Bir dəstə bənövşə - Hicran Əliyeva

Hicran Əliyeva

Hicran Əliyeva

11 dekabr 2021
# 15:10

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Hicran Əliyevanın “Bir dəstə bənövşə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Payız... yay boyu gözümüzə könlümüzə yaşamaq eşqi bəxş edən o yaşıllığın saralmağa başladığı fəsil... saralmış, bəziləri hətta qızartdaq rəngə çalan yarpaqlar havada uçuşur, daha sonra insanların ayaqları altında xırçıldayırdı. Səhər növbəsi bitmişdi, məktəbin həyətində evə gedən uşaqlarla gələn uşaqlar bir-birinə qarışmışdı. Hər tərəfdə şən səs-küy var idi. Məktəbin setka hasarının o biri tərəfində hündürboylu, saçları qısa kəsilmiş bir qadın durmuşdu. Əynində cızıqlı parçadan kostyum, üstündən də qara palto var idi. Nəmlənmiş gözləri ilə məktəbin həyətindəki uşaqlara baxırdı. Baxışlarından hiss olunurdu ki, keçmişə qonaq gedib...

1999-cu il 5 oktyabr Müəllimlər günü idi. Bizə ilk dəfə yazmağı və oxumağı, bəzən də həyatı öyrədən müəllimlərin. Valideynlər övladlarını gün ərzində bir neçə saatlığına məktəbə təhvil verir, işə gedirlər. Rahat olurlar ki, uşaqları məktəbdədir, özü ilə yaşıd uşaqlar arasındadır, təhsil və tərbiyə alır. Heç ağıllarına gəlmir uşaqlarına bullinq tətbiq edilmə ehtimalı, onların təbəqə, geyim və ya xarici görünüş ucbatından lağ-lağıya məruz qalması. Kim ki ailəsində dilli-feilli olmaq tərbiyəsi alır, özünü müdafiə edir, kim ailəsində “sus, sakit ol, səsini çıxarıb bizi biabır etmə, sən uşaqsan, sən nə qanırsan” tipli şəxsiyyətə zərbə vuran tərbiyə almış olur, səsini içinə salıb sakit oturur. Müəllimlərin isə tək dərdi dərslərini keçib günü yola vermək, uşaqlar tapşırıqları həll eləsinlər deyə guya onların evinə kamera qoyub onları izlədiyini demək, varlı balalarına qayğı göstərib, kasıb balalarını isə yola vermək idi.

Uşaqların, valideynlərinin əlləri hədiyyələrlə dolu idi. Kimisinin anası gəlib müəllimlə öpüşüb görüşür, hədiyyəni təqdim edib uşağını bərk-bərk tapşırırdı. Mərcan içəri girəndə stolun üstü hədiyyələrlə dolub daşırdı. Müəllimə də kefikök halda stolun arxasında oturmuşdu. Mərcan gətirdiyi hədiyyəni verməyə tərəddüd elədi, amma başqa əlacı yox idi. Əlində olan balaca bənövşə dəstəsini stolun üstünə qoyub “Təbrik edirəm, müəllimə” dedi. Müəllimə gözucu həmin dəstəyə baxıb başını yellədi. Mərcan bir qədər yubandı, çünki müəllimə hər hədiyyəyə görə uşaqları qucaqlayıb öpürdü. Onsuz da sevgiyə ac idi, bir qucaqlama ona çox yaxşı təsir edərdi. Lakin müəllimə başını jurnaldan qaldırmadı. Bənövşənin də iyi sinifi bürümüşdü. Hamının diqqəti yavaş-yavaş Mərcana yönəlmişdi. Öz aralarında pıçıldaşırdılar. Kefsiz halda keçib yerində oturdu. Anasına acığı tutmuşdu.

Mərcan 2-ci sinif şagirdi idi. 5 yaşı olanda atasını itirmiş, anası və özündən 12 yaş böyük bacısı ilə həyata davam eləmişdi. Lakin 90-cı illər kasıb təbəqə üçün heç də xoş keçmirdi. Borclar həddini aşmışdı və anası ikiotaqlı bina evini dəyər-dəyməzə satıb borcları ödəməli olmuşdu. Evi satdıqdan sonra ana nənəsigilə sığınıb, onların həyətində quş damında yaşamağa başladılar. Hazırda da orda yaşayırlar. Hər tərəfi beton olan bu daxal hamısını xəstələndirmişdi: hər səhər bəhməz içməkdən bezmişdi Mərcan. Anası idarədə az miqdarda dövlət maaşına işləyir. Əldə qalan bir miqdar pula dəyməməyə çalışır, o pulla alabiləcəyi ev axtarırdı. Nə olsun anasının həyətində yaşayırdı, nə özünün günü gün idi, nə də uşaqlarının. Ona görə də qısa zamanda ev tapmaq lazım idi. Bir qarnıac, bir qarnıtox yaşayır, nimdaş paltarlarla günü yola verirdilər.

