Levi adamlar

Levi adamlar
11 sentyabr 2013
# 11:42

Mirmehdi Ağaoğlu yazır

Xaloğlu kirayə evdə qalır. Bir otaqdı, qabağında artırması. Həyətin ortasında da daşdan tikilmə əlüzyuyan. Əlüzyuyanın suyu, plastikdən kranı öz yerində. Bir də aşağısından bir şlanq uzadılıb. Gecə-gündüz o şlanqdan su axır, istifadə olundu-olunmadı kanalizasiyaya axıb gedir. Yaxında “xazayka”nın evinin divarının dibində də zümrüdü bir qutu. Su sayğacının qutusu.

Xalaoğlu deyir: “Təzəlikcə su idarəsindən gəlib sayğac quraşdırıblar”.

Deyirəm: “Bu sayğac nədir, gecə-gündüz şlanqdan axan su nədir?”

Deyir, xazayka sayğac qoyulandan sonra hey gəlib gedirdi ki, sən allah, suyu az işlədin, qənaət edin, israf etməyin. Gecə-gündüz deyinirdi. Axırı yan qonşu ilə danışıb onun həyətindən “levi” su çəkib şlanqla.

Bəs yaxşı buna niyə krant qoymayıb, deyirəm.

- Levi sudu da, bu sayğacdan işlədilmir deyə açır buraxır kanalizasiyaya. Bir dəfə dedim, dedi qoy axsın da. Sayğacdan deyil ki.

Belə. Bu insanlara dünyadakı ekoloji böhrandan, dünyanın içməli su ehtiyatının məhdudluğundan, içməli su ehtiyatının təmizlənilməsi üçün çəkilən məsrəfdən danışıb onlara nəyisə izah etmək çətindi. Çox çətindi.

Nə deyəsən beləsinə? Nə?

Elə bil Tanrı da bunları “levi adam” kimi buraxıb həyatımıza, yaşayırlar özləri üçün, nə vicdanları var, nə də ürəklərində insaniyyətlərini ölçən sayğacları.

# 4021 dəfə oxunub

Müəllifin son yazıları

# # #