Ən axırda boğulur gəmi kapitanları… – Günün şeiri

Mehdi Dostəlizadə, şair

Mehdi Dostəlizadə, şair

23 iyul 2022
# 13:20

Bu gün gənc şair Mehdi Dostəlizadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun “Dənizin arxasında” şeirini təqdim edir.

Bu fikir dənizinin sahilinə lövbər at,
tərgit elə bu saat,
yol getmək vərdişini,
Müvəqqəti gəminin əbədi sərnişini.

Sənə yoldaşlıq edən qağayıyla vidalaş,
Sənə qanad çırpana sən də əlini yellə,
Bu qəfil ayrılıqdan qaça bilməyəcəksən.
O qanad çırpa-çırpa yerə enməyi bilir,
Sən əlini yellədib göyə uça bilərsən?
Uça bilməyəcəksən.

Qayıt, başqa gəmiyə
yol göstər, dəniz quşu,
Sən bizim adamlara suda gərəksən ancaq,
Ucsuz xarabaların doludur öz bayquşu.

Axı nədən qorxmusan?
Bəmbəyazdır bənizin.
Düşüncələr başımın,
qağayılar dənizin.

Sən axı bu ümmanın sirlərini bilirsən,
Bilirsən ki, birinci ən fağır matrosların yerə axır qanları,
Yəqin, bundan da sənin xəbərin var, qağayı,
Ən axırda boğulur gəmi kapitanları…

# 2320 dəfə oxunub

Müəllifin son yazıları

# # #