Sərkərdələrdən əvvəl ölür tovuzquşular – Mehdidən yeni şeirlər

Mehdi Dostəlizadə, gənc yazar

Mehdi Dostəlizadə, gənc yazar

13 dekabr 2021
# 17:15

Kulis.az Mehdi Dostəlizadənin yeni şeirlərini təqdim edir.

Dənizin arxasında

Bu fikir dənizinin sahilinə lövbər at,
Tərgit elə bu saat,
yol getmək vərdişini,
Müvəqqəti gəminin əbədi sərnişini.

Sənə yoldaşlıq edən qağayıyla vidalaş,
Sənə qanad çırpana sən də əlini yellə,
Bu qəfil ayrılıqdan qaça bilməyəcəksən.
O qanad çırpa-çırpa yerə enməyi bilir,
Sən əlini yellədib göyə uça bilərsən?
Uça bilməyəcəksən.

Qayıt, başqa gəmiyə
yol göstər dəniz quşu,
Sən bizim adamlara suda gərəksən ancaq,
Ucsuz xarabaların doludur öz bayquşu.

Axı nədən qorxmusan?
Bəmbəyazdır bənizin.
Düşüncələr başımın,
qağayılar dənizin.

Sən axı bu ümmanın sirlərini bilirsən,
Bilirsən ki, birinci ən fağır matrosların yerə axır qanları,
Yəqin, bundan da sənin xəbərin var, qağayı,
Ən axırda boğulur gəmi kapitanları.


Qum fırtınası

Maşinist lokomotiv, sarvan dəvə sürərək,
Vaqon-vaqon gedirlər, ya kəcavə-kəcavə,
Yolçu olduqlarını hər kəsə bildirərək,
Yolsuzlar dünyasını yara-yara gedirlər,
Axı hara gedirlər?

Budur, cüzamlı qoca səksən ildir yuxusuz,
Əbədi röya üçün yatır dəmir yoluna,
Xeyriyyəçi bir əqrəb qumun altında gəzir,
Sağ əlinin gördüyü xeyirxah əməlləri söyləmir sol qoluna.

Qatar rels üzərində uzanmış ümidsizi doğrayaraq gedir yol,
Salam verir qəfildən yolun kənarındakı acından şeir yazan arıq,
cılız şairin iri, qızıl büstünə,
Karvan səhra qumuna dəniz damlası deyir,
Ölüdirildən kimi çıxır onun üstünə,
Vaqon arxaya dönüb tikələnmiş cəsədə deyir: sağalacaqsan!
Dəvə baxır geriyə, ucadan çığırır ki, Peter, yıxılacaqsan!


Təkamül

Məni suya qaytarın,
Göz açmaq istəmirəm bu əngin təbiətə təbii seçmələrdə,
Nə qol açmaq istəyim, nə sürünmək istəyim, nə gəzmək istəyim var,
Məni suya qaytarın,
Axan sulardan özgə məgər mənim nəyim var?

Ot yeməyə başladım, xatırladır sudakı ləziz yosun dadını,
Erkək oldum bu gündən, sevdim mənə bənzəyən dişi adlı qadını,
Zaman ötdü, il ötdü,
sanki məni dərədən,
sanki məni çuxurdan,
bir dağa qaldırdılar,
Boynubükük yerişim kiməsə xoş gəlmədi,
Ayağa qaldırdılar,
ayağa qaldırdılar...

Məni suya qaytarın,
Daş dövründə hansısa mamontu ovlayarkən
ayaq altında qalıb ölmək də nə deməkdir?
Əti inan ki, mənə xatırlatmır heç nəyi,
əcəb yosun yeyirdim, ət də məgər yeməkdir?

Məni suya qaytarın,
Qılıncı tapdı bunlar, oxu da yaratdılar,
Qılıncı, oxu boş ver,
Pul adında bir silah ixtira etdilər ki,
Qılıncın kəsmədiyi, oxun da çatmadığı şeyləri qanatdılar.

Məni suya qaytarın,
Qardaş qırğınlarına qurban gedəcəyəm mən,
Qardaşımın zehninə yeridilən o fikrin
qardaşımın qanını içməsi səbəbindən
qansız öləcəyəm mən.

Məni suya qaytarın,
İş daha ciddiləşib, bombardman filan var,
Həm də qaçmağa bir yol, bir qurtuluş təknəsi, bir ümidli plan var,
Qayıqlara doluşub çıxacağıq cəhənnəm çuxurundan cənnətə,
Hər şeyi də atmışıq, bircə kiçik oğlumun acından ölməməsi naminə gətirmişik
iki qoğal, bir kətə.

Mən suya qayıdıram,
Axı qaçqının sudan başqa pənahı yoxdur,
Mən suya qayıdıram,
Bu qayıdışda əsla təkamül və Darvinin zərrə günahı yoxdur,

Günah bir az məndədir, günah bir az səndədir,

Əşi, onsuz da daha günahkar olaraq da,
günahsız olaraq da,
bu torpağın üstündə xoşbəxt gəzə bilmirəm,

Mən suya qayıdıram,

Daha o mən deyiləm, daha üzə bilmirəm...


Kimsəsiz mələyin qulağıma pıçıldadıqları

Təəccübdən bərələn böyük göz bəbəkləri
Daldalanır atasız, anasız bəbəklərin kiçik kölgələrində,
Yalan meyxanəsinin həqiqət çəlləyindən
saqi sənə mey süzüb,
Başına çək badəni,
Başına çək sığalı yetim körpələrin də.


İlahi məsələlər

Lələklər düzlənəndə, cərgə-cərgə, səfbəsəf,
Baxır düşmən gözünə həyat dəbilqələrdən,
Həyatdan qopub gələn gedir ölümə tərəf,
Ölümdən sonra hələ keçəcək gör nələrdən.

Şeypur səsi indidən fəryad edir, bağırır,
Yenə sülh dolu dünya tikilməmiş sökülür,
Əzrail o baş, bu baş, göyə adam çağırır,
Haqq uğrunda yenidən nahaq qanlar tökülür.

Diri əsgər ölümə həsrətlə sağ ol deyir,
Ümid edir, haçansa o da haqqa qovuşar,
Haqqın isə içini başqa həqiqət yeyir:
Sərkərdələrdən əvvəl ölür tovuzquşular.

# 3769 dəfə oxunub

Müəllifin son yazıları

# # #