Yanan "Kibrit"in "Misra"ya çevrilməsi - Yeni book cafe-dən repotaj

"Misra" bukkafe

"Misra" bukkafe

19 yanvar 2022
# 09:00


Kulis.az Rəvan Cavidin “Misra” bukkafedən olan reportajını təqdim edir.

Lev Tolstoy küçəsində maviyə boyanmış divarları görüb dayandım. Bu rəngin məndə doğurduğu xoş məsumiyyətlə, bir az kəmturş, bir az da kəmşirin xatirələrlə böyük pəncərədən içəri baxdım. İçəridə tavandan asılı qalan kitabları, divarlardakı misraları, kitab rəflərini, rəngli aksesuarları, xırda masaları və deyə-gülə söhbət edən dostlarımı görüb, mavi divarların “Xoş gəlmisən!” pıçıltılarına təbəssüm etdim.

Adı “Misra” olan bukkafenin səmimiyyəti, içindəki doğmalıq ilk addımdan daxilimdə gələcəkdə hələ çox yazıma mövzu olacaq bu kafenin məhrəm hisslərini yaradırdı. Bakımın səs-küylü, insan səmimiyyətinin küçə musiqisinə qarışıb bohem janra düşmüş kafelərindən fərqli idi bura. Kitablar var idi, həzin musiqilər var idi, gülərüz xidmət var idi. Ən əsası səni bu dünyadan ayırıb keçmişdə haralardasa qoyub gəldiyin dünyaları yadına salan misralar var idi.

Keçib dostlarımın yanında oturdum. Xəzər Süleymanlı, İlham Əzizov, yenicə tanıdığım və təəssüf ki, adını nişan verə bilməyəcəyim bir nəfərin yanında oturub köhnə, amma hər dəfə təzələnən o məşhur söhbətlərə girişdim. Yenə ədəbiyyat, yenə doğma misralar. Çaydan bir qurtum alıb başımı qaldırdım. Tavandan asılı qalan kitabların altında lampalar yanırdı. Gözüm divarlardakı adlara sataşdı: Hüseyn Cavid, Mikayıl Müşfiq, Sabir Rüstəmxanlı, Ramiz Rövşən.

Telefonuma gələn zəng masaya sükut süfrəsini sərdi.

– Nadir Yalçındı...

İlham Əzizov: “De ki, “Misra” bukkafedəyik. Yaxşı xəngəl də verirlər”.

Beləcə də dedim. Məsum dostum da inandı.

– Çaxır da var?

– Var, sən gəl!

Klassik musiqinin sərxoşluğu azmış kimi bir də çaxır sözünün mütiliyi başıma vurdu. Önümdə buxar-buxar musiqinin ritmiylə soyuyan çaya baxıb, nələrsə fikirləşdim (yəqin ki, nə vaxtdandı çaxır içmədiyimi).

Nadiri gözləyirdim, Ömər gəldi, Səfiyar gəldi, onlarla bir yerdə Nəriman, İslam da gəldi. Söhbətin dozası bir az da artdı. İki il idi görmürdüm bu dostları. Nəhayət uzun-uzun darıxmaqların sonuna bir nöqtə qoymuşdum.

Az keçmədi “Kibrit” bukkafedən tanıdığım Bəhruzu gördüm. Sən demə, mən Bakıda olmayanda “Kibrit” yanıb. Sonra bukkafenin yenidən fəaliyyətində çətinliklər yaranıb. Sonra Bəhruz yanmış “Kibrit”in salamat çöplərindən “Misra”nı hörməyə başlayıb.

Sonra nə oldusa... yadıma düşdü.

Qonşu masada bir vaxt elə “Kibrit”də tanış olub, özümüzü gəncliyin sevda yollarına atdığımız o qızı da gördüm. Ah bu uzun sevda yolu... Ancaq onu görəndə keçirdiyim qarmaqarışıq hissləri bir kənara qoyub yenə dostlarımın söhbətlərinə qayıtdım. Məncə, gərəksiz idi, yenidən keçmişin sahmansız vərəqlərində misra-misra topladığımız xatirələrə qayıtmaq. Belə...

Fotoqrafın gözündən bizim masa yayınmadı, elə kamerasından da. Bu da bizim “Misra”dakı ilk foto.

Siqaret çəkmək üçün növbə ilə soyuq Tolstoy küçəsində üç metrlik yolu var-gəl etməyimizi görən Bəhruz kafenin ikinci mərtəbəsində siqaret çəkmək üçün zalın olduğunu da dedi, siz də bilin, gedəndə bu ehtiyacınıza uyğun zalı seçin. Daha nə istəyirsiniz...

İki nəfər gitarist gəldi. Və canlı musiqinin sığalı altında bir-birimizə bir az da doğmalaşdıq. “Səni əvəz eləmir” koveri ilə hamı nələrisə düşünürdü. Kaş hamını oxuya biləydim kitab kimi. Mən isə əllərimin arasına adamları yox, Knut Hamsunun kitabını almışdım. Kazımın o məşhur şeirini yadıma salıb, (Unut indi hamsını, Knut Hamsunu...) rəfində öz yerinə qoydum. Yenidən götürməyə də nə həvəsim qalmışdı, nə də marağım. O iki hissin ikisi də qonşu masaya çoxdan oturmuşdu.

Ölkəmizdə ədəbiyyatın, kitabın getdikcə daha qaranlıq dalanlara qısıldığı bu zamanda belə bir işıqlı kafedə kitab oxuyub, ədəbiyyat, sənət söhbətlərindən ləzzət almağın zövqünü heç nə verməyəcək. Qaranlıq şəhərin ən aydın yerində dostlarımızla, sevgilimizlə bir qədər dünyanın yorucu monotonluğundan uzaqlaşmaq ədəbiyyat qədər gözəldi.

Yavaş-yavaş dostlar masadan qalxırdı. Kafenin qonaqları isə gitaristlərin səsinə səs verib xorla mahnıları oxuyurdu.

Sonra nə oldusa... mən yenə tək qalmadım.

Bəhruz divarlara yazılacaq misraların içindən mənim də misramı tapıb göstərdi. Sevindim. Bir neçə gün sonra kimsə gəlib oxuyacaqdı və eynən mənim keçirdiyimi hissləri yenidən və mənim əvəzimə də keçirəcəkdi.
Şüşə divarlardan çölə – küçəyə, keçib-gedən adamlara baxdım. Necə qayğılı idilər. İstəyirdim hamısının qolundan tutub kafeyə gətirəm. Onları bir neçə saat ayaqlarına tilsim olmuş problemlərdən, qayğılardan qurtaram. Amma yorğun idim və buna gücüm çatmazdı. İndi bu sakit kafedə misraların havasında qalmaq mənə hava-su kimi lazım idi.

Masamızda hərəyə bir qədəh şərab deyib gözlədik. Ayrılmaq üçün hamımız bir-birimizə bəhanələr uydurub, qədəhin ikram etdiyi son damcıları da içib qalxdıq. Hamı “görüşərik!”, deyirdi. Mən yenə mavi divarlara baxıb “görüşəcəyik!” deyib, Tolstoy küçəsi ilə üzü aşağı axsamağa başladım.

# 6073 dəfə oxunub

Oxşar xəbərlər

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
DiKapriodan yeni  layihə - Delfinlərlə bağlı

DiKapriodan yeni layihə - Delfinlərlə bağlı

13:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər