Ay bala, o uşağı niyə vurursan? - Nemət Mətin yazır...

Nemət Mətin, yazıçı

Nemət Mətin, yazıçı

6 dekabr 2021
# 13:10

Kulis.az Nemət Mətinin "Tısbağa sürəti" adlı yazısını təqdim edirəm.

Sabit Rəhman yazır:

“Uşaq idim, hələ heç məktəbə getmirdim. Böyük qardaşımın kitablarındakı şəkillərə baxmağı çox sevirdim. Mənim bu məşğələm qardaşımı heç açmırdı və kitablarını qarışdırdığım üçün məni həmişə danlayırdı. Ancaq bu mənə heç təsir etmirdi, çünki oxumaq bilməsəm də, bu kitablar dünyası mənə çox maraqlı görünürdü. Odur ki, bir gün qardaşım məktəbdə olduğu zaman yenə öz sevimli işimlə məşğul olmağa başladım və kitablardan birini vərəqləyəndə nə təhər oldusa, çeşməkli və saqqallı bir kişinin şəklinə baxanda qardaşım gəlib çıxdı, şəkli əlimdən aldı və boynumun ardına bir şillə vurdu.

Anam o biri otaqdan:

– Ay balam, o uşağı niyə vurursan? – sualına qardaşım acıqlı-acıqlı cavab verdi:

– Çexovun şəklini cırıb.

Qardaşım məni çox istərdi və heç bir zaman döyməzdi. Ona görə də, o zaman mən təəccüb eləmişdim ki, bu Çexov nə qiymətli adamdır ki, onun üstündə əziz qardaşım mənə əl qaldırdı?

Məktəbdə ilk dəfə müəllim bizə Çexovun "Yatmaq istəyirəm" hekayəsinin məzmununu danışanda təsirdən gözlərim doldu və bu yazıçının üstündə qardaşımdan yediyim şillənin mənasını başa düşdüm”.

Bu il kitaba göstərilən qayğı birə üç artıb. Sumqayıtda, Gəncədə, Bakıda sərgilər keçirilir. Oyanış hiss olunur. İnsanlar kitaba öyrəşir. Necə ki, Hindistanla döyüşdən öncə sərkərdə döyüşçülərin fildən qorxduğunu duyduğu üçün bir neçə fil tapıb gətizdirir. Döyüşçülər filə su, yem verir, onu sığallayır. Bu hadisədən sonra döyüşçülər daha fildən qorxmurlar. Bizim cəmiyyət də yeni-yeni kitaba öyrəşir. Evlərdə kitabxana qurulur. Kitablar oxunur. Romanlar müzakirə olunur. Az da olsa, müsabiqələr keçirilir. Lakin insanların əksəriyyəti kasıb təbəqədir. Kitaba pul tapmaq çətinləşir. Hər şeyin qiyməti qalxır. Sərgidə insanların kitablara baxarkən gözlərindəki qığılcımı gördüm. Amma cib boş olanda qığılcım sönür...

Fürsətcillik, müftəxorluq, oğurluq pulsuzluqdan, nəyisə ala bilməməkdən doğur. İnsana lazım olan hər şey əl çatan olsa həbsxanalar boş qalar. Rafiq Tağı çörəyi suya batırıb yeyən uşaqları görməməliydi. Ümumiyyətlə, belə hal olmamalıydı. Dostoyevski sürgündə yara basıb ölənləri nə üçün görməliydi? İnsanlıq günü-gündən məhv olur. Paketləşdirilmiş standart cəmiyyət heykəl kimi soyuqlaşıb. Heç bir xəbərə təəccüblənmədən növbəti xəbəri oxuyub keçirik. Çoxelinin hekayəsindəki adam özünü torpağa basdırır ki, küknar ağacı böyüsün. Solmasın...

Sabit Rəhman o dövrdə Anton Çexovun əsərlərini Azərbaycan dilində tapmadığı üçün oxuya bilməmişdi. Halbuki Anton Pavloviçin əsərləri tamaşaya qoyularaq Azərbaycanda nümayiş etdirilirdi. Baş rolda da yoldaşı Olqa Knipper.

Gecikirik. Cəmiyyət olaraq son illər nüfuzlu mükafat alan yazıçıların kitabları vaxtında tərcümə olunmur.

Yaşadığım ərazidə məndən başqa yazan cəmi iki nəfəri tanıyıram. Onlar da mənim kimi bir o qədər də tanınmır. Azərbaycanda yazıçının üç yüz kitabı çıxanda sevinir. Halbuki Bakıda yaşayan əhalini nəzərə alsaq bu say yüz dəfə, min dəfə çox olmalıydı. Görünür, inkişaf etməyimizə hələ illər lazım olacaq.

# 1260 dəfə oxunub

Oxşar xəbərlər

# # #