Vaqif Mustafazadənin pariki

Vaqif Mustafazadənin pariki
18 mart 2015
# 11:00

Vaqif Mustafazadənin anadan olmasının 75 illiyi ilə əlaqədar iki gün əvvəl İçərişəhərdə Vaqifsayağı Caz Festivalı keçirildi.

Tədbirin təşkilatçıları yaradıcı bir gediş eləmişdilər. Qonaqlara buruq saç formasında pariklər paylandı. Hətta konsertin reklamlarında musiqiçilərin Vaqif kimi "bığ" və bakenbardla səhnəyə çıxacağı elan olunmuşdu.

Pəki, nədən başqa musiqiçilər, sənət adamları üçün deyil, məhz Vaqif Mustafazadə üçün belə bir şey təşkil olunmuşdu?

Səbəb çox sadə idi.

Tarixə kiçik bir ekskurs edək.

Sağlığında təkcə əsərləri deyil, saçı, geyimi, bığı da qəbul olunmurdu Vaqifin. Bu gerçək idi. İndi uca tutmağımıza baxmayın. Az qalırdılar onu küçədə görəndə daş-qalaq eləsinlər.

Nədir-nədir hamı kimi bığ saxlamır.

Nədir-nədir sənətçinin sovet nomeklaturasında müəyyən edilmiş geyim qaydasına cavab vermir.

O buruqsaç başı ikitərəfli dərddə idi Vaqifin.

Nə yuxarılarda qəbul edirdilər, nə aşağılarda.

Nə idarə koridorlarında sevirdilər, nə küçələrdə.

40 il keçdi.

Vaxtilə Vaqifi bəyənməyənlər telefonlarına onun "Düşüncə"sini yüklədilər.

Amma nə dəyişdi?

Yenə eyni şey təkrar olunmurmu?

Yenə küçədə-bayırda saçı bir az uzun oğlan görən kimi şampunçik, çənəsində saqqal saxlayan oğlan görən kimi adını burda dilimə gətirmək istəmədiyim şeylər dedilər.

Vaqifin “Düşüncə”sini dinləməklə deyil, düşüncəni dəyişmək lazımdır, düşüncəni.

Bir də Vaqifin saçı kimi parikimiz olunca, Vaqifin beyni kimi beynimiz olaydı.

Heyf, onu parik formasında kiməsə vermək olmur.

# 1568 dəfə oxunub

Müəllifin son yazıları

# # #