"Şiələrin qan ağlayır, ya Quseyn!"
Allah, bu nə geydirmə mədəniyyətdir?
Nə qərbə gərəkdir, nə də şərq almaz!
Vüqar Biləcəri
Bir neçə il əvvəl “Tarqovu”dan keçəndə izdihamla qarşılaşdım. Elə bildim ki, kiminsə dili qatdalanıb, ona kömək edirlər. Sonra gördüm ki, yox, vəziyyət heç də mənim düşündüyüm kimi deyilmiş.
Türkiyəli yutuberlər Başak Karahan və Şeyda Erdoğan “Starbucks”da öz azərbaycanlı fanatları ilə görüş keçirirmişlər. Həmin günün axşamı xəbərlərdə gördüm ki, sən demə bizim fanatlar kafenin qapısını filan sındırıblar, yutuberlər də görüşdən imtina edib gediblər.
Nəzərə alsaq ki, ordakıların əksəriyyəti yetkinlik yaşına çatmamışdı (heç mən də ordan keçəndə yetkinlik yaşına çatmamışdım), bütün baş verənləri uşaqlıq səhvinin ayağına yazmaq olardı.
Uşaqları yola verdik, indi keçək böyüklərə. Sərt qapanmalar zamanı marketlərdəki vəziyyət yəqin ki, yadınızdan çıxmayıb. Hələ də yekə-yekə adamların çörək yeşiyinin üstünə necə cumduqlarını unuda bilməmişəm.
Ümumiyyətlə, belə səhnələrlə çox rastlaşmışam; bizimkilər toplu şəkildə hərəkət edə bilmirlər, özlərini itirirlər. Nə növbə mədəniyyətləri var, nə bir-birinə hörmətləri, nə də “vnimatelni” olmaqları. İş orasındadır ki, bunun savadla, kitab oxumaqla uzaqdan-yaxından bir əlaqəsi yoxdur. Kitab sərgilərində də camaat bir-birinin boynuna minir. Amma hər şeyi bizimkilərin üstünə atmaq da insafdan deyil.
Azərbaycanı Amerika ilə müqayisə etməzdən əvvəl xahiş edirəm ki, gedib “Black Friday” günlərində amerikalı xalaların, daydayların, qaqaşların, bacişkaların ticarət mərkəzlərində nə hoqqa verdiklərinə baxın. Onlardakı vəziyyət daha acınacaqlıdır; yerli şirkətlərin xaricdən mütəxəssis kimi gətirdiyi, maaşları bizim işçilərin maaşlarının 5-10 qatı olan adamlar şikarına cuman çita kimi smartfonların, notbukların üstünə cumurlar. Belə şəxslər Bakıya gələndə soydaşlarımız onlara qibtə edir, seminarlara çağırır, kababdan yedizdirib İçərişəhəri gəzdirirlər. Həmin mütəxəssislərin, “akıl hoca”larının verdiyi məsləhətlərlə qidalanan qafqazlı aborigendən nə gözləyirsiniz?
İndi isə söhbətin məğzinə keçək — Quseyn Qasanova. Bu məzmunsuz adam bir neçə il əvvəl də ticarət mərkəzlərinin birində öz fanatları ilə görüş təyin etmişdi, onlara “iPhone” verəcəkdi.
Məzmunsuz adam dedim, çünki həqiqətən də məzmunsuzdur, mən başa düşə bilmirəm ki, Quseyn Qasanovun fanatları ondan nə zövq alırlar? Tosu Zəngilanski ilə Məhəmməd Dəniz Quseyn Qasanovdan daha mənalı adamlardır. Ən azından etdikləri meymunluqlar kimlərisə güldürür, əyləndirir. Quseyn Qasanovun isə konkret nə etdiyi bəlli deyil. İnstaqram profilinə bir az nəzər yetirdim, amma dəbdəbəli həyatın, bahalı maşınların nümayişindən başqa heç nə ilə rastlaşmadım.
Bizim rusdilli yeniyetmələr bu adamın nəyinə aşiqdir? Onları qətiyyən mühakimə etmirəm, mənim də bəyəndiyim, hörmət bəslədiyim adamlar kimin üçünsə mənasız, məzmunsuz ola bilər və həmin adam bunu dilə gətirməkdə sərbəstdir. Amma həqiqətən başa düşmək istəyirəm ki, Quseyn Qasanov nə edib və onu niyə izləyirsiniz? Xahiş edirəm, mənim sualımı cavabsız qoymayın.
Əsas məsələ nə Quseyn Qasanov, nə də onun azyaşlı, lap çoxyaşlı fanatlarıdır. Adam “iPhone” paylayır, belə hadisənin baş verməsi normaldır. Sən, mən, o belə deyilik, amma qəbul etməliyik ki, belə adamlar var. Özümüzü dağın başına qoyanda lap gülməli görünürük, ən azından soyuqqanlı münasibəti qorumaq lazımdır.
Əsas məsələ həmin hadisənin baş verməsi, təşkil olunması, o qədər adamın maskasız, nə bilim sosial məsafəsiz-zadsız hoqqa çıxarması, hələ üstəlik qamçılanmasıdır. Mən üçüncü vaksini vurmamışdan əvvəl tualetdən istifadə etmək üçün 28 Mall-a girmək istəyirdim, buraxmırdılar ki, karantin rejiminin tələblərinə ziddir, gedin ifrazatınızı başqa yerdə eləyin. Amma iş Quseyn Qasanova gələndə yüzlərlə adam maskasız, nə bilim sosial məsafəsiz zadsız “iPhone” ehsanına buraxılıblar.
Bu vaqiə baş tutmamışdan bir-iki gün əvvəl xəbər saytlarında hüquq mühafizə orqanlarının maska reydi aparmasını tirajlayırdılar. İndi necə olur ki, hansısa günü 15 manata işləyən fəhlə metroda bağrı çartlamasın deyə maskanı bir az burnundan aşağı salan kimi xəbərdarlıq filan etmədən cərimələyən hüquq mühafizə orqanları bu dəlixanadan xəbərsizdir? Quseyn Qasanovun ağız-burnundan qəşəng iy gəlir, amma o fəhlələrdən, yetim-yesirdən pis? Mən bilən kafelər, zallar, teatrlar açılsa da qapalı məkanda maska tələbi, sosial məsafə ləğv edilməyib axı, yoxsa elə deyil?
Ordakıları qamçılayan adamlar isə tamam başqa aləmdir. Bu bədbəxt camaatı evdə ata-ana, məktəbdə müəllim, küçədə qoluzorlu oğlan, evlənəndə ər, arvadını döyəndə qayın, Quseyn Qasanovdan “iPhone” istəyəndə də mühafizəçi döyür. Bəsdirin, bu milləti döyməyin, yazıqdır. Bu millət, siz də döyülməyin, yazıqsınız.