Yazıçılar və naşirlər yeni qərardan danışdı: “İllərdir bunun üçün vuruşuruq”

Yazıçılar və naşirlər yeni qərardan danışdı: “İllərdir bunun üçün vuruşuruq”
3 noyabr 2021
# 15:05

Ötən gün Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı parlamentdə kitab və kağız məhsullarının idxalının, satışının ƏDV-dən azad olunmasına dair ictimai müzakirə təşkil olundu. Kulis.az yazarlar və naşirlərin bu məsələ ilə bağlı fikirlərini təqdim edir.

Şahbaz Xuduoğlu “Qanun” nəşriyyatının rəhbəri


Uzun illərdir bu dəyişikliyi gözləyirdik. Deputatların, naşirlərin, yazıçıların dilindən daima təklif verirdik. Bu çox mütərəqqi bir addımdır. Regionda kitab üzərindən ƏDV-ni götürən ölkə təkcə Gürcüstandır və bundan sonra da Azərbaycan olacaq. Nə Rusiya, nə Ermənistan bu barədə heç nə etməyib. Bu mənada bizim üçün çox böyük addımdır. Kitabın inkişafına nə kimi təsir edəcək mövzusunda isə, onu deyə bilərəm ki, kitabın qiyməti 18% azalacaq. Eyni zamanda oxucuların sayı xeyli artacaq. Yazıçılara stimul verəcək. Ümumiyyətlə, kitabla bağlı bütün sahələrə çox müsbət təsir edəcək.

Rəşad Məcid “525-ci qəzet”in redaktoru

Milli Məclisdə kitab sahəsində çox sürpriz və xoş bir görüş keçirildi. Bu qərar uzun illərdən bəri mətbuatda müzakirə olunur. Bir sıra millət vəkilləri də səsləndirmişdilər ki, kağız məhsullarının üzərindən ƏDV götürülsün. Bununla da bağlı, görünür, İqtisadiyyat komissiyasında da müzakirələr olunub. Komissiyanın sədri Tahir Mirişli bildirdi ki, bu qərar cənab prezidentin xüsusi arzusudur və bununla bağlı vergi məcəlləsinə yeni dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi təqdim olundu və yəqin ki, yaxın vaxtlarda qərar qəbul olunacaq. Mən də orda çıxış edib, bildirdim ki, “əlbəttə bu çox yaxşı olardı ki, bir neçə il qabaq olsun. İndi bilirsiz ki, kitab satışı məsələsi bizim problemlərimizdən biridir. Yeni informasiya texnologiyalarının yaranması, elektron kitabların inkişafı həm yazılı mətbuatda, həm də kitab satışında problemlər yaradıb”. Tahir müəllim bildirdi ki, bu qanun layihəsinə görə ildə iki milyon manat dövlət büdcəsindən onlara vəsait ayrılacaq. Hansı ki, həmin məbləğ ƏDV-ə sərf olunurdu. Bu da hesab edirəm ki, indiki vəziyyətdə normal rəqəmdir. Bu qərar KİV-lər, nəşriyyatlar, yazılı mətbuatlar, yazıçılar üçün xüsusi bir güzəştdir. Arzu edərdik ki, bu qərardan sonra kitabların qiyməti aşağı düşsün və kitab sənayemiz inkişaf etsin.

Rasim Qaraca şair, yazıçı

Kitab və kağız məhsullarından ƏDV-dən azad olunmasına dair layihə İqtisadiyyat Komissiyasında müzakirə olundu, mən də dəvət olunmuşdum. Naşirlər, kitab sahəsində işləyən insanlar öz fikirlərini səsləndirdilər. Əlbəttə, bu çox müsbət addımdır. Hətta, mən deyərdim ki, gecikmiş addımdır. Bu qərar kitab və çap məhsullarının qiymətinin azalmasına və əlçatan olmasına xeyli kömək edəcək.

Qismət şair, esseist

Kağızın və çap məhsullarının üzərindən ƏDV-nin götürülməsi son illərin ən sevindirici xəbəridir. Bunu neçə illərdir səsləndiririk. Bu qərar bizə nə verəcək? Əgər belə xəyala qapılsaq ki, birdən-birə kitabın tirajı yüksələcək, bu real olmaz. Ancaq bu qərarla kağızdan kitaba qədər olan mərhələdəki lazımsız yüklər aradan çıxacaq, kitab oxucuya bu maddi əlavə yüklər olmadan çatacaq, yəni kitab çapında müəyyən qədər nəfəsdərmə baş verəcək. Bunun ardınca mütləq növbəti addımların ehtiyac var: mədəni prosesin, xüsusilə kitabın paytaxtdan əyalətlərə doğru yayılması ilə bağlı mexanizmləri düşünmək, mədəniyyət sfreasına müstəqil qurumların, bankların, mesenatların cəlb edilməsini təşviq etmək, bunun yollarını düşünmək. Bunlar baş vermədikcə, nə həqiqi nəticə olacaq, nə də neçə illərdir təkrarlanan "oxucu var-oxucu yoxdur" mantrasından çıxıb həqiqi statistika əldə edəcəyik. Kitab ölkə boyu yayılmadıqca, istənilən statistika ehtimaldır.


Müşfiq Xan "Mücrü" nəşriyyatının rəhbəri

Zənnimcə kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi Azərbaycan kitabının, ümumiyyətlə kitabın cəmiyyətimizə daha yaxşı sirayət etməsinə səbəb olacaq. Məsələn, "Mücrü" nəşriyyatı, bu qərar təsdiqlənərsə satışa çıxardığı kitabların qiymətində diqqətçəkən azalma edəcək. Biz kitabın çox oxunmasının tərəfdarıyıq, bunun arzusundayıq və bununçün illərdir əlləşib-vuruşuruq. Postsovet ölkələrinin bəzilərində kitab-kağız üzərindəki ƏDV bir neçə illərdir ləğv edilib və bu gün nəhayət bizim yaşadığımız ölkədə də bu baş verəcək. Çox yaxşı xəbərdi, çünki biz bu sahədə çalışırıq və kitabların tirajlarının artmasını istəyirik.

# 4491 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı

16:30 24 aprel 2024
Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

14:30 24 aprel 2024
Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

14:00 24 aprel 2024
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
# # #