İmamın ad günündə şam söndürmək

İmamın ad günündə şam söndürmək
13 mart 2014
# 12:41

Bir adam var. Adı Seyid Talehdi. İmamların mövludu tədbirlərində dini mahnılar oxuyur.

Amma elə bir tərzdə oxuyur ki...

Heç sonuncu dəfə konsertində olduğum Haluk Levent bu cür hay-həşir salmır: “Əlləri görmürəm”, “təkrar edin” və başqa musiqiçi ifadələri.

Hətta bir də görürsən mikrofonu zala tutub deyir ki, nəqarəti təkrar edin.

Elə bil konsertdi.

Əvvəllər dini toylar belə olmazdı. Bu toyların bircə fərqi odur ki, mahnıların məzmunu dinidir. Bundan başqa o toylarda heç bir dinilik yoxdur.

Bu yaxında isə sosial şəbəkələrdə bir video yayılıb. Şiələrin təbirincə İmam-Zaman Ağanın yəni, sonuncu imam Mehdi Sahib-Əzzamanın mövludu qeyd olunur.

Məclisə tort gətirilir. Tortun üzərində şam yandırılır. Mahnı oxunur. Taleh yenə sıradan bir müğənni çılğınlığı ilə bağırır, məclisdəkiləri vəcdə gətirməyə çalışır.

Müğənni Seyid Taleh üstəlik deyir ki, biz avropalılardan fərqli olaraq məclisə tort gələndə “Happy birthday” oxumuruq. Yox, hələ gəl bir oxu da.

Vallah, belə şeyi heç Kusturitsa çəkə bilməzdi.

Əsl postmodern bir situasiyadır. Adamın əli üzündə qalır.

Bəs nə oldu sizin dini dəyərlər? Avropa adətləri qarşısında nə tez əridiniz?

Vəhhabilərdən, xəvariclərdən, nurçulardan, müxtəlif dini cərəyanlardan dad edirsiz. Onların ölkəni bürüməsindən şikayət edirsiz. Bəs o cərəyanların qarşısına nə ilə çıxırsız? Budurmu sizin dininiz? Bununlamı camaatı dinə, imana çəkmək istəyirsiz?

Siz heç adicə bir toy adəti qarşısında duruş gətirə bilmirsiz! O cür oturuşmuş, siqlətli dini cərəyanları qarşısında dayanacaqsınız?

Bir anlıq durun.

O videolarınıza diqqətlə baxın.

Görün nə kökə düşmüsüz.

Bu din deyil.

Bu islam deyil.

Bu heç toy, ad günü də deyil.

Bu sadəcə tamaşadır.

Şiəlik inancına görə Qiyamət günün Mehdi Sahib-Əzzaman zühur edəcək. Hər bir həqiqi şiə onun zühurunu səbirsizliklə gözləyir. O isə gəlmir.

Belə şeyləri görəndən sonra kim gələr, kimin üçün gələr?

Heç kim gəlməz, hətta O özü də.

# 5630 dəfə oxunub

Müəllifin son yazıları

# # #