Barselonadakı Stoiçkov adına futbol akademiyası ilə müqavilə bağlamışdıq. Razılaşmaya əsasən, Tovuzdan 10-13 yaş arası 10 uşaq seçib, İspaniyaya aparmalı idilər. Hər uşağa görə bu məktəbə ayda 3000 avro ödəməli idik... Yemək, geyim, təhsil məsələləri hamısı “Turan”ın sponsoru Musa Süleymanovluq idi. Barselonada villa tutulmuşdu...
İki nəfər tərcüməçi.
İki nəfər dil müəllimi.
Digər fənn bloku üzrə üç əlavə müəllim.
Xidməti avtomobil.
Mühafizəçi.
Kurator.
Aşpaz.
Xadiməyə qədər...
Hamısının aylıq məvacibi 25 min avrodan yuxarı. 10 uşağın Barselona macərası sponsora ayda təxminən 70 min dollara başa gələcəkdi.
Gəldilər. İki nəfər. Adları yadımda deyil. Biri Bakıdan Tovuza yolboyu Qvardiolanın nə vaxtsa onun yanında işlədiyini, o biri də nə vaxtsa onun Qvardiolanın yanında işlədiyini sübut eləyən fotolar göstərirdi...
Çatdıq. Üç gün baxış oldu. Gözləri kəllələrinə çıxmışdı. Heyrət içində idilər. İddia eləyirdilər ki, öz məktəblərində burdakı qədər istedad yoxdur. Birinci günün gedişində İspaniyaya telefon açdılar, axşam təklif elədilər ki, 10 yox, 11 uşaq aparsınlar; 10 nəfərin xərci əvvəl danışdığımız kimi, bizlik olsun, o bir nəfərin xərclərini isə məktəb öz üzərinə götürür... Razılaşdıq.
Səhər iclas oldu. Uşaqların valideynlərini də çağırmışdıq. Vəziyyəti başa saldıq, dedik, uşaqlarınız İspaniyaya gedir, Barselonaya. Valideynlər suallar verdi, cavablandırdıq. Dedik, uşaqlarınızı ildə bir dəfə klubun hesabına İspaniyada görməyə gedəcəksiniz, 2 dəfə də özləri tətilə gələcək. Yuxarıda sadaladığım şəraitdən danışdıq. Uşağına görə pul istəyən oldu, məsələn...
Söhbətin axırına yaxın bir kişi əlində çomaq hay-küylə içəri girdi ki, hanı o?
- Hanı o ispan köpəyuşağı?!
Məlum oldu ki, bu kişi ispanların bütün xərclərini üstünə götürdüyü uşağın valideynidir. Dedi, vermirəm uşağı, vəssalam!
- Niyə, ay ağsaqqal?
- O Allahsıza başa salın ki, mənim uşağım yeddi bacının bir qardaşıdı, 30 ildən sonra tapmışam o gədəni, göydən Allah gəlsə, vermərəm!
Vəssalam. 3 saat dilə tutduq... Dedi, yox e, xeyri yoxdur. Əlavə 5 min pul təklif elədik, nə bilim, sponsor atasına Bakıda iş söz verdi, xeyri olmadı.
İspanlar əl çəkmək istəmirdi. Sonrakı aylarda İspaniyadan zəng elədilər, xahiş elədilər ki, uşağın atasını razı salaq, yenə cəhd elədik, amma mümkün olmadı.
...bu söhbətin üstündən 2 ilə yaxın vaxt keçib. Biz gedəndən sonra "Turan" dağıldı. O biri uşaqlar niyə İspaniyaya getmədi - bu başqa yazının mövzusu olacaq, amma o bir uşaq - yeddi bacının bir qardaşı onsuz da gedəcəkdi, onu özləri aparacaqdı. Atası qoymadı...
...Yaxınlarda soraqladım. Uşaq hələ də Tovuzdadır... Deyirlər, futbolu atıb. Bərbərxana açıb. Bərbərxananın güzgüsündən də Messinin posterini asıb...