Məşhur filosof: “Homoseksuallığı qəbul edirəm, ancaq mənə toxunmasınlar” - SÖHBƏT

<span style="color:red;">Məşhur filosof:  “Homoseksuallığı qəbul edirəm, ancaq mənə toxunmasınlar” - <span style="color:red;">SÖHBƏT
18 dekabr 2017
# 09:00

Kulis.az fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə ilə müsahibəni təqdim edir.

- Müsahibələrinizin birində demişdiniz ki, Azərbaycan cəmiyyəti qızıl danaya tapının yəhudi cəmiyyətinə bənzəyir. Yəni o qədər azmışıq?

- Bu, təkcə Azərbaycanın problemi deyil. Müasir dünya maddiyyatçılıq üzərində qurulub, hər yerdə rəsmi ideologiya yalnız maddi qazanc məqsədi daşıyır. Bu, necə deyərlər, kütlələr üçün buraxılmış ideyadır. Ancaq inkişaf etmiş ölkələrdə nə qədər maddiyyata fikir verilsə də onlar özləri mənəviyyatla da məşğul olurlar, ikinci, üçüncü dərəcəli dövlətlərə isə yalnız maddi istehlak ideologiyasını yeridirlər. Bizim ölkəmiz də həmin ikinci, üçüncü dərəcəli ölkələrdəndir. Baxın, cəmiyyətdə mənəviyyat anlayışı yox dərəcəsindədir. Hətta mənəviyyatla məşğul olan adamlarımız – yazıçılar, şairlər da qazanc əldə etməyə çalışırlar.

Mən yazıçılarımızın, sənət adamlarının, alimlərin hərəkətlərinə, həyat tərzlərinə fikir verirəm, görürəm ki, onlar belə mənəviyyat üçün yox, sırf qazanc üçün hərəkət edirlər. Bizim yazıçı-şairlər dissidentliyi qəsdən edirlər ki, xaricə qaçıb yaxşı yaşasınlar. Bizdə maddiyyatçılıq, hətta mənəviyyatla məşğul olan adamlara da xas olan şeydir. Cəmiyyətimiz mənəviyyatdan uzaqlaşmış, maddiyyatla yaşayan adamlardan ibarətdir. Bu da ki, çox ziyanlıdır. Rüşvətxorluq, yaltaqlıq kimi problemlər həmin o maddiyyatçılıq psixologiyasının nəticələridir. Maddiyyatçılıq psixologiyası insanları qeyri-səmimi edib, onlarda bir-birinə qarşı təcavüzkar xüsusiyyətlər yaradıb.

Təəssüf ki, təkcə qanunların qoyulması ilə bu problemdən çıxmaq mümkün deyil.

- O zaman nə etməli? Problemdən necə yaxa qurtarmalı?

- Birincisi, bizim mənəviyyatla məşğul olan adamlar – şairlər, qələm adamları, alimlər - öz həyatları ilə xalqa göstərməlidirlər ki, maddiyyat üçün yaşamırıq, bizim üçün pul heç nədir. Lap kasıb da yaşayarıq, təki mənəviyyatımızı önə çəkək. Bax bu cür örnəklər cəmiyyətə təsir edərdi, ancaq təəssüf ki, mən belə nümunələr görmürəm.

- Heç rastınıza çıxmayıb?

- Belə nümunə görməmişəm. Bunu yalnız nəzəri olaraq kitablarda oxuyur, xaricdə olan müəyyən örnəkləri isə internetdə görürəm.

- O zaman xaricilərdən nümunə gətirin.

- Onların fəlsəfi cərəyanları, keşişləri var. Keşişləri, rahibləri maddi həyatdan uzaqlaşıb inzivaya çəkilirlər, mənəviyyat dalınca gedirlər.

- Bizdə də dərvişlər var.

- Harda var? Siz dərviş görümüsünüz? Mən görməmişəm. Mən Azərbaycanda əqidəsinə görə maddiyyatdan aralanan adam görməmişəm. Amma misal üçün, bizim qonşuluğumuzdakı Gürcüstanda belələri var. Ona görə də təkrar edirəm, bizim cəmiyyət keçmiş sovet xalqları arasında, ən maddiyyatçı cəmiyyətdir. Bu da müsəlmanlıqdan qaynaqlanır. Heç olmasa xristian xalqları arasında rahiblik praktikası var. Bizdə peyğəmbərin hədislərindən, Həzrət Əlinin təvazökar yaşaması, dünya malında gözünün olmamasından danışırlar, amma danışdıqlarına əməl etmirlər. Çox şey danışmaq olar, moizə demək olar. Baxıb görürük ki, həmən o moizə deyən mollalar, ruhanilər özləri buna əməl etmirlər.

- Siz necə, əməl eləyənlərdənsiniz, yoxsa danışanlardan?

- Özümü tərifləmək istəmirəm, ancaq açıq deyim ki, mənim üçün maddiyyat qətiyyən önəm kəsb etmir. Bu mənim həyat tərzimdir. Tutalım, kitablarımı satmaq üçün çap etmirəm, bağışlayıram, hədiyyə edirəm. Mən qazanc üçün yox, sadəcə millətə təqdim etmək üçün yazıram, yazıram ki, insanlar biliklənsin.

- Anladım, mütəvazi həyat yaşayırsınız. Ona görə maaşın azlığından şikayət edənləri tənqid etmişdiniz?

- Bizdə hamı yüksək maaş tələb edir. Yaxşı, yüksək maaşı tələb edirsən, de görüm əvəzində nəyi bacarırsan? Bu sualı insanlar özlərinə vermir. Elə bil dövlətin borcudur sizə maaş versin. O adam yüksək maaş verərlər ki, peşəkar olsun. Mən bizdə yüksək maaş tələb edən və peşəkar olan çox az adam gördüm. Öz təcrübəmdən danışıram, özlərini tərifləyirlər, ancaq iş tapşırırsan, öhdəsindən gələ bilmirlər. Sonra da deyirlər maaşım azdı.

- Sizi maaşınız qane edir?

- İnsan istəyinin hüdudları yoxdur, nə qədər alsan deyəcəksən azdır. Mənə nə qədər maaş kəsilirsə ona şükür edirəm və bu reallıqdan çıxış edərək o cür də yaşayıram. Pulum yoxdu, maşın sürmürəm, pulum yoxdu, bahalı geyimlər geyinmirəm. İnsanın yaşaması üçün başının üstündə dam və bir parça çörək bəs edir.

- Kreditiniz var?

- Əlbəttə, yox. Niyə kredit götürüb sabah da ödəyə bilməyim? Mən ümumiyyətlə sabah altından çıxa bilməyəcəyim işləri eləmirəm. Mənim üçün elmi əsərlər yazmaq maddi fəaliyyətdən qat-qat üstündür.

- Bu qədər kredit azarkeşi olmağımızın səbəbi nədir? Əlbəttə, mən sosial çətinliyi başa düşürəm, ancaq kreditə olduqca bahalı mobil telefon, maşın alanlar da var. Bəlkə bu kredit aludəçiliyinin bir səbəbi də bayaq dediyiniz mənəvi boşluqdur?

- Bunlar hamısı görüntü naminə edilir, insanın özünü gerçəkləşdirmək istəyindən doğur. Biz bu həyatda yaşayırıqsa, necəsə özümüzü gerçəkləşdirməli, cəmiyyətə göstərməliyik. Bu istək hamıda var, ancaq nəylə göstərsin? Peşəkarlığı var, yox, yaxşı qələm adamıdır, yox, heç olmasa gözəl ustadır, yox? Heç nəyi yoxdur, nəylə özünü təsdiq etsin? Ancaq maşınla, ayfonla mümkündür. Çünki özünü göstərəcək heç nə yoxdur. Mənəviyyatda isə tamamilə boşluqdur, yəni o görüntünün arxasında boş şəxsiyyət durur.

- Özünümüdafiə üçün də belə deyirlər: beş günlük dünyadır...

- Düzdü, əgər mənəviyyat boşdursa beş günlük dünyadı, ye, iç kef elə, ayfon al, kredit götür. Sonra həmin o kreditin altından çıxa bilməyəndə intihar et, beş günlük dünyan olsun üç günlük. Mən də bilirəm dünya beş günlükdür, amma o beş günlük dünyanı mənəviyyat dolu bir həyatla keçirmək gərəkdir.

- Toylara da getmirsiniz?

- Yox, getmirəm.

- Niyə?

- Niyə mən toya 50 manat, 100 manat verməliyəm? Əvvəla, mənim heç o qədər maaşım da yoxdu. İkincisi, nə dostumun, iş yoldaşımın oğlunun-qızının toyuna gedirəm. Ancaq ən yaxın qohumlarımın - qardaşımın, bacımın övladlarının toyuna gedirəm, o da on ildə bir dəfə olan şeydi. Toylar çox böyük problemdir. Bu gün bizim toylar da sadəcə görüntü xarakteri daşıyır, əslində, onun arxasında böyük pul dayanır. Müasir toylar bizim mənəviyyatdan məhrum olmağımızın göstəricisidir.

- Bayaqdan səsləndirdiyiniz bütün fikirlərinizdə cəmiyyəti tənqid edirsiniz. Heç olmazsa bircə dənə müsbət keyfiyyətimiz yoxdur?

- Azərbaycan cəmiyyəti bu dəqiqə böyük böhran içərisindədir. Sizə bir dəyərimizdən nümunə gətirim, guya ki, böyüklərə hörmət edirik. Bir də görürsən, avtobusa minən kimi cavan bir oğlan durub sənə yer verdi. Səndən yer istəmişəm? Oturmayanda da adamın üzünə tərs-tərs baxır, guya ona borcun var. Dünyanın heç bir inkişaf eləmiş ölkəsində belə şey yoxdur, yer versən polisə şikayət edərlər ki, bu adam mənə ilişir. Belə-belə hərəkətlərlə bu cəmiyyət bir-birini borclu çıxarır. Bunu ona görə edir ki, desinlər, böyüyə hörmət edir. Yəni hamısı görüntü üçündür.

- Sosial şəbəkədəki statuslarınızda tez-tez mövcud ailə normalarını tənqid edir, müzakirə açırsınız. Son illərdə ailədaxili cinayətlər də sürətlə artmaqdadır. Sizcə, buna səbəb nədir, ailə dəyərlərimizi köhnəlməsi, yoxsa?

- Bu hallar niyə görə olur? Sözsüz ki, maddi səbəb var, maddiyyat yetmir və çatlar yaranır. Ancaq bir də görürsən bir-birlərini namus-qeyrət üstündə öldürürlər. Bu artıq mədəniyyətin aşağı olması ilə əlaqədardır. Qadın xəyanət edəndə nə olar? Xoşuna gəlmir, boşan da, niyə vurub öldürürsən? Sən onu yaratmısan ki, öldürürsən? Baxırsan, kimsə arvadına Feysbuka girməyə qoymur. Əgər sən arvadına etibar etmirsənsə, onda nə üçün onunla yaşayırsan? Bununla sən arvadının azadlığını əlindən alırsan. Əgər sivil cəmiyyətdən danışırıqsa, biz hamımız azad olmalıyıq. Yox əgər biz kimisə basqı altında saxlayırıqsa, onda kimsə də bizi basqı altında saxlayacaq. Baxırsan özü ailəsinə zülm edir, ancaq ona zülm olunanda qəbul etmir.

- Sizcə, texnoloji nailiyyətlər bu kimi münasibətləri məcburən dəyişəcək?

- Milli adət-ənənələr geriyə aparır, texnoloji nailiyyətlə isə gələcəyə, burda keçmişlə gələcəyin mübarizəsi baş verir. Bu mübarizə o nöqtəyə gəlib çıxacaq ki, cəmiyyət hansısa məqamda yeni formaya keçəcək. Bu, bilirsinizmi necə olmalıdır? İndiki ailə modeli dağılmalıdır. Artıq Qərb cəmiyyətləri ailə institutundan imtina edirlər. Hətta fərdlər də elədir. Yüksək mədəniyyətli insanlar ailəyə yüngül, lazımsız şey kimi baxırlar.

- Yəni bizim ailə modelləri Qərb ailə modelinə oxşayacaq.

- Bu, labüddür. Artıq gəncliyin düşüncəsi köhnə adamların düşüncəsi deyil. Nə qədər desək ki, bizdə elə şey olmayacaq, mümkün deyil. 19-cu əsr Azərbaycan həyat modeli ilə indiki Azərbaycan həyat modeli arasında nə qədər fərq var. 19-cu əsrdə yaşayan azərbaycanlılar bizi görsələr deyəcəklər biqeyrətik.

- O zaman cinsi azlıqlarla bağlı münasibətlər necə olacaq? Homofobiya aradan qalxacaq?

- Bu, bir qədər mübahisəli məsələdir. Qərb cəmiyyətləri hesab edir ki, homoseksuallıq olmalıdır. Azadlıq baxımından bu fikir doğrudur. Əgər biz mütləq azadlıqdan danışırıqsa onlara azadlıq verməliyik. Ancaq bu o demək deyil ki, biz hamımız homoseksual olaq. Mən, misal üçün, homofobam, yenə də onların hüquqlarını tanıyıram, ancaq mənə toxunmasınlar. Qərbdə də belədi, orda da homofoblar çoxdur.

- Deyəsən, həm də seksistsiz, yazılarınızdan hiss olunur.

- Ola bilər. Mən kişini qadından üstün bilirəm. Bu fikrimi də əsaslandırıram, elmi qənaətlər də deyir ki, kişi qadından üstündür. Çünki qadınlar arasında böyük mütəfəkkirlər yoxdur. Biz nə qədər desək ki, kişi ilə qadın arasında fərq yoxdur, bərabərdirlər, reallıq əksini söyləyir. Eynşteyn səviyyəsində, Aristotel səviyyəsində bircə qadın göstərin.

- Siz və sizin kimi düşünənlərə belə cavab verilir ki, cəmiyyətlər tarix boyu kişimərkəzçi olduğuna görə qadınlar özlərini realizə edə bilməyiblər.

- Aydındır, çeynənmiş fikirdir. Ona da cavab budur ki, artıq 200 ildir Qərb cəmiyyəti qadına azadlıq verib, hanı orda Eynşteynə bərabər qadın, niyə çıxmır? 200 il bunun üçün kifayət qədər uzun bir dövrdür.

- Əvəzində menecment, biznes, siyasət sahələrində qadınların günü-gündən yüksəldiyini görürük.

- O da bilirsiniz necə baş verir, süni olaraq qadınları irəli çəkirlər. Hətta bizim elmi müəssisələrdə də belə bir tapşırıq var ki, layihələr həyata keçirəndə mütləq içinə qadın da daxil edin. Sonra da bunu piar edirlər. Əslində, mən demirəm ki, ağıllı qadın olmaz, olar. Qadın var ki, yüz kişidən üstündür. Ancaq intellektual səviyyədən bəhs edəndə orda qadının intellektual səviyyəsi kişiyə bərabər olmur. Və buna ən yaxşı sübut da şahmat turnirlərinin ayrı keçirilməsidir. Əgər kişi ilə qadının ağlı birdirsə bu yarışlar bir yerdə keçirilsin də, niyə bir yerdə keçirilmir? Bu, o deməkdir ki, qadın ağlı kişiyə qalib gələ bilmir. Şahmat ən yaxşı nümunədir.

- Siz həm də dinşünassınız. Müasir dövrdə din bizim həyatımızda necə bir yer tutur və gələcəkdə necə olacağı gözlənilir?

- Gələcəkdə yalnız reformlaşmış İslam dini ola bilər. İndiki halda mövcud olan İslam dini heç bir yaxşılığa gətirib çıxarmayacaq və biz bunu görürük. Xristianlıq və yəhudilik indiki dövrə gəlib çıxmaq üçün bu reformları apardı. Orta əsrlərin katolikliyi ilə indiki dövrün katolikliyi arasında çox böyük fərq var. Xristianlar anladılar ki, müasir dövrə getmək üçün yumşalmalıdırlar. Təəssüf ki, müsəlmanlar hələ ki, bunu anlamırlar. Baxın, görün müsəlman aləmi nə gündədir, təhsil yox, mədəniyyət yox... Hər şeydən məhrum olublar. Bunun hamısının səbəbi dinin orta əsrlərdə qalmasıdır. Dinin gələcəyini bu cür görürəm ki, yalnız yüngül bir dini inanc kimi qala bilər. “Sağ əli belə yu”, “Qadınla yatağa girəndə bu cür elə” kimi şeylərlə gələcəyə gedə bilmərik.

- Əgər İslamda islahat aparılarsa nədən başlamaq lazımdır?

- Gələcək üçün mütləq islahatlar aparmalıyıq, yoxsa daha da geriləyəcəyik. Qərb qabağa gedəcək, İslam aləmi isə çökəcək.

- İslamın təriqətləri, məzhəbləri içində müasir dövrə adekvat olanı varmı?

- Məncə, yoxdur. Dediyim kimi köklü reformlar olmalıdır.

- Köklü reform deyirsiniz... Gələcəyin müsəlman kişisini-qadınını necə görürsünüz?

- İndiki Avropa insanları kimi. Avropalılar da kilsəyə gedirlər, onlar da inanclıdırlar. Orda din yoxdur demək yanlışdır, var, amma onların dini görüşləri, inancları, adətləri formaca dəyişib. İndiki Britaniyanın inanclısı 15-ci əsrin xristianı kimi deyil. Təəssüf ki, müsəlmanın inanclısı elə 15-ci əsrin müsəlmanı kimidir, dəyişməyib və ona görə biz indiki İslamla heç yerə gedə bilməcəyik.

# 2123 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

“10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu

17:51 10 dekabr 2024
# # #