Evli qadının saçları - Vahid Məmmədlidən yeni hekayə

Evli qadının saçları - Vahid Məmmədlidən yeni hekayə
19 dekabr 2021
# 12:30

Kulis.az yazıçı Vahid Məmmədlinin “Evli qadının saçları” hekayəsini təqdim edir.

Saçlarını rənglədi. Yuyunub-qurulandıqdan sonra dırnaqlarını sevdiyi qırmızı lakla boyadı. Ərini iki gün əvvəl ona aldığı bahalı alt paltarını geyinib, saçlarını fenlə quruladı. Güzgüdə özünə baxdı. Qırx yaşı tamam olsa da, bədəni hələ cazibədar idi.

Əlini saçlarına apardı. Saçının dünən məhəllə marketində satıcı işləyən gənc oğlanın barmaqları toxunan hissəsini burnuna yaxınlaşdırıb qoxuladı. Vanna otağından təzəcə yuyunub çıxsa da, həmin qoxu hələ saçlarından getməmişdi.

Evə lazım olan xeyli ərzaq almışdı. Satıcı oğlan aldıqlarını paketə yığıb ona uzadanda, mağazanın açıq pəncərəsindən əsən külək, onun qara saçlarını oğlanın barmaqlarına dolaşdırmışdı. Oğlan gülümsəyib barmaqlarına dolaşan saçları geriyə, onun çiyninə aşırıb əlini çəkmişdi.

Kiçik məhəllə mağazasından çıxıb evlərinə tərəf addımlasa da, hər dəfə külək saçlarını dağıdıb burnuna yaxınlaşdıranda, həmin qoxu onu məst edirdi. Ayaqları sanki getmək istəmir, hansı qüvvəsə onu yenidən kiçik məhəllə dükanına qayıtmağa məcbur edirdi.

Məhəllənin ortasında dayanıb, bir anlıq gözlərini yumdu, xəyal onu apardı. Gənc oğlan dəmir kimi əllərini onun incə bədəninə pərçimləyib öpüşlərə qərq edirdi, sonra oğlanın əlləri onun alt paltarına yaxınlaşdı… Həmin anda nədənsə ərini xatırladı. Əri yarmarkada qadın alt paltarını satar mağazalara topdan mal verirdi.

Çox gənc yaşda ailə qurmuşdular. Dünyaya bir qız, bir oğul gətirmişdi. Qızı da, oğlu da artıq böyümüş, ailə qurmuşdular; nəvələri vardı…

Satıcı oğlan xəyalın onun alt paltarını dartışdırsa da, bütün gücünü toplayıb oğlanı kənara itələdi.

Gözlərini açdı… Aman Allah, əri onun qarşısında dayanıb elə baxırdı ki, sanki gözlərindəki nifrət qığılcımının zərrəcikləri indicə saçına atılıb satıcı oğlanın barmaqlarına dolaşan yerindən alışdıraraq yandıracaqdı… Sonra gözləri önünə oğlu, qızı, gəlini, kürəkəni, nəvələri gəldi. Onlar da əri kimi eyni tənə ilə baxırdılar.

Ərzaq dolu paketləri həyətdəki skamyanın üstünə qoydu, istədi ki, xəyalındakı satıcı oğlana acı söz desin, onu şillələsin. Amma gözləri önündə dayanan ailə üzvlərinin baxışlarından əllərini sinəsində sıxdı… Utanıb başını aşağı saldı, sanki indi xəyaldan ayıldı. Məhəllə bom-boş idi. Ətrafda kimsə gözə dəymirdi. Ərzaqları skamyanın üstündən götürüb evə qaçdı.

Dünəndən bu günə kimi ərinin üzünə baxa bilmirdi. Çünki baş vermiş hadisəni yenə xəyalında canlandırırdı: bu dəfə satıcı oğlan onu özünə tərəf sıxıb öpürdü…

Yenə çörək almaq üçün həyətə düşüb məhəllə marketinə getməlidir. Amma necə getsin? Birdən oğlan dünənki kimi onun saçlarına toxunsa. (Əclaf elə yaraşıqlıdır ki…) Nəfəsi alov kimi istidir. Birdən o, hiss etsə ki, ondan xoşum gəlir?! O mənə toxunsa mən onu rədd edə bilməsəm, onda necə olsun? Mən etdim ki, o mənə toxunmağa cürət etdi? Oğlanın istisi sanki onun bütün bədəninə yayılmışdı.

Yox, marketə getməyəcək. Bu sadəcə xəyal idi. Oldu, bitdi. Satıcı oğlanla etdiyi şeyin xəyalını heç kim bilmir, o satıcının özü, ki ailə üzvləri

İndiyə kimi ərindən başqa onun bir telinə də yad əli dəyməmişdi…

Bəlkə bir müddət nəvələrinə baxmaq adı ilə evdən getsin. Qızı, ya da ki, oğlu ilə qalsın. Dünənki xəyallarını unutsun

Ərini yığıb, “Nəvələrini nəvələrini görmək istəyirəm, sürücünü göndər” - dedi.

Əri xəttin o başından, “Nə tez darıxdın, gözəlim? Onlar iki gün əvvəl bizdə deyildilərmi?maraqla soruşdu.

- Nəsə yaman darıxdım onlar üçün.

- O qədər şirindilər ki, necə darıxmayasan. Yaxşı, indi göndərərəm sürücünü.

Aman Allahım, mən belə bir gözəl insanı aldadıram? İndi aşağı düşüb, sürücü gələnə kimi, nəvələrimə şokolad almaq adı ilə marketə gedəcəm. O satıcı oğlana heç gözümün ucuyla da baxmayacamdeyib əynini geyinməyə başladı.

Əri bir neçə ay əvvəl ad günündə ona qırmızı don almışdı. O gündən bu yana bir dəfə də olsun geyinməmişdi. ”Nədir, hədiyyəmi bəyənmədin?” - əri bir neçə dəfə ondan soruşmuş, o isə cavabında, “Çox gözəldir, xoşuma gəlir, araya-bərəyə geyinmək istəmirəm. Bir gün səninlə birlikdə çıxanda geyinəcəm” – demişdi. Qırmızı donu üstünə tutub güzgüdə baxdı. Bu paltar ona çox yaraşırdı. Geyinəndə ərinin də çox xoşuna gələcək. Çünki bu hədiyyəni sevə-sevə almışdı…

Ərinin sürücüsü həyətdə xeyli gözləsə də, qadından səs-soraq yox idi. Sürücü öz şefinə zəng vurub, xanımın hələ evdən çıxmadığını dedi. Əri ev mobil telefonlarına zəng vursa da, cavab yox idi. Üç-dörd saat ərzində axtarışları nəticə verməyəndə mənzilin qapısının qıfılını sındırıb içəri keçdilər.

Mətbəxdə, yataq və qonaq otaqlarında heç kim yox idi. Oğlunun qaldığı otağın qapısını açanda dəhşətə gəldilər. Qadının cansız bədəni oğlunun dartınmaq üçün divara bərkidilmiş idman alətindən asılmış vəziyyətdə idi. Əynində ərinin sonuncu ad günündə hədiyyə etdiyi qırmızı don vardı

# 3676 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #