Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
6 mart 2022
# 10:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən üçüncü hissəni təqdim edir.

Birinci hissə

İkinci hissə

III

Sergeyin gündəliyinin bu yerlərini oxuyanda həmin günləri xatırlamağa başladım. Yadıma gəlir ki, bizim evdə Sergeyin üstündə atamla-anam tez-tez mübahisə edirdilər. Səbəb çox sadə idi: Sergeyə anamın ürəyi yanırdı! Ona görə bayramlarda, ad günlərində evimizdə bişən yeməklərdən, şirniyyatdan Sergeyə pay göndərərdi. Atam bu get-gəlin əleyhinə idi. Qardaşımla mən mübahisənin anamın xeyrinə bitəcəyini bilirdik. Anam Sergey haqqında acınacaqlı sözlər deyib, atamı yola gətirməyi bacarırdı. Qapıdan çıxanda atam bizə ötəri nəzər salıb deyərdi:
”Çox ləngiməyin, əlinizdəkiləri qapıdan verib qayıdın!”

Biz o vaxt keçmişdə baş verənlərin təfərrüatını bilmirdik. Atamın qadağasını, qonşuların dediyi kimi, Sergeyin “havalı” olması ilə əlaqələndirirdik. Di gəl bizim kimi bütün uşaqlar Sergeyi çox istəyir, ona qarşı qəribə bir sayğı duyurduq. Bir necə dəfə onun həyətdəki taxta çəlləkdə öz paltarlarını yuyub ipdən asdığını görmüşdük. Soyuq havalarda Sergey gec-gec gözə dəyərdi. İsti havalarda həyətindəki üzümlüyün altında oturub kitab oxuyurdu. Bəzən elə fasiləsiz kitab oxuyurdu ki, elə bilərdik yatıb... Hər dəfə kitabın vərəqləri çevriləndə yanıldığımızı görürdük. Onun evi döşəmədən tavana qədər kitablarla dolu idi. Hamısı da rus dilində...

Sergey məhəlləyə bizimlə eyni vaxtda köçmüşdü. Səhv etmirəmsə, onda mənim 3 yaşım varmış. Qırx-əlli evdən ibarət olan küçəmizə Şah İsmayıl Xətainin adını vermişdilər. Biz əvvəllər rayonun mərkəzində – “Raykom”un üstündə yerləşən iki otaqlı dar evdə yaşayırdıq. O ev mənim yadımda əhəngli divarları və qara, zəhərli əqrəbləri ilə qalıb. Orda yaşamaq bizə çox çətin idi. Atamgilin bu evə köçməsinin maraqlı tarixçəsi vardı.

Atamla anam bir-birini sevmədən ailə qurmuşdular. Atam anamdan on yaş böyük idi. Onu götürüb qaçırmışdı. Atam dil və ədəbiyyat müəllimi olsa da, yazı qabiliyyətinə görə bir müddət rayon mərkəzindəki radio redaksiyasında redaktor işləmişdi. İçkiyə aludəliyi onu işdən uzaqlaşdırdı. Atam ailə qurandan sonra da içkini tərgitmədi.

Buna görə nənəm və bibilərim onu evləndirməyə qorxurdular. Nənəm mömin qadın olduğundan atamın içki içməsi ilə ölənəcən barışmadı. Atamgilin nəslində içki içən, demək olar ki, yox idi. Ocaq nəsli idilər. Atamın atası uzun illər yaşadığı kəndin mollası imiş, namaz qılıb, oruc tuturmuş. O, rəhmətə gedəndə nənəmgil rayona köçmüşdülər. Atamgil üç bacı, üç qardaş idilər. Qardaşların ikisi evlənib ayrılmış, bacılar ərə getmişdi. Evdə bir xəstə bibim və nənəm qalırdı. Atam da onlarla yaşayırdı. Bir gün böyük əmimin ağır xəstə olan arvadı dünyasını dəyişdi. Əmim də köçüb nənəmgilə gəldi. Uşaqları qaynanasıgildə qaldı.

Həmin ərəfədə rayonda davakarlığı ilə ad çıxartmış atamın yaşı otuzu ötüb keçirdi. Günlərin birində nənəmgil yığışıb belə qərara gəlirlər ki, atama bir qız tapıb əl-ayağını yığsınlar. Atam rəhmətlik evlənməsini həmişə böyük şövqlə nağıl edərdi. Deməli, atama arvad almaq üçün iri bir siyahı tuturlar. Siyahıda rayondakı subay qızların atalarının, analarının adları yazılır. Bu işi xətti gözəl olan ortancıl bibim edir. Hər ailənin qızının yaşını, iş yerini bir həftənin içində öyrənir. Siyahıdakıların hamısının üstündən xətt çəkilir. Bircə anamdan başqa... Anamı işdən evə qayıdarkən özünün xəbəri olmadan polis idarəsinin yaxınlığında qaçırdıblar.

Atamla anam bir müddət nənəmgillə birgə yaşayıb. Sonralar atamla dul qalmış əmimin sözü bir-birinin boğazından keçmir. Xasiyyətcə çox tünd olan əmim uşaq səsinə, dığdığa dözmür, evdə daim qəbir sakitliyi axtarır.

Mən indiyə qədər əmilərimin danışığını eşitməmişəm. Nə qədər çalışıram onların mənimlə kəlmə kəsdiklərini xatırlaya bilmirəm. Əmi sözü həmişə məndə qaraqabaq, tündməcaz, susqun insan təsəvvürü yaradır.

Günlərin birində atamla əmim bərk mübahisə edirlər. Əmim açıqca deyir ki, özünüzə bir gün ağlayın. Bu ev mənim və oğlanlarımındır. Onun bu sözlərinə qarşı nə nənəm, nə də bibim etiraz etmirlər. Anamgil gecə ilə həmin evdən çıxırlar. Bir həftə anamın atasıgildə qalırlar. Sonra ana nənəm şəhərdə yaşayan bacısı qızından xahiş edir ki, rayonda boş qalan ikiotaqlı mənzilini anamgilə kirayəyə versin. Onsuz da baxımsız qalmaqdan uçub dağılan ev anamgilin dadına çatır.

Mən həmin evlə bağlı çox az şey xatırlayıram. Amma bacımın dünyaya gəlməsini, onu istəməməyim ən aydın xatirələrimdən biridir. Yaxşı yadımdadır, bir dəfə bərk xəstələnmişdim. Qızdırmadan yana-yana atamın gəlməsini istəyirdim. Qaş qaralanda atam gəlib çıxdı. Qucağında da bir dəstə ətirli qızılgül. Həmin qızılgüllərin gətirdiyi sərinliyi, xoş rayihəni bu günə qədər unuda bilmirəm.

Atam həmin vaxt Xətai küçəsindəki evimizi tikdirirdi. O, gündüzlər dərs deyir, gecələr ustaya kömək edirdi.

İndi hərdən o günləri xatırlayanda bütün ruhuma təsviredilməz bir ağırlıq çökür. Heç cür baş verənlərlə barışa bilmirəm. Hara yoxa çıxdı o günlər, o uşaqlıq? Niyə yarıda qırıldı? Kimlər səbəb oldu?! Müharibə dediyimiz o kabus bir neçə nəslin üstündən iri və qalın bir xətt çəkdi.

Bizim həmin evdə rahat güzəran keçirdiyimizi xatırlayıram. Qonşularımızın çoxu müəllim, həkim ailəsi idi. Kənddən rayona köçüb avtobus və taksi sürücüsü işləyən qonşularımız da vardı. Evimizin cəmi iki otağı hazır idi. Qalan dörd otaq təmirsiz idi.

Həmişə evimiz altı otağı, yaşıl həyəti, səliqəli bostanı ilə gəlir gözlərim önünə. Atam kənd məktəblərinin birində işə düzəlmişdi. Anam bankda baş mühasib idi. Hər gün rahat işə gedər, axşam evə qayıdırdılar.

Bizim ailədə heç vaxt pul problemi olmamışdı. O vaxtın əksər sovet ailələri kimi atamın və anamın qazancı bizə artıqlaması ilə çatırdı. Həyətimizdəki meyvə ağaclarının, pomidor, xiyar, kartof şitillərinin verdiyi bar-bəhər bizdən başqa iki-üç ailəyə də çatardı. Atam əsl torpaq adamı idi. Əli dəyən hər yer yaşıllaşır, gülüstana çevrilirdi. Həyətimizdə hər cür ağac, tərəvəz əkmişdi. Göy-göyərtini, kartof-soğanı öz əlləri ilə yetişdirirdi. Bağımızdan yığdığımız nar, qoz, fındıq bizə bütün qışı bəs edirdi. Hələ üstəlik şəhərdəki qohumlara pay qoyurduq.

Valideynlərimizin hər ikisi işlədiyindən biz yaxındakı Cəmil Əhmədov adına məktəbə yox, 1 saylı internat məktəbinə gedirdik və axşam saat 6-ya kimi orda qalırdıq. Gündə üç dəfə yemək verirdilər bizə, kitabla, məktəbli geyimi ilə təmin edirdilər. Biz günortaya qədər dərsdə olurduq. Günorta naharının ardınca “qruppa”ya qalırdıq. “Qruppa”da dərslərimizi hazırlayır, saat 5-də şam yeməyimizi yeyib qardaşımla anamın iş yerinə gedirdik. Anam bizi də, bağçadakı balaca bacımızı da götürüb evə gətirərdi. Evə çatan kimi həyətə qaçıb gün ərzində görmədiyimiz dostlarımızı görürdük.

Hər həftənin beşinci günləri günorta saat 3-də bizi kinoteatra aparardılar.

Yay tətilində düşərgələrə gedərdik. Bir dəfə rayonun ən ucqar dağ kəndi olan Sirik kəndinə getmişdik. Sıx ağaclarla əhatə olunmuş meşəliyin az qala hər cığırından buz kimi sular axırdı. Müəllimlərimizdən biri özü ilə ov tüfəngi də götürmüşdü. Həmin meşədə ayı olduğunu deyirdilər.

Böyüdükcə düşərgələrə getməkdən imtina etdik. Evdəki sərbəstlik düşərgədə yox idi. Ən pisi – günortalar bizi yatırırdılar. Günortalar yatmaq mənim üçün əsl məşəqqət idi. Həmişə evdə iki şey üstündə döyülürdüm. Bir yatmamaq, bir də ağacların başına çıxmaq... Onu deyim: evimizdə ən çox döyülən uşaq mən idim! Balaca bacım sonbeşik idi... Üstəlik həm də bir az nasazlığı vardı. Ona görə, toxunulmazlıq statusu qazanmışdı. Məndən bir yaş böyük qardaşım da elə nadinc uşaq deyildi. Çox vaxt mənim oduma yanırdı. Onun bir “taçanka”sı vardı, mənim əlimdən sürə bilmirdi. Oğru kimi “taçanka”nı güdür, boşalanda götürüb sürürdüm. Bir dəfə o qədər sürətlə sürdüm ki, üzüqoylu asfaltın üstünə yıxıldım. Həmin gün atam “taçanka”nı götürüb evin çardağına atdı. Bir sözlə o vaxt evimizdə baş verən “ən pis əməllər”in baisi mən olurdum.

Evin ortancılı idim. Ortancıl uşaq olmaq heç yaxşı deyil. Qardaşın səndən böyükdü, onun sözünü dinlə, bacın səndən balacadı, ondan muğayat ol! Amma mən də azacıq aşın duzu deyildim. Bir dəfə atamın qara çantasında cavanlıqdan qalma sevgi məktublarından birini tapıb oxumuşdum. Məktub belə bitirdi:

“Səni, həsrətlə qucaqlayıram!”

Ertəsi günü səhər yeməyində heç kəsin gözləmədiyi halda dedim:

– Hamınızı həsrətlə qucaqlayıram!

Atamın loxması boğazında qaldı, anam qışqırdı:

– Bu sözü haradan öyrənmisən?

Hərə bir tərəfdən üstümə düşmüşdü. Nəhayət dözməyib atamın keçmiş sirlərini ağlaya-ağlaya ortalığa tökdüm. Bu əhvalat anamla-atamın arasında uzun müddət soyuqluq yaratdı. Mənim sadəlövh “casusluğ”um, atama zərər vermişdi. Bir dəfə isə atamın şagirdlərinin yoxlama dəftərlərini qarşıma qoyub özüm üçün qiymətləndirmişdim.

Ən çox sevdiyim məşğuliyyətlərdən biri də yay vaxtı ayaqyalın asfaltın üstündə qaçmaq idi...

Yay tətilinin ardınca məktəbə getmək əsl işgəncə idi. Yayın bütün kef-damağı bir həftənin içində alt-üst olurdu. Bütün dağ yerlərində olduğu kimi, bizim rayonda da soyuq havalar erkən gəlirdi. Anam həmişə məzuniyyətini sentyabr ayına salardı. Sentyabracan mürəbbə, kompot, turşu hazırlıqlarını qurtarırdı. Evin hamamı həyətdə idi. Hamamın yanında “Xostaray” dediyimiz bir otaq vardı, bütün qışı dolu olurdu. Oradakı yay-payız tədarükü o biri ilin may ayınacan çatırdı. Bilmirəm, bəlkə də bizim həyət çox bərəkətli idi, ya valideynlərim zəhmətkeş idi... Qonşularımız həyətlərindən bizim kimi bol bəhər götürə bilmirdilər.

Bağımızın bir tərəfi maşın yoluna baxırdı. Həm də evin yaxınındakı yun idarəsi ilə üz-üzə idi. Evimizin yanında böyük bir təpə vardı. Yoldan keçən adamların dəfələrlə ayaq saxlayıb bizim bağdakı səliqə-sahmana tamaşa etdiyini görmüşdüm. Çəpər qonşumuz vardı. Diş həkimi idi. Həmişə atama deyirdi ki, sən ləkləri düzəldəndə elə bil xətkeşlə ölçürsən. Onun xanımı mən oxuyan məktəbdə kitabxanaçı işləyirdi. O qədər get-gəlli qonşu deyildik, amma xətir-hörmətimiz vardı. Mən həmişə kitabxanaya gedəndə Həqqət xala çayla bulkaya qonaq edərdi. Başqalarına bir kitab verəndə, mənə bir neçəsini verərdi. Həqiqət xalanın ərinin adı Sabir idi. O, işdən sonra evdə həkimlik edərdi. Bir dəfə mənim dişim gecə səhərəcən möhkəm ağrıdı. Ertəsi gün atamla Sabir həkimgilə getdik. Sabir həkimin iki qızı, bir oğlu vardı. Onun uşaqları yekə idi. Qızının biri Qax rayonuna ərə vermişdi. Buna görə bütün qonşular onu qınayırdı. O vaxt uzağa qız verib, qız alana qəribə baxardılar. Yəni, sənə nə düşüb ki, öz el-obanı qoyub, ordan-burdan qız alıb, qız verirsən. Sabir həkimin böyük qızı Səidə də “qərib elə” düşmüşdü. Mən əvvəllər Səidəyə görə tez-tez Sabir həkimgilə gedirdim. Çünki, o, mənə həmişə qayğı göstərirdi. Evdəki gəlincilkləri oynatmaq üçün mənə verərdi. Ərə gedəndə onların hamısını yığıb mənə bağışladı. Mən onun ərə getməsini dərk edə bilmirdim.

Başa düşəndə ki, evlərindən həmişəlik gedib ürəyimdə Səidədən bərk incidim. Öz etirazımı bir daha onlara getməməklə bildirdim. Həm də o biri qızla – Fəridəylə mənimki tutmurdu. O, rusdilli, adamayovuşmaz, tənbəl bir qız idi. Di gəl, dişim ağrıdığı üçüm Sabir həkimgilə getməyə məcbur oldum. Səidədən sonra onlara ilk dəfə gedirdim. Həqiqət xala həmişəki kimi məni mehribanlıqla qarşıladı. Sabir həkimin iş otağı birinci mərtəbədə idi. Sabir həkim diş alətini götürəndə qorxu canımı bürüdü. Qərara aldım ki, ağzımı açmasam yaxşıdır. Sabir həkim və atam məni dilə tutsalar da ağzımı açmaq istəmirdim. Birdən üzümə möhkəm bir sillə dəydi. Özümdən asılı olmadan ağzımı açdım. Şilləni vuran Sabir həkim idi. O, çürümüş dişimi kəlbətinin ağzında oynada-oynada güldü:

“Canın qutardı”.

# 3193 dəfə oxunub

Oxşar xəbərlər

4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #