Zirədə yoxa çıxan 20 milyon manatlıq zəhər - Azərbaycanı dünya üçüncüsü etmiş kombinatın taleyi

Zirədə yoxa çıxan 20 milyon manatlıq zəhər - Azərbaycanı dünya üçüncüsü etmiş kombinatın taleyi
12 yanvar 2024
# 15:00

Kulis.az Orxan Məmmədlinin ilançılıq kombinatından video-reportajını təqdim edir.

Bir qram ilan zəhərinin qiyməti 400-700 dollar arasında dəyişir.

Bu qiymət ölkənin və ilanların müxtəlifliyinə görə fərqlənir.

Qurudulmuş ilan zəhərinin qiyməti isə adi ilan zəhərindən 10 dəfə bahadır.

Bəşər övladı ilandan təkcə təbabət sahəsində faydalanmır.

İlanın yağından kosmetologiyada, dərisindən isə tekstildə istifadə olunur. Hələ bəzi ölkələrdə ətlik ilanlar da yetişdirilir.

Vaxtı ilə Azərbaycanda da ilan zəhəri, daha dəqiq desək, gürzə zəhəri istehsal olunub. Zirə Herpotoloji mərkəzində istehsal olunan ilan zəhəri Estoniyanın Tallin şəhərində yerləşən Kimya Əczaçılıq Zavoduna göndərilirdi. Oradan da dünya bazarına çıxırdı.

Dünya demişkən, dünya xəritəsinə baxanda balaca yarımada kimi görünən Abşeronu gəzirsən-gəzirsən, bitmək bilmir. Gedəcəyimiz ünvanı tapmaq üçün xəritədə qartalın başını xatırladan bu diyara xeyli sığal çəkdik.

Yolumuz Zirəyədir, İlançılıq kombinatına. Onsuz da ilan adı çəkiləndə insanların ovqatında ani vahimə yaranır. Yollarda rastlaşdığımız adamlardan İlançılıq kombinatnın yerini soruşanda təəccüblə baxanlar çox oldu.
Ünvanımızın adını nisbətən yumşaltdıq, "göbələklər"i soruşduq. Sualımız adi qarşılandıqca hiss etdik ki, ilanlar oylağı haradadırsa yaxındadır, sadəcə, biz tapa bilmirik.

Kombinatın yerini soruşmaq üçün bəzən maşından düşürdüm. Elə bilirdim, arxamca bir böyük ilan da bizi müşayiət edir. İlan köhnə ilançılıq kombinatının yerini bilir, amma bizə demir.

Asan olmadı tapmaq. Bəzən elə yerlərə gedib çıxırdıq, sanki buraları Tanrı da unudub, insanlar da. Bəlkə də, NASA alimləri buraları görsələr yeni planet tapdıqlarını iddia edərlər.

Tapdıq!

Maşınımız dolanbac torpaq yollarda qıvrıldıqca hiss edirdim ki, adı vahiməli olan həmin yerə lap az qalıb. Hətta arada qulağımıza ilan fısıltısı, gözümüzün önünə haça dillər gəlirdi. Bu xəfiyyə Mister Snake (sneyk – ing. ilan) gözümüzdən yayınmaq üçün sürünüb özünə dəlmə-deşik tapır.

Cərgə ilə əkilən qara zeytun ağaclarının arası ilə ilançılıq mərkəzinə yaxınlaşırıq.

28 ildən sonra kombinata gəlib çıxmışıq.

Elə dərin sükut vardı ki, səssiz dursaydıq, bəlkə də, ilan fısıltılarını eşidərdik. Ətrafda ins-cins gözə dəymirdi. Adamda elə təəssürat yaranırdı ki, ilanlar gizlin yerlərdən bizə baxırlar. Yarımçıq tikilidən başqa digər binalar və ərazi baxımlı görünürdü.

Zirə İlan Kombinatı 1970-ci ildə yaradılıb. Müəssisənin direktoru dövrünün məşhur herpotoq alimi Fazil Şərifov olub. Kombinatı 1995-ci ilə kimi fəaliyyət göstərib. İndi insanların yaşadığı bu binaların hər birində zəhərli ilanlar saxlanılıb. Bu kombinatda təxminən 3500-ə yaxın ilan olub. Hər ay onlar üçün Moskvadan on minlərlə laboratoriya siçanı göndərilib.

Azərbaycan vaxti ilə Braziliya və Vyetnamdan sonra kristallaşmış ilan zəhərinin ixracına görə dünyada üçüncü ölkə olub.

Zirə ilan kombinatı bağlananda direktor Fazil müəllimin təşəbbüsü ilə ilanların bir qismi hazırki Abşeron Milli Parkına, digərləri isə Ağsunun Musabəyli kəndi inşa edilən yeni ilan kombinatına köçürülüb. Orada da müəyyən fasilələr yarananda ilanların bir qismini Ağsu və Şamaxı dağlarına buraxıblar. Söhbət əsasən Qafqaz gürzəsi kimi tanınan Levantin gürzələrindən gedir.

O gürzələr ki, indinin özündə də onlara həmin ərazilərdə tez-tez rast gəlinir. Şaxə qalxıb hansısa faktlara boylanırlar.

Deyirlər, Zirə ilançılıq kombinatı bağlananda orada, indiki pulla 15-20 milyon manatlıq 19 kq qurudulmuş zəhər qalıb. Biz növbəti buraxılışlarımızda o zəhərin izinə düşməyə cəhd edəcəyik.

Zirədə ilk baxışdan İlançılıq kombinatını xatırladan nəsə yox idi. Amma diqqətlə nəzər yetirəndə hər şeydə bir qəribəlik vardı. Sanki bu bala pişiklər də yanındakı yuvadan siçan yox, ilan çıxmasını gözləyirlər.

Ağacdan asılan butulkalar. Yerdəki şlanq. Qıvrılan üzüm ağacı. Ağac budaqları. İlan kimi qıvrılan qırağı kərpicli cığır və ilan formasında olan çarhovuz. Pəncərə və qapı yerləri hörülmüş binalar. Və s.

O qədər mistik sakitlik idi, velosiped təkərlərinin səsini aydın eşitdik. Kameramızı görüb danışmağa çəkinər deyə, gənc dostumuza tək yaxınlaşdım.

Təxminən, 20 dəqiqədir buradayıq, hamı nədənsə sakit danışır. Sanki ehtiyat edirlər ki, ilanlar və köhnə xatirələr oyanar.

Sonra digər sakinlər də görünməyə başladı. Yaş hədlərini və icazəsiz çəkilişi nəzərə alıb üzlərini göstərmək istəmədim. Amma bu gənclərin arzusunu bütün Azərbaycan bilməlidir.

Əraziyə girəndən diqqətimi bir şey cəlb etdi. Demək olar ki, hər ağacdan, söhbətgahdan, divardan, məhəccərdən içində qəhvəyi su olan plastik su qabları asılıb. Hətta bəzi yerlərdə daha böyükləri də vardı. Düşündük ki, bəlkə, bu ilanları qovmaq üçün bir vasitədir. Yaxınlaşıb gördük ki, plastik qabların içində siqaret kötükləri var. Axı biz nikotinini ilan zəhərindan daha güclü olduğu barədə eşitmişik. Yəqin bu butulkalardan hansısa qoxu yayılır və ilanların əraziyə gəlməsinə mane olur.

Amma sən demə, bu butulkaların çox sadə bir təyinatı varmış. Komendant qardaş kimdirsə, bu mütərəqqi və innovativ vasitəni, sadəcə, təmizlik üçün düşünüb ki, insanlar hər addımda siqareti ora-bura atmasınlar.

Düz 28 il əvvəl 25 il fəaliyyətdən sonra Zirə İlançılıq Kombinatı işini dayandırıb. Amma bunu divara yazmayıblar.

Sadəcə, fəaliyyət dayanıb. Ərazi özəlləşədirilib və yerində xüsusi növ zeytunlar əkilib. Vaxtilə ilanlar saxlanılan binalarda isə yaxınlıqdakı şirkətin işçiləri və onların ailələri yaşayır.

Bu kombinatı tapmaqda məqsədimiz o idi ki, vaxtı ilə ölkəyə yüksək gəlir gətirən bir sahə harada yerləşib və niyə yoxa çıxıb?! İndi yerində nə var? Bəlkə, yenidən bu sahəyə maraq cəlb etdik və yenə də dünya bazarına çıxa bildik.

# 4622 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #