Yazıçıları görməzdən gələn naşirlər

Yazıçıları görməzdən gələn naşirlər
8 iyun 2023
# 11:22

Kulis.az Ümid Nəccarinin yeni yazısını təqdim edir.

Bir neçə ildir ki, silsilə kitab sərgiləri keçirilir. Bir neçə sərgidə özüm də iştirak etmişəm. Bu sərgilərin keçirilməsi olduqca vacib və önəmlidir və hər bir kitabsevəri sevindirir.

Kitab sərgisində hamı sevinir, ancaq bu sevinc daha çox naşirlərin payına düşür. Bizim naşirlər biznesindən gündən-günə razı qalırlar, maşınlarını yeniləyib, mağazalarını artırırlar, nə gözəl! Daha çox olsun!

Ancaq gəlin keçirilən kitab sərgilərində yazıçıların da sevinc həddinə baxaq.

Adını çəkmədiyim yazıçılar hardansa əldə etdiyi 400-500 manatla iki yüz ədəd kitab çap etdirib, onları da vurub qoltuğuna, kitab sərgisində zülm-zülm özünə stend axtarır ki, kitablarını qarşısına düzüb, kitablarını oxuculara təqdim edə bilsin. Bu acınacaqlı səhnəni Bakıda keçirilən bir neçə kitab sərgisində gördüm.

Bir neçə il öncə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” - ANAİB adlı təşkilat, naşirlər birliyi yaradıldı, bu da çox gözəl, çox vacib və əhəmiyyətli bir iş idi. Bəs bu naşirlər birliyi nə zaman bir neçə müəllifi çağırıb, nəşr problemləri ilə maraqlanıb? Ağzını açıb danışmaq istəsən, deyəcəklər ki, şeir kitabı satılmır, bir il öncə-filan məşhur şairin kitabını çap etmişik, qalıb əlimizdə, satılmır. Başlayıb “Qəm” dəftərini qarşına açacaqlar.

Bu naşirlərə demək lazımıdır ki, bəs niyə çox satılan detektiv kitablarından danışmırsan, bəs nədən çap etdiyin dini kitablar, ideoloji kitablar, bədii yükü olmayan və çox satılan kitablardan danışmırsan? Niyə minlərlə satdığın dərs vəsaiti kitablardan danışmırsan?

İki-üç qiraətçini yanına salıb, səhnəyə çıxarmaqla şeir və şair dirilmir, müəllifə hörmət etməyən, müəllifə “kaşelyok” gözü ilə baxan naşirlər cəmiyyətə özlərini mədəniyyət xadimi kimi təqdim edirlər, bu da çox gözəl, etsinlər. Bəs haçan özünüzü şairlərə də təqdim edəcəksiniz? Deyəcəksiniz ki, naşirlərin bu öhdəliyi yoxdur. Yaxşı, sizin belə bir öhdəliyiniz yoxdur, Mədəniyyət Nazirliyin bu öhdəliyi yoxdur, Yazıçılar Birliyinin bu öhdəliyi yoxdur, bəs bu sahəyə kim baxır? Deyin, biz də gedib sözümüzü ona deyək.

Deyək ki, biz istəyərək, sevərək, bu zülmə qol çəkmişik, ədəbiyyatı seçmişik, 200 ədəd kitabımızı qoltuğumuza vurub, küçə-küçə naşirlərin gözünün qarşısında gəzirik. Bu biabırçı vəziyyət haçan bitəcək? Vaxtınız olsa, bu işlərlə də məşğul olun.

Bir yazıçı məcburən kitabını parkda qarşısına düzüb, satır, biri məcburən kitabını çılpaq qadının üzərinə qoyub çəkir, bəlkə, kitabı satılsın, o birisi qızları yığıb başına şeir kitabını əllərində tutub şəkil çəkirlər, başqası borc alıb məcburən instagramda kitabını pullu reklama qoyur. Naşirlər isə, “ciddi” toplantılar qurub, xatirə şəkli çəkdirib, sərgilərini “uğurlu” addım adlandırırlar. Əziz və hörmətli naşirlər, bu uğur ədəbiyyatın, kitabın uğuru deyil, cibinizin uğurudur. O “cibinizin uğurunu” poeziyaya da şamil edin, lütfən!

Yenə də deyirəm, kitab sənayesində bu sərgilər çox vacibdir, buna sevinirik, ancaq naşirlər və qiraətçilər şairlərlə özünə reklam tutub, sonra bunlara dırnaqarası baxmaqları, sərgilərdə son plana salmaqları qəbuledilməzdir.

Bir neçə Mədəniyyət Naziri dəyişib, ancaq heç biri yazıçıların durumu ilə yaxından maraqlanmayıb. Bu ədəbiyyatın əsl faciəsidir, bu vəziyyətlə hansı mədəni əlaqələr, inkişafdan danışmaq olar? Bura kimi kitab mədəniyyət qurumlarından heç bir dəstək görməyən gənc yazıçılar bütün bunlardan üz çevirib müxalif fikirlər səsləndirirlər və ya hansısa iş adamının, məmurun yaltağına çevriləcək durumda qalırlar. Bunu hamımız görürük, müşahidə edirik. Bu şairlər Azərbaycan dilində yazırlar, Azərbaycan xalqının ədəbiyyatını zənginləşdirirlər, vallah-billah düşməniniz deyil, bu cəmiyyətin üzvləridirlər.

Sərgilərin daha şəffaf, daha duru keçməsini arzu edirəm, arzu edirəm ki, sərgilərdə ədəbiyyatın bütün qollarının nümayəndələri sevinsin və belə bayramları naşirlər təkbaşına yox, bütün müəlliflərlə qeyd edə bilsinlər.

# 1735 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
#
#
# # #