Müəlliməyə bənövşə dəstəsi aparmağı balaca xalası salmışdı anasının beyninə. “Qələt edir müəllimə, kasıb adamsan, yeməyə çörək tapmırsan, müəlliməyə hədiyyə alacaqsan?” deyib həyətdə kol dibində olan bənövşələri yığıb aparmağı məsləhət görmüşdü. Anası da bacısını dinləmişdi. Mərcan nə qədər etiraz edib “Axı uşaqlar mənə gülüb lağ edəcəklər” desə də, onu dinləyən yox idi. Göz yaşları içində əlində balaca bənövşə dəstəsi yola düşmüşdü. Yolda əlindəki bənövşə dəstəsinə çox adam maraq göstərdi, əlindən alıb iyləyib ona geri qatardılar. Onun müəllimini ona belə gözəl və təbii bənövşə dəstəsi aparan şagirdi olduğu üçün bəxtəvər adlandırıb Mərcana uğur arzulamışdılar. Göz yaşları nəinki qurumuş, hətta üzündə güllər açmışdı. Müəllimə çox sevinəcək, onu öpüb sağol deyəcək, onunla fəxr edəcəkdi. Lakin sinifə girib stolun üstündə olan hədiyyələri görəndə inamı qırılmışdı.

Anasına acığı tutmuşdu, çünki axı o böyük idi. Çox şey bilirdi. Məgər o doğrudan təxmin eləmədi ki, bir dəstə bənövşə onun qızını pis vəziyyətdə qoyacaq? Bu gün dərsə gəlməyə də bilərdi. Yaxud anası sandıqdan ortabab bir suvenir çıxarıb verə bilərdi, günü yola vermək üçün. Məgər anası məktəb oxumamışdı?

Ürəyi partlayırdı, başını qaldırıb heç kimə baxa bilmirdi. Üzərində uşaqların baxışlarını hiss edirdi. Arada başını qaldırıb müəllimə baxırdı. Amma sanki Mərcanın oturduğu yerdə böyük bir boşluq hökm sürürdü. Müəllimənin baxışları heç cür o boşluğa tərəf yönəlmir, hər dəfə üstündən keçirdi. Axı Mərcan o müəlliməni çox sevirdi, dəyər verirdi. Daima böyük-böyük danışırdı. Mərcanın anası ilə danışanda həmişə onu tərifləyirdi, onlara hər daim dəstək olabiləcəyini deyirdi. Mərcana ondan başqa heç kimə inanıb etibar eləməməsini bərk-bərk tapşırırdı. Bəs nə oldu? Müəllimə onun imkanını yaxşı bilirdi axı. Olmaya evi təzəcə satdıqları qulağına çatıb? Yəqin düşünüb ki ona hədiyyə almağa imkanları var, amma qəsdən almırlar?

Mərcan içində bütün bu fikirlərlə boğuşurdu, amma qıraqdan baxanda sakit, dərs dinləyən bir şagird kimi görünürdü. İçində qopan fırtınalardan bir özünün xəbəri vardı, bir də Allahın. Çünki bu az yaşında artıq öyrənmişdi ki, həqiqi hisslərini bəlli eləsə, lağ mənbəyi olacaq. Bu fikirlər burulğanında az qala özü də itmişdi ki, zəng vuruldu. Hamı sevinclə çölə axışdı. Ən axırda Mərcan çıxdı. Uşaqlara baxdı. Hamı ətrafa səpələnib məktəbin həyətində olan köşklərin qabağında növbəyə düzüldülər. Mərcanın cibində pulu yox idi. Məktəbin həyətindəki kiçik stadiona tərəf yollandı. Tənəffüsü yola vermək üçün stadionu fırlanmağa başladı. Təmiz hava bir qədər əhvalını düzəltmişdi. Lakin sinifə tərəf yollananda ona tərəf baxıb pıçıldaşan uşaqları görəndə kefi yenə pozuldu. Acından da ölürdü. Səhər-səhər anasına bənövşə yığmağa kömək elədiyinə görə yemək də yeyə bilməmişdi.

Axır ki cəhənnəm əzabına bərabər olan dərs saatları sona çatırdı. Ağlamaq istəyirdi möhkəm. Amma burda ağlaya bilməzdi. Sonuncu zəng vurulandan sonra yavaş yavaş çantasını yığmağa başladı. Qəsdən yubanırdı ki, hamıdan axırda çıxsın. Çıxanda gözü stolun üstünə sataşdı. Bənövşə dəstəsi boynubükük şəkildə ağ parçanın üstünmdə tək qalmışdı. Göz yaşlarını daha tuta bilməmişdi. Dəstəni əlinə alıb ona baxdı. Sonra çevrilib sinifdən çıxdı. Bir az irəlidə müəllimə uşaqların əhatəsində deyə-gülə gedirdi. Bənövşənin qoxusunu içinə çəkib sonra onu əlində parça-parça eləyib zibil qabına atıb yola düzəldi. Səssiz-səssiz ağlayırdı. Bir az əvvəl sevincək gəldiyi bu yolu kədərlə qoşa gedirdi indi. Evə çatanda heç kim yox idi. Ağzıüstə yerinə uzanıb doyunca ağlayıb axşama qədər yatdı...

Uşaqların artan səs-küyü onun xatirələrinin zəncirini qırdı. Gözlərini silib getmək istəyəndə hasarın dibində oturub yavan çörək yeyən oğlan uşağını gördü. Birinci sinif şagirdinə oxşayırdı. Ayağındakı köhnəlmiş ayaqqabısı, başındakı yun papaqda olan söküntülər maddi vəziyyətinin yaxşı olmadığını göstərirdi. Uşağa gülümsəyib getmək istəyəndə çantasında qoğal olduğunu xatırladı. Uşağın çörəyi didmələməsindən başa düşmüşdü ki, məcburiyyətdən yeyir. Hasarı keçib uşağın yanına gəldi və yanında oturdu.

- Adın nədir sənin?

-...

- Bilirsən, mənim çantamda qoğal var – deyib çantasından qoğalı çıxardı. Uşağın gözləri parıldasa da, dinmədi. Gözütox uşağa bənzəyirdi. – Amma mən çörək yemək istəyirəm. Bəlkə, sən öz çörəyini mənə verəsən, mən də öz qoğalımı sənə verim?

Uşaq ona şübhəylə baxsa da, gözü qoğala sataşanda ağzı sulandı. Bir anlıq tərəddüddən sonra çörəyi Mərcana uzatdı:

- Dəyanət.

Mərcan da öz növbəsində qoğalı ona uzatdı:

- Mərcan. Məmnun oldum.

Yanaşı oturub hər ikisi iştahla əlindəki yeməyi yeyir və arada çönüb bir-birlərinə gülümsəyirdilər. Bir azdan susqun oturmaqdan bezən Dəyanətin dili açıldı, Mərcana özü haqqında danışmağa başladı. Atası rəhmətə gedib, anası mağazada satıcı işləyir. Ən sevdiyi dərs riyaziyyatdır. Dərslərini yaxşı oxuyub böyüyəndə Neft Akademiyasına daxil olacaq, sonra da SOCAR-da işləyəcək. Sinifdə hegemonluq edən oğlanın atası orda işləyir, çox varlıdırlar. Onun anası kimi qəşəng geyindirəcək anasını. Beləcə danışdıqca üzü güllər açırdı. Xəyallar insanı həmişə xoşbəxt edir. Bunları sakitcə dinləyən bir adama danışmaq isə daha çox xoşbəxt edir. Mərcan ona maraqlı gələn sualı verdi:

- Niyə burda tək oturmusan bəs?

- Lətifgil Bakıya köçüb, atası orda yaxşı iş tapmışdı. Rüzgar isə xəstələnib deyə bu gün gəlməyib. Qalanları çox varlıdır, onlarla mənimki tutmaz.

Yenə ürəyi sancmışdı. Körpə bir uşağın bunu anlaması çox acı idi. O balaca qəlbinə həm bu qədər məğrurluq, həm də bu qədər xəyal sığdırmışdı. Bu yükə nə vaxta qədər dözə biləcəkdi?

Zəng səsi məktəb boyunca səsləndi. Dəyanət hasardan hoppanıb getdi, sonra nə fikirləşdisə, geri qayıdıb Mərcanın sağ yanağından öpdü və qaçdı. Mərcan isə ayağa qalxıb acı məktəb xatirələrini də yanına alaraq evə yola düşdü...

# 2268 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #