Dişi canavar – İvaylo Petrovun hekayəsi

İvaylo Petrov, Bolqarıstan yazıçısı

İvaylo Petrov, Bolqarıstan yazıçısı

13 avqust 2022
# 16:00

İvaylo Petrov 1923-cü il yanvarın 19-da Bolqarıstanın Dobriç rayonunda kəndli ailəsində anadan olub. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Alman-faşist işğalçılarına qarşı keçirilən hərbi əməliyyatlarda yaxından iştirak edib. İki dəfə ölümlə üz-üzə dayanıb. Müharibədən sonra 1947-1949-cu illərdə Sofiya universitetində hüquq fənnindən dərs deyib. Daha sonra “Plamya” (“Alov”) jurnalı və “Literaturnıy front” (“Ədəbiyyat cəbhəsi”) qəzetində, “Bolqarıstan yazıçısı” nəşriyyatında, Sofiya radiosunda çalışıb.

İvaylo Petrov 20-dən çox bədii kitab müəllifidir. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Bir çox nüfuzlu ədəbi mükafatların laureatı olan yazıçı 2005-ci il aprelin 16-da ömrünün 82-ci baharında Bolqarıstanın paytaxtında vəfat edib.

Dişi canavar artıq neçənci dəfə idi ki, yenidən dağın yoxuşundan yerə enirdi. Balalarını əmizdirməkdən tamam zəifləmişdi, aclıqdan gözləri od saçırdı. Yenə də aclıqla özünü imtahana çəkərək, ələ keçirdiyi qənimətə tamah salmadan onu balaları arasında bölüşdürürdü.

Dişi canavarın cəmi altı balası vardı. Onlar, demək olar ki, hər gün boy atıb böyüyür, qidaya olan tələbatları getdikcə artırdı. Balalar tez-tez gizləndikləri oyuqdan çölə çıxıb səbirsizliklə analarının yolunu gözləyirdilər. Bu dəfə də ana onların başını iri at sümüyü ilə qataraq ov dalınca yola düzəlmişdi.

Sıx fıstıq meşələrini ötüb keçən dişi canavar aşağıdakı düzənliyə doğru istiqamət götürmüşdü. Orada kənd yerləşirdi. Kəndin dörd tərəfində ov itləri məskən salmışdı. Bir azca yuxarıdakı yamacda isə qoyun sürüsü otlayırdı.

Birinci dəfə ana canavar günün günorta çağı qoyun sürüsünə hücum çəkmişdi. Qoyunlardan birinin boğazından yapışaraq onu çiyninə atmışdı. Qarmaqarışıqlıqdan qoyunların canına vəlvələ düşmüş, hərə bir tərəfə səpələnmişdi. Səs-küydən birinci itlər xəbər tutmuş, canavarın arxasınca düşməyə üz qoymuşdular. Artıq ana canavar iki tərəfdən mühasirəyə salınmışdı. Bir müddət sonra çobanlar da qaçıb özlərini köməyə çatdırmışdılar.

Onlar:

– Canavar, canavar! – deyib qışqırır, itləri hücum çəkməyə təhrik edirdilər.

Amma dişi canavar mühasirədən çıxmağa macal taparaq dağın başına qalxıb oradakı talaların birində dayandı. Onun ağzında qoyunun isti qanının şirinliyi hiss olunurdu. Dişi canavar qanı yalayaraq qəzəbindən ulamağa başladı... Həyatında belə vəziyyətləri o, çox yaşamışdı. Qoyun sürüsünün lap yaxınlığındakı kolluqda gizlənərək qənimət əldə etmək ümidi ilə saatlarla ac qalıb son nəticəni gözləmişdi. İtlər uzaqdan onun gəlişini duymuş, çobanlar isə ehtiyat tədbirləri görmüşdülər.

Bugünkü axşam dişi canavar yenə də meşə kənarında oturmuşdu. Günəş çoxdan idi ki, qüruba enmişdi. Ara-sıra quzuların boynundan sallanan zınqırovların səsi eşidilirdi. İtlər yatmışdı. Meşə tərəfdəki tarladan xəfif külək əsirdi. Elə bil o da canavarın burada olduğunu duymuşdu. Meşədən çıxan dişi canavar qoyun ağılına yaxınlaşdı. Qoyunların lap yaxın məsafədə olması ona hər hansı ehtiyat tədbiri görməyi unutdurmuşdu. Dişi canavar qaçaraq çəpərdən ağılın içərisinə tullanmağa cəhd göstərdi, amma ayağı büdrəyib arxası üstə yerə yıxıldı. Ürəyi yerindən qopdu, az qala nəfəsi kəsildi. Baş verənləri dərk edərək tez geriyə qaçdı. Onun sağ arxa pəncəsi qırılmış və yanına sallanmışdı.

Sürünüb yuvasına çatana qədər gecə yarını keçmişdi. Dişi canavar yolda hardasa uzanıb dincini ala bilərdi, amma balalarının fikri onun belə tez, asanlıqla ölümə təslim olmasına imkan vermirdi. O, sonuncu dəfə balalarını görüb, üz-gözlərini yalamaq istəyirdi. Onlar analarının gəlişini uzaqdan hiss etdilər. Bir-birinin ardınca növbə ilə onu qarşılamağa çıxdılar. Ağlayıb-sızlayaraq analarına sürtünən ac balalar ondan onları doyuzdurmağı gözləyirdilər. Dişi canavar yerə uzanmışdı, balalarını sonuncu dəfə əzizləyib oxşamağa hətta gücü çatmırdı. Heç nədən xəbərsiz balalar isə mırıldayaraq ehtirasla analarının üst-başını tapdalayırdılar. Dişi canavar başını qaldıraraq dərisinin güclə saxladığı yaralı pəncəsini dişinə alıb onu balalarından birinin ağzına tutdu. Ac bala pəncədən yapışaraq hərisliklə isti qanı sovurmağa başladı. Digər balalar da onun üstünə düşərək analarının qanını sovurmağa davam etdilər.

Yerə sərilən dişi canavar hiss edirdi ki, yaşayış uğrunda apardığı qeyri-bərabər mübarizələr, balalarına olan sevgi hissi, şirin həyat onu tərk etməkdədir. Onun sonuncu fikri-zikri onların yanında qalmışdı. Balaları yedizdirmək, əzizləmək, rahatlamaq lazım idi. Çünki belədə tülkü onları tapıb xətər yetirə bilərdi. Balalar isə mübarizə aparmaqda və bağırıb nərildəməkdə davam edirdilər. Dişi canavar onlara tərəf sürünərək kötüyə dönmüş pəncəsini onların ağzına apardı. Bir müddət sonra o, başını yerə dikərək gözlərini yumdu.

Nəhayət ki, işığında çoxlu gecələr yaralarını müalicə etdiyi ulduzlar söndü, uzaq yerlərdən özü ilə ovun, qənimətin şirin qoxusunu gətirən küləklər səngidi. Onun üçün hüdudsuz böyük bir evə çevrilmiş bütün təbiət qalın qara zülmətdə boğulub qaldı. Bu zülmətdə uzanan dişi canavar isə indi tikələrə parçalanmış bədəninin balalarının bədəninə necə keçməsinin, onun həyatının balalarının həyatına axmasının ləzzətini duyurdu.

Tərcümə edəni: Ağaddin Babayev

# 2656 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #