Anam 22 ildən sonra həyat yoldaşına, mən də atama qovuşdum

Anam 22 ildən sonra həyat yoldaşına, mən də atama qovuşdum
11 oktyabr 2023
# 11:15

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür.
BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr Beynəlxalq Qız Uşaqları Günü elan edilib.
Məqsəd erkən nikahlara, qız uşaqlarının hüquqlarının pozulmasına, təhsil probleminə, ayrıseçkiliyə diqqət çəkməkdir.
Kulis.az bu münasibətlə Ömər Xəyyamın "Bir flakonda 22 il" adlı yeni yazısını təqdim edir.

Atalar və qızlar haqqında, mübhəm, mübarək tellərin ruhani/mifoloji əsasları haqqında çox yazılıb.
Məndən olsa, bu günlə bağlı bircə cümlə yazaram. Zəvzəməyə gərək yoxdur. Məsələn, yazaram ki, mən qızımı yox, qızım məni tərbiyə edir, böyüdür. Fəqət hələ nə mən o qədər böyümüşəm, nə də bizim oxucular.


***

Qızımın qoxusu mənə atamı, yəni ölümü xatırladır.

Onda atam sağ idi, onda mən olandan, öləndən xəbərsizdim.

Qərib ikindi çağı bostanın ətəyindəki sinab almasının dibindən, - təkcənəliyindən harasa, lap uzağa zillənirdi, dağları dinşəyirdi: gözlərini bərəldirdi, vahim uğultuya qoşulub yaşıllığın sirli/sehrli qaranlığına qarışırdı...

Orda yerin bağrı yarılırdı, bostanın ətəyində atam köks ötürərdi.

Elə ki bir cibindən qızılı dəstəkli bıçağını, bir cibindən armud çıxardı, mən tez qaçıb ayaqlarının arasına soxulardım.

Səbrnən, səliqəynən soyar, birinci dilimi elə bıçağın ucundaca ağzıma verərdi.

Bax bu qoxu!

Dəmir qoxusuynan armud qoxusunun qarışığı... - dağların dalından keçən sirli-sehrli şey kimi... Vahim uğultu, yaşıl qaranlıq kimi...

İkindidir...

Quzular səssizliyilə ölümü xatırladır, bir az aralıda anamın kəhrəba boyunbağısı şaqqıldayır, - torpağın yaddaşını qurdalayır.

Atam nağıl danışır; deyərdin, iri əlləriylə tarixin yaddaşından nağıl çağırır.

Alayarımçıq nağılların gözünə öz obrazlarını, hərdən məni də qatır...

Mən onun dilindən boz çöllərə, iynəyarpaqlı meşələrə, qərib komalara düşürəm, ayaqlarım üzülür, uçuram, uçuram...

Atamın iri əlləri, əllərinin dəmir qoxusu, sərin nəfəsi, - tütün qoxusu, yaşıl qaranlığın armud qoxusu...

Bax bu qoxu!

...atamın yarımçıq "oдеколон"undan boynuma, biləklərimə vururam, anamın sandıqda – gəlinliyinin arasında saxladığı Союз — Аполлон* siqaretindən birini yandırıram.

Atamı xatırlayırıq, anam məni qucaqlayıb ağlayır…

Anam məni qucaqlayıb ağladıqca, atamın qoxusu boynumdan, biləklərimdən buxarlanır, buxarlanıb qızımın canına hopur...

...qızım qaçıb qovanda, yorulub əldən düşəndə haman cür qoxur.

Nə vaxt ki mən onun boğazından öpürəm ya balıncına baş qoyuram, atamın alayarımçıq nağıllarına düşürəm, ayaqlarım üzülür, yuxudan yuxuya keçirəm, yarpaqdan yarpağa uçuram, uçub atama çatıram, qucuram, qucuram…

Bildiyim cür deyilmiş. Əslində, mən qızımı yox, o məni tərbiyə edir, böyüdürmüş.

Məsələn, qoxusuyla tərbiyə edir; mənə atamı, yəni ölümü xatırladır...

Bir flakonda 22 il, yaxud “Cülyan” ətrinin tarixçəsi


Hər yuvanın, hər ailənin xas ətri var.

Atam gedəli bizim evin ətri dəyişdi, bir növ, bizim evin ətri bir adam azaldı, yaxud atam gedəndə öz qoxu molekulunu da apardı və mənim ata ocağımdan, anamın saçlarından bir qoxu malekulu əksildi...

Yəni hamımız bir molekul azaldıq, bir adam yoxaldıq...

*****

Bir gün əttar Murad Məsud mənə yazdı ki, istəyirəm, atanın qoxusunu düzəldim.

Təsəvvür edirsiniz? - bir flakon ətir, 22 illik yoxluq...

Həsrət, gözləyiş...

İki aydan sonra - iki əvvəlin bu günü görüşdük. Dedi, ətir hazırdır, özünü hazırla...

İzahımüşkül qovuşma...

oдеколон Шипр*, tütün, bir az torpaq, armud... Və atam.

22 illik yoxluğun qoxusu...

Heç mənim ağlıma gəlməzdi ki, 22 ildən sonra atamı “qucaqlayacam”, “içimə çəkəcəm”...
Heç atam özü də fikirləşməzdi ki, sonbeşiyi adam-adam, ev-ev, küçə-küçə onun qoxusunun dalınca sülənəcək...

Elə şeylər var ki, o şeylər haqqında yazmaq olmur, heç o şeylər haqqında düz-əməlli susmaq da olmur.

Anam ağladı, əlbət, utandı da.

Hamı dağılışandan sonra təkcənəliyinə çəkildi, atamın qoxusunu biləklərinə, boynuna çəkdi... Qucaqlaşdılar, sarıldılar...

Sentyabr günəşi nakam ömür rəfiqlərinin

bostanın ətəyindəki fındıqlığa düşən

birnəfərlik kölgəsinə qımışdı…

Nə vaxt ki mən qızımın boğazından öpürəm ya balıncına baş qoyuram, atamın alayarımçıq nağıllarına düşürəm, ayaqlarım üzülür, yuxudan yuxuya keçirəm, yarpaqdan yarpağa uçuram, uçub atama çatıram, qucuram, qucuram…

Bildiyim cür deyilmiş. Əslində, mən qızımı yox, o məni tərbiyə edir, böyüdürmüş.

Məsələn, qoxusuyla tərbiyə edir, mənə atamı, yəni ölümü xatırladır...

# 3825 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #