“Yevlax görüşü”nün şitini-şorunu çıxaranlar

“Yevlax görüşü”nün şitini-şorunu çıxaranlar
22 sentyabr 2023
# 16:05

Kulis.az Nihat Pirin "Yumor haqqında didaktika dərsləri" adlı yeni yazısını təqdim edir

Bakının mərkəzi küçələrinin birində yaşı-başı, əqli-şüuru, geyimi-keçimi yerində olan gənc bir zənan əlində “Yevlaxlı ər axtarıram” yazılan lövhə tutub elədən-beləyə, belədən-eləyə gəzir.

Üstəlik, bu bambılı hərəkətini həmin çevrədəki adamların görməsi ilə kifayətlənmir, onu videoya çəkən kəslərin kamerasına hələ bir poza da verir. Bu da sosial media üçün nəzərdə tutulub.

O sosial media ki, Qarabağda yaşayan erməni sakinlərin nümayəndə heyəti ilə Azərbaycan tərəfinin görüşünün Yevlaxda olacağını eşidən böyük bir kəsimə öz bambılılıqlarını geninə-boyuna nümayiş etdirmək üçün meydan verib.

İyirmi birinci əsrin lap ucundaca və üstəlik, sosial şəbəkənin yazılı media ilə yaba-kitman davasına çıxdığı dönəmdə (Böyük mənada qalib gəldiyi vaxtda) orada yazılan hər yazını, fikri, postu müzakirə eləməkdən yana deyiləm, şəksiz.

Amma bu yazını oxuyan ateist qütb bir yana, bir yaradanın varlığını qəbul edənlər üçün deyim ki, Allah haqqı, adam yorulur.

Bezir, tükənir, iyrənir, lap belə zinhara gəlir.

Bundan öncəki yazımda sosial media hesablarımı dondurduğumu və özümü çox məsud-bəxtiyar hiss etdiyimi yazmışdım.

Amma səd əfsus.

Səd əfsus ki, iş elə gətirdi, məcbur (!) qayıtdım və qayıtdığıma elə peşman oldum, elə peşman oldum, ifadə etməkdə çətinlik çəkirəm.

Qayıtmağımla da elə haqqında bəhs elədiyim sosial şəbəkənin birində xalqımızın yumor hissinin çox bayağı və noxudlu bozbaş təbirində olduğu barədə geniş müzakirəyə göz və diqqət şahidliyi etdim. Düzü, bu qisimlə heç də razı deyiləm. Bizim yumor hissimiz kifayət qədər uğurludur.

Hətta bu uğurluluq diaqnozunu şitini-şorunu çıxardığımız “Yevlax görüşü” sərsəmliklərini gördükdən sonra da öz qüvvəsində saxlayıram.

Fəqət yumor və yumorçuluq (!) anlayışında yanıldığımız çox incə bir məqam var: o da ki sərhəd.

Sərhədlərimizin tamı tamlığına bərpa olunduğu bu tarixi günlərdə yumor sərhədlərimizi də öyrənmək üçün, ən azından, cəhdlər etməyimiz bizi, sizi və hamımızı son dərəcə məmnun qılardı, düşünürəm.

Hər mövzuya ironiya ilə yanaşmaqdan da yanayam. Olsun.

Dedik axı, yumor güclü silahdır.

Məsələn, az müddət öncə yerli film-seiral sektorunun raxit bir zaman yaşadığı vaxtda mövzu, rejissor işi və aktyor oyunu hesabına çox böyük kütlə qazanan detektiv serialı barədə də, aşağı-yuxarı, eyni şeyi etmişdik (etmişdiniz), indi də.

Və o mövzunun da şitini-şorunu çıxarmağınız barədə sizlərə (bizlərə) eyni ton və ritorikada irad bildirib köşə qələmə almışdım, indi də.

Orada söhbət mövzunun (guya möhtəşəmliyin (?)) şitini-şorunu çıxarmaqla görməmiş situasiyası yaratmaq idisə, indiki halda situasiyanın adı bambılılıqdır.

Bundan öncəki iki abzasda özümü sizlərdən (görməmiş və bambılı kəsimdən) ayırmadım, gördünüz. O səbəbdən də, sonuncu xahişimin sizi incitməməsi diləyi ilə:

Bu dəfə and yerim yoxdur, ona görə də ateistlisi, deistlisi və hətta mazoxistlisi, fərqi eləmir, hər kəsədir müraciətim: etdiyiniz zarafatları güzgü qarşısında əzbərdən yüz dəfə deyin. Reaksiyanız necə olacaqsa, o cür də davranın.

Nihat Pir,

xüsusi olaraq, bambılı adamlar üçün

# 4780 dəfə oxunub

Oxşar xəbərlər

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

18:48 26 yanvar 2026
Televiziyalara xəbərdarlıq edildi - Səbəb

Televiziyalara xəbərdarlıq edildi - Səbəb

17:51 26 yanvar 2026
Paşinyan musiqi qrupu yaratdı

Paşinyan musiqi qrupu yaratdı

17:17 26 yanvar 2026
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

16:31 26 yanvar 2026
“İkinci həyat”  bədii layihəsi təqdim olundu

“İkinci həyat” bədii layihəsi təqdim olundu

16:05 26 yanvar 2026
Kamera qarşısında özünü “şah” sayanlar  - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

Kamera qarşısında özünü “şah” sayanlar - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

16:00 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər