Yoldaş ölüm - Cabir Novruz

Yoldaş ölüm - Cabir Novruz
6 avqust 2024
# 15:46

Kulis.az Cabir Novruzun “Yoldaş ölüm” şeirini təqdim edir.

Yoldaş ölüm,
Hamı bilir sən çox evlər uçurmusan,
Milyonları bu dünyadan vaxtlı-vaxtsız köçürmüsən,
Qəhrəmanlar aparmısan bu aləmdə yoxdu tay...
Yer altında olanların, yer üstündən çoxdu sayı,
Sinələrdə çalın-çarpaz dağlar qoyub,
Anaları, bacıları ağlar qoyub,
Sən dahilər susdurmusan - millətlərin iftixarı...
Susdurmusan, varlıları, kasıbları,
Qoymayırsan göz açmağı adamı sən,
Uşaq idim, bir gün aldın əllərimdən atamı sən,

Söylə, azmı fitnələri dəf etdilər əlinlə...
Mənim qaynar Müşfiqimi məhv etdilər əlinlə,
Sən gələndə gündüz olur, gecə olur,
Bəşər cansız vücudunun qarşısında cücə olur,
Sən əzrayıl nəfəslisən, sən cəhənnəm qoxulusan,
Sən tüfəngdən, sən bombadan, sən atomdan qorxulusan,
Aparsan da bizi bu dünyadan bir-bir,
Nə gizlədim, bəzən səndən xoşum gəlir...

Nə zaman ki, bir alçaqdan, bir xəbisdən,
gərəksizdən, diləksizdən, ürəksizdən bac alırsan,
bax o zaman gözlərimdə ucalırsan!

Vicdanını var-dövlətə satanları,
vəzifədən milyon əllə tutanları,
nə zaman ki, stolundan qoparırsan,
vəzifəsiz, şan-şöhrətsiz bir aləmə aparırsan,
həyatını çatdırırsan başa, ölüm!
Bax mən onda söyləyirəm, yaşa ölüm!

Qabağında qaya nədir, polad nədir, dəmir nədir,
Dövlət nədir, ordu nədir, əmr nədir,
əlindədi topdağıtmaz sarayların açarları,
sən məhv etdin Çingizləri, Batıları, Qacarları,
Adolf Hitler - o alçağın üzərinə atılanda,
sinəsində quzğun kimi oturanda,
görünsəydin gözə əgər, yüyürərdim qabağına,
yıxılardım ayağına...

Bu aləmə carsan ölüm!
Hamı üçün varsan, ölüm!

Nə zaman ki, hiss elədin insanlara gərəksizəm,
ilhamsızam, duyğusuzam, ürəksizəm,
bu həyatdan tap al məni,
min yol xahiş eyləyirəm
Apar məni!

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər