Yoldaş ölüm - Cabir Novruz

Yoldaş ölüm - Cabir Novruz
20 avqust 2024
# 15:18

Kulis.az Cabir Novruzun “Yoldaş ölüm” şeirini təqdim edir.

Yoldaş ölüm,
Hamı bilir sən çox evlər uçurmusan,
Milyonları bu dünyadan vaxtlı-vaxtsız köçürmüsən,
Qəhrəmanlar aparmısan bu aləmdə yoxdu tay...
Yer altında olanların, yer üstündən çoxdu sayı,
Sinələrdə çalın-çarpaz dağlar qoyub,
Anaları, bacıları ağlar qoyub,
Sən dahilər susdurmusan - millətlərin iftixarı...
Susdurmusan, varlıları, kasıbları,
Qoymayırsan göz açmağı adamı sən,
Uşaq idim, bir gün aldın əllərimdən atamı sən,

Söylə, azmı fitnələri dəf etdilər əlinlə...
Mənim qaynar Müşfiqimi məhv etdilər əlinlə,
Sən gələndə gündüz olur, gecə olur,
Bəşər cansız vücudunun qarşısında cücə olur,
Sən əzrayıl nəfəslisən, sən cəhənnəm qoxulusan,
Sən tüfəngdən, sən bombadan, sən atomdan qorxulusan,
Aparsan da bizi bu dünyadan bir-bir,
Nə gizlədim, bəzən səndən xoşum gəlir...

Nə zaman ki, bir alçaqdan, bir xəbisdən,
gərəksizdən, diləksizdən, ürəksizdən bac alırsan,
bax o zaman gözlərimdə ucalırsan!

Vicdanını var-dövlətə satanları,
vəzifədən milyon əllə tutanları,
nə zaman ki, stolundan qoparırsan,
vəzifəsiz, şan-şöhrətsiz bir aləmə aparırsan,
həyatını çatdırırsan başa, ölüm!
Bax mən onda söyləyirəm, yaşa ölüm!

Qabağında qaya nədir, polad nədir, dəmir nədir,
Dövlət nədir, ordu nədir, əmr nədir,
əlindədi topdağıtmaz sarayların açarları,
sən məhv etdin Çingizləri, Batıları, Qacarları,
Adolf Hitler - o alçağın üzərinə atılanda,
sinəsində quzğun kimi oturanda,
görünsəydin gözə əgər, yüyürərdim qabağına,
yıxılardım ayağına...

Bu aləmə carsan ölüm!
Hamı üçün varsan, ölüm!

Nə zaman ki, hiss elədin insanlara gərəksizəm,
ilhamsızam, duyğusuzam, ürəksizəm,
bu həyatdan tap al məni,
min yol xahiş eyləyirəm
Apar məni!

# 1727 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər