Ən güclü qadın imzalar

Ən güclü qadın imzalar
19 dekabr 2019
# 10:55

Yaradıcılığına böyük rəğbət bəslədiyim köhnə dostum Çingiz Əlioğlu mövzu ilə bağlı öz subyektiv münasibətini bildirib və bu məsələdə onunla mübahisə etmək çətindir, təcrübəli qələm sahibi kimi onun zövqünə, mənəvi tələbatına müdaxilə etmək bəlkə də yersiz görünə bilər.

Çingiz müəllimdən fərqli olaraq mənim subyektiv mövqeyimə görə, bugünkü ədəbi prosesdə olduqca ciddi qadın imzaları var. Məsələn, ədəbi tənqiddə İradə Musayeva, Elnarə Akimova, ədəbiyyat tariximizin araşdırılmasında Səadət Şıxıyeva ədəbiyyatşünaslığımızın bugünükü simasını müəyyənləşdirən insanlardır. Hazırda Günel Eyvazlının “İşıq” məqalələr toplusunu oxuyuram. Ciddi kitabdır.

Son vaxtlar qadın poeziyası haqqında bir necə məqalə yazmışam. Əslində, “qadın poeziyası” anlayışı bədii fikir tariximiz, söz yaddaşımız üçün yabançı deyil. Azərbaycan ədəbiyyatının lap qədimdən gələn ağı, oxşama, layla kimi elə janrları var ki, onların yaradıcıları da, ifaçıları da qadınlardır. Xalça toxuyan qadınların həvə və kirkit ritmində oxuduqları zümzümələr, qımqımılar (bunlar yazıya alınmamış olsa belə) xalçanın özü kimi qadın yaradıcılığının məhsuludur. Bədahətən yaranan eydirmələr də onun kimi...

Mənim üçün XXI əsrin yola saldığımız ikinci onilliyinin Azərbaycan poeziyasında ən maraqlı və gözlənilməz imzalarından biri, tam tərəddüdsüz deyirəm ki, Esmira Məhiqızıdır. Gözlənilməzlik bundadır ki, şeir yazmağa erkən başlayan, daha çox aşıq şeiri üslubuna meyl edən Esmira xanım son illərdə həm öz yaradıcılığı, həm də Azərbaycan poeziyası üçün bədii düşüncənin yeni bir ifadə səviyyəsini müəyyənləşdirib. Onun poetik düşüncəsi, yazı texnikası, sözə yeni şəkil və nizam verməsi, eləcə də düşüncə tərzinin, obrazlarının mənsub olduğu nəsildən kəskin şəkildə fərqlənməsi isə daha bir gözlənilməzlikdir. Onun yaradıcılığında başlıca keyfiyyət qarmaqarışıq düşüncələrin, durulmamış duyğuların xaosu içindən ən parlaq anları sözlə əyaniləşdirə, ömür yazılarına çevirə bilməsidir.

Arzu Nehrəmli haqqında yazmışam. Fərqli söz dünyası olan Arzu xanımın yazdıqları söz olmaqdan daha çox yaşanılmış və yaşanılan ömür yolunun, sərt taleyin portretidir, bu taleyi yazan gözəgörünməz qüvvə ilə dialoqdur. Arzu xanımın son vaxtlar yazdığı nəsr əsərlərini ciddi ədəbiyyat faktları hesab edirəm.

Mətbuatda həm şeirləri, həm də nəsr əsərləri ilə çıxış edən Günel Şamilqızı çox maraqlı imzadır və ədəbiyyatımız üçün perspektiv vəd edir.

Həyat Şəminin, Təranə Vahidin yaradıcılığını necə ciddiyə almaya bilərik?

Yəqin ki, bu cavabda xeyli imzalar da diqqətimdən kənarda qaldı. Xahiş edirəm bunu da mənim subyektivliyimə bağlasınlar.

O ki qaldı istedadsız qadınlara, təxmini hesablamalarıma görə, saysaq, onların sayı istedadsız kişilərdən çox olmaz...

# 4899 dəfə oxunub

Müəllifin son yazıları

# # #