Əcəl - Paşalı Eyvazın yeni hekayəsi

Əcəl -  Paşalı Eyvazın yeni hekayəsi
12 noyabr 2024
# 16:26

Kulis.az Paşalı Eyvazın "Əcəl" adlı yeni hekayəsini təqdim edir.

Həm qızdırma, həm də yol yorğunluğu onu əldən sa­l­­mış­dı. Ayaqlarını güclə sürüyürdü. Darvazaya çatıb da­yandı, nəfəsini dərdi. Diqqət edib gördü ki, ayrıldıqları bu neçə ildə darvazanın qapısı dəyişməmişdi. İstədi ki, qapı on il bun­dan qabaqkı kimi yenə də ağır açılsın. Zəifləmiş bə­dənini bir qədər dikəldib dəstəkdən yapışdı. Yüngülcə qapı­nı içəri basdı. Allah, allah, on ­­il bundan əvvəlkitək qapı ağır açıldı. Düzdür, qa­pını açarkən yo­ruldu da, isti avqust gü­nə­şinin altında yün­gülcə tərlədi də, amma özündən asılı olma­yaraq buna sevindi. Ağır-ağır həyətə daxil oldu. Kimsə gö­rün­mürdü. Hamı evə çəkilib kondisionerin altında sərin­lə­nirdi. Həm də Bahar xanım gəlişini nə evdəkilərə bildirmiş­di, nə də kənddə­kilərə xəbər göndərmişdi. Kimsənin onu qar­şılamamasına təəccüb etmədi. Bir də özü belə istəmişdi: əli ilə qoyub getdiklərini tək-tənha doyasıya seyr etmək və bəlkə də son doyumluğunu götürməklə təskinlik tapmaq is­təyirdi. Aclıq çəkən kimi gördüyü hər şeyi acgözlüklə nə­zərdən keçirirdi. Çardaq ondan sonra istifadəyə verilmişdi. Am­ma evin qabağındakı səki dururdu. Vaxtilə bu səkinin üs­tündə qurulan qonaqlı-qaralı məclisləri xatırladı. Bir an­lıq da olsa, qulaqlarına şən qəhqəhə səsləri gəldi, sifəti azca şux­laşdı. Sanki bu şirin xatirə onun ağrı-acısını ya­dından çıxardı.

Çəpərin dibində əlləri ilə əkdyi qızılgül kolları da qırıl­mamışdı. Deyəsən, vaxtlı-vaxtında daranmışdı, həm də yax­şı qulluq edilmişdi. Belə olmasaydı, ilin-günün bu vaxtında kolun üstündə bir neçə qızılgül olmazdı. Azca əyilib güllərin birini qoxladı. Xəyal onu keçmişə qay­tardı. Keçmiş həyat yoldaşı Arif müəllim dəfələrlə bu güllərdən dərib onun sa­çına düzmüşdü. Hər dəfəsində də “Mənim əsl gülüm sən­sən!”–demiş, əyilib üzündən öpmüşdü. Hay-hayda öz-özünə fikirləşdi: ” Görəsən bu gül­lərdən təzə arvadının da saçlarına düzürmü?” Tez də fikrindən vaz keçdi. Qısqanclıqmı, yoxsa keçmiş ya­şantının doğurduğu yanlış yozummu? Hansı olursa-olsun, Arif müəllimə haqq qazandırdı.

Sol tərəfdə–bağın ayağındakı mal tövlələri yerin­dəydi. İsti olmasına baxmayaraq, fürsətdən istifadə edib tövləyə baş çəkməyi qərara aldı. Toyuq-cücə hininin ya­nından keçəndə əyilib baxdı. Çil toyuq fal üstündə idi. Arif müəllim qay­ğanağı çox sevərdi. Kənd toyuğunun yumurtasından bi­şi­­ri­lən qayğanağı ləzzətlə yeyərdi. Hər­dən Bahar xanım zara­fata salıb söylərdi: ”Adam bioloq olanda təbii nemət­lərdən doyumluq bəs etməzmiş...”

Tövlənin qabağına çatanda içəridən buzov səsi eşi­dildi. Bu səs ona o qədər doğma gəldi ki, özünü saxlaya bilməyib tezcə tövlənin qapısını açdı və içəri girdi. Ayaqqabısı bu­laşsa da, fərqinə varmadı. Heç o halda de­yildi. Ala buzovun boynunu qucaqladı, üz-gözündən öp­dü. Buzov hürkmüş hal­da əvvəlcə o tərəf, bu tərəfə dar­tındı, amma ona edilən nə­vazişin təsirindən xumarlanaraq üsullaşdı. Buzovun qarnına baxdı: qabırğaları görün­mürdü. Deməli, südünü kəsmirlər. Arif müəllimin ona həmişə tövsiyə etdiyi bir fikir yadına düşdü: ” Buzovu yax­şıca ağuzlandır, həmişə imkan ver ki, buzov doyunca əmib şellənsin.” Ona görə də inəyin iki döşü­nü sağar, digər ikisini buzova saxlardı. Arada əllərini saxla­yanda buzov, eləmə tənbəllik, onun sağdığı döşdən oğurluq etsə də, Bahar xanım buzovçun ayırdığı döşlərə əl vurmazdı.

Xətrinə qatıq düşdü. Olsaydı, bu isti havada ovduq qa­yırıb ləzzətlə içərdi, susuzluğunu yatırardı. “Desəm, ev yi­yəsi ovduq düzəldərmi? Günahına girməyim, yəqin ki, hə.” Tövlədən çıxanda quyruğunu bulayıb qarşısında du­ran iti gör­dü. Doğrusu, qorxdu. Əlində ağacı da yox idi. Boz it arxa pəncələrinin üstündə durmuşdu. Bahar xanı­mın çaşqınlığını görən it qabaq pəncələrini də yerə uzatdı və başını pəncə­lərinin arasına qoyub quyruğunu buladı. Sanki bununla “Bu­yur, keç!”–deyirdi. Bahar xanım yün­gülcə gülümsəyib itin yanından ötüb həyətə doğru gəl­məyə başladı. Yolboyu dö­nüb dala baxırdı ki, görsün it gəlirmi. Boz itsə yerindən qı­mıldanmırdı...

Çöl pilləkənlərin ayağında durdu. Hər şey əli ilə qo­yub-getdiyi kimi idi. On il bundan əvvəl olduğu kimi, şü­şə­bəndin arxasına çəkilmiş ağ pərdə içərini görünməz et­mişdi. Hiss olunurdu ki, şüşəbənd yaxın vaxtlarda rəng­lənib. Təsa­düf idimi, bilə bilmədi, əvvəlki mavi rəngi də­yişməmişdilər. Bahar xanım darıxanda göylərin mavi ən­ginliklərinə baxıb xəyala dalmağı çox sevərdi. Odur ki, şü­şəbəndi də, evin qa­pı-pəncərələrini də həmişə mavi boyat­dı­rardı.

Gördüklərindən sonra elə bil ağrıları azca çəkilmişdi. Yol boyu Allaha yalvarmışdı ki, ağrı-acısı yoxa çıxsın, onu görənlər narahatlıq keçirməsinlər, düşdüyü durumla baş­qalarını iş-gücdən etməsin. Pilləkənləri rahat qalxdı. Əvvəl istədi ki, keçmişdə olduğu kimi qapını döyməmiş içəri keçsin. Amma üzlü qonağın içəridəkilərdə yarada­cağı mənfi təəssüratı nəzərə alıb əlini apardı ki, qapını döy­sün; bu vaxt qapı qəfil açıldı. İçəridən yuxudan kal oyanan və gözlərini ovuşdura-ovuşdura çölə çıxmaq istə­yən 7-8 yaşlı oğlan uşa­ğını gördü. Bir anlıq əlini gö­zündən çəkən oğlanla göz-gözə gəldilər. Oğlan tanıma­dığı adamın ona təəccüblü baxışlarını heyrətdən geniş açılan gözləri ilə toqquşdurdu. Nəsə ya­xın­lıq duydu bu baxışda. Mülayimcəsinə soruşdu:

– Xala, sizə kim lazımdır?

Bahar xanım qırx il bundan əvvəl onu əsirinə çevirən ba­xışların eyni ilə qarşılaşdığından və baxışların ovsunu al­tında çaşdığından uşağın dediyini eşitməz oldu. “Eynən Arif müəllimin gözləridr. Hələ sifəti, fırt deyib bur­nundan düşüb...”

– Xala, kimi axtarırsınız?

İkinci dəfə verilən sual Bahar xanımı xəyaldan ayırdı. Təpədən-dırnağa oğlanı nəzərdən keçirib dilləndi:

– Səni...

Uşaq ilk əvvəl qarşısındakından bu cavabı gözləmə­di­yindən duruxdu. Sonradan qorxmuş kimi başını sağa döndə­rib səsləndi:

– Ana, bir xala gəlib...

Bahar xanım yalnız indi anladı ki, nə deyibsə, uşağı çaş­dırıb. Səhvini düzəltmək istəyirdi ki, evin sahibəsi Zərifənin qapıya yaxınlaşdığını gördü. Gözlənilməz gəliş elə Zərifənin də çaşqınlığına səbəb oldu. Bir müdət din­məzcə durdu, Ba­har xanıma “Xoş gəlmisən, içəri gəl!”– deyə bilmədi. Sükutu oğlan uşağı pozdu:

– Ana, bu xala kimdir? Sən onu tanıyırsan?

Zərifənin yalnız indi dili açıldı:

– Bıy, Bahar xanım, xoş gəlmisiniz! Siz Allah bağış­layın, qapıda durmayın, buyurun içəri.

Bahar xanım Zərifəyə əl uzatdı. Zərifəsə onun boynu­na sarıldı, üz-gözündən öpdü. “Yuxumu görürəm, yoxsa cən­nətdəyəm”–fikirləşdi bir anlıq Bahar xanım. Amma Zəri­fə­nin onun çıxardığı ayaqqabısını cütləyib dolaba qoyduğunu görəndə ayıldı. Bu dəfə ürəyindən “Halal olsun!” keçdi.

Uşaqsa hələ də gözlərini gələn qonaqdan çəkə bil­mirdi. Anasının böyrünü dümsüklədi. Zərifə oğlunun başını sığal­layıb yumşaq səslə dedi:

– Xaladır, oğlum, şəhərdən bizə qonaq gəlib.

Bu şəkildə qarşılanacağını güman etməyən Bahar xa­nım əlindəki salafan paketi indi xatırladı və onu oğlan uşağına sarı uzadıb boğuq səslə dedi:

– Oğlum, xalandan bu kiçik sovqatı qəbul et!

Oğlan utandığından anasına qısılıb durmuşdu. Çəki­nə-çə­ki­nə əlini irəli uzadıb Bahar xanımın hədiyyəsini aldı. Tez otağa qaçdı.

İstinin təsirindən və bədənindəki qızdırmadan Bahar xa­nı­mın dodaqları qurumuşdu. Zərifədən sərin su istədi. Zə­ri­fənin qaçaraq soyuducudan gətirdiyi suyu içdi. Qur­tum-qur­tum udduğu su daxilinə bir sərinlik yaydı.

– Ölənlərinin ehsanı olsun!–dedi və balkondaca qoyul­muş stulda oturdu. Bu vaxt otaqdan oğlanla birlikdə 5-6 yaşında bir qız uşağı çıxdı. Yad qonağı gülər gözləri ilə seyr etdi, sonrasa qaçıb anasına qısıldı. Zərifə:

– Qızımdır, –dedi.–Qurban olduğumun verdikləridir: bir oğlan və bir qız.

Bahar xanım Arif müəllimin oğlu olduğunu eşitmişdi, am­ma bu şeytan qızdan xəbəri yoxdu. Qızı yanına ça­ğırdı. Qızcığaz xırda addımlarla ona yaxınlaşdı. “Gözləri eynən atasınkıdır.” Bəlkə də bu səbəbdən qızın gözlə­rindən öpdü.

Oğlanla qız içəri otağa keçdilər. Bahar xanımla Zərifə ikilikdə qaldılar. Bir müddət nədən və necə başlaya­caqlarını bilmədilər. Zərifə o yan bu yana boylanan Ba­har xanımın gözlərindəki narahatlığın səbəbini anlayırdı. Bu gözlər Arif müəllimi axtarırdı.

– Arif müəllim rayona gedib, axşama qayıdacaq.

“Hardan bildi ki, mən onu axtarıram?” Və qeyri-ixtiyari dodaqlarının arasında “Halal olsun!” səsləndirdi.

Zərifə çaydanı qaz plitəsinin üstünə qoyub stolun üs­tünü yığışdırdı. Soyuducudakı şirniyyatlardan gətirib stolun üs­tünə düzdü. “Nə yaxşı ki, şirniyyat ehtiyatını üzməmişəm, yox­sa biabır olardım,”–deyə Zərifə öz-özünə təsəlli verdi.

– Gərək getməyəydiniz, Bahar müəllimə,–deyə Zərifə ar­mudu stəkanda çayı Bahar xanımın qabağına qoyub da­vam etdi. –İki bacı baş-başa verib dolanacaqdıq... Vallah, Arif mü­əllimə dəfələrlə demişəm ki, xəbər göndər gəlsin. Cavabı bu olub ki, qardaşıyla birlikdə yaşayır və mən onu necə məcbur edə bilərəm ki, gəl bizimlə yaşa...

Birdən-birə halı dəyişən Bahar xanım Zərifənin onun qa­ba­ğına qoyduğu çaydan bir-iki qurtum içə bildi. Çayın istili­yi onun bədənini qızdırmaq əvəzinə titrətmə gətirdi. İsti av­qust günəşinin yandırıcı hərarəti belə Bahar xanı­mın canın­dakı titrətməni kəsə bilmədi. Az qalırdı ki, dişi dişinə dəy­sin. Zərifə Bahar xanımın rənginin qaçdığını görüb təlaş­landı. Titrək səslə soruşdu:

– Noldu, Bahar bacı? Rənginiz-rufunuz qaçıb.?..

Bahar xanım təlaşdan əl-ayağı əsən Zərifədən içəridə yer açmasını xahiş etdi. Nəfəsinin getdikcə daraldığını hiss edir­di. Zərifə Bahar xanımın qoluna girib onu içəri apardı, çar­pa­yıya uzatdı. Bir azca toxdayan Bahar xanım başını yuxarı qaldıranda gözü Arif müəllimin divardakı şəklinə sataşdı. Ye­nə də nəvazişlə ona baxırdı. Sağa bu­rulub yatdığı çar­payını nəzərdən keçirdi: bir vaxtlar Arif­lə qoşa yatdıqları çar­payı idi. Şirin bir xəyal onu qoynuna aldı və Arif müəl­limlə tanış olduğu vaxta apardı...

...O vaxt Arif onu görən kimi çarpılmışdı. Dili-dodağı təpidiyindən gözləri bərələ şəkildə dayanıb durmuşdu. Sü­ku­tu Bahar pozmuşdu:

– Cavan oğlan, icazə verin, keçim!

Hələ də gördüyü gözəlliyin təsirində olan Arif heç nə eşitməmişdi. Bu dəfə Bahar əlini əlinə vurub şappıl­datmışdı. Yalnız bundan sonra Arif özünə gələ bilmişdi, nə baş ver­di­yini anlamağa imkan tapmışdı. Yolu kəsdi­yindən Bahar keçə bilmirmiş və bu səbəbdan də özünü unudan Arifi ikin­ci dəfə xəbərdar etməli olmuşdu. Arif qızarmış halda:

– Bağışlayın,–demişdi.–Fikirli idim.

Kənara çəkilən Arif qısa saçlı, həyat dolu baxışlı qıza yol vermişdi.

Sonralar kitabxanada tez-tez rastlaşmışdılar. Hər dəfə də Arif gözlərini ondan çəkə bilməmişdi. Bir dəfə gözaltı Arifi nəzəfdən keçirən Bahar fikirləşmişdi ki, pis oğlana oxşamır. Yar-yaraşığına da söz ola bilməzdi. Qızlara baxanda utan­dı­ğından qızarır, başını aşağı salıb sakitcə yerə baxardı.

Və günlərin bir günü baxışlar toqquşmuşdu. Bahar bu cavan oğlanın gözlərinin dərinliyində ona məhrəm olan şeylər sezmişdi. Gözünü kənara çevirmək istəmişdisə də, alın­mamışdı. Bir müddət beləcə baxışmışdılar. O gün Ba­har nə dərsə hazırlaşa bilmişdi, nə də gözünü Arifdən çək­mişdi. Özü də bilmədən gözlənilməz bir qonağı qar­şılamağa ha­zırlaşmışdı...

Sonrakı görüşlərdə bir-birinə isinişən və bir-birindən ay­rı dura bilməyən cütlük birləşməyi qərara almışdılar. Təklif Arifdən gəlmişdi, Baharsa utana-utana bu təklifə razılığını bildirmişdi. Ailə qurub Arif müəllimin yaşadığı ata ocağına köçmüşdülər. Hər şeyləri olmuşdu: ev-eşik, maşın, iş, meh­ribançılıq. Tək bir şeyin həsrətini çəkmiş­dilər: qismətlərində olmayan uşağın...

Bahar xanım xəyaldan ayrılanda otaq dolu idi. Eşi­dib-bilən qonşular gəlmişdilər. Hamı Bahar xanıma təs­kinlik ve­rur, “Azar olmasın, Allahın köməyilə keçib-ge­dər..”–de­yirdilər. Bahar xanım onlara təşəkkürünü başını azca aşağı əyib təzim etməklə bildirirdi. Amma daxi­lindəki təlatümün getdikcə onu dərin bir uçuruma yuvar­ladığını hiss edirdi. Peşman-peşman onu süzən Zərifəyə və döyüküb qalmış uşaq­larına baxdı. Zəif səslə Zərifəyə:

– Haqqını halal et!–dedi.

Zərifə doluxsunaraq dilləndi:

– Bahar bacı, o nə olan sözdü? Sizə nolub ki, bir aza ötüb-keçəcək...

Bahar xanımın enib-qalxan sinəsində xışıltı başla­mışdı. Yayın istisində yorğana bürünsə də, titrəyirdi.

Gün yavaş-yavaş batmağa doğru yaxınlaşırdı. Axtar­manın arxasında görünməz olan günəşin şəfəqləri göyün üzün­­də rəngbərəng zolaqlar çəkmişdi. Getdikcə bu zo­laqlar kiçilərək dağın göyə qovuşduğu yerdə itib-batır, görünməz olurdu. Pəncərədən bu mənzərəni seyr edən Bahar xanım artıq hiss edirdi ki, hansısa bir qüvvə onu özünə çəkir, süst düşən bədənini o tərəf bu tərəfə çevir­məyə taqəti çatmır.

Bahar xanım hayana baxırdısa, gözü sonda qapıya zillənib dururdu. Arif müəllimi gözləyirdi, amma o gəlib-çıx­maq bilmirdi. Hərdən qızdırmanın təsirindən gözünün qar­şısında qara-quralar görünürdü. Onların vahiməli ba­xış­larını görməmək üçün Bahar xanım gözlərini qapayır, azacıq fasilədən sonra təkrar açır və qapıya baxırdı.

Başına yığışanlar da səssizcə gözləyirdilər. Arada qa­dınlardan birinin digərinə yavaşdan dediyini də eşitdi:

– Son çırpıntılarıdır. Yazıq nigarançılıqdan qurtarsay­dı, gö­­zü arxada qalmazdı...

Az qaldı ki, ürəyi ağzından çıxsın. “Arifi görməyəcə­yəm?..Yox, yox! Allahım o gələnədək mənə möhlət ver...”

Qapının ağzında ayaq üstə duran qadınların kənara çə­kil­məsi və yol açması Bahar xanımın nəzərindən qaç­madı. Arif müəllimin ağır addımlarla içəri girdiyini gör­dü. Gözünə işıq gəldi. Arif müəllimsə çaşbaş halda onun çarpayısına yaxınlaşdı. Bir anlıq baxışdılar. Arif müəllim dözmədi, göz­ləri yaşla doldu. Bahar xanımın uzandığı çar­payının baş tə­rəfində qoyulmuş stulda oturdu. Bahar xa­­nım gözləri ilə Z­ə­rifəni axtardı. Qapının ağzında boy­nunu büküb durmuş Zəri­fədən baxışları ilə son ricasını etdi. Zərifə Bahar xanımı anladı və başını yüngülcə tər­pətdi. Bahar xanım Arif müəl­limin əlini ürəyinin üstünə qoydu. Bir az bundan əvvəl sürətlə enib-qalxan sinəsu şahə qalxan dalğalar kimi sahili döyəcləməkdən yorulub mürgülədi; hər şey tufandan əvvəlki səssizliyə döndü. Bahar xanım gözləri Arif müəllimə baxa-baxa canını tapşırdı. Arif müəllim o biri əliylə Bahar xa­nı­mın açıq qalmış gözlərini qapadı və başını onun sinəsinə qoyub için-için ağladı...

# 561 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #