Ucuz siqaret çəkən adamlar

Mehdi Dostəlizadə, gənc yazar

Mehdi Dostəlizadə, gənc yazar

8 dekabr 2021
# 10:43

Ucuz siqaret çəkən adamlar avtobusa minəndə bütün avtobusu ocaq iyi bürüyür. Bu iy Novruz bayramında tonqaldan evə qayıdan uşaqların iyini xatırladır.

Dəliyə hər gün bayram olduğu kimi, ucuz siqaret çəkən adamlara da hər gün bayramdır, ən azından Novruz bayramı. Novruzda camaat yeni ili tonqal qalamaqla qarşılayır, ucuz siqaret çəkən adamlar da səhəri ucuz siqaret yandırmaqla açırlar.

Ucuz siqaret çəkən adamlar səhər yeməyi yemirlər. Çəkdikləri siqaret onların bütün iştahını öldürür. Soyuducularında da bir şey olmur ucuz siqaret çəkən adamların. Ac qalmaqdan qorxmurlar, amma “birdən siqaretim bitər” qorxusundan sarılıq tuturlar. Sarı rəng bu adamların bayrağıdır, ələmidir, devizidir.

Kasıblıq soyuducunun yumurta rəfində saxladıqları yarımçıq limonun rəngini plastmas rəfə keçirir, ucuz siqaret də dişlərini saraldır. Ucuz siqaret çəkən adamlar karantin rejimindən razı olan adamlardır. Maskanı virusdan qorunmaq üçün taxmırlar, sarı dişlərini, ağızlarından gələn aclıqla tütünün qarışmış qoxusunu gizlədirlər.

Ucuz siqaret çəkən adamlar küçəyə çıxanda heç kimə salam vermirlər. Onlar həmişə yerə baxırlar, xəcalətlərindən başlarını qaldırmırlar. Yerə atılmış bahalı siqaret kötüklərini görüb lap çox utanırlar, öz siqaret kötüklərini həmin yerə atılmağa layiq bilməyib ciblərində saxlayırlar.
Əllərindən də pis iy gəlir ucuz siqaret çəkən adamların. Onların üfunətinə milçəklər belə yaxın durmur, zibil yerinə də qoymurlar ucuz siqaret çəkən adamları.

Ucuz siqaret çəkən adamlardan heç kim siqaret istəmir. Özləri təklif etsə də, həmin siqareti çəkə bilməmək bəhanəsiylə təkliflərini rədd edirlər ucuz siqaret çəkən adamların.

Hamının onlara yazığı gəlir, onsuz da heç nəyi olmayan bu bədbəxtlərin barı siqaretlərini əllərindən almayaq deyə düşünürlər. Hamı onlara məsləhət verir, ağıl öyrədir, yaxşı siqaret çək deyir. Hamı onları başa salır, amma heç kim onları başa düşmür.

Ucuz siqaret çəkən adamlar siqareti tərgitməyə can atırlar. Səbəbini soruşanda sağlamlıqdan danışsalar da, əslində pulları yoxdur deyə bu vərdişdən qurtulmaq istəyirlər. Nə qədər can atırlarsa atsınlar, heç vaxt siqareti tərgidə bilmirlər.

Ucuz siqaret çəkmək onların şəxsi seçimi deyil, alın yazılarıdır, taleləridir. Alın yazılarını dəyişdirə bilmədikləri kimi, bahalı siqaretlərin də qiymətini dəyişdirib ucuzlaşdırmaq əllərindən gəlmir. Onlar böyük marketlərin kassalarında gördükləri bahalı siqaretlərin xəyalı ilə yaşayırlar.

Ucuz siqaret çəkən adamların bahalı siqaret çəkən dostları olur. Bu adamlar sevmədən evləndikləri qadınlara xəyanət edən kişilər kimi hərdənbir öz ucuz siqaretlərini bahalı siqaretlərə dəyişirlər. Evə qayıdanda isə, məhəllədəki tanış dükana girib kor-peşman ucuz siqaret alırlar.

Sevmədən ərə gedən qadınlar ərlərinə necə canla-başla qulluq edirlərsə, ucuz siqaretlər də yuxusuz gecələrdə bu adamların imdadına o cür çatır. Ucuz siqaretlər səhərə kimi onları tək qoymur.

Ucuz siqaret çəkən adamlar Günəşi yuxudan oyadırlar, Günəş öz sarılığını onlardan alır, səhər açılır. Ucuz siqaret çəkən adamlar səhər yeməyi yemirlər.

# 5329 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #