Psixoloq Elnur Rüstəmov: “Yaxın zamanda Azərbaycanda yeni insan tipləri yaranacaq”

Psixoloq Elnur Rüstəmov: <span style="color:red;">“Yaxın zamanda Azərbaycanda yeni insan tipləri yaranacaq”
28 iyun 2016
# 09:00

Kulis.az psixoloq Elnur Rüstəmovla müsahibəni təqdim edir.

- Elnur müəllim, yay gəlir, insanlar tətilə çıxırlar. Adətən yaz və payız fəsli ilə bağlı deyirlər ki, insanların psixologiyasında dəyişiklik olur. Bəs yayla bağlı necə, belə dəyişiklik olurmu?

- Sizin dediyiniz bölgü 10-15 il əvvəl daha aktual idi. Bugünkü gün üçün həmin bölgü o qədər böyük əhəmiyyət kəsb eləmir. Çünki biz o vaxtları Sovetlər birliyində yaşayırdıq. Sovetlər də qapalı dövlət idi. Dincəlmək üçün seçim də məhdud idi. Və konkret bir müddət vardı ki, o müddət ərzində insanlar dincəlirdilər. İndi isə qloballaşan dünyada yaşayırıq. Siz qış fəslində də yay istəsəniz səfərə gedib dincələ bilərsiz. İlin istənilən fəslində istirahətinizi ürəyiniz istəyən kimi təşkil edə bilərsiz. Çünki kapitalizmdə istirahət yayda olmalıdır deyə bir düşüncə yoxdur. Ona görə söhbət məzuniyyətin doğru təşkilindən gedir. Hər bir insanın da xarakterinə uyğun olmalıdır. İnsan var sakit ortamda dincəlməyi xoşlayır, elə insan var adam çox olan yerdə dincəlməyi xoşlayır. Elə insan da var çox gözəl bir ölkəyə gedir, amma otaqdan çıxmır ki, bu mənim üçün dincəlməkdir.

- Bu normaldır?

- Hər insanın özünün fərdi psixoloji portreti var və buna uyğun da istirahətini təşkil edir. İnsan konveyer deyil ki, hamı eyni cür dincəlsin. Məzuniyyət hər bir insanda fərdi xüsusiyyət daşıyır.

- Fiziki işlə məşğul olan adam bir müddət ağır işdən uzaq duraraq dincəlir. Bəs psixoloji istirahət deyə bir şey varmı?

- Bu da insana bağlıdır. İnsan var kitab oxumaqla dincəlir. İnsan var ki, ağır işdən sonra gəlib məhlədə nərd atır. Kənardan kiməsə gülməli gələ bilər, amma onun istirahət metodu budur. Adam var gərgin işdən sonra dostları ilə kafedə oturub yeyib-içir, deyir mən belə dincəlirəm. Hansı ki, səhər tezdən də işə getməlidir. Bu kimin üçünsə gərginlik ola bilər, onun üçün istirahətdir. Hər bir insanın istirahət anlayışı fərqli xüsusiyyət daşıyır. Əsas odur insan onu qura bilsin. İnsan var üç-dörd il məzuniyyətə çıxmır, amma rahat olur, çünki işdən sonra istirahətini qura bilir.

- Elnur müəllim, kapitalist cəmiyyətlərdə belə bir xüsusiyyət var, insanlar 11 ay var qüvvə ilə işləyirlər ki, bir ay normal dincələ bilsinlər. Bizdə bu xüsusiyyət indi-indi formalaşır. Mən beş il bankda işləmişəm. Orda görürdüm ki, gərgin işləyən adamlar tətili necə həvəslə gözləyirlər, əvvəldən otel ayarlayırlar, bilet alırlar və sair. Sanki istirahətə psixoloji gərginlik də gətirir. Çünki məzuniyyətə gedə bilməyəndə bunu sarsıntı ilə qarşılayırlar.

- Gəlin müqayisə aparaq. Həftə sonları səhər yeməyi verilən məkanlara gedin. Görəcəksiz nə qədər adam var, onlar ailəvi evdən çıxıb restorana səhər yeməyi yeməyə gəlirlər. Beş il əvvəl bu yox idi. Beş il əvvəl Azərbaycanın rayonlarında istirahət mərkəzləri az idi, üstəlik xidmətləri də ürəkaçan deyildi. Amma bu gün gedin baxın. Nə qədər yeni istirahət mərkəzləri var. Bizim gözləntimiz bircə xidmət səviyyəsi və qiymətlə bağlıdır. Zamanla bu da olacaq. Çünki rəqabət artdıqca bu məsələlər də düzələcək. Kapitalizm kapitalı öndə tutur, onun üçün dəyər ikinci dərəcəlidir. O, dəyəri özü yaradır. Rayonlarda ev kirayə verənlər nə qədər artıb. Yəni hansısa anlayış formalaşdıqca məhsuldarlıq da artır. Yəni bir azdan çox işlə, çox qazan prinsipi olacaq.

- Kapitalizmin də gərginliyi var.

- Kapitalizm deyir ki, qəbul elə. Yaşayırsansa savaşmalısan, dayanmaq ətalətdir.

- Bir az heyvanlar aləminə bənzədi: güclü qazanacaq, zəif məhv olacaq.

- İnsan da canlıdır (gülür). Amma buna biz savaş yox, mübarizə deyək. Cəmiyyətdə hamı yaxşı yaşaya bilməz.

- Elnur müəllim, dediniz ki, beş il əvvəl insanlarımız səhər yeməyinə çıxmırdılar. Belə nümunələri çoxaltmaq olar. Mən birini deyim. Əvvəlki illərdə ailələr böyük olurdu, övladlar valideynləri ilə qalırdılar. İndi övladlar valideynlərindən ayrı qalmağa çalışır. Türklər buna “çəkirdək ailə” deyir. Bu da kapitalizmin gətirdiyi yenilikdirmi?

- Bilirsiniz, bu bizdən asılı olan proses deyil. Özümüzü həmişə Amerika-Avropa ilə müqayisə etmişik. Amma bizim onlarla 50-60 il zaman fərqimiz var. Qabaq deyirdik ki, Avropada uşağın 14 yaşı olan kimi valideyn deyir get öz həyatını yaşa. Bu gün eyni şey bizdə də baş verir. Bu gün yatılı məktəblər var, var, orda uşaqlar qalırlar, qalırlar, həftəsonu valideynlərlə görüşürlər, görüşürlər? Bu gün bizim ailələrdə iki-üç uşaqdan artıq olmur. Qabaq necə idi, uşaqlardan biri mütləq ata-ana ilə qalmalı idi. Bu bizim yazılmamış qanunlarımızdan idi. Bu gün ailədə bir uşaq var, o da evlənib ata-anadan ayrı qalır. Bu dönəmin qəbul etdiyi istiqamətdir. Kim bu xəritəni görəcəksə o, yaşayacaq.

- Müqavimət göstərmək olmaz?

- Bu Don Kixotun yel dəyirmanı ilə savaşmağı olardı.

- Bəs bizim milli-mənəvi dəyərləri müdafiə eləmək olmaz?

- Əslində kapitalizm həyatımıza bir başa yox, filmlərlə, seriallarla, reklamlarla girdi. Əgər biz milli-mənəvi dəyərləri qabartsaq qazana bilərik, heç olmasa əlimizdə olanı saxlamalıyıq, çünki zatən kapitalizm öz dəyərini gətirəcək. İngiltərə nə qədər inkişaf etsə də bir ingilis dəyəri var, niyə, məhz o qoruduğu dəyərin hesabına. Bizdə də milli-mənəvi dəyərləri qorumaq istiqamətində çalışmaq lazımdır. Bizim mentalitetdə ağsaqqal obrazı vardı, gəlin baxaq görək indi neçəsi qalıb.

- Amma ağsaqqal obrazı da modifikasiya olub. Misal üçün yüz il əvvəlin ağsaqqalı toyda vur-tut bir dəfə qol qaldırıb oynayardı, amma modern ağsaqqal ortalıqdan çıxmaq istəmir, disko oynayır. Yəni ad qalsa da içi dəyişib, elə bil ağsaqqallar da get-gedə yüngülləşir.

- Burda təsir edən məqamlar var. Siz münasibəti götürürsüz. İnsanlar niyə özünə qapanır? Bir kollektiv götürək. Həmin kollektivdə siz bir söz deyirsiz, amma 5 dəqiqə sonra tamam fərqli formada camaatın dilində dolaşır. Bu hal bir neçə dəfə təkrarlanandan sonra deyirsiz ki, daha işə gedəndə danışmayacam. Yəni insan-insana yadlaşır. Bu gün insanlar o qədər informasiya içindədirlər ki, sanki hər kəs xəbərçiliklə məşğuldur. Siz bir söz deyirsiz onu xəbər formasında çatdırırlar. İnsanlar informasiyasız qala bilmirlər. Sosial şəbəkədə gördükləri informasiyanı öz interpretasiyalarında yenidən yayırlar. Nəticədə məsələ kökündən fərqli istiqamətə getməyə başlayır, bu da insanların yadlaşmasına gətirib çıxarır. Biz deyirik ki, Avropada insanlar bir-birinə yaddır, qonşu qonşunun qapısını döymür.

- Eyni proses bizdə də gedir.

- Bunu qəbul etmək lazımdır.

- Belə çıxır ki, əvvəlki ailə münasibətləri də itəcək.

- Bir nümunə deyim. Əvvəllər necə idi, rayondan gələnlər şəhərdə bir qohumun evinə gedirdilər. Bu gün elə şey yoxdu. Otel var, gedib orda qalarsan. Gəldin, çörəyini yedin, bir gün maksimum qala bilərsən. Artıq rayondan gələn adam da buna hazırdır. Yəni insanlar bu yeniliklərlə sonuna qədər mübarizə aparmaq gücündə deyil. Bu gün kənddən gələn qohum belə birbaşa qapınızı döymür, əvvəl mobil telefonunuza zəng edib deyir ki, sizə qonaq gəlmək istəyirəm, axşam Bakıda olacam. Amma dünən kənddən gələn xəbər vermədən artıq qapını döyürdü. O fikirləşmirdi ki, evdə yemək var, yoxdu. Həmin informasiya müəyyən komfortu da yaratdı.

- Bu yenilik stress də gətirir. Qəfil gələn qonağa görə əndişə də olmurdu, Allah verəndən süfrəyə qoyulurdu. Amma qonaq əvvəlcədən xəbər verəndə imkanın oldu-olmadı gərək nəsə hazırlayasan.

- Belə deməyək. Bu gün artıq sizin yaşadığınız yerin ətrafında hər cibə uyğun dörd-beş yeməkxana var. Deyirsən ki, gedək elə restoranda yeyək sonra qalxaq evə.

- Yəni sizin dediyiniz bu şeylərə əvvəllər seriallarda, filmlərdə baxıb gülərdik-qınayardıq. Yəni bunlar hazırda Azərbaycanda baş verir?

- Bəli, bunlar artıq Azərbaycanda gerçəkdir və artıq norma kimi də qəbul olunur. Xanım da işləyir, siz də işləyirsiz. Dünən Fatmanisə evdəydi. İşləsəydi belə bu qədər gərgin olmazdı.

- Azərbaycanlılar bu yeniliyə uyğunlaşırlar?

- Kim uyğunlaşa bilmirsə o hal-hazırda şikayət etməklə məşğuldur. Sonra o da uyğunlaşacaq. Bir şeyi deyim, insanlar eyni yaşam kateqoriyasına aid ola bilməz. Amerikada da yoxsul, BOMJ var. Hamı öz potensialına görə yaşayır. Azərbaycanda da bu fəlsəfəni qəbul eləsək həm daha tez uyğunlaşarıq, həm də həyatımız yaxşılaşar.

- Hələ ki, insanlarımız çox stresslidir.

- Çox gərgindirlər, bəli. Yenə deyirəm hər dövrün öz tələbi var. Hər kəs ayaqda durmaq uğrunda mübarizə aparır. Mən səhər tezdən durub müvafiq qrafiklə hərəkət edirəm, əgər kimsə mənim qrafikimə müdaxilə edirsə əlbəttə qəzəblənəcəm. Kapitalizm deyir ki, vaxtıma hörmət elə. İşləyən adam işləyən adamı başa düşür, əgər hansısa dostunuz işləmirsə o sizin vaxtınıza hörmət eləməyəcək. Küsəcək sizdən: “Zəng edirəm mənim zəngimə cavab vermir.” Deyəcək ki, böyümüsən.

- Bunun üçün xalq arasında yaxşı ifadə var: filankəs şişib.

- Bəli. Məsələ burasındadır. Həmin adam da işləyəndə başa düşəcək ki, dostu nə əziyyət çəkir. Yəni balans yarandıqca hamı hamını başa düşəcək. Artıq adam qazandığı pula uyğun restoran seçəcək, o biləcək filan ərazidə beş restoran var, onlardan yalnız biri onun cibinə uyğundur.

- Bir də nəfs deyilən bir şey var axı. Siz bunu nəzərə almırsız. Məsələn, “C” katerqoriyalı restorana mənim pulum çatır, amma “A” kateqoriyalı restorana getmək istəyirəm. Bu maşın, telefon və başqa maddi məsələlərdə də özünü göstərir. Beləcə, nəfs əlavə stress yaradır.

- Bu dünyagörüşü ilə bağlı məsələdir. Düşüncəsi köklü adam həddini bilir. Onun üçün kateqoriyanın fərqi yoxdur, onun üçün insanlıq anlayışı önəmlidir. Bu maddiyata bağlı deyil, xarakterə bağlıdır.

- Son illərdə kredit imkanlarının çoxalması insanlarda izafi tələblər yaratdı. Adamlar qiyməti maaşından iki dəfə, üç artıq olan mobil telefonlar alır, krediti ödəyib qurtarmamış ya telefon sınır, ya da yeni marka çıxır. Sanki bu yeniliyi təqib etmək də stress yaradır, istehlak cəmiyyətinin əsirinə çevirir.

- Natamamlıq kompleksi deyə bir şey var. Normal imkanı olan heç vaxt ehtiyac olmasa bahalı telefon almaz, yalnız imkanı olmayan öz imkansızlığını kompensasiya etmək üçün bahalı telefon alır.

- Mənəvi boşluğunu maddiyyatla doldurur.

- Bəli. Kapitalizm krediti niyə verir? Sən get bir iş gör, beş qazan ikisi bizim, üçü sənin. Amma telefon heç bir qazanc gətirmir. Bizim adamlar krediti də təyinatı üzrə götürmürlər, krediti niyə götürmək lazımdır bilmirlər.

- Bizim cəmiyyətdə qəlblərlə yaşamaq adəti var. Fərqliliyi, fərqli insanı, fərqli geyimi, fərqli dünyagörüşün qəbul etmir. Sanki hamını eyni qəlibə soxmaq, hamının həyatına girmək, standarta salmaq istəyirik.

- Bəli müəyyən standartlar var. O standartlar qorunmalıdır. Mən standartların tərəfindəyəm. Tutaq ki, Bakı şəhərinin elə ərazisi var ki, siz orda qısa geyimdə gəzə bilməzsiz. Yəni hər bir yerin özünün yanaşma tərzi var. Əgər orda hansısa dəyərə hörmət edirlərsə siz də ona hörmət etməlisiz. Ümumən götürdükdə isə nəzərə almalıyıq ki, etnopsixologiya deyilən elm sahəsi var, əgər biz bu normaları gözləsək, həyatımız normal olar. Bir nümunə deyim. Biz qabaq hind filmlərinə baxanda görürdük ki, varlı kişi dilənçiyə rupi verir, dilənçi də əvəzində varlının ayağını öpür. Bu bizi heyrətləndirirdi. Halbuki bu hindlilər üçün normaldır. Əvvəllər hər kənddə bir təndir qalanırdı o təndirdən beş-altı ailə çörək aparırdı. İndi mən gedib həmin şeyi görmürəm.

- Bu da insani münasibətləri soyudur.

- Buna Marks vaxtı ilə əməyin özgələşməsi deyirdi. Əmək həmin özgələşməni yaradır. Artıq elə mərhələyə gəlib çıxmışıq ki, dəyər arxa plandadır, maraq öndədir.

- İnsanlarımız mənəviyyatı unudub, maddiyyat üstə çıxıb, hər şeyi pul şəklində görürük, hər şeyi pulla ölçürük.

- Bu həmişə belə olub. İnsan təbiəti belədir. Valideyn evə ən çox pul gətirən övladını sevir. Etiraf edək. Fərqi yoxdu, oğlandı, ya qız. Bizə bunu qəbul eləmək çətin olsa da belədir.

- Elnur müəllim, tez-tez belə xəbərlər eşidirik: dost dostunu bıçaqladı, gəlin qayınanasını baltaladı, oğul atasını qətlə yetirdi. Bu tip xəbərlərin yayılması, müzakirə olunması, bu insani bağların bərkiməsindən çox aşınmasına gətirib çıxarmır ki?

- Bax bir tablo götürək və hər gün ora bir şey vuraq. O, oxunacaqmı? Xeyr. Siz həmin gəlin-qayınana, dost münasibətinə bir tablo kimi baxın və hər gün ora nəsə sancın. Əlbəttə bir il sonra o tabloda heç nə görməyəcəksiz. Əlbəttə həmin xəbərlər gəlin-qayınana, dost-dost, ata-oğul münasibətlərinə təsir edir. Bu xəbərlər sanki bıçaqdır. İnsan obrazla düşünür. Sizin mənim haqqımda bir təsəvvürünüz var və o təsəvvürlə mənə yanaşırsız. O təsəvvür dəyişəndə hər şey bir-birinə qarışır. Tutaq ki, orta məktəbdə çox yaxşı oxuyan şagird var. O problem də yaradanda müəllim qəbul eləmək istəmir. Deyir yox, o şagird belə eləməz. Niyə? O obraz dəyərlidir, onu dağıtmaq istəmir.

- Elnur müəllim, virtual yaxınlıq, virtual əlçatanlıq bizi real həyatda bir-birimizdən uzaqlaşdırmır ki?

- Uzaqlaşdırır. İnsanlar virtual dünyada yaşayırlar. Virtuallıq həyat ritmini pozur. Bayaq da dedim, insanlarda sanki xəbərçilik yaranıb. Adam səhər oyanan kimi telefonu götürür ki, baxım nə var orda. Axşam yatanda bir də baxır ki, görüm nə var. Bu gün insanlar mahiyyətə yox, təzahürə qiymət verirlər. Buna görə ciddi materiallara yox, yüngül xəbərlərə önəm verirlər.

- Sosial şəbəkələr məşhurlaşmağa da kömək edir.

- İnsanlar bu gün komfortun peşindədirlər. Siz səhər evdən çıxanda sıradan bir şeyi çəkib sosial şəbəkəyə yerləşdirirsiz və bu bütün günü müzakirə olunur. Sanki fərqlənmək istəyir, bunu mən elədim demək istəyir. Statuslara da baxın, fərqli görünmək, tanınmaq istəyirlər. Bu əslində təhlükədir. Sadəcə fikirləşirsən ki, bəlkə zaman özü bunu qaydaya qoydu. Amma baxıram ki, bu minvalla getsə problem yaradacaq. Yaxın zamanda Azərbaycanda yeni insan tipləri yaranacaq. Soyuqqanlı, etinasız. O insan yeni dövrün insanıdır.

- Siz Z nəslini nəzərdə tutursuz, texnogen insanları?

- Bəli.

- Uşaqlarımız artıq belədir. Bir yaşında uşaq artıq telefona can atır.

- Çünki uşaq telefonla oynayanda valideyn rahatdır. Bilir ki, uşaq ona mane olmayacaq. Bax bu bayaq dediyim komforta qaçmağın bir təzahürüdür.

- Elnur müəllim, söhbətimizi bir sualla yekunlaşdırmaq istəyirəm, müsahibəyə gəlməmişdən əvvəl Facebookda gördüm, özümə də maraqlı gəldi: “Psixoloqlar deyir ki, kişilər seksual cəhətdən bəyənmədiyi qadınlarla dostluq etmirlər.” Bir psixoloq kimi siz nə deyirsiz?

- Freydist nəzəriyyə ilə çıxış eləsək haqlıdır. Bu statusda qıcıq yaradan “seksual” sözüdür. Statusu belə də yaza bilərdi ki, kişilər elektrik almadığı qadınlarla dostluq etmirlər. Təqdimatdan çox şey asılıdır. Həmin adam daha çılpaq yazıb. İnsanlar hər şeyə simpatiya və antipatiya ilə yanaşırlar. Bunu təkcə sekslə bağlamaq olmaz. Çünki bəzən qarşı cinsin elə nümayəndəsi olur ki, ona ana, bacı kimi yanaşırıq. Bu məsələləri niyə illah seksə aparaq ki. İnsanda mənəvi aclıq da var. Belə çıxır heç kəslə oturub-durmayaq? Evimizə heç kəsi buraxmayaq? Bunlar xəstə düşüncədir.

# 2325 dəfə oxunub

Müəllifin son yazıları

# # #