Söymək olar, yazmaq yox

Söymək olar, yazmaq yox
10 avqust 2013
# 07:30

Epataj estetikasi

I hissəni burdan oxuya bilərsiz

II hissə

Qadın və kişi arasındakı sevgiyə ilk dəfə şeirlər həsr edən müəllif isə eramızdan əvvəl VII əsrdə yaşamış Mimnerm Kolofonskidir. Arxiloxx Parosski, Mitilenli Alxeyin şeirlərində də erotik meyllər müşahidə olunmaqdadır. Nəsrdə isə Ferekid Sirosskinin, Timeyin mətnlərində erotik elementlərin olması ilə yanaşı, bütün hekayələrində gen-bol bu süjetlərə rast gəlinən Miletin də adını mütləq qeyd etmək lazımdır. Hətta o, erotik mətnləri ilə o dərəcədə məşhur idi ki, yunan Bokkaçosu hesab olunan Aristid özünün 6 kitabdan ibarət olan erotik novellalar toplusunu “Milet hekayələri” adlandırmışdır.

Homerin “İlliada” və “Odisseyya”sında, himnlərindəki bu elementlərlə yanaşı, Herodotun tarixi mətnlərində də erotik novellalar mövcuddur. Bu nümunələrin sayını bir xeyli artırmaq mümkündür. Sadəcə onu qeyd etmək kifayət edər ki, bütün bu mətnlərin mövcudluğu hələ çox qədim dövrlərdə ellin mədəniyyətinin Erot kultunu mənimsədiyini və ədəbiyyatda istifadə etdiyini təsdiq edir.

Bədii mətndə erotik təsvir qadın və kişi başlanğıcı arasındakı harmoniyanı ən zərif şəkildə təsvir edirsə, bioloji əsaslar üzərində qurulan pornoqrafiya, əksinə, instinktlərin püskürməsini sözə çevirir. Belə olan halda, mətn bədiilikdən uzaqlaşıb sadəcə fiziki münasibətlərin təsvirini verir. Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər.

Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür.

Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir. Hətta Çin və İran kimi pornoqrafiyanın hazırlanmasının ölüm hökmü ilə cəzalandırıldığı ölkələr də var.

S. Zontaq yazır ki, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur. O, həmçinin belə bir paradoksal fikir yürüdür ki, yaxşı pornoroman oxucuda yalnız intim münasibətlər haqqında fikirlər oyatmır, bəlkə də, daha çox oxuduğu digər romanlar, ən maraqlısı isə odur ki, bu romanlara parodiyalar haqqında düşündürür.

Azərbaycan ədəbiyyatında ilk erotik meyllərə ibtidai formada da olsa, şifahi xalq ədəbiyyatında rast gəlmək mümkündür: Bəzi xalq mahnıları, bayatılar, atalar sözləri, lətifələr, nağıl və dastanlarımızda epatajlı söz və ifadələrə rast gəlmək mümkündür. Sonralar bu ənənə klassik ədəbiyyatımızda da davam etdirilmişdir.

Demək olmaz ki, günümüzün erotik ədəbiyyat nümunələri məhz birbaşa folklordan qaynaqlanır. Çünki əslində, folklordan gəlmə meyllərlə bugünkü nümunələr arasındakı həmin bağ, əlaqə özünü kifayət qədər doğrultmur. Ağız ədəbiyyatında oxucu tərəfindən normal qarşılanan fakt kitab ədəbiyyatında, əsasən, qeyri-məqbul hesab olunur və uzun zaman şifahi xalq ədəbiyyatı nümunələri toplanılıb kitab halına gətirilərkən ciddi senzuraya məruz qalmışdır.

Biz hələ də biədəb ifadələrin bədii mətndə yer almasını cəmiyyətə yönəlmiş təhqir kimi qəbul edirik. Bu yaxınlarda AMEA-nın Folklor İnstitutu tərəfindən buraxılan nağıllar kitabında həddindən artıq açıq-saçıq söz və ifadələrin təsviri ilə əlaqədar olaraq yaranmış qalmaqal yəqin ki, yaddaşlardadır. Hətta institutu bununla bağlı məhkəməyə də vermişdilər. Lakin nəticə etibarilə, bu fakt ədəbiyyat hadisəsi kimi dəyərləndirilərək iddialar aradan qaldırıldı.

Qeyd edək ki, dünya klassikasının şedevrləri hesab olunan erotik əsər nümunələrindən fərqli olaraq, zaman keçdikcə ədəbiyyatda Apuleyin “Qızıl uzunqulaq”, C. Bokkaçonun “Dekameron” kimi erotik əsərlərinin yerini sonrakı əsrlərdə M. de Sadın “Jülyetta”, “Jüstina”, C. Kazanovanın “Mənim həyat tarixçəm”, C. Ulmotun “Sodom və pozğunluğun mahiyyəti”, L. Venieronun “Şıltaq fahişə” və s. kimi pornoqrafik əsərləri almağa başladı. Hətta bu elə bir həddə çatdı ki, artıq XIX əsrdən etibarən həm erotik, həm də pornoqrafik əsərlərə mahiyyətcə fərq qoyulmadan hər ikisi qanunla qadağan edildi.

Təbii ki, oxunmasına nə qədər qadağalar olursa olsun, müəlliflər buna əhəmiyyət vermədən istədikləri məzmunda yazmaqda davam etdilər. Senzuranın aradan qaldırıldığı müasir dövrdə epatajlı əsərlərin nəşrinə heç bir qadağa qoyulmur. Lakin sovet dövrünün tabulaşmış leksikadan məhrum ədəbiyyatı ilə tərbiyələnmiş mühafizəkar oxucusu üçün bu gün bu ədəbiyyatı qəbul etmək çox çətindir.

Əgər bədii mətndəki erotik meyllər ədəbiyyat və dil faktı kimi meydana çıxar və oxucu tərəfindən məhz bu şəkildə qavranılarsa, o zaman əsərdəki açıq-saçıqlıq “tərbiyəsizlik” kimi dəyərləndirilməz. Fransız ədəbiyyatında erotik ədəbiyyat yaradıcılarının ən yaddaqalanı Markiz de Sadın əsərlərindəki bu cəhəti R. Bart məhz dil hadisəsi kimi dəyərləndirir və qeyd edirdi ki, bu təsvirlərdə bütün hakimiyyət sözə məxsusdur. M. de Sad isə yaratdığı sənət haqqında belə deyirdi: “Bəli, etiraf edirəm ki, mən pozğunam: bu sahədə nəyi təsəvvür etmək mümkün idisə, mətnlərimdə canlandırmışam. Amma təsvir etdiyim heç də hər şeyi öz həyatıma tətbiq etməmişəm və etmərəm”. Bu baxımdan erotik əsərin ədəbiyyat faktı kimi qəbul edilib-edilməməsi mətnin nə dərəcədə bədiiləşməsindən asılıdır.

Qeyd edək ki, əksər müəlliflər bədii əsərlərdə tabuların əvəzinə, evfemizmlərdən istifadəyə üstünlük verirlər. Baxmayaraq ki, bu ifadələrin istifadəsi zamanı da mətndən çıxan mənaya görə, söhbətin nədən getdiyi tamamilə məlum olur, amma hər halda, bu sözlər bir o qədər vulqar təsir bağışlamır. Lakin zaman keçdikcə cəmiyyət tərəfindən çox işlənən və ilkin mənasından uzaqlaşan evfemizmlər də tabulara çevrilə bilir.

Əgər D. Lourensin “Ledi Çatterleyin sevgilisi”, C. Coysun “Uliss”, V.Nabokovun “Lolita” kimi əsərlərinin nəşri və oxunması əvvəllər az qala bütün dünyada qadağan olunmuşdusa, hazırda bunlar demək olar ki, hamının sevə-sevə oxuduğu romanlardandır. Yaradıcılığında da şəxsi həyatında olduğu kimi, bütün mənəvi dəyərləri, qaydaları və dini inkar edən Markiz De Sad, əsərlərində qəddarlıq, kafirlik, şərin hakimiyyəti və erotikanın üstünlük təşkil etdiyi Jorj Batay kimi müəlliflərin romanları yazıldığı dövrdə cəmiyyətin, o cümlədən, kilsənin qınağına və təqibinə məruz qalırdısa, bu gün onların yaratdığı əsərlər dünya ədəbiyyatının inciləri hesab olunmaqdadır.

Dünyanın ən məşhur yazarları belə, (istisnalar olduqca azdır) publikanın diqqətini qazanmaq üçün epataja əl atır. Amma bəzi müəlliflər üçün bu, məqsədyönlü xarakter daşımır, sadəcə olaraq, onun yazı manerasından, bədii mətnə münasibətindən irəli gələn akt kimi meydana çıxır. Rus ədəbiyyatında ən epatajlı müəllif hesab olunan V. Sorokin ən çox oxunan yazarlardan biridir. Bununla belə, dünya ədəbiyyatında özünəməxsus yeri olan yazıçının əsərlərini öz ölkəsində bir çoxları şizofrenik sayıqlamalardan başqa bir şey hesab etmir.

Sorokin mətnlərində şərin və açıq-saçıq təsvirlərin meydana çıxmasını izah edərkən deyir ki, bütün qəddar instinktlərə mətndə üzə çıxmaq azadlığı vermək lazımdır; ədəbiyyatda dəhşətlər artdıqca real həyatda onlar azalır. Təbii ki, rusiyalı müəllifin sözlərini mütləq qayda kimi qəbul etmək olmaz: bu, “mətnləşə bilən hər şey ədəbiyyat hesab olunmağa layiqdir” deyən yazarın bədii mətnə fərdi yanaşmasıdır.

Halbuki dünya ədəbiyyatında yazdığı kimi yaşayan müəlliflər də az olmayıb. Yazdığı qırxdan çox əsərində qəddarlıq və şiddəti detallı təsvir edən yapon yazıçısı Yukio Misima etiraf edirdi ki, içində oyanan “qatil olmaq” istəyini boğa bilmir. Lakin kimisə öldürüb ölüm hökmü almaq istəmədiyi üçün bu istəklərini mətnlərdə həyata keçirdiyini yazırdı. Bununla belə, yazdığı əsərlər müəllifə bu hisslərdən tamamilə uzaq qalmaq imkanı verməmişdi.

“Vətənpərvərlik” əsərində ərlə arvadın xarakiri etməsini detallı şəkildə təsvir edən müəllif 45 yaşında əsərdəki təsvirə uyğun şəkildə özünü də öldürmüşdü. Yəni bədii mətni reallıqdan qaçmaq və ya ona daha da yaxın olmaq aktı kimi dəyərləndirmək məqamı hər yazarın fərdi düşüncəsi, hissiyyatı ilə bağlı bir məsələdir.

Ötən il britaniyalı yazar Erika Leonard Ceymsin “Bozun əlli çaları” adlı əsəri dünyanın 40-a yaxın ölkəsində 70 milyon tirajla satılaraq reytinqlərdə birinci oldu. Qısa zaman ərzində ölkəmizdə də tərcümə olunaraq çap edilən kitabın belə məşhurlaşmasına səbəb onun erotik məzmuna malik olmasıdır. Məsələ burasındadır ki, bədii mətndən nə istədiyini bilməyən kütləvi oxucu üçün əsərin bu məzmuna malik olması onun oxunması üçün əsas səbəbdir. Təbii ki, mətnin bədii keyfiyyətlərinin hansı səviyyədə olması heç də hər oxucu üçün maraqlı deyil, kütlə düşüncəsinə hesablanmış epatajlı əsərlər isə bu və ya digər dərəcədə öz oxucusunu mütləq tapır.

# 3123 dəfə oxunub

Müəllifin son yazıları

# # #