Yuxuları əsasında film çəkən rejissor...

Yuxuları əsasında film çəkən rejissor...
24 sentyabr 2022
# 12:00

Kulis.az ispan rejissoru Luis Bunuel haqqında yazını təqdim edir.

Sürreal filmlərin liderlərindən biri hesab olunan ispan rejissoru Luis Bunuel 22 fevral 1900-ci ildə İspaniyanın Aşağı Araqon vilayətinin Kalanda kəndində mülkədar ailəsində anadan olub. Yeddi uşaqlı ailənin böyüyü olan Luisin atası Leonardo Bunuel İspan-Amerika müharibəsinin iştirakçısı olub.

Saraqosda yezuit kollecində təhsil alan Bunuel dinin təsiri altında böyüsə də hələ uşaqlıq illərindən heç bir dinə və allaha inanmır. Bu şübhələr sonralar Madrid Universitetində oxuyanda onu ateistə çevirir. “1898-ci il nəsli” adlandırılan F.Lorka, R.Alberti, X.Gilyenlə tanışlığı da Bunuelə təsirsiz ötüşmür. Universitet illərində o, Salvador Dali ilə yaxından tanış olur. 1925-ci ildə Parisə gedir. Paris həyatı onun rejissor kimi formalaşmasına böyük təsir göstərir. Bir çox filmlər izləyir. Amma onda rejissorluğa maraq oyadan alman rejissoru Fritz Lanqın “Yorğun ölüm” adlı səssiz filmi olur. Kino sahəsində akademik təhsil alan Bunuel uzun müddət Jan Epşteynin assisenti olur. O, Epşteynin bir çox filmlərində rejossor köməkçisi kimi fəaliyyət göstərir. Lakin bir müddət sonra Epşteynlə Bunuelin münasibətləri pozulur. Və Luis özü təkbaşına film çəkməyə qərar verir. Bu məsələdə onu dəstəkləyən anası qısa zaman ərzində filmin çəkilişi üçün lazım olan pulu tapıb oğluna göndərir. Beləliklə rejissorun ilk sürreal filmi “Əndəlüs köpəyi” 1929-cu ildə lentə alınır. Bunuel bu filmin ssenarisini Salvador Dali ilə birgə yazır.

“Əndəlüs köpəyi” filmi böyük səs-küyə səbəb olur. Səkkiz ay prokatda qalır. Filmdə orta yaşlı kişi ülgücü itiləyərək gənc qızın gözünü kəsir. Dalinin və Bunuelin yuxuları filmin əsasını təşkil edir. Film haqda səslənən müxtəlif interpretasiyaları rədd edən Bunuel öz xatirələrində qeyd edir ki, filmin yeganə niyyəti rasional izahı olan bütün ideyalara və obrazlara etirazdır. Bundan başqa, filmdə nələrisə simvolizə edən kadrlar yoxdur.

Müəllimi hesab olunan Epşteynlə araları soyuq olsa belə rejissor Bunuelə sürreal filmlər çəkməməyi və bu cərəyanın təmsilçilərindən uzaq durmağı məsləhət görür. Lakin, onun sözünə məhəl qoymayan rejissor 1930-cu ildə Dali ilə müştərək olan ikinci “Qızıl əsr” filmini çəkr. Film daha böyük səs-küy yaradır.

“Qızıl əsr” filmində rejissor birinci filmindəki fantastika anlayışı ilə yanaşı sürrealizmin "dəlicəsinə eşq"mövzusunu da inkişaf etdirir. Filmdə Markiz de Sada xeyli göndərişlər edilərək cinsi arzunun və məhəbbətin cəmiyyətin nizamını darmadağın etməsini göstərilir. Əqrəblərin döyüşməsi ilə başlayan film daha sonra seks məqamları və insanın təbii vəziyyətində qızğın mübahisələr yaradır. Burjuaziyanı sürreal dili ilə yerdən yerə vuran filmdə bir səhnədə sarayda rahat yataqda inəyin yatması və rəqs məclisində rəqs edən burjuların arasından at arabası ilə kəndlilərin keçməsi burjuaziyaya qarşı sərt tənqidi mesaj olur.

Filmi mənəviyyatsızlıqda ittiham edən mühafizəkar təşkilatlar Dalini və Bunueli təhqir edib alçaldırlar. Bu azmış kimi film ilk dəfə nümayiş olunandan sonra qadağaya məruz qalır. Və bu qadağa düz əlli il davam edir.

1936-cı ildə İspaniyanın mədəniyyət üzrə attaşesi işləyən rejissor antifaşist və antifrankoçu sənədli filmlərin çəkilməsində yaxından iştirak edir.

Ölkədə Franko diktaturası bərqərar olur. Bunuel İspaniyadan qovulur. İkinci Dünya müharibəsi ərəfəsində o, Amerikaya mühacirət edərək Hollivudda montajçı işləməli olur.

Bunuel çox sevdiyi rejissorluq sənətinə bir də 47 yaşında qayıdır. Meksikaya köçəndən sonra o, 1950-ci ildə “Unudulmuşlar” filmini ekranlaşdırır.

Kann film festifalında ən yaxşı rejissor işinə görə “qızıl palma budağı” qazanan filmin mövzusu Meksikada yaşayan kasıb və kimsəsiz uşaqların başına gələn hadisələrdən bəhs edir.

Plut həbsxanadan qaçdıqdan sonra satqın Xulianodan qisas almaq istəyir. Bu səbəbdən bir çox küçə uşağını öz ətrafına toplayır. O, uşaqlarla birlikdə kasıb, köməksiz insanları qarət edir, onların əllərində olanı tutub alır. Nəhayət bir gün Plut öz düşmənini qətlə yetirir. Bu cinayətin tək şahidi isə gənc Pedro olur. Pedro öz canını qorumaq üçün susmalı və cinayətdən heç kimə bəhs etməməlidir.

1958-ci ildə Bunuel ən yaxşı filmlərindən biri hesab olunan “Nazarin” filmini ekranlaşdırır. Film İspaniyanın Dostoyevskisi hesab olunan yazıçı Benito Pedro Qaldosun eyni adlı romanı əsasında çəkilir.

Nazarin adlı ispan əsilli rahib humanist xarakterə malikdir. Bu səbəbdən də öz yeməyini və pulunu kasıblara paylayaraq allah adına xeyirxahlıqlar edir. İnsanları da bu yola dəvət edir. Beatriz adlı əsəbi qadın Pinto adlı sevgilisindən xilas olmaq istəyir. Andara adlı fahişə qadın başqa bir fahişə qadını qətlə yetirir. Qadınlar hər ikisi rahibin köməyinə sığınırlar. Lakin, onun yaxşılıqlarının nəticəsi olmur. İnsanlar ona qarşı kobudluq və hörmətsizlik edirlər.

Nazarinin İsa peyğəmbər kimi möcüzələr göstərməsi, həbsxanada İsa kimi əzablar çəkməsi bir çox tənqidçilər tərəfindən rejissorun Nazarinlə İsayı eyniləşdirilməsi kimi təqdim olunur.

Rejissorun bu filmi də Kann film festifalında mükafat qazanır.

Bunuel 1960-cı ildə “Viridiana” filmini çəkir.

Viridiana adlı qız rahibə olmağa hazırlaşır. Amma rahibə olmazdan əvvəl dayısı onu evinə qonaq dəvət edir. Viridianaya aşıq olan dayısı onunla evlənmək istəyir. O, rəhmətə getmiş arvadının gəlinlik paltarını Viridiana geyindirir. Bundan əvvəl isə o, gənc qıza yuxu dərmanı verir. Onunla intim əlaqədə olmaq istəsə də fikrindən daşınır. Özünə gələndən sonra dayısı ona seksual münasibətdə olduğunu deyir ve qız evi tərk edir. Dayı öz hərəkətindən utanır və məhəbbət əzabına dözməyərək intihar edir.

Bu hadisədən sonra Viridiana monastıra qayıtmır, xeyriyyə işləri ilə məşğul olur, yoxsullara kömək edir. Və günlərin birində yoxsullar onun mərhəmətindən sui-istifadə edir...

Rejissor romanı sərbəst şəkildə traktovka edib.

Bunuelə görə, katolik kilsəsinin yaydığı “müqəddəs həyat” anlayışı əslində insanın təbii ehtiyaclarının sıxışdırılmasına əsaslanır və onlar sonradan şişirdilmiş şəkildə qayıdır. Həm də ətraf üşün pis nəticələrə gətirib çıxarır.

Xeyirxahlıq etmək istəyən Viridiana kasıblar tərəfindən təhqir olunur. Bu təhqir hardasa İsa Məsihin obrazı ilə oxşarlıq yaradır.

Kannda “Qızıl palma” budağı alan filmindən sonra

Dünya kinosunun ən gözəl əsərlərindən biri hesab olunan “Burjuaziyanın təmkinli cazibəsi” sürreal filmini rejissor ömrünün son illərində lentə alır.

Filmin qəhrəmanları yüksək təbəqəyə məxsus üç kişi və üç qadındır. Yuxu ilə reallığın qarışığı olan filmdə personajlar maneələrə baxmayaraq bütün film boyu birlikdə yemək yeməyə çalışırlar.

Burjuaziyaya ironiya edən filmin ssenarisi Zilbermanın danışdığı əhvalata əsasən yazılıb. Şam yeməyinə qonaqları dəvət edən Zilberman arvadına bu haqda deməyi unudub. Eyni zamanda özü də qonaq dəvət etdiyini yaddan çıxarıb.

Bunuel lentə aldığı bütün filmlərində cəmiyyətə canına yerimiş din, ailə, burjua əxlaqı kimi normaların insanın ətrafına çəkdiyi sərhədlərdən bəhs edərkən həm də öz daxili azadlığının arxasında dayanmağı bacarır. Onun filmlərindəki insanlar da hər zaman azadlıq axtarışında olurlar. Həqiqətlərin ortaya çıxardığı faciələri yumor və idealoji dillə izah etməyə çalışsa da əslində rejissorun da görməyə can atdığı cəmiyyətdə baş verən amansızlıqlara qarşı insanların etirazı olub.

Ömrünün sonlarına yaxın rejissor əvvəlcə eşitmə daha sonra isə görmə qabiliyyətini itirir. 1983-cü ildə isə Bunuelin “Mənim son nəfəsim” adlı xatirələr kitabı çap olunur.

Luis Bunuel 1983-cü il iyul ayının 29-da ürək və böyrək çatışamzlığından dünyasını dəyişir. Rejissorun cəsədi yandırılır. Külünün dəfn olunduğu yer isə naməlum qalır.

# 2850 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
#
#
# # #