Təranə ilə Musanın üzəçıxdısı

Təranə ilə Musanın üzəçıxdısı
20 aprel 2015
# 11:46

Təranə Qumralla Musa Musayev bir neçə gün öncə efirdə evləndilər. Təntənəli şəkildə... Bəy kostyumda, gəlin ağ gəlinlikdə...

Məni ilk baxışda kiminsə ailə işlərinə baş apardığıma görə qınamaq da olar. Doğrudan da nə işimə, kim neçə dəfə evlənir?

Guya dünyada belə hadisələr baş vermir? Aktrisa Elizabet Teylor 7 dəfə ərə gedib, hər dəfə də bir ailəni dağıdaraq neçə qadının kişisini əlindən alıb. Təranə isə Allahtərəfi Teylordan fərqli olaraq bunu əri ilə edib. Bir növ, öz ərini, öz əlindən alıb.

Əlbəttə, yadınızdadır, bir il əvvəl bu cütlük olduqca həssas bir qalmaqalla gündəmə gəlmişdilər. Ər arvadı xəyanətdə suçlayırdı, arvad əri haqqında ağlagəlməz şeylər danışırdı. Məsələ böyüdü, Musa Musayevin qardaşı açıqlama verib bildirdi ki, belə kişi heç Fransada da yoxdur.

Təranə ilə Musa bu hadisədən şou-biznes elementi kimi yararlandılar, özlərini tirajladılar. Məqsəd sadə, hətta bəsit idi. Daha çox gündəmdə qalmaqla daha çox toy tutmaq...

Ay keçdi, il dolandı, efirdə təntənəli şəkildə toy edirlər.

Təranə ilə Musanın çıxardıqları bu həngamə insanların altşüurunda belə iz qoyur: “Hər şey bu qədər asandır”.

Deməli istənilən nalayiq hərəkəti edib, sonra onu ört-basdır eləmək, buna görə xəcalət çəkməmək, utanmamaq olar.

Hətta bu nalayiq hərəkətinə görə pul qazanmaq, paklıq mücəssəməsi kimi efirə çıxmaq olar.

Qısacası, məşhur olmaq üçün nə hoqqa desən etmək olar.

Bir də nəzərə alaq ki, gəlinlik paltarı paklıq, təmizlik rəmzi, simvolu sayılır. Təsəvvür edin, insanların beynində birdən-birə bu simvollar dağılır, adiləşir.

Bəlkə insan fərqində deyil, amma onun altşüurunda artıq heç bir müqəddəs dəyər qalmır, hər şey öz ilkinliyini, paklığını, sakrallığını itirir. Çünki televiziyaların onlara təqdim etdiyi verilişlərdə paklıq, saflıq dəyər deyil. Pul qazanmağa yarayan hər bir vasitə dəyərə çevrilir.

Faciə onda deyil ki, insanların dəyər kimi qəbul etdiyi şeyləri dağıdan Təranə, Musa kimi insanlar var. Faciə ondadır ki, tərəzinin digər gözünə qoymağa bir şey yoxdur. Onların apardığı mənəvi eroziyanın qarşısını almaq üçün yeni ağaclar əkilmir. Buna görə olanımız da qaya parçası kimi aşınıb toza çevrilir.

Təranə ilə Musanın toyunu tirajlayan televiziya kanalı tərəzinin o biri gözünü dolduran verilişlər vermir. Adicə Türkiyə kanallarında əgər səhər şou, günorta moda, axşam evlənmək proqramı verilirsə, gecə tarixdən, ədəbiyyatdan, mədəniyyətdən, incəsənətdən bəhs edən verilişlər verilir. Beləliklə, əgər bir veriliş tamaşaçının mənəviyyatını yuyub aparırsa, digər veriliş bunun yerini anındaca doldurur.

Bizim telekanallarda isə bunu görmürük. Tərəzinin bir gözü dolu, digəri boşdur. Balans pozulub.

Dünən də başqa bir kanalda Rəmişlə Gülünün toyunu elədilər. Efirdə toy məsələsi də yeni trenddir deyəsən.

Yaxşısı budur, gedim Təranə ilə Musanın üzəçıxdısından hazırlanmış verilişə baxım.

# 1211 dəfə oxunub

Müəllifin son yazıları

# # #