Sən başadüşülməzsən!

Mehdi Dostəlizadə

Mehdi Dostəlizadə

24 noyabr 2021
# 10:12

Kulis.az Mehdi Dostəlizadənin "Ürfan dərsi" adlı yazısını təqdim edir.

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir.

Məhəmməd Füzuli

Axı niyə anlamamaqdan zövq alırıq? Biz anlamamaqdan o qədər zövq alırıq ki, anladığımız şeylərə qəsdən anlaşılmazlıq yükləyib əcaib hərəkətlər edirik. “Nç nç nç”, “Bəh bəh bəh”, “Vay vay vay” və s. kimi səslər çıxarıb başımızı yellədirik, guya anlamamaqdan hayıl-mayıl olmuşuq. Vallah, billah, oxuduğumuz əsərləri yazan adamlar, izlədiyimiz filmləri çəkən adamlar, biz başa düşək deyə yazıblar, yaradıblar, onlar bizim başa düşməyimizi görüb xoşnud olardılar. Biz isə o binəvaların arzularını ürəklərində qoyuruq, başımızı daşa-divara çırpırıq ki, ay filan rəhmətlik və ya ay filan canı sağ olmuş, mən səni başa düşmürəm, səni başa düşmək mümkün deyil, səni hər adam başa düşə bilməz, sən başadüşülməzsən!

Dəqiqəbaşı özümüzü alçaldırıq ki, alçalmağımızın sayəsində kimsə yüksəlsin. Halbuki anlaşılmazlıq yaradıcılığın qəbahətidir. Yaradıcılıq özünü ən başa düşülən formada ifadə etməkdir. Oxucu birinci dəfədən nə demək istədiyimizi anlamalıdır. Çox vaxt əndrəbadi işlərlə məşğul olan adamlar heç özləri də nə etdiklərini, nə düşündüklərini, nə yazdıqlarını bilmirlər, sadəcə olaraq əndrəbadilik xətrinə əndrəbadilik edirlər. Məsələn; əndrəbadilik xəstəliyindən əziyyət çəkən gənc şair ceyranın göldən su içdiyini görür:

– Hidrosferik düzənlik, H2O, dodaq, boğaz, mədə, bağırsaq, düüd...düüd...düüd...

Ceyran göldən su içir yaza bilməz, əslində, yaxşı uşaqdır, sadəcə xəstəliyi var, dedim axı. Söhbəti gənc şairlərin üzərindən aparmaq fikrim yoxdur, sadəcə olaraq bu yaxınlarda buna bənzər şeirlər oxumuşam, heç cür ağlımdan çıxara bilmirəm. Ad çəkməyəcəyəm, tibbi arayışı olduğuna görə üzrlü hesab olunur.

Qayıdaq əsas mövzuya. Tanrını dünyanın yaradıcısı, dünyanı da Tanrının əsəri hesab edək, məsələyə burdan yanaşaq. Tutaq ki, dünya Tanrının özünüifadə şəklidir. Bəlkə də, hər şey çox sadədir (bəlkə, yox, elə bu cürdür), amma biz yenə zəhlətökənliyimizə salıb həftədə bir din, gündə bir məzhəb icad edirik ki, bu qədər sadə və anlaşıqlı söhbəti qəlizləşdirək, mürəkkəbləşdirək və zırıldamağa başlayaq ki, “görəsən, dünyaya nöş gəlib insan?”. Bu nə tragikomediyadır belə? Sənə nə var niyə gəlib? Gəlib də. Nə yapışmısan yerdəkinin də, göydəkinin də yaxasından? Guya niyə gəldiyini bilsən aparıb qaytaracaqsan?

Elə bil bu adamların qabağına bir süfrə sərmisən, süfrəni də növbənöv təamlarla, bir-birindən ləziz cənnət meyvələriylə, nə bilim nə zadlarla, nə bilim nə filanlarla bəzəmisən. Yeməyəcəklər. Başlayacaqlar mız qoymağa. “Görəsən, bu yeməyi kim bişirib?”, “Görəsən, bu meyvəni hansı ağacdan dəriblər?”, “Görəsən, bu süfrəni Sədərəkdən alıblar yoxsa Binədən?”. Belə suallarla ömrümüzü çürüdəcəklər. Yemirsən, cəhənnəmə ye, heç olmasa imkan ver acların qarnı doysun. Qətiyyən! Ona da imkan verməyəcəklər, başqalarını da özlərinə oxşatmaq üçün qondarma qayda-qanunlar çıxaracaqlar, adını adət-ənənə, dədə-baba, mama-nənə qoyacaqlar, bir tikə zəhəri də fəqir-füqəranın burnundan gətirəcəklər.

Birinin şor yeməkdən xoşu gəlməyəcək, deyəcək ki, mən yemirəm, siz də yeməyin. Birinin şit yeməkdən xoşu gəlməyəcək, deyəcək ki, belə baxanda şit yemək haramdır. Birinin ayrandan xoşu gəlməyəcək, deyəcək ki, ayran içmək ayıbdır.

Birinin çaydan xoşu gəlməyəcək, deyəcək ki, çay içənə pis baxıram.

Birinin mal ətindən xoşu gəlməyəcək, deyəcək ki, yaxşı oğlan mal əti yeməz.

Birinin toyuq dönərindən xoşu gəlməyəcək, deyəcək ki, yaxşı qız nədir, toyuq dönəri yedi nədir.

Birinin ondan xoşu gəlməyəcək, o birinin bundan xoşu gəlməyəcək, xülasə, həmişə kiminsə nədənsə xoşu gəlməyəcək və ya özünə sığışdıra bilməyəcək, qorxacaq, çəkinəcək, nəsə edəcək.

Bu mızqoyan heyvərələrin qarşısına ancaq iş görməklə çıxmaq olar. Qabağınıza sərilmiş o möhtəşəm ziyafətdə nə varsa basıb-yeyin, doyunca yeyin, işiniz o süfrədəkiləri yemək, həzm etmək, yeməklərin dadından zövq almaq olsun. Mızqoyanlar da sizə baxdıqca iştaha gələcəklər, bəlkə, hansısa xörəyin dadına baxacaqlar; əgər onlardan əvvəl hər şeyi silib süpürməmisinizsə.


# 2820 dəfə oxunub

Müəllifin son yazıları

# # #