"Yadındamı, əziz dostum?" - Tərlanə Yaqubqızı

"Yadındamı, əziz dostum?" - Tərlanə Yaqubqızı
2 fevral 2024
# 12:11

Kulis.az Tərlanə Yaqubqızının Gənclər Günü ilə bağlı məqaləsini təqdim edir.

Bu gün gənclər günüdür. Bütün gənclərimizi təbrik etmək istəyirəm...

Gəncliyini doya- doya yaşaya bilməyən şəhid gənclərimizi, sağlamlığını Vətən yolunda fəda edən qazi gənclərimizi təbrik etmək istəyirəm..

Gənclik illərimiz ötən əsrin 90- cı illərində qalsa da, hələ də gənclik eşqi ilə yaşayıb-yaradan dostlarımızı- Gözəl Baxşəliyevanı, Zemfira Məmmədqızını, Nəzər Sultanlını, Şəlalə Məhyəddinqızını və neçə- neçə tələbə yoldaşlarımı təbrik etmək istəyirəm. Onların arasında ədəbi ictimaiyyətin çox yaxşı tanıdığı bir nəfər də var- Bahəddin Həzi!

Gözəl günlərin birində çalışdığım milli kitabxanaya gəlmişdi. Bəlkə də adi, boz günlərin biriydi. Amma yəqin ki, məhz onun gəlişi həmin günü gözəlləşdirmişdi. Özüylə ötən əsrdə qalmış tələbəlik illərimizin hərarətini, qaynar nəfəsini gətirmişdi. Onu burada çalışan keçmiş tələbə yoldaşlarımızla da görüşdürdüm. İllər sonra tələbəlik xatirələrini yenidən yada saldıq. 50 yaşını çoxdan adlasaq da, bir anda 18 -20 yaşlarında gənclərə çevrilmişdik.

Bir də mənə çox qiymətli hədiyyə gətirmişdi .

Onun "ÖLÜMCÜL HƏQİQƏTLƏR" adlı kitabını dünyanın ən gözəl hədiyyəsi kimi qəbul etdim.

Ağarmış saçları, qayğılı baxışları məni kövrəltdi.Onsuz da zaman- zaman mətbuat səhifələrindən onun mübarizələr dolu həyat tarixçəsi ilə bağlı məlumatım vardı. Amma sonradan kitabını oxuyanda tələbə yoldaşımızı- tanınmış jurnalist, "Bizim yol" qəzetinin və saytının baş redaktoru Bahəddin Həziyevi elə bil yenidən kəşf etdim.

Bizdən bir neçə yaş böyük olan Bahəddin yuxarı kursda oxuyurdu. Amma milli- azadlıq hərəkatı nəinki fakültə, bütün universitet tələbələrini bir yumruq kimi birləşdirmişdi.

1988- ci il noyabrın 17- də indi Azadlıq meyda adlanan yerdə Topxana meşəsini kəsib orada alüminium zavodu tikmək istəyən ermənilərə qarşı toplanan izdihamın ön sıralarında biz tələbələr dayanmışdıq.

1990- cı ilin yanvar faciəsindən sonra hamılıqla cəsarətə gəlib komsomol və partiya biletimizi Bakı Dövlət Universitetinin qarşısında yandırmışdıq.

Universiteti bitirəndən sonra tale hərəmizi bir səmtə göndərdi. Yollarımız ayrılsa da, ürəklərimiz bir- birimizdən ayrılmadı. Hər yerdə gözümüz tələbə yoldaşlarımızı arayıb- axtardı, kədərləri kədərimiz, sevincləri sevincimiz oldu.

Elə bil hər şey dünən olmuşdu. Doğrudan, əlahəzrət zaman su kimi axıb keçir.

O, getdi. Elə bil bayaq içinə düşdüyümüz gənclik illərimizi də özüylə alıb apardı. Və bu şeir də belə yazıldı.

Yadındamı, əziz dostum, tələbəlik illərimiz?
Ayrı-ayrı rayonlardan, şəhərlərdən gəlmişdik biz.
Az müddətdə qaynamışdıq, qarışmışdıq,
Uşaq kimi gah küsüb, gah barışmışdıq.

Qan vermədim, 'Komsomolun projektoru"na düşdü adım.
Redaktoru yaxın dostun Qənimətdi, (yada saldım).
Bu tənqiddən inan elə sarsılmışdım,
Evə gedib otagımda gizli- gizli aglamışdım.

İndi necə şirin gəlir o illərin xatirəsi?
Ah, kaş yenə olaydıq biz universitet tələbəsi...
Bir sehirli xalat geyib qayıdardıq o vaxtlara-
Qayıdardıq ötən əsrə, səksənlərə, doxsanlara.

O illəri xatırlarkən nədən belə diksindim mən?
Qara yanvar yada düşdü, istəmədim geri gönəm.
İlk tələbə şəhidləri Xiyabanda dəfn elədik,
Bir gecədə yaşa dolduq, bir gecədə müdrikləşdik.

Yaman çətin zamanlara düşdü bizim gəncliyimiz,
Olmadı bir əyləncəmiz, olmadı bir dincliyimiz.
Meydanlarda ayaq döydük səhərədək,
Belə yazdı bəxtimizi zalım fələk.

Sevgisini ürəyində gizlədən igid oglanlar
Vətən adlı sevgiliyçün cəbhələrə yollandılar.
Azadlığa qovuşmaqçun neçə canlar qurban oldu.
Yaşamadan gəncliyini, bizim nəsil yaşa doldu.

O ki qorxurdu baxmaga sevdiyinin gözlərinə,
Heç qorxmadan əldə silah getdi ölüm üzərinə!
Neçə qeyrətli gəncimiz şəhid oldi, qazi oldu,
Necə qeyrətsiz olanlar hazırına nazir oldu?!

Ürək necə sızlamasın, ürək necə dərd çəkməsin?
Elə boğmaq istədilər dörd bir yanda haqqın səsin.
Biz azadlıq meydanının yetirdiyi cocuqlarıq,
30 il əvvəlki kimi hələ də haqq axtarırıq!

Ey millətə düşmən olan, bəsdi daha az maskalan!
Məmurlara kölə kimi baş əyirsən, az yaltaqlan.
Əyləşmisən kabinetdə, xofun basır qorxaqları,
Adamda bir vicdan olar, özünə gəl, ayıl barı.

Əziz dostum, illərdir ki, qələminlə külüng çaldın,
Bu millətin haqq işiyçün görürəm erkən qocaldın.
Nə qədər ku , sənin kimi ogullar var vətənimdə,
Yaşamaga dəyər hələ, yaşayacaq Vətənim də.

# 1280 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #