Xristianlığı qəbul etdi, rahibə ilə eşq yaşadı, qadınlar ona görə kilsəyə axışdı – Məşhur azərbaycanlı şairin taleyi

Xristianlığı qəbul etdi, rahibə ilə eşq yaşadı, qadınlar ona görə kilsəyə axışdı – Məşhur azərbaycanlı şairin taleyi
8 iyun 2022
# 12:00

Kulis.az azərbaycanlı şair, bəstəkar Onegin Hacıqasımov haqqında 10 maraqlı faktı təqdim edir.

Onegin Yusif oğlu Hacıqasımov 1937-ci ildə Bakıda, qatı dindar ailəsində anadan olub. Anası Mahtaban xanım rus ədəbiyyatı vurğunu olduğu üçün Puşkinin ölümünün 100-cü ilində dünyaya gələn oğluna dahi rus şairinin qəhrəmanı Yevgeni Oneginin şərəfinə Onegin adını verir.

Onegin orta məktəbi bitirib attestat alan Onegin Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur. Deyilənə görə, Oneginin qaldığı yataqxanaya, demək olar ki, hər gün milis naryadı gələrmiş. Dostları ilə hər gün poeziya məclisi düzəldən Genanın (onu belə çağırırmışlar) yataqxanadakı otağı həmişə səsli-küylü olur. Tələbə yoldaşı Mixail Buzıkin xatırlayır ki, onun otağından siqaret tüstüsü və çaxır şüşələri əskik olmazmış.

***

Onegin birinci kursdan tələbə yoldaşı Anastasiyaya dəli kimi vurulur. Nəinki vurulur, onu təkcə tələbə yoldaşlarına yox, hətta müəllimlərinə belə qısqanır. İkinci kursda oxuyarkən Onegini əsgər aparırlar. O, 3 il hərbi dəniz qüvvələrində xidmət keçməyə məcbur olur. Onegin üç ildə sevgilisinə nə az, nə çox 960 məktub yazır və bu məktubların hamısında da ona şeir həsr edir. 58-ci ildə əsgərlikdən qayıdan Onegin elə Nastya ilə də evlənir. İl yarım sonra, 1960-cı ildə onların oğlu olur. Uşağın adını Yusif qoyurlar.

1970-ci ildə, 33 yaşında ikən Oneginin müəllifi olduğu mahnılardan ibarət albom satışa çıxır və rekord sayda 15 milyon ədəd val satılır. Bu valda sovet pop musiqisinin hitləri cəmlənir. 15 milyon 730 min tirajla çıxan bu plastinka iki günün içində mağazalardan yoxa çıxır, satılıb qurtarır. Bu günə qədər də bu rekord həcmdə disk və ya plastinka çıxarmaq heç bir müğənniyə nəsib olmayıb, heç bir nəğməkar-şair bu rekordu üstələməyib. Sən demə, ən azı bu faktın özü, ətrafındakılarda ona qarşı qısqanclıq yaradırmış.

Azərbaycandan tutmuş, Moskvaya qədər hamı onu avaranın, sərgərdanın biri kimi təqdim etməkdən zövq alır, ləkələməyə çalışır, istedadını qısqanırlar. Ondan donos yazırlar, deyirlər ki, partiyaya aid şeir yazmır, burjua həyat tərzi sürür, sovet əxlaqına lağ edir. Hətta bir nəfər yuxarılara yazır ki, o, ümumiyyətlə, dəlidir. Bundan sonra işlədiyi yerə komissiya göndərirlər ki, tibbi yoxlamadan keçsin. Yevtuşenko eşidib, şəxsən işə qarışır, elə beləcə də deyir ki, ey siz, onun əlinə su tökməyə yaramayan bir sürü cılız məxluqlar, adam dahidir, dəli isə sizə bu tapşırığı verənlərdir.

Onegin bir müddət sonra Nastyadan ayrılıb, məşhur bir general qızıyla ailə qurur. Ancaq bu izdivac da uğursuz olur. O, 3-cü dəfə dövrün tanınmış dirijoru Karbışevin qızı Tatyana ilə evlənir. Evlənəndən sonra isə ipə-sapa yatmaz Oneginlə məşhur qayınata arasında mübahisələr başlayır. Dirijor Onegindən təhsilini davam etdirməyi, aspiranturaya girməyi, necə deyərlər, o dövrün meyarlarına uyğun karyera qurmağı tələb edir. Onegin isə öz həyatını sürməyə davam edir.

***

Karbışevə isə nümunəvi kürəkən lazım idi. Çünki onun özündən də yazırdılar: tüfeyli kürəkəni var, sovet gəncliyinin əxlaqına zidd həyat tərzi sürür və s. Həmin vaxtlar Karbışevə SSRİ Xalq artisti adı veriləcəkmiş. Amma buna ən böyük maneə isə zavalı Onegin imiş. Hətta Tatyana belə Oneginə qarşı çıxır, atasının karyerasında ona ən böyük maneənin məhz bu qohumluq olduğunu açıq büruzə verir.

1980-ci illərdə Oneginin həyatında dəyişiklik baş verir. “Bibliya” əldə edir və bu kitabı oxuduqdan sonra dünyaya baxışı dəyişir. 1985-ci ildə xristianlığı – pravoslavlığı qəbul edir. Üç il sonra isə evini və ailəsini tərk edərək, Kaluqa vilayətində yerləşən “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır. Ancaq bu qəfil qərar olmur, monastıra yerləşməmişdən əvvəl Onegin Bakıya gəlir, uşaqlığının keçdiyi İçərişəhəri gəzir. Bu zaman “Bibliya” onun əlində olur. Geri qayıtdıqdan sonra isə qərarını verir. Kaluqa vilayətinin “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır. Ailəsini tərk edəndə 49 yaşı olan Onegin monastırda Simon adını qəbul edir. Simon Ata burada da böyük diqqət cəlb edir, dini və dünyəvi bilikləri, gözəl natiqlik qabiliyyəti sayəsində çoxlu sayda heyranlar qazanır. İnsanlar onun söhbətlərini dinləmək üçün monastıra axın edir.

Hətta, deyilənə görə o, orada günah işlədir, yaxınlıqda yerləşən qadın monastrında bir rahibə ilə bir-birini sevirlər. Onların münasibəti böyük əks-səda yaratdığı üçün o, sevdiyi qadınla münasibətlərinə son verir.

***

Daha bir fərziyyəyə görə isə, Onegin Kaluqaya ilk dəfə gedəndə onun kilsəyə gəldiyini eşidən rus qadınları hər tərəfdən axışıb ora gəlirlər ki, məşhur şairi görə bilsinlər. İzdiham yalnız polisin müdaxiləsindən sonra dağıdılır.

Onegin Hacıqasımov 2002-ci il, iyunun 30-da 65 yaşında vəfat edir. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbiristanlığında dəfn olunub.

# 11428 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #