı sualları cavablayardı. Kiminsə şəxsi həyatı, problemi və fikri ona maraqlı deyildi. Bu dəfə də yanılmadıqlarını görüb hər biri öz işinin başına qayıtdı.

Fərid: Xeyr, Bəxtiyar bəy! Hər şey qaydasındadır. Siz gedəndə planları elə qurub gedirsiz ki, heç bir problem yarana da bilməz. Özüm nəzarət etmişəm bütün işçilərə.

Bəxtiyar: Əla! Bax belə xəbərlər ilə qarşıla məni həmişə! Səhər kefim pozulmuşdu, indi özümə gəldim!

Fərid: Nə isə olub, müdir? Necə kömək edə bilərəm sizə?

Bəxtiyar: Narahat olma, Fərid! Bu sənin kömək edə biləcəyin şey deyil. Ailə məsələsidir. Özüm bacarmıram heç illərdir bunu düzəltməyi. İnsanlar elə bilir ki pul elə hər asan yolla, beş-on meyvə satmaqla qazanılır. Onla da dolanmaq olur. Elə bil bu böyüklükdə müəssisə boş yerə tüstüləyir burda. Sən de görüm, Avtomobil zavoduyla yeni müqavilə nə oldu? Razıdırlar?

Fərid: Bəli! Bəli! Onlar razı oldu! Sizlə görüşmək və imzalayıb razılaşmaq istəyirlər.

Bəxtiyar: Lap gözəl! Ülviyyəyə deyərsən vaxt təyin edib mənə xəbər versin. Reklam işi nə yerdədir bəs? Ondan xəbərin yoxdur?

Fərid: Onu da öyrənmişəm Ülviyyə xanımdan. Dedi ki danışmaq istəyirlər sizlə qiymət barədə. Dronla çəkiliş baha olacaq deyəsən.

Bəxtiyar: Danışıb həll edərəm onu da. Sən də get daha işinin dalıyca, nəzarətsiz qoyma işçiləri.

Fərid: Baş üstə! Nə lazım olsa, qulluğunuzdayam!

Bəxtiyar : Sağ ol, Fərid!

2 AY SONRA :

Bəxtiyar yay tətilindən əvvəl ailəsi ilə görüşmək üçün kəndə yola düşmüşdü. Çəkdirdiyi reklam filmi elə ürəyincə olmuşdu ki izləməyə doymurdu. Yol boyu fasilə verdikcə videonu parıldayan gözləri ilə təkrar izləyib sonra sevinərək yola davam edirdi. Sevincini nə etsədə tam yaşaya bilmirdi. Yolda 1-2 gün kənddə qalmaq və özünə qonaqlıq hazırlatdırmaq fikrinə düşdü. Bunun üçün onun sözündən çıxmayan anasına zəng etməli idi.

Bəxtiyar: Alo! Salam Toma xanım! Necəsən? Kefin-halın?

Tamella: Ay çox sağ ol ay Bəxtiyar! Səsini eşidib yaxşı oldum, anan qurban! Nə vaxt gəlirsən?

Bəxtiyar: Sizə sürpriz eləmək istəyirdim, amma, dözə bilmədim. Elə indi yoldayam, təzə çıxmışam. Kefim yaman yaxşıdı. Ona görə dedim gəlib 1-2 gün orda qalım, sənə də xəbər verim ki atama deyəsən bir yaxşı kabab çəksin! Gəlim yaxşıca yeyən-içək!

Tamella: Səsinə qurban! Baş üstə! Niyə demirəm...

Bəxtiyar: ...Bilirsən də, mənlə arası yoxdu onun, elə bil oğlu deyiləm. Camaat gecə-gündüz dua eliyir ki oğlu olsun özü də oxumuş, hələ bir də zavod müdiri... Eehh...

Tamella: Sən ona fikir vermə bala! Mən bişirtdirərəm bu dəqiqə ona kababı. Onun əsəbləri təmiz korlanıb. Ona görə naşükürlük edir belə.

Bəxtiyar: Di sağ ol ay ana! Gələndə söhbət edərik. Hələlik. Kabab yaddan çıxmasın ha!

Tamella: Hələlik oğlum! Allah amanında! Mütləq... Mütləq...

Yol boyu Bəxtiyar çəkdirdiyi reklam filminin gətirəcəyi qazanc haqqında düşünürdü. Belə keyfiyyətli reklam çox xərc tələb edir amma xərcindən də çox gəliri olur. Müəssisəsinin xeyli tanınmağına və müştəri cəlb etməyinə səbəb olacaqdı.

Bəzi insanlar isə bu məsələyə tamam fərqli yöndən baxır. Çox pul sərf etməklə yox, çox əmək sərf etməklə bəhrəsini görməyin daha üstün olduğunu düşünür. Məsələn, Bəxtiyarın atası Abdulla bəy. O, ömrünün çox hissəsini çalışaraq, zəhmət çəkərək keçirmişdi. Ailə qurduqda da bu əməlinə davam etmiş və ailəsinə də bunu təlqin etmək istəmişdi. Uşaqlıqdan bəri kənd həyatına, zəhmətə, işləməyə öyrəşmişdi. Hansı ki o, nəyisə əldə etmək üçün qısa yolları seçmirdi. Ona hər şeyi öz haqqı ilə əldə etməyi, layiq olmağı öyrətmişdilər. Onun tərbiyəsində belə bir ideologiya üstün idi. Bir şeyi qazanmaq üçün ona layiq olacaq qədər əziyyət çəkməlisən. Qazanmaq istədiyin şeyi də gərək elə seçəsən ki, əziyyətinə dəyə. Amma onu qazanmaq üçün rahat yolu, qısa yolu seçmək bir hünər sayılmır. Çünki həmin qısa yolların çoxunda böyük zərər var. Ailəsi Abdullaya öyrətmişdi ki hansısa işin asan yolu tapılıbsa, ondan şübhə et. Çünki əmək sərf edərək əldə etdiyin şeyi tez və rahat qazanmağın yolu zərərlərdən keçir. Aparatların, cihazların nə qədər zərərli olduğunu daim ona söylər və hər zaman təmiz, gözəl və təbii havadan zövq alaraq işləməyini istəyərdilər. Çalışmaq insanı yormaz, əksinə gücləndirər, ucaldar, dirçəldər deyərdilər. Çalışmayan insan isə paslanar. Paslanan insanın da heç beyni də işləməz.

Belə bir mühitdə və belə tərbiyə ilə böyümüş Abdulla, dövrün yeni ixtiralarına əsla bağlanmamışdı. O həyatında sağlamlığı, çalışqanlığı, əməksevərliyi, təbiiliyi üstün tutardı. Məhz buna görə insanlarla münasibətləri də təbii qalmışdı... Nəyisə əldə etmək istəyəndə, əvvəlcə onu əldə etmək üçün sərf edəcəyi əməyi düşünər və "buna dəyərmi?" sualını verərdi. Sonra isə bu yolda başqa şeylərə, xüsusilə də təbiətə ziyan verib-verməyəcəyinə baxardı. Çünki o bilirdi ki bu təbiət bütün insanların həyatına təsir edir.

Abdulla bəyin ən böyük təəssüfü isə ailəsinə nə qədər təlqin və təbliğ etsə də bunları öyrədə bilməməyi idi. Xüsusilə də övladını oxutdurduqdan sonra onun dövrə necə uyğunlaşdığını, maddiyyat hərisi olub, bu yolda kimə, nəyə zərər verəcəyinə heç baxmadığını görüb həm təəccüb həm təəssüff edirdi. O, illərlə çalışsa da öz həyat yoldaşına istədiklərini öyrədə bilməmişdi. Lakin, oğlu çox qısa müddətdə Tamella xanımı müasirliyə öyrəşdirmişdi. Bu hadisə də Abdulla bəyin ürəyinə vurulan közlərdən biri idi...

Abdulla bəy səhər tezdən bağ işləri görmək üçün getmişdi. Nahara yaxın evə qayıdanda yoldaşının həyətdə süfrə hazırladığını gördü:

Abdulla: Nolub ay arvad? Məndən ötrü darıxıb açırsan bu süfrəni?

Tamella: Yox a kişi! Sənin dünyadan xəbərin olmur ha! Oğlun gəlir bu gün, oğlun! Zəng vurmuşdu Bəxtiyar. Dedi yoldayam, çıxmışam.

Abdulla: Ağlı başına gəlib? Bu sezonda gələndə görüşüb çıxıb gedərdi dənizə, otellərə...

Tamella: Dedi ki 1-2 gün qalacaq. Kefi kök idi. Sən Allah! Ürəyini sıxma onun! Ömrünü işə xərcləyir, bizə pul gətirir. Üzümüzü ağ edib... Dedi ki ürəyim kabab istəyir. Mən hər şeyi hazırlamışam, qurban olum! Gəl 1 qoyun da kəs, kabab çək. Gələndə sevinsin balamız...

Abdulla dodağı altında mızıldanaraq:

- Bizə pul gətirir... Elə tək ehtiyacımız puluydu... Başqa dərdimiz yoxdu... O pulu nələri itirərək qazanır, heç xəbərin yoxdu...

Tamella: Ay Abdulla! Niyə deyinirsən axı?! Bax gülərüzlə gələcək. Bəlkə elə nəsə müjdə gətirir? Nə olar, işi ləngitmə.

Abdulla heç bir söz demədən həyətin o biri başına doğru irəlilədi. Bir az sonra qoyunla bərabər qayıtdı və oğlunun sifarişini icra etməyə başladı.

1 saat sonra:

Qapıda maşın dayandı və ardınca qapı döyülməyə başladı.

Tamella: Gəldi gözümün nuru!

Qaçaraq qapıya doğru getdi. Abdulla bəy isə bu vaxt ətləri kabab edə bilmək üçün hazırlıq görürdü. Tamella Bəxtiyarı öpüb bağrına basdıqdan sonra ikisi birlikdə süfrəyə doğru gəldilər.

Bəxtiyar süfrəyə çatanda əvvəlcə atasına:

- Salam - dedi. Sonra isə:

- Aclıqdan öləcəm! Hazır deyil kabab?!

Abdulla: 15 dəqiqəyə hazır olur Bəxtiyar bəy! Sən aclıqdan ölməzsən, amma vicdanın səbrsizlikdən ölər. Bunu yadında saxla!

Bəxtiyar : Ata, qurban olum, bax sevincək gəlmişəm. Kefim kökdü. Burnumdan gətirmə də... Qəşəng meyvə şirələri gətirmişəm özü də sizə. Oturaq yeyək-içək, deyək-gülək. Gəlin zavoda çəkdirdiyim reklama baxın.

Abdulla xitabı heç kəsə etmədən, sakitcə, gileylənərək dedi:

- Meyvə də bizdədir, su da bizdə...

Tamella xanım reklamın adını eşidib dərhal oğlunun başı üstünə qaçdı.

Tamella : Göstər görüm bala, nə reklam çəkibsən elə?

Bəxtiyar : Gəl ey ana! Məni sən başa düşərsən! Gəl bax gör oğlun haranın müdiridir...

Tamella xanım videonu izlədikcə oğlunu tərifləyir, xeyir-dua edir və öpüb, başını sığallayırdı. Bu müddətdə Abdulla bəy artıq közləri hazırlayıb, ətləri də şişə taxmışdı. Kənardan qızaran ətin qoxusu vurduqca bəxtiyar gözünü yavaş-yavaş atasına tərəf yönəldirdi.

Abdulla bəyin ürəyinə bu gün dəfələrlə köz basılmışdı həm yoldaşı həm övladı tərəfindən... Onlarla heç vaxt ortaq fikirə gələ bilməyəcəyini başa düşüb, susmağı qərara almışdı. Ancaq insanın dili sussa da qəlbi dayanmır. Başa düşülmək üçün çırpınır. Abdulla bəy də istəyirdi ki öz bildiyi həqiqətləri ailəsinə öyrətsin. Bunun mümkün olmayacağını ağlı dərk etdikdə isə, qəlbi parçalanmağa başlamışdı. Bəlkə də ətlərin altındakı közdən də çox ürəyi yanırdı... Artıq ürəyində sancılar hiss edirdi.

Bəxtiyar anası ilə bərabər reklam filmini bir neçə dəfə yenidən izləmişdi artıq. Qızarmış ətin qoxusunu aldıqda atasına nəzər yetirdi. Telefonda son gördüyü zavodun işləyərkən yuxarıdan dron vəsitəsilə çəkilmiş görüntüsü idi. Böyük borulardan çıxan qatı tüstü aydın səmaya sanki ləkələr düzürdü...

Atasının üzünə baxdıqda isə manqal başında donub qalmış, yorğun simasını gördü. Ətlərdən yüksələn, yağ təbəqəsinə qarışıb qaralmış tüstülər Abdulla bəyin o donmuş simasına çırpılırdı. O isə sanki bunu hiss etmirdi. Üzündə sadəcə durğunluq var idi. Qaşlarını çatdığı üçün ağrıdan əziyət çəkdiyi hiss olunurdu. Ömrünü yaxşı işlər üçün əziyət çəkərək keçirən Abdulla kişi bu dəfə güclü ürək sancısından əziyyət çəkirdi...

Bəxtiyar bu səhnə ilə az əvvəl telefonda izlədiyi səhnə arasında bir anlıq əlaqə qurdu. Bu düşüncə ona çox dərin təsir edəcəkdi. Amma bir anda atası yerə sərildi və anası qışqırıb ona tərəf qaçdı. Bu anda sanki o dərin düşüncədən ayıldı Bəxtiyar. Və o da dərhal atasının yanına qaçdı. Tamella xanım yoldaşını hər zaman sağlam, gümrah gördüyü üçün nə olduğunu başa düşmədi. Fəryad çəkərək yoldaşını qucaqlayanda Bəxtiyar atasının başını dizləri üstünə alıb anasına dedi:

- Ana, qaç tez Çimnaz xalanı çağır! O biləcək nə olub qaç!

Tamella xanım qaça-qaça qonşu həyətə tərəf getdi. Çimnaz həkimi səsləyə-səsləyə həyətə daxil oldu. Bir neçə dəqiqə sonra Çimnaz həkimin qızı Lalə ilə geri döndü. Onlar tələsik Abdulla bəyin yanına gəldilər.

Lalə: Anam işdədir. Mən baxaram bu dəqiqə.

Lalə dərhal Abdulla bəyin nəbzini yoxladı. Onun sağ olduğunu dedi. 1-2 dəqiqə müayinədən sonra təcili xəstəxanaya aparmağı tövsiyə etdi. Bəxtiyar anasının yardımıyla atasını maşına əyləşdirib tez xəstəxanaya yola düşdü.

Bir neçə saat sonra:

Abdulla bəy ürəyində yaranan güclü sancı səbəbilə huşunu itirib yıxılmışdı. İndi halı normal idi. Həkimlər 1-2 saat xəstəxanada uzanıb dincəlməyi məsləhət görmüşdülər. Bu müddət ərzində də nə baş verdiyini dəqiqləşdirmək üçün dərin müayinələr aparılır, analizlər alınırdı.

Tamella xanım yoldaşının yanında əyləşib, ona ürək-dirək verirdi.

Tamella: Bizi dəli elədin a kişi! Noldu birdən - birə sənə? Sənin kimi sağlam adama nə ola bilər axı? Şükür, həkimlər dedi yaxşısan. İndi hər şeyi tam yoxlayıb, yola salacaqlar bizi.

Abdulla bəy yoldaşına cavab vermir, bəlkə də heç dinləmirdi. Bir müddət sükut içində qaldıqdan sonra, yoldaşının sözünü kəsərək dilləndi:

- Bəxtiyar hanı? Getdi istirahətə?

Tamella: Nə istirahət?! Sən da lap ağ edirsən. Bizim övladımız elə adamdı yəni?! Burda, bayırdadı. Həkimlərlə danışırdı bayaq.

Abdulla: Onu çağır bura, de ki atanın sənə bir-iki sözü var. Səni gözləyir.

Tamella xanım sual vermədən Bəxtiyarı çağırmağa getdi. Bir neçə dəqiqə sonra Bəxtiyar atasının yanına gəlib dayandı.

Abdulla: Əyləş, Bəxtiyar! Mənə qulaq as! Ananla mən, sənin dünyaya gəlməyində vasitəçiyik. Bu dadını çıxardığın dünyaya da səni biz hazırlamışıq, biz böyütmüşük. Əziyyətini çəkmişik. Sən o zavodunu satsan da onun pulu ilə ananın səni dünyaya gətirəndə çəkdiyi əziyyətin haqqını ödəyə bilməzsən! Ona zülm etmə. Mən sizi haqqa gətirə bilmədim. Sən məndən sonra heç olmasa onu özünə bənzətmə.

Bəxtiyar: Ata...

Abdulla: Bu dəfə sözümü kəsmə! Otur fikirləş, gör nə edirsən. Mən sənə işləmə, qazanma demirəm. Adam işləyər də qazanar da. Amma baxır harda, necə işləyir. Mənə valideynlərim öyrədib ki, ancaq halal zəhmətin dadı olur. Qazanmaq istədiyin şeyə uyğun da əziyyətin olmalıdır. Nəyisə kəşf edib işini asanlaşdıra bilərsən. Amma burda da hədd var. Əgər çətin bir iş həddindən artıq asanlaşıbsa, az vaxtda, əziyyətsiz çox pul qazanırsansa bil ki bir əmma var. Sən indi iş adamısan. Mənfəət güdürsən. Heç olmasa öz mənfəətin üçün düşün bunu. Sən və sənin kimi bir çox adam o zavodları anormal işlədir. Nə qayda-qanun tanıyırlar nə də vicdan. Elə ikisini də o haram pulları ilə ört-basdır edirlər. Vicdanın gözünü bağlaya bilərsən amma bil ki o sağdı və bir gün elə sızlayar ki bütün yığdıqlarını özün əlinlə dağıdarsan...

Belə işlədikcə çox qazanırsan. Həə. Amma qazandığına, qazanacaqlarına dikmə gözünü. Dön bir ətrafa bax! Gör qazandıqca nələr itirirsən. Onları itirməyə dəyərmi? O zavod yaşayış yerlərindən qıraqdadı. Nə olsun? Axı bizim səmamız eynidi. Axı bizim təbiətimiz, ağaclarımız, torpağımız eynidi. Sən dünyanın bu başında təbiətə zərər verib o biri başına getsən də bil ki o zərər orda da qayıdacaq sənə. Biz bir bütünük. Yaradan bunları hamımızdan ötrü yaradıb. Adam kimi bölüşdürə bilsək, oğurlamasaq, əzməsək, asan yola qaçmasaq hamımıza çatacaq qədər təbii nemət var. Təbiəti elə yaradıb ki, özü özünü təmizləyir, yeniləyir. Amma biz insanlar o qədər çox ziyan veririk ki, təbiətin də taqəti qalmır. Bu ziyanı düzəltmək üçün gərək ona qulluq edək. O da bizə qulluq etsin. İnan mənə, biz onu taladıqca, görməmiş kimi işlətdikcə o da həmin ziyanları bizə qaytaracaq. Bu fəlakətlər durduq yerə olmur ki... Təbiətdən nə ziyan, nə fəlakət görsən dön insana bax. Görəcəksən ki bunun hamısı insan əməlinin nəticəsidi.

Məni eşit! Eybi yox, az qazan amma təmiz olsun o qazandığın. Ağzında dadı olsun, boğazından keçə bilsin...

Ananla sən həmişə mənə deyirsiz : dünyadan xəbərin yoxdur!

Vallah sizin dünyadan xəbəriniz yoxdur!

Xəbərini olsa, dayanardız...

Bəxtiyar atasının sözünü kəsməyə qorxurdu. Danışığından və halından hiss etmişdi ki bu dəfə də sözünü kəssə, bir də kəsiləsi söz qalmayacaq...

Abdulla: Get papağını qoy qabağına fikirləş. Haqqı tap. Ananı da ondan sonra özünə oxşat.

Ona - buna baxma sən. Meşə çaqqalsız olmur. Bəziləri çaqqallıqdan zövq alır. Sən onlardan olma. Onlarla mübarizə apar. Bax bu qədər pul qazanıbsan. Bu pulunla da kənddə təhsil ocağı açdırıb uşaqları xilas edə bilərsən. Onlara sən doğrunu öyrədə bilsən, sonradan səhvlər, yalanlar onlara şirin gəlməz. Görərlər ki o zavodların tüstüsü nə qədər acıdı...

Abdulla kişi bu sözləri dedikdən sonra rahatlaşdı. Rahatca yumdu gözlərini dünyaya...

# 2614 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #