Hollivudun Nuh biabırçılığı

Hollivudun Nuh biabırçılığı
13 oktyabr 2014
# 13:28

“Nuh tufanı” bəşəriyyətin yaradılışı haqqında ən məşhur miflərdən biridir. Bu mif az qala dünyanın bütün xalqlarının, hətta ən ibtidai qəbilələrin mifologiyasında da var.

Rassel Krounun baş rolda oynadığı “Nuh” filminin treylerini görəndə açığı həvəslə bu filmə baxmaq istəmişdim. Peyğəmbərlər haqqında filmlər hər zaman maraq oyadır. Müqəddəs mətnlərdə rast gəldiyimiz əfsanələri vizual olaraq canlandıra bilirik.

Di gəl ki, “Nuh” filmi peyğəmbərlər haqqında olan ənənəvi filmlərdən tamamilə fərqlənir. Təbii ki, Nuh tarixi fiqur deyil, yaşadığı dəqiq tarix məlum deyil, amma bu, filmi fentezi janrında çəkmək üçün bəhanə ola bilməzdi.

Mifik qəhrəmanlar, dindən uzaqlaşmış xalqın qəribə geyimləri, Nuhun davranışları müqəddəs mətnlərdən gələn o mesajı çatdıra bilmir.

Nuh burda bəşəriyyəti məhv etməyə çalışan qəddar insan obrazında verilib. Onun tanrı ilə əlaqəsi yox dərəcəsindədir. Demək olar ki, ona vəhy gəlmir, o, hər şeyi öz məntiqi ilə yozur.

Rejissor Darren Aronovski müxtəlif vizual üsullarla Nuh tufanının mahiyyətini göstərmək istəsə də, baş tutmur. Hadisə çox sönük çatdırılır. Əvəzində effektlərə hesablanmış Hollivud filmi görürük.

Mel Gibson “İsanın əzabları” filmində bir peyğəmbərin daxili iztirablarını olduqca ustaca verə bilib. Aronovski isə Nuhun əzablarını göstərə bilməyib.

Baxmayaraq ki, Rassel Krou olduqca usta aktyordur. Baxmayaraq ki, özünün və ailəsinin xilası üçün bəşəriyyəti qurban verən Nuhun faciəsi bəşəriyyətin xilası üçün özünü qurban verən İsanın iztirablarından daha böyükdür.

İki saat on səkkiz dəqiqəlik filmdə mənə ən çox təsir edən isə Nuhun Allahın dünyanı yeddi gündə yaratmasını nəql etdiyi səhnə oldu. Aronovski bu yaradılışı təkamül ilə bağlayır. Yaradılışın bu izahı daha məntiqlidir. Yəni, dünyanın yaradılışında bir qüvvə var, amma bu yaradılış təkamül nəticəsində baş verib. Yəni tanrı ayrı-ayrılıqda sürünənləri, böcəkləri, quşları, primatları yaratmayıb. Bütün bunlar sudakı ilk canlıdan doğub törəyib.

Nuha qarşı çıxan adamlar isə dünyanı tufana sürükləyən o dinsiz qövmdən çox qorxu filmlərinin qəhrəmanlarına bənzəyirlər.

Bir daha əmin oldum ki, Hollivud bildiyimiz əhvalatları sadəcə məhv etməklə məşğuldur. Onun sənət yaratmaq məqsədi yoxdur, sadəcə kinoteatrlara tamaşaçı yığmaq istəyir... Və bir də onlara çoxlu-çoxlu pop-korn yedirtmək.

# 3015 dəfə oxunub

Müəllifin son yazıları

# # #