Yeni qurulan ölkənin rəhbəri oldu, əksinqilabçı kimi güllələndi - Maraqlı faktlar

Yeni qurulan ölkənin rəhbəri oldu, əksinqilabçı kimi güllələndi - Maraqlı faktlar
10 oktyabr 2024
# 17:42

Bu gün görkəmli ədib, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının təsisçisi Ömər Faiq Nemanzadənin anım günüdür.

Kulis.az bu münasibətlə Ömər Faiq Nemanzadə haqqında maraqlı faktları təqdim edir.

Milliyyətcə məshəti türkü olan Ömər Faiq Nemanzadə 1872-ci ildə Gürcüstanın Axalsiq uyezdinin Azqur kəndində doğulub.

***

Türk təhsil sistemində zəmanəsinin yeni məktəblərindən biri olan “Darüşşəfəq”in ilk məzunlarından biridir.

***

Ömər ilk təhsilini kəndlərindəki mollaxanada aldıqdan sonra bir müddət rusdilli məktəbdə oxuyub. Məsələ bu idi ki, anası oğlunu molla görmək istəyirdi, ata isə buna razı olmurdu. O dövr barədə Ömər Faiq sonralar xatirələrində belə yazır: “Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı. Atam isə əsla razı olmurdu. Ona görə evimizdə uzun-uzadı durğunluq, soyuqluq yaranmışdı, anam atamdan, atam isə hamımızdan küsmüşdü. Axırda anamın bəxti gətirdi. Atam azarlı bacısını görmək üçün Qoki kəndinə getdi. Anam daha fürsəti əldən qaçırmadı. Məni tez hazırlayıb qardaşı Osman əfəndi ilə İstanbula yola saldı”.

Ömər Faiq Nemanzadə atasının ölüm xəbərini alandan sonra anasına yazır:
"Atamın ölümü məni ölü halına qoydu. Gözlərim qaralmış, ürəyim sönmüş, beynim donmuş kimidir".

***

Ömər Faiq 1883-1891-ci illərdə Osmanlıda bir müddət teleqrafxanada işləsə də, siyasi hərəkata qoşulduğu üçün həbs olunmaq təhlükəsini hiss edib yenidən Azqur kəndinə qayıdır.

***

Qalatada xidmət etdiyi ilin axırında bayram tədbirlərinin birində Nazir Paşaya yaxşı təzim etmədiyinə görə Ömərin işini dəyişirlər; o, Avropa mətbuatı ilə tanışlıqdan uzaq düşür, xəfiyyələrin nəzarəti altına alındığını hiss edir.

***

1894-cü ildə Şəkidə yeni tipli məktəbin açılmasında yaxından iştirak edib.

***

Məhəmməd ağa Şahtaxtlı sahibi olduğu mətbəə borca düşdüyünə görə onu satmaq qərarına gəlir. Ömər Faiq başqalarının əlinə keçməsin deyə, tacir dostundan 7 min manat alaraq mətbəəni əldə edib Mirzə Cəlilə verir. Onlar mətbəənin adını “Qeyrət” qoyurlar və onun rəsmi müdiri də Mirzə Cəlil olur. Çünki Ömər Faiqin Türkiyə təhsilli olması buna imkan vermirdi.

***

“Qeyrət”də çap olunan ilk kitab Ömər Faiqin “Nəşri-asarə dəvət” (“Əsərlərin nəşrinə dəvət”) kitabı olub. Bu əsər “Qeyrət”də çap olunan ilk əsər olmaqla yanaşı, Azərbaycan mətbəə və mətbuat tarixi haqqında da ilk kitabdır.

Onun “Molla Nəsrəddin”in nəşrindəki xidmətləri haqda ən dəqiq məlumat 1911-ci ildə C. Məmmədquluzadənin Qarabağdan Tiflisə, jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda əksini tapıb: “Əzizim Məmmədəli!... Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli...”

***

Ömər Faiq Nemanzadə Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası “Ahıska hökuməti-müvəqqətəsi”nə hökumət rəisi seçilib. Lakin altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirdikdən sonra bu respublika ləğv olunsa da o, Gürcüstan hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başlayır.

***


Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə Ömər Faiq həmişə təqib edilirdi. Dəfələrlə onun evində axtarışlar aparılır, yazıları müsadirə olunurdu. Hətta 1907-ci ildə həbs edilib Metex qalasına salınıb. Lakin ictimaiyyətin tələbi ilə tezliklə həbsdən azad olunub.

Ömər Faiq Nemanzadə "Molla Nəsrəddin" jurnalının attestatlı ilk mollası idi.

***

1912-ci ildə “İqbal” qəzetində dərc olunan bir məqaləsindən sonra Ömər Faiqin 1915-ci ilədək imzası mətbuatda görünmür. Birinci Dünya müharibəsində rus ordusunun törətdiyi vəhşiliklər, türk ordusunun Sarıqamış faciəsi onu mətbuatda həyəcan təbili çalmağa məcbur edir. Onun təşəbbüsü ilə savaşda zərər çəkənlərə Azqur kəndindən yardım toplanır və yaralıların müalicəsi üçün kiçik bir xəstəxana açılır.

***

1937-ci ilin iyununda 66 yaşında “Sovet hakimiyyəti əleyhinə qurulmuş əks inqilabi millətçi təşkilatın sədri” kimi həbs olunur və güllələnir.

Gallery

Nemanzadənin qızı Kamilə xanımın İngiltərədə yaşayan nəvəsi Ülviyyə Pepinova ailəsi ilə bağlı bunları deyib:

"Ömər Faiqin böyük qızı, nənəm Kamilə Nemanzadə bütün ömrünü atasına olan heyranlıq hissilə yaşayıb. Atasının irsini o, qorxa-qorxa, damla-damla, amma israrla yaşadırdı.

Nənəmin ata sevigisinin nəticəsi idi ki, 1973-ci ildə Azərbaycan Ədəbiyyat İnstitutunda Ömər Faiq Nemanzadənin 100 illik yübileyi keçirildi. Az da olsa, o dövrdə Nemanzadə haqqında ilk bilgilər ictimaiyyətə çatdırıldı. Nənəmin 1992-ci ildə vəfatından sonra bacısı Bəxtli onun mübarizəsini davam etdirməyə çalışıb. Nənəmin qardaşı Kamil - Ömər Faiqin yeganə oğlu, atası güllələndikdən dərhal sonra həbs edilib, gəncliyi işgəncə içində keçib, iyirmi il sürgün həyatı yaşayıb. Nəhayət, Bakıya qayıdıb, Sibirdə ailə qurduğu rus xanımı ilə dinc, sakit ömür sürüb. Hazırda onun nəslinin davamçıları Moskvada yaşayır. Mən də öz növbəmdə ulu babamın xatirəsini həmişə əziz tutur və gərəkli işlər görməyə çalışıram".

# 1528 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #