O banklar ki cibimizə girir...

O banklar ki cibimizə girir...
12 dekabr 2014
# 15:23

Bu yaxında banka getmişdim. Sənədlərimi araşdıran məmur əvvəl bankda işlədiyimi biləndə indi nəylə məşğul olmağımla maraqlandı.

Yazar olduğumu, bunun bank işi ilə tutmadığını görüb uzaqlaşdığımı deyəndə, heç tükü də tərpənmədi. Altdan-altdan mənə baxıb, işinə davam elədi. Yəqin ürəyində deyirmiş, kimdir bu gerizəkalı, ilahi, adam da bank işini buraxar?

Vallah, bunu tutalım bir ingilisə, bir almana, bir fransıza desəydin heyrətdən əli üzündə qalardı. O dəqiqə etika xətrinə, heç olmasa, nə yazmağınla maraqlanardılar.

***

Bu məmləkətdə bank sözü eşidəndə üz-gözünü turşutmayan adam tapmaq çətindir. Kimi soruşursan, kimə deyirsən kreditlərdən, faizlərin yüksək olmasından şikayət edir. Xalq arasında bankların olduqca mənfi imici var. Onlara maliyyə strukturundan çox, insanların ciblərini yeyən gəmirici kimi baxırlar.

Mərkəzi Bank hər il uçot faiz dərəcəsini müəyyənləşdirir. Bu termini qısa şəkildə belə izah etmək olar: banklar Mərkəzi Bankdan uçot faizi dərəcəsində göstərilən faizlə kapital əldə edirlər. Bundan sonra onlar bu vəsaiti müəyyən faizlə borcalanlara verirlər. Mərkəzi Bank hazırda uçot faiz dərəcəsini 3.5-lə müəyyənləşdirdiyi halda, banklar əhaliyə krediti 25-35 % arasında təqdim edir. Məntiqlə ölkədə kredit faizi 10-15 %-dən çox olmalı deyildi.

Bu möhtəkirlik deyilmi? İnsanların pulunu mənimsəmək, onları yağmalamaq deyilmi?

Ölkədə 44 bank fəaliyyət göstərir. Epizodik xeyriyyəçilik tədbirlərini, sponsorluq işlərini çıxsaq, bunlardan hansı genişmiqyaslı mədəni layihələr həyata keçirir? Beş il bank sektorunda çalışmış bir adam kimi sizə cəmi iki bank adı çəkə bilərəm. Qoy bu rəqəm lap dörd olsun. Amma mən sizə 44 bankdan danışıram.

Türkiyədə, başqa ölkələrdə banklar müntəzəm şəkildə mədəni layihələr həyata keçirirlər. İş bankası, Yapı Kredi kimi bankların nəşriyyatları, kitab evləri var.

O bankların nəşriyyatları türk kitab bazarının çox geniş hissəni əhatə edirlər.

O banklar türk ədəbiyyatına dünya ədəbiyyatından bir çox əsərləri qazandırıblar, türk yazarlarının əsərlərini, çoxcildliklərini nəşr edirlər.

Ən radikal solçu belə o bankların nəşr etdiyi kitabları əlinə götürəndə istər-istəməz münasibəti dəyişər, yumşalar.

Fəaliyyətinin bir hissəsini ədəbiyyatın inkişafına, xalqın millətin maariflənməsinə, mədəniyyət səviyyəsinin artmasına xidmət edəndən sonra bank sonra neçə faizlə istəyir kredit versin. Heç camaatın ruhu da inciməz.

Bəs bizim banklar?

Onlardan geriyə nə qalacaq?

Bir kitabmı, bir kitabçamı?

Mən deyim....

İnsanların borc fakturaları, hesab çıxarışları, borclarını qaytara bilməyənlərin əmlakının müsadirə olunması haqqında qərarnamələr...

Hansı bank daha çox möhtəkirdirsə o da xatırlanacaq.

# 1383 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #