Reper Epi: “Kimisə Nərimanov qədər sevsəm, evlənəcəm”

Reper Epi: “Kimisə Nərimanov qədər sevsəm, evlənəcəm”
16 dekabr 2016
# 08:30

Kulis.az gənc reper Əkbər Novruzlu ilə müsahibəni təqdim edir.

- Əkbər, bu yaxınlardan əsgər gedəcəksən. Buna görə albom işini də yarımçıq qoydun.

- “Cinayət işi” adlı albom işləyirdim. İdeyası hazır idi. Bir film üstünə albom yazmışdım. Əvvəl film ssenarisi yazdım, sonra gördüm ki, mən bunu çəkəcək gücdə deyiləm. Bu həyatda yeganə bacardığım iş repdi. Ona görə də onu dəyişib albom elədim. Onun da iki klipini çəkəndən sonra gördüm ki, çatdıra bilməyəcəm. Çünki yanvarda əsgər getməliyəm. Ona görə albomu yarımçıq saxladım.

- Orta məktəbi bitirdin də?

- Bəli, ötən il. Təəssüf ki, ali təhsil ala bilmədim.

- Neçə yaşından rep deyirsən?

- 12-13 yaşımdan... İlk dəfə studiyaya girəndə 2011-ci il idi.

- Repə həvəs necə yarandı?

- Mən balaca olanda Ceza deyə bir reper var, repləri geniş yayılmışdı. Mən də ona meylləndim. Bir də mən uşaq vaxtı türk şeirinə böyük maraq göstərirdim. Əsasən Nazim Hikmətin şeirlərini oxuyurdum. Nazim Hikmət mənim yazmağıma təsir göstərdi. Bir müddət sonra gördüm ki, yazdıqlarım insanların xoşuna gəlir, insanlar sevir məni.

- Pərəstişkarların çoxdur?

- Açıq deyim, Azərbaycanda heç kəs əlini cibinə atmaq istəmir. Pulsuz olsun, gələk, iştirak edək, pul adı çəkəndə hamı yoxa çıxır. Düzdür konsert edəndə 200-300 adam gəlir, amma müqayisə edəndə görürsən ki, azdır. Yutubda bir mahnımı yarım milyon adam izləyir. Bu yarım milyondan sadəcə 300 adamın konsertə gəlməsi gülünc görünür. Yutubda pulsuzdur deyə hamı qulaq asır, iş mənim qazanmağıma gələndə insanlar əlin cibinə atmır.

- Rep bizdə qazanc gətirmir.

- Bizdə rep belə qazanc gətirə bilər. Ya gərək klub tərzində yazasan. Yəni qadınlar, içkilər, diskolardan bəhs edən rep yazasan. Mən də bu cür rep yazan deyiləm. O tərzdə Mir Yusif, Kurt kimi reperlər yazır. Bizdə o tərzə keçənə repi satan adamlar kimi baxırlar. Pul qazanmaq üçün və ya hansısa məcburiyyətdən klub janrında rep deyib öz içindəki sözləri gizlədirsənsə bu, düzgün sayılmır bizdə.

- Bizdə deyərkən, rep aləmini nəzərdə tutursan?

- Bəli. Bunu mən eləsəm deyəcəklər ki, Epi repi satdı.

- Reperin içində olanlar nədir ki?

- Yaşadığımız dövrdə baş verən hadisələri daha qabarıq formada ortaya çıxarmalıdır. Özümdə götürüm. Mən çox kiçik yaşda məşhur olmuşam. 13-14 yaşımda 300-400 min baxış sayım vardı. Fikirləşirəm kiçik yaşda məşhur olmağımı repdə ifadə eləsəm kiməsə stimul verə bilərəm. Reperlər insanların dilə gətirmədiyi detalları üzə çıxaran insanlardır.

- Sənin mövzun hansılardır?

- Mənim, açığı, pula qarşı kinim var. Bu yaxında “On min dollar” adlı trek yazdım. Orda da loru dillə desək, pulu nəyi var yıxıb-sürümüşəm. Çünki pul elə bir şeydir ki, çox dəyərli bir insanı dəyərsiz, çox dəyərsiz bir insanı dəyərli edə bilər. Mən, məsələn, kasıb insanam, amma insanlar tərəfindən sevilirəm. İş pulda deyil, iş insanlıqdadır.

- Reperlər sosial etiraza üstünlük verirlər?

- Bizdə BətClause və Karat deyilən iki reper var. Onlar yalnız sevgidən yazırlar. Bu insanların yaşadığı, içindən keçən hisslər sadəcə sevgidir. Onu elə bəyənirlər. Mən daim sevgidən yazsam deyərlər Epiyə noldu?

- Sənin də sevgidən repin olub.

- Məni mən edən sevgi replərim olur.

- Amma sosial mövzulardan da yazırsan.

- Əlbəttə varımdı. “Hay can, brat” adlı bir repim vardı, hal-hazırda 350 min baxışı var. Amma baxıram sevgidən olan “Qırmızı Vinston” trekimə baxış sayı 700 minə yaxınlaşır. Mənim fikrimcə insanlar nədən aclıq çəkirlərsə onu dinləmək istəyirlər. Məsələn, bir insan kredit borcunu ödəyə bilmir və mən bunu repdə deyirəmsə o insan kredit borcunu ödəyə bilmədiyi üçün mənim repimdə özünü tapa bilir. Mənim trekim var, orda deyirəm:

Bu millət sevə bilmir,

ona görə istəyir ki,

sevgidən trek yazım,

minlərlə baxışı olsun.

Bu millət sevə bilmir,

qaldı ki, haqqını tələb eləsin,

hər şeyi yaxşı düşünür ki,

hər şey yaxşı olsun.

Yəni nəyə ehtiyacları varsa onu eşitmək istəyirlər. Mən də çalışıram ki, onların eşitmək istədiklərini yazım.

- Buna görə camaatın da içində çox olursan.

- Bəli. Elə reperlərimiz var ki, üç-dörd nəfər dinləyicisi var, amma metroya minmir. Mən belə şey eləmirəm. Özüm də sizinlə müsahibəyə metro ilə gəldim (gülür). Yəni insanların içində olmaq mənə daha çox zövq verir, nəinki özümü onlardan qıraq salmaq.

- İndi hansı şairləri oxuyursan?

- Beş-altı ildir nə şeir, nə kitab, heç nə oxumuram. Ancaq özüm-özümə qapanıram, bir də sənədli filmlərə baxıram.

- Bəs düşünmürsən ki, yazmaq üçün mütaliə etmək lazımdır?

- Arada düşünürəm ki, mütaliə lazımdır. Ancaq studiyada, ya hardasa rep deyəndə görürəm ki, məndə dayanmaq olmur, sözə ara vermirəm.

- Rep də təblə deyilir?

- Bəli.

- Repi yazandan sonra üstündə təzədən işləyirsən?

- Hərənin özünün yazmaq tərzi var. Reper var yazdığı kimi də oxuyur, düzəliş eləmir. Mən yazıram iki səhifə, sonra başlayıram onu presləməyə. Aralarından ən yaxşı sözləri seçib saxlayıram ki, dinləyiciyə zövq versin.

- Reperlər mahnılardan tez-tez narkotik vasitələrin təbliğatçısı kimi çıxış edirlər.

- Bəli, o cür reperlər var. Eləsi var çəkməyini danmır da. Deyir, çəkməsəm yaza bilmirəm. Mən şəxsən özüm istifadə etmirəm, amma reper var istifadə etməsə yaza bilməz.

- Ümumiyyətlə, reperlərin üsyankar, etirazçı obrazı var.

- Bilirsiz, hamımız küçədən gəlmişik, ona görə. Mən Nərimanovun kasıb küçəsində böyümüşəm.

- Əkbər, rep deməyini evdə necə qarşıladılar?

- İndi barışıblar. Atamın əvvəl bu işimə kini vardı, amma indi qəbul edib. Anam isə həmişə yanımda olub. Bəlkə də anam olmasaydı, rep yaza bilməzdim. Anam da piano ilə məşğul olub deyə mənə çox istiqamət verib.

- Treklərində bəzən söyüş, arqo ifadələr işlədirsən.

- Bilirsən, mən çox səmimi insanam. Oturub qarşımdakına dərdimi anlada bilirəm. Öz sözümü hərtərəfli çatdırmağa çalışıram. Məsələn, mən bir repdə söyüş işlədirəmsə, təbii ki, anama göstərmirəm, uzaqbaşı atama göstərirəm. Atam da soruşanda açıqlama verirəm ki, bəzi yerlərdə doğrudan da arqoya ehtiyac var. Məncə, söyüşün öz yeri var və düzgün istifadə edəndə ayıb sayılmır. Mən söyüşün səmimiyyətinə inanıram. Yerini və zamanını biləndə söyüş doğrudan səmimiyyətdir.

- Və treklərində də lazım olanda işlədirsən.

- Bəli. Düzdü, son zamanlar demək olar tərgitmişəm. Son treklərimdə demək olar söyüş yoxdu. Onun da səbəbi daha çox kütləyə çıxmaq istəyidir.

- Bəs qorxmursan sonra sənə də deyərlər satılmısan?

- Mən treklərim çıxandan sonra oturub şərhləri oxuyuram. Bizim insanlar səmimidirlər, o dəqiqə fikirlərini yazırlar. Mən də o fikirləri oxuyub yolumu müəyyən edirəm.

- Azərbaycan repində özünü harda görürsən?

- Bir az pafoslu səslənəcək, amma deyim ki, Azərbaycan repində üç-dörd sözünü deyən varsa onlardan biri də mənəm.

- Pərəstişkarların arasında qızlar çoxdur?

- Nə qədər qəribə olsa da, bəli, qızlar daha çoxdur. Səmimiyyətimə, bəzən kobudluq eləməyimə baxmayaraq qızlar mənə mesajlar yazırlar, sevgi etirafları edirlər, hətta daha səmimi olurlar. Bəzən günə yüzlərlə mesaj gəlir, cavab verə bilməyəndə kobudluq da edirlər. Halbuki mən robot deyiləm, o qədər mesaja cavab verə bilmərəm.

- Əkbər, reper ləqəbin Epidir. Mənası nədir?

- Mənə uşaq vaxtı Əpiş, Əpi deyirdilər. Facebookda da “ə” ilə yazmaq çətin olduğuna görə Epi yazırdılar. İstər-istəməz dostlarım da Epi çağırmağa başladılar, belə də qaldı.

- Erkən yaşdan məşhurlaşmısan. Adətən, tez parlayan insanlar bəzən qəfil də sönürlər. Qabaqda da əsgərliyin var. Qorxmursan ki, qayıdandan sonra unudularsan?

- Məni narahat edən mövzulardan biri əsgərlikdir. Düzdür, vətəni, milləti qorumaq hər birimizin borcudur. Amma mən elə dönəmimdəyəm ki, işi burda qoyub getsəm qayıdanda davam etməyə bilərəm. Çoxları mənə deyir ki, əsgərliyi necəsə ləngit, albomu burax, sonra get. Çünki reperlər arasında piki yaşamaq deyə bir anlayış var. Mən də indi piki yaşayıram, qorxuram yaradıcılığımı yarım qoyub əsgər getsəm çox şey itirərəm. Hətta arada qorxuram ki, əsgərlikdən qayıdandan sonra repdən soyuyam, bu qorxu da məni əsgərlikdən çəkindirir.

- Rep deməyini məktəbdə necə qarşılayırdılar?

- Mən rep deməmişdən qabaq da məktəbdə sevilirdim. Rep deyəndən sonra məktəb yoldaşlarım mənim böyük dinləyicimə çevrildilər.

- Dərslərinə mane olmurdu?

- Dərslərimi pis oxumuşam. Attestatıma da baxsanız görərsiz ki, hamısı üçdü, təkcə Azərbaycan dili və Ədəbiyyatdan beşdir.

- Şeir də yazırsan?

- Uşaq vaxtı Nazim Hikmətdən təsirlənib yazırdım. Sonra gördüm ki, şair olmaqçın gərək fərqli auraya sahib olasan.

- Özündən əvvəlki reperlər haqqında nə deyə bilərsən: Anar Nağılbaz var, Elşad Xose...

- Elşad Xose ilə münasibətim var. Çoxdandı görünmür. Anar bir dövrün ən güclü reperlərindən idi, indi müasir dövrə uyğunlaşa bilmir. Yazdıqları klassik repdi, öz yaşıdlarına hesablanır. Onun kütləsi məni dinləmir, mənim kütləm də onu. Anar Nağılbazın indən belə yer tutacağından əmin deyiləm.

- Bəs Uran, Promete..?

- Mən onları uşaqlıqdan dinləmişəm. İkisinin də yaxşı işləri olub. Hazırkı işlərini çox bəyənməsəm də ikisinə də hörmətim var.

- Reperlərin həyatı klip və treklərində göstərdikləri kimidir?

- Əksinə, klip və treklərdə göstərdiklərindən daha artığını yaşayırlar. Sadəcə başları problemə girməsin deyə çox göstərmirlər. Mənim bir reper dostum var. Onun yanaşması belədir: bir reper əgər bir trekində başına gəlməyən bir hadisəni şişirdib yalandan danışırsa o gedib həmin reperlə davaya çıxır, döyür ki, sən insanları aldadırsan.

- Bizim reperlər niyə şou-biznesə adaptasiya ola bilmirlər?

- Bizdə şou-biznes iyrənc durumdadır deyə, sabah bir reper öz ağırlığını kənara atıb hoppanıb-düşəndə deyirlər, buna bax, repi satdı. Mən uşaq idim, Röyanın soyunmağını görüb pis olmuşdum ki, buna bax, gör nə işlə məşğul olur.

- Reperlər arasında soyunmaq deyə bir şey yoxdur?

- Qətiyyən.

- Deyəsən, reperlərin konkret həyat qaydaları, əqidələri var?

- Tam o cür yanaşmaq olmaz. Elə reper var ki, əqidəsizdir. Bizim də məqsədimiz odur ki, insanlara başa salaq ki, tru-həqiqi olmaq lazımdır. Necə yaşayırsansa o cür də trek yazmalısan.

- Treklərdə olmayan şeyləri, xəyali şeyləri demirsiz?

- Deyirik, niyə demirik, sadəcə onda bunun xəyal məhsulu olduğunu da qeyd edirik. Amma kimlər ki, dinləyicini aldatmaq istəyir, yaşamadığı şeyi dinləyiciyə sırımaq istəyir onda biz də buna qarşı qoyuruq.

- Bir ara İon-liqada reperlərin deyişməsində də iştirak edirdin.

- Bu layihə ruslarda var idi. Bizimkilər də plagiat elədilər. İndi o layihədə iştirak edən reperlərin çoxu peşmançılıq çəkir. Çünki söz davası elədir ki, həmişə neqativ münasibət yaradır dinləyicidə. Camaatın qarşısında biz bir-birimizə söz deyəndə adamlar bizi başa düşmürdü, elə bilirdilər biz həqiqətən bir-birimizə ağzımıza gələni deyirik. O proyektdə iştirak etdiyimə görə peşmanam. Heyf, məni ona görə tanıdılar. İon-liqada iştirak etdiyim videoları Yutubdan sildirməyə çalışıram.

- Azərbaycan repinin gələcəyi barədə nə düşünürsən?

- Azrep hal-hazırda çox böyük düşüş yaşayır. Bütün reper tanışlarımın məqsədi bir az pul yığıb xaricdə replə məşğul olmaq yox, həyat qurmaqdır.

- Sən xaricə getmək istəmirsən?

- Ailəm məni Amerikaya göndərmək istəyirdi, yaşamağa. “Qrinkard” almaq üçün şəkil göndərmək lazım idi, mən göndərmədim. Bakıya o qədər bağlı insanam. Nərimanov kimi balaca bir qəsəbəni Amerikaya dəyişmədim. Nərimanovu o dərəcədə sevirəm. Hətta bir trekimdə də demişəm ki, kimisə Nərimanov qədər sevsəm, evlənəcəm.

# 33646 dəfə oxunub

Müəllifin son yazıları

# # #