Atam, bibim və Sergey - Samirə Əşrəfin romanı

Atam, bibim və Sergey - Samirə Əşrəfin romanı
19 mart 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" romanından beşinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk romanı olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

Dördüncü hissə

V hissə

“Son bir həftədə bir daha əmin oldum ki, heç vaxt ikinci dəfə ailə qura bilmərəm. Öz tənhalığıma, bədbəxtliyimə heç kimi şərik qoşa bilmərəm. Bir daha dərindən başa düşdüm ki, təklik mənim alın yazımdır. Sərvinazı ölən günə qədər unutmayacağımı anlamışdım. Bəlkə də, onu on ildən sonra yenidən görməsəydim, həyatımın geri qalan hissəsini, cüzi də olsa xoşbəxt yaşaya bilərdim. Lakin mən onu gördüm! Mənimlə illər əvvəl bir evdə yaşamış, bir qabdan çay içmiş, yemək yemiş, bir yatağı paylaşmış qadını gördüm! Ötüb keçən bu on ildə mən onu bircə gün də unutmamışdım. Əslində, həmin görüş tanrının mənə ən böyük hədiyyəsi idi. Tanrı məni mükafatlandırmışdı! Həmin dəqiqələr üçün həyatımın geri qalan hissəsini tərəddüd etmədən qurban verərdim.

Sərvinaz bilirdi ki, mən onun qardaşı Əşrəflə qonşuyam. Buna görə qardaşıgilə gec-gec qonaq gələrdi. Əşrəfgilin qapısında maşın dayananda, allaha yalvarardım ki, gələn Sərvinaz olsun, onu lap uzaqdan bircə dəfə görə bilim! Hər dəfə bu arzum puç olur, ümidlərim itirdi.

Necə oldusa, günlərlə evdən çıxmadığım halda, qəfildən ürəyim sıxıldı və bayıra çıxdım. İstəyirdim, bir az gəzişim, fikrim dağılsın. Bazara, çoxdan getmədiyim mağazalara dəydim. Tanış simalar görüb hal-əhval tutdum. Hətta qapı qonşum, taksi sürücüsü Kamranın mənə bəyəndirmək istədiyi 45 yaşlı dul, sonsuz qadın Mayanın iş yerinin yaxınlığından da keçdim. O, univermağın uşaq bölməsində satıcı işləyirdi.

Günün batmağına az qalmış yavaş-yavaş evim üçün darıxdın. Məhəllədə kim görürdüsə, mənə qəribə nəzərlərlə baxırdı. Evdən çıxmağım hamıya möcüzə kimi gəlirdi.

Əşrəfgilin evinin yaxınlığında ağ rəngli maşın dayandı. Ön oturacaqdan saçının ortası tökülmüş qırmızısifət, ortaboy bir kişi, arxa oturacaqlardan 8-9 yaşlarında bir oğlan, bir qız düşdü. Əyninə çəhrayı rəngdə paltar geyinmiş qadın da vardı maşında. O idi! Uzun, açıq-qəhvəyi saçları çiyninə tökülür, boğazına dolaşıb dalğalanırdı. Baxışlarımız on ildən sonra toqquşdu. O tutuldu, rəngi avazıdı. Başını aşağı salıb ərinin və uşaqlarının ardınca açıq qapıdan içəri keçdi.

Mənə elə gəldi ki, gözlənilməz nəsə baş verəcək. Ya yer yarılacaq, ya göy üstümə çökəcək, ya da mənim gözlərim həmişəlik qapanacaq.
Qapımın yanına güclə gəlib çıxdım. Nəfəs ala bilmirdim. Qapını açmaq istəyəndə gözlərimə zülmət çökdü. Özümə gələndə həkim təzyiqimi ölçür, tibb bacısı iynə hazırlayırdı.

Böyük qardaşım oğlu Adillə yanımda gecələdilər. O gecə yata bilmədim. Sonrakı gecələr də yuxum ərşə çəkildi. Hara baxırdımsa, gözüm Sərvinazı axtarırdı. Həmin anı özüm arzulamışdım axı. Qardaşım və qohumlarım isə on ildən sonra səhhətimin belə pisləşməsinin səbəbini başa düşə bilmirdilər. Onlar qorxuya düşmüşdülər. Özüm də az qorxmurdum. Yenə köhnə Sergey olacağımdan, xəstəxanadakı günlərimi yenidən yaşayacağımdan qorxurdum. Amma mənə heç nə olmadı. Çəkdiyim əzablar kifayət etmişdi. Həkimim sözlərini xatırladım. Nə vaxt ki, xəstələnmək qorxusu ilə üzləşdin, heç nədən çəkinmə, səni narahat edən fikirləri yaz. Rahatlayacaqsan. Özünü inandır ki, yazdıqların nə vaxtsa gedib ünvana çatacaq.

İri, ağ bir vərəq götürüb Sərvinaza məktub yazmağa başladım. Məktubu elə ürəklə yazırdım ki, sanki elə bu an oxuyurdu onu. Əslində özüm özümü ovudurdum. Çünki, xəstəxanaya düşməkdən, xəstələnməkdən qorxurdum. Başqa çıxış yolum qalmamışdı.

Ancaq yenidən özümə qapandım, insanlarla ünsiyyətdən qaçmağa başladım. Yalnız onu görəndən iki ay sonra öz həyətimdən bayıra çıxdım. Buna səbəb isə dostum Kamranın ölümü oldu.

Kamran mənim qapı qonşum idi. Təzə yurda birlikdə köçmüşdük. Dağ Xələfli kəndindən idi. Oğlanlarının böyüyünü evləndirib həyətinin yuxarısındakı mənzilə köçürtmüşdü. Böyük oğlunun adı Yaşar idi. Evin yaxınlığındakı yun idarəsində gözətçi işləyirdi. O biri iki oğlu və bir qızı isə subay idi. Kamran uşaqlarını kasıbçılıqla böyütmüşdü. Onun arvadı təzə yurda köçəndə qaraciyər serrozundan dünyasını dəyişdi. Kamran beş il subay gəzdi. Günlərin birində sərnişin daşıdığı kəndlərin birindən özü ilə əlli beş yaşlarında dul qadın gətirdi.

Mənim ən çətin, adamayovuşmaz günlərimdə Kamranın dostluğu dadıma çatmışdı. O, qəfil qapını döyüb içəri girər, mənim qaşqabağıma, soyuqluğuma fikir vermədən stul çəkib oturar, gətirdiyi yemək-içməyi stolun üstünə yığıb saatlarla söhbət edərdi. Bir neçə dəfə əhəmiyyət verməsəm də, axırda onunla ünsiyyətə girdim. Kamran olduqca baməzə adam idi. Yaxşı da yaddaşı vardı. Getdiyi kəndlərdə, rayonlarda başına gələn əhvalatları, gördüyü maraqlı insanları xüsusi bir şirinliklə təsvir edirdi. Məni bir neçə dəfə zorla öz evlərinə də aparmışdı. Belə-belə insanlara isinişməyimə kömək oldu.

Son günlər də Kamran bir neçə dəfə gəlib-getdi yanıma, ancaq məni heç nəyə məcbur edə bilmədi. Həm artıq başı özünə qarışmışdı. Həkimlər demişdilər ki, prostatında xərçəng var. Onu uzun müddət görə bilmədim. İndi isə ölüm xəbərini eşitdim. Mənim üçün inanılmaz xeyirxahlıqlar edən insanın yalnız ölüsünü görə bildim.

# 2904 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #