Rəqsanənin qızı saytlardan birinə açıqlamasında deyib: “Ancaq brendlərdən geyinərəm. Ayda 60 minə qədər geyimə pul verirəm. Çünki hansısa mağazaya girəndə 1 libasla kifayətlənmirəm. Çox paltar alıram... Qarderobumda ən çox yeri bahalı ayaqqabılar tutur. Hətta bir dəfə çox sadə bir ayaqqabıya 5600 manat vermişəm. Xərclədiyim pula heç vaxt heyfsilənmirəm".
Geyimə ayda 60 min pul xərcləmək...
Bu ayda 600 manat qazanan adamın təxminən 8 illik qazancıdır.
Bəli, bu sözləri deyən bizim müğənninin qızıdır.
Bu xalqın müğənnisinin.
Əksəriyyəti ayda heç 600 qazanmayan xalqın müğənnisi.
Ortababdan da aşağı bir müğənnidir, özü də. Nə Luçiano Pavarottidir, nə Alla Puqaçova, nə İbrahim Tatlısəs.
Hətta Baloğlan Əşrəfov da deyil.
Heç kəs demir, qazanma.
Qazan.
Heç kəs demir, xərcləmə.
Xərclə.
Amma bunu bu cür, bu tonda aləmə car çəkmə.
Ayıbdı.
Öz xalqlarının taleyindən, dərdindən, ağrısından oxuyan müğənniləri də düşün, onların həyat tərzini də gözlərin önünə gətir.
Və utan deyəcəkdim.
Amma, sənə yox...
Bizə...
Səni və ananı ulduz edənlərə!