Xoşbəxt olmağın sirri nədədir? - Vüqar yazır...

Vüqar Van, yazıçı

Vüqar Van, yazıçı

29 dekabr 2022
# 15:30

Kulis.az Vüqar Vanın “Peşənin fabulası ətrafında” adlı yeni yazısını təqdim edir.

Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür.

Əbu Turxan

Vaxtı az olanlara deyim ki, bu yazıda iş görməkdən, peşə fəaliyyətindən, əməkdən və zəhmətdən danışacağam. Əgər vaxtınız və marağınız yoxdursa, oxumaya bilərsiz.

Vaxtı çox olanlar isə qalsın, bəlkə, nəsə oldu.

İş insanın cövhəridir. İndi deyəcəksiz ki, bunu bilirdik. Amma ürəyimdən belə başlamaq gəldi. Kim nə deyir, desin, iş, doğrudan da, insanın cövhəridir.

Məncə, insanın xoşbəxt olmağı üçün birinci səbəb onun işini sevməyidir. Əgər işini sevirsənsə, deməli, xoşbəxtsən. Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. Gördüyün işə inanmasan, inandığın işi görməsən, peşənə qarşı sevgin olmasa, həyat cəhənnəm olacaq. Hər səhər evdən çıxanda özünə nifrət edəcəksən.

İndi mənə deyə bilərsiz ki, boş-boş nə danışırsan burda? Pul yoxdu, acından ölürük, bir tikə çörəyə görə nifrət etdiyimiz işlərdə, nifrət etdiyimiz adamlarla işləmək məcburiyyətindəyik, yaşamaq çətindir, günü günə calayırıq, yerdə sürünənə, göydə uçana borcumuz var. Bu halda nə edək?

Yaxşı suallardır. Bu cür ağır sualların qarşısında nə etməli?

Düzdür, hər şeyi Allah bilir, mən hər şeyi bilmirəm. Amma bacardığım qədər bu ağır sualları cavablandırmağa çalışacağam.

Belə həyati sualların cavabı var. Oturub düşünürsən ki, mən nə işlə məşğulam və niyə pulum yoxdur?

Doğrudan, niyə pulunuz yoxdur? Adamın niyə pulu olmasın ki? Ağıllı adamın həmişə pulu olacaq. Bir məsəl var, yerinə düşdü, deyir ki, yaxşı oğul neynir ata malın, pis oğul neynir ata malın?

İnsan bu ağır sualların altında qalmamaq üçün işini sevməlidir. Başqa çarə yoxdur. Qabyuyan da olmaq olar, küçə süpürgəçisi də, zibil yığan da, tualet təmizləyən də, şirkət müdiri də, dövlət məmuru da, nə bilim, nazir də, deputat da, ayaqqabı yamayan da, usta da, fəhlə də, ofisiant da, menecer də, kompüter mühəndisi də. Nə qədər istəyirsən peşə var. Bir iş görürsənsə və ordan çıxmaq şansın yoxdursa, onda əlac qalır həmin işi sevməyə. Fərq yaratmalısan. İşini şövqlə, sevgiylə, ürəklə, istəyə-istəyə görməlisən, işini kiməsə göstərmək, müdirin gözünə girmək, yola vermək üçün yox. Bu zaman, gec-tez seçiləcək və yüksələcəksən. Küçə süpürürsənsə, elə süpürməlisən, sanki Messi futbol oynayır, Folkner roman yazır, Cimmi Hendriks gitara çalır, Alen Ducasse yemək bişirir, Da Vinçi rəsm çəkir, Frank Lloyd Wright bina tikir və s. Kiçik işlərdə də böyük olmaq lazımdır.

Milan Kundera deyir ki, insanın ən böyük azadlıqlarından biri işini itirmək qorxusunun olmamasıdır. Bu qorxunu dəf etmək üçün ən yaxşı vasitə peşəkar olmaqdır. Ona görə insan daima öz üzərində işləməli, özünü təkmilləşdirməli, öz sahəsində baş verən yeniliklərdən xəbər tutmalıdır. Həmin sahədə özündən əvvəl nələr edilib, kimlər olub, nə işlər görülüb və s.

Peşəkarlaşmaq üçün də nə lazımdır? Əlbəttə ki, zəhmət, zəhmət, yenə də zəhmət. Meymun əmək vasitəsilə çevrilib insan olursa, insan əmək vasitəsilə nəyə çevrilə bilər, özünüz düşünün. Əmək həyatın bülöv daşıdır. Ona sürtündükcə düzəlirsən, formaya düşürsən, nazilirsən.

Mehmet Akif Ersoy nə deyir?

Oturub dil tökəcək yerdə, gedib tökməli tər,
Min çalış qayən üçün, bir qazan ömründə yetər!
Aləmdə ziya qalmasa, xəlq etməlisən, xəlq,
Ey əlləri böyründə yatan, şaşqın adam, qalx!

Vay, vay, çox qiymətli fikirlərdir.

Əgər işinizi, doğrudan da, sevir, ona ürəkdən inanır, həmin işdə peşəkarlaşmağa cəhd edir, amma seçilmirsinizsə, yenə də narahat olmağa dəyməz.

Bu halda isə ən yaxşı variant, riskə girib, həmin işi tərk etməkdir.

Bəzən batmaq böyük səadətdir. Bədbəxtlik və faciə onda başlayır ki, çox pis gedən işin batmır. Düm-düz xətlə irəliləyir. Nə geriyə gedirsən, nə də irəli. Ürək döyüntülərini göstərən cihazda xətt düz oldusa, ürək dayanıb deməkdir. İşdə hər şey düm-düz gedirsə, deməli, ölü bir həyatın var. Qalxmalısan, enməlisən, qovulmalısan, qovmalısan, dalaşmalısan, sevməlisən. Dilənçi vəziyyətinə də düşə bilərsən, qarajında maşınların sayı-hesabı olmaya da bilər. Bunun məsələyə, heç bir dəxli yoxdur. Əlinə tikan batmadan qızılgül toplamaq mümkün deyil. Əgər risk etməsən, həmişə yarımçıq olacaqsan. Risk etmək lazımdır.

İnsan fitrətən istedadlı varlıqdır. Dünyada hər hansı bir sahədə istedadı olmayan, hətta bəlkə dahiliyi olmayan adam tapmaq çətindir. Sadəcə o adamlar uğur qazanır ki, özünü vaxtında kəşf edə bilir, hansı sahədə bacarıqlı olduğunu dəqiq müəyyən edir. Amma bu hələ azdır! Müəyyən edəndən sonra məhz həmin sənətdə fəaliyyət göstərmək imkanı çox vacibdir. Söhbət istedadlı olduğun sahənin səni yaşada bilməsindən gedir. Əgər yaşatmırsa, məsələ xeyli qəlizləşir.

Adamın yeri səhv düşəndə, daima narahat qalacaq. Ona görə özünü axtarmalı, öz üzərində işləməli, gizli tərəflərini kəşf etməli, özünü yaxşı tanımalısan. Elə dostlarım ki, onları özlərindən yaxşı tanıyıram. Amma belə olmalı deyil. Onlar özləri-özlərini yaxşı tanımalıdır.

Ürəyində nəyə inanırsansa, onu da etməlisən. Əgər aşpaz olmaq istəyir, lakin hansısa dövlət dairəsində məmur həyatı yaşayırsansa, bu halda, nə etməli?

Ya gərək Kafka kimi inandığın başqa bir şey ola ki, ona dözəsən. Məmurluq sənin üçün sadəcə pul qazanmaq yeri olsun və inandığın şeydən başqa hər şeydən iyrənəsən.

Ya da ikinci və daha asan üsulu seçmək olar. 15 günlük, bir aylıq məzuniyyət dövründə hansısa restoranın, yaxud otelin mətbəxində sınaq müddəti keçə bilərsən. Həmin qısa zaman ərzində dəqiqləşdirəcəksən ki, sən doğrudan da, aşpaz olmaz istəyirsən, ya yox? Doğrudan da, məmur həyatından artıq iyrənmisən və aşpazlıq üçün yaradılmısan? Sinəndə gup-gup atan ürəyin aşpazlıqla məşğul olanda rahat olurmu? Özündə aşpaz ürəyi daşıyırsanmı? Əgər bu sualların cavabı “Bəli” oldusa, onda heç nəyə baxmadan, heç kimə fikir vermədən, məmurluqdan çıxıb aşpaz olmalısan.

Eybi yox, bir müddət az maaşla, çox zəhmətlə işləmək olar. Əsas odur, özünü daima xoşbəxt hiss edəcək, işinə ürəkdən bağlı olacaq və həyatından razı qalacaqsan. Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır.

Ruzi yalnız elmlə əldə edilmir. Ruzi bacarıqla, doğruluqla, istedadla, təmiz ürəklə də əldə edilir. Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən pis yaşayan olmazdı. Əla yaşayan cahillər də çoxdur. Deməli, ruzi elmlə əldə olunmaya da bilər.

Ömrünüzün işıq saça biləcək anlarını bir loxma çörək üçün “qara fəhləliyə” sərf eləməyin. Yoxsa gələcəkdə təəssüflənəcək, kövrələcək, qəzəblənəcəksiniz.

Heyvanlar da yemək və yaşamaq uğrunda mübarizə aparırlar. Həyatın qayəsi insan üçün yemək və yaşamaq uğrunda mübarizə olmamalıdır. İnsan ruhani varlığını unudanda heyvana çevrilir. Ruhun qidası mədəni həyat, sevdiyin işi görmək, gördüyün işə inanmaqla başlayır.

Bəzi qəribə insanlar var. Həmin insanlar hamınızın ətrafında var. Gəlib deyirsən ki, tutaq ki, filan bir işə başladım. Qayıdıb deyir ki, qaynım o vaxt bu işlə məşğul olurdu, batırdı hər şeyini, indi taksi sürür. Özünü məhv eləmə.

Qalırsan mat-məəttəl. Adam niyə bu qədər həyasız olsun axı? Hansı güc, hansı qüvvə adamı belə arsız, abırsız, həyasız olmağa məcbur edə bilər?

Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı ortaya çıxır. Ətrafda olan və daim hər şeydən narazı qalan insanlara baş qoşmayın. Həmin insanlar problemləri heç vaxt həll etmirlər, problem yarananda həll yolu təklif etmək əvəzinə, adamı daha da gərginləşdirirlər. Onlar hər şeydən narazıdır, heç nəyi bəyənmirlər.

Allaha şükür, indi öyrənmək üçün hər cür şərait var. Fəaliyyətsiz insan ölü insandır. Biz onları ölü canlar da adlandıra bilərik. Belə baxanda yaşayırlar, amma, əslində, ölüblər. Çünki heç bir fəaliyyətdə bulunmurlar. Öyrənmirlər, öyrətmirlər. Havayı yerə hava udurlar.

Nizami Gəncəvinin ümid dolu bir misrası var:

Hər ümidsiz işdə xeyli ümid var,
Qaranlıq gecədən ağ səhər doğar.

Son olaraq isə mövzuya daha çox ciddiyyət qatmaq və özümü ultra ağıllı göstərmək üçün Demokritdən bir sitat gətirmək istəyirəm:

“Hər hansısa iş hərəkətsizlikdən yaxşıdır”.

# 2493 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #