4 il ac qalan yazıçı: “Məni erməniylə evləndirmək istədilər” - REPORTAJ

<span style="color:red;">4 il ac qalan yazıçı:  “Məni erməniylə evləndirmək istədilər” - <span style="color:red;">REPORTAJ
15 noyabr 2017
# 09:00

Qocaman yazıçının evinə getdiyimiz gün hava günəşli və gözəl idi. Klassik yazıçıların təsviri kimi olmasın, gül-gülü çağırırdı, bülbül bülbülü...

Klassik yazıçı demişkən... Yolumuz elə canlı klassikin yanınadır. Vidadi Babanlının evinə. “Vicdan susanda”nı yazan kişini deyirəm.

Biz onların məhəlləsinə çatanda həyətdə yaşlı kişilər nərd oynayırdı. Yaxınlaşıb dördüncü bloku soruşdum.

- Kimin yanına gedirsiniz?

Zərini ovcunda silkələyən kişi soruşub maraqlı bizə baxdı.

- Vidadi Babanlı.

Kişi oyunu yarıda saxladı, ayağa qalxıb dedi ki, arxamca gəlin.

- Qonşusunuz? – liftə minəndə soruşdum.

- Hə... Televizordan gəlmisiz?

“Sayt” desəm uzun-uzadı izah etməli olacaqdım, ona görə də başımı salladım ki, hə, televizordan gəlmişik. Qoca kişi də sanki aldadıldığının fərqinə vardı, əlimizdəkilərə baxdı. Hiss elədim ki, kameranı axtarır.

- Gələcək, yoldadır. – deyib gülümsündüm.

Vidadi Babanlının qapısının qabağında dayanmışıq indi. Böyür-başına qapılar sancılıb. Tən ortada tənha qapıdır.

- Xoş gəlmisiniz. – gülərüz bir xanım bizi içəri çağırır. – Gəldilər, Vidadi müəllim.

Pərdəni aralayanda gözümün qabağında rəflərdə ömür sürən kitabları, yazı masasını və...

Çarpayının ortasında çəpəki uzanmış Vidadi Babanlını gördüm.

Arxasına üç yastıq qoymuşdu. Ayaqlarını da yazı masasının bərabərinə uzatmışdı.

- Salam, Vidadi müəllim. - əlimi uzadıram. – Necəsiniz?

- Bir az hündürdən danış, - deyir. - qulağım ağır eşidir.

Qulaqları kimi ayaqları da yaxşı eşitmir. Yazı masasının yanına qoyulmuş stul ayaqlarını yerdən üzüb. Bir ayağı mötərizə kimi əyilib.

- Vidadi müəllim, sağlığınız necədir?

- Hayy! – eləyib əli ilə qulağının birini səs gələn tərəfə hərəkət elətdirir.

Bu dəfə lap bərkdən deyirəm, az qala bağırıram.

- Hə... – sızıldayır. - Ayağım tutulub da... Yeriyə bilmirəm.

Çarpayının qurtaracağındakı dəmir tutalğacları göstərir:

- Bax onun sayəsində yeriyirəm.

Ayaqları lal-tərpənməz yerində durub susur. O ayaqların nəğməsini çalan dəmir tutalğaclar isə sinəsini qabardır.

- Yaxşı ki, bu var. Yoxsa hərəkət eləyə bilmərəm. Çölə çıxmaq çətin olur mənim üçün. İki ildir ki, belədir vəziyyət.

İndi kamera olsa, bizim o anımızı daha yaxşı göstərərdi sizə. Deməli, mən bağırıram, Vidadi müəllim eşitmir, təzədən sualımı təkrarlayıram, yenə eşitmir. Axır-axırda birtəhər başa düşür.

- Nəsə yaza bilirsiniz?

- Hay!

- Deyirəm, nəsə yaza bilirsiniz?

- Hə... Yox e... Hardandı? Gözüm də zəif görür artıq. Diktə eləyirəm.

- Kimə?

- Nə?

- Kimə diktə eləyirsiniz?

- Hə... Bu qıza. Qohumumuzdu. Uzaq qohumumuz. Tibb bacısıdı həm də. Oxuyub.

- Dostoyevski olmusunuz. – gülürəm.

- Nə olmuşam?

- Dostoyevski...

- Hə... Yox əşşi... – gülümsünür. - Bədii əsər diktə ilə sən istədiyin kimi alınmır. Özün də bilərsən. Qələmlə özün yazmayanda heç cür alınmır.

- Romandı?

- Nə?

- Deyirəm, romandı? Nədən bəhs edir?

- “Məğrur” adında roman yazıram. Keçid dövrünün çətinlikləri, ağrı-acıları, faciələrini əks elətdirməyə çalışıram.

Yəqin, bizim necə danışdığımız sizə əyan oldu. Ona görə də yazının bundan sonrakı hissəsini Vidadi müəllimin eşidib eyni anda cavab verdiyi kimi yazacam.

- Nə qədər yazmısınız?

- 80 səhifə yazmışam. 2015-ci ildə yazmağa başlamışdım. Sonra ayağım tutuldu. Gözlərim zəiflədi. Qaldı belə... İndi yazmaq istəyəndə hərfləri seçə bilmirəm, əyri gedir yazanda. Bu qıza yazdırıram. Sonra oxutdururam. Düzəlişlər elətdirirəm. Bax belə.

- Yenə ürəyinizdə yeni əsərlər var?

- Görək... Bu əsəri tamamlaya bilim, sonra baxacam. Var əlbəttə. Bu əsər çox ciddi əsər olacaq. “Vicdan susanda” kimi. İstədiyim kimi yaza bilsəm bircə. Allahın ən böyük töhfəsi olacaq mənə.

“Vicdan susanda”nın hekayəsini eşitmiş olarsınız. Necə yazıldığının hekayəsini deyirəm. Vidadi müəllim bu əsəri yazmaq üçün 8 ay kitabxanaçı işləyib. Əsər ekologiyanın, ətraf mühitin qorunması uğrunda savaşan iki alimdən bəhs edir. Qalan adamların da vicdanı susub, ağızlarına su alıb durublar. Vidadi müəllim deyir, mən filoloqam, bu da kimya sahəsidir. Anlayışım da yoxdur. Gərək gedim öyrənəm. Yazıçı olduğunu gizlədirlər. Uzun müddət kimyaçıların kitabxanasında işləyir, daha çox laboratoriyalarda olur, bu işin sirrinə yiyələnir və oturub romanı yazır.

Roman çətin başa gəlir. Elə sonrakı taleyi də onun kimi. “Vicdan susanda” “Azərbaycan” jurnalında çıxan kimi onun haqqında mənfi rəy verirlər, roman səs-küylə qarşılanır. Amma bu səs-küy yaxşı səs-küy deyil.

- O jurnalının redaktoru vardı, Cəlal Məmmədov. İndi heç adı yadda qalmayıb. Başıma oyun açırdı. Mən “Azərbaycan” jurnalında işləyəndə bəyəndiyim əsərləri çap eləmirdi. Bir dəfə Əkrəm Əylisli “Mənim nəğməkar bibim”i yazıb göndərmişdi. Bəyəndim, dedim, bu getməlidir.

Bu əsəri çap etmək istəyi onunla Mirzə İbrahimovun arasını vurub. Sən demə, Yaltada istirahətdə olan Mirzə İbrahimov həmin vaxtlar bir povest üzərində işləyirmiş və həmin o başıbəlalı redaktor da o povesti gözləyirmiş ki, nömrəyə salsın.

- Mən də dedim ki, Mirzə müəllimin əsəri hələ tamamlanmayıb, gəlin bu əsəri verək. Bunu dedim, bah, Cəlal qayıtdı ki, sən Mirzə müəllimi bəyənmirsən? Mirzəyə dərs deyəcəksən? Əsərini oxuyandan sonra nöqsan tutacaqsan?

Köhnə kişilər demiş, əl-qərəz, bu hadisə Mirzə İbrahimovun qulağına çatıb. Özü də birinin üstünə beşi qoyulub. Sonra Vidadi müəllimi yanına çağırmalar, danlamalar, barmaq silkələmələr. Hələ bunun işdən qovulmağı da var.

- Dedim, Mirzə müəllim, yekə kişisən... Sözümü ağzımda qoydu, əsəbiləşdi. Sən demə, yekə kişisən sözünə hirslənibmiş. Halbuki bu Qazax tərəfdə böyük mənasında gedir.

“Vicdan susanda” da bu dava-şavaya görə çap olunmurdu. Axırda yazıçı məsələni İmran Qasımova danışır.

Nağıl dili yüyrək olar, əsər çap olundu, amma dalınca mənfi rəy, partiya iclası...

Partiya iclasında deyilər ki, bu əsər sovet cəmiyyətinə, sovet ziyalılarına böhtandır. Sovet adamının vicdanı heç vaxt susmur, əsər quruluşa qarşıdır.

- Mirzə İbrahimov dedi ki, yaxşı, nə cəza verək? Nəriman Həsənzadə partiya təşkilatı katibi idi. Gördüm ki, qorxa-qorxa deyir, partiyadan çıxarılsın. Deyəsən əvvəlcədən Mirzə ilə danışıb-razılaşmışdı. Əli Vəliyev tez yerindən dedi ki, yox, bu, ağır cəzadır, partiyadan çıxarmaq olmaz. Süleyman Rüstəm, Osman Sarıvəlli, Rəsul Rza da partiyadan çıxarılmağıma etiraz etdilər. Nəsə, mənə şifahi töhmət verdilər. Mən də əsəbi şəkildə partbileti Mirzə İbrahimovun stolunun üstünə atdım.

- Doğurdan bunu etdiniz? O vaxt...

- Hə... Dedim ki, partiya həqiqəti müdafiə etmirsə, mən belə partiyada olmaq istəmirəm. Bu, o dövr üçün çox böyük etiraz idi. Sonra öz-özümə dedim ki, mən nə etmişəm. Axı bunu eləmək üstündə də cəza ala bilərdim. Amma onda düşünə bilmirdim bunları. Hamı ağzı açıq qalmışdı, mən də hirslə qapını çırpıb getdim. Gecəynən Brejnyevə məktub yazdım ki, bu respublikada yaşamağa imkan vermirlər, işsiz qalmışam, mənə icazə verin Özbəkistana, yaxud Türkmənistana köçüm.

Sonrakı kadrlar: cavabsız qalan məktub, 4 il işsiz qalan, çörək pulu tapa bilməyən yazıçı!

Bir az qabağa verəndə gördüyümüz kadrlar: “Vicdan susanda”nın ruscaya tərcüməsi, Moskvada çap edilməsi, 100 mindən çox tirajla çap, məşhurluq...

- Sizin başqa məşhur əsərləriniz də var... Məsələn, “Ömürlük cəza”. Çoxları onu bir kitab bilir. Davamı yoxdu?

- “Ömürlük cəza” birinci kitabdır. Mən onun ikincisini yazdım. Adını dəyişməli oldum amma. İkinci kitab “Ömürlük əzab” adlanır. Əsərin davamıdır. Çap olunub çoxdan. 2005-ci ildə. Çoxu bu əsəri bir kitab bilir.

Gəlin, indi “Gizlinlər”i vərəqləyək. Vidadi müəllimi yormadan özüm danışım hekayəni sizə. Təzə-təzə nəsr yazan vaxtları idi qocaman yazıçının. “Gəlin” povesti o vaxt çox bəyənilibmiş. İlyas Əfəndiyev deyib ki, əsəri çap etmək olar. Vidadi müəllim də mənim yaşımda cavan oğlan, Moskvada oxuyurmuş, xəbəri eşidib sevinib, gəlib Bakıya. Bu çap məsələsi də çətin məsələdir axı. Ona görə gənc Vidadi Babanlı kirayə ev tutmağa qərar verib.

Aha, Vidadi müəllim gülümsünür, qırışığı açılır, özü danışır ardını:

- Kirayə qaldım bir evdə. Cuhud qadın idi ev sahibi. Məni bir erməni qızıyla tanış eləmişdi. Ona bəh-bəhlə tərifləmişdi ki, Moskvada oxuyur-filan. Bu qızın da anası erməniydi, atası azərbaycanlı. Mən sonra gördüm ki, bu cuhud qadın mənə diktə eləyir. Onu belə elə, bunu elə elə... Təsir altına salmaq istəyirdi.

İstəyirdi məni o erməni qızıyla evləndirsin. Həmin ərəfələr bir dostumla qarşılaşdıq. Məni Zaqatalaya gəzməyə çağırırdı. Dedi, Zaqatalada raykomun üçüncü katibi işləyirəm. Orda dağlar belə gözəldi, yaşıllıq elə gözəldi.

Burda başqa bir hekayə yaranıb. Dostu ilə yollanıblar Zaqatalaya. Dağlara çıxıblar, qoruqlara gediblər. Gəzdikləri vaxt qoruğun direktoru üzünü katibə tutub ki, gedək bizdə çay içək.

Balaca bir məqamı adladıq.

Vidadi müəllimin mehmanxanada qeyd dəftəri yaddan çıxıbmış. Qoruqda rastlaşdığı bir xanımdan dəftər istəyib, o da bizim böyük yazıçımıza dəftərini veribmiş.

Hə, tutdunuz söhbəti? O qız həmin qoruq direktorunun qızıymış. Qoruq direktoru bunları gətirib evə, yaxşı qonaqlıq verib. Vidadi müəllim gülümsünə-gülümsünə bir detalı xüsusi qeyd edir:

- Hamı əlüzyuyanda əlini yudu, sıra mənə çatanda su qurtardı. Bu qız gəlib umuvalnikə su tökdü. Su tökəndə mən ondan sorğu-sual elədim. Tanışlığımız burdan başladı.

Bizim qocaman yazıçımız öyrənib ki, qız Bakıda “Muğan” mehmanxanasının arxasındakı binada qalır. Qız Tibb Universitetində oxuyurmuş.

Nəysə, aradan iki-üç ay keçir, bayram günlərinin birində düt deyincə vuran Vidadi müəllim bir də başını qaldırıb görür ki, “Muğan” mehmanxanasının yanındadır. Deyir, elə bildim kimsə əlimdən tutub dartdı qızgilin evinə. İkinci mərtəbədə dayanıb, qapının yanında qızın atasının adı yazılıbmış. Zəngi basıb, qız çıxıb qapıya.

- Ondan sonra sevgi başladı, münasibətimiz baş tutdu. Sonra elçi göndərdim, evləndim.

İndi Vidadi müəllimin ayaqları da, gözləri də susub, həyat yoldaşı da... Hekayənin sonrasını danışmır. O qadının yoxluğu gəzişir otaqlarda...

- 89-cu ildən bu evdə yaşayıram. – söhbəti dəyişir Vidadi müəllim. – Burda “Ömürlük cəza”, “Ömürlük əzab”, “Gizlinlər”, “Qəribə eşq”, “Ana intiqamı”nı yazmışam. Hə, bir də “Zəmanə adamı”. Sonuncu kitabım.

- İndi də “Məğrur”. – deyirəm.

- Görək... Şəlalə! – çağırır – Gəl bura!

Bizi qapıda qarşılayan qadın gəlib çıxır.

- Çay ver. Bir də ordan “Zəmanə adamı” kitabından bu oğlana ver.

Qadın kitab rəflərinə tərəf çevrilir.

- Siz o romanı yazan xanımsınız?

- Bəli.

Əvvəllər yazı masasında çalışan Vidadi müəllimin yerini bu dəfə bu xanım tutur.

- Əslində, gəlini kömək edir yazmağa. - Şəlalə xanım deyir - O olmayanda mən kömək edirəm.

Vidadi müəllim əlavə edir:

- Əvvəl özüm yazdırdım, sonra gəlinimə diktə elədim.

İndi ardını yazmaq bu xanıma qismət olub.

- 90 yaşımı qeyd elədilər. – xanım gedəndə Vidadi müəllim danışır. - Televiziyada da veriblər. AzTV-də. Baxmamısan?

Başımı yelləyirəm. Şəlalə xanım hər əlində bir çay bardağı gülümsəyərək gəlib çıxır.

- Siz şeirlə gəlmisiniz ədəbiyyata...

- Hə, şeirnən gəlmişəm. – dikəlməyə çalışır, ona kömək edirəm. Ayaqları lövbər kimi döşəməyə enir. - Şəlalə bura gəl! Şeirlərim də çıxıb təzə.

Şeir kitabını vərəqləyirəm. Vidadi müəllim Meydan hərəkatı dövrünü danışır. Ozamankı alovlu çıxışlarından. Deyir, o illər şeir yazmayıb. Nəsr yazandan sonra 30 il şeir yaza bilməyib.

- Bu yazdığım sonuncu şeirlərdi... Orda Meydan hərəkatına yazdığım elegiya da var.

Çaylarımızı içirik. Vidadi müəllimin dəmir tutalğaclarına baxıb içdən-içə sevinir, bu tutalğaclara gözlərimlə təşəkkür göndərirəm.

- Uşaqlar necədir, Vidadi müəllim? Sizin qolunuzdan tuturlar?

- Yaxşıdırlar. Qızlar ərdədir, oğlum da evlidir. Gedib-gəlirlər, yanımda qalırlar hərdən.

- Bəs dostlardan nə xəbər?

- Mənim dostlarım həyatda yoxdular, ölüblər, köçüblər bu dünyadan. İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli idi mənim dostlarım. Bircə Nizami Cəfərovla əlaqə saxlayırıq. Hərdən gəlib gedir. Sonra el oğullarımdı, baş çəkirlər hərdən. Bir də Lütfi Zadənin davamçısı, böyük alim var, çox yaxınıq. Rafiq Əliyev. Alimdi. Dünya miqyaslı özü də. “Vicdan susanda”nı ingilis dilinə tərcümə elətdirir.

- Vidadi müəllim, Qazaxda sonuncu dəfə nə vaxt olmusunuz?

- 3 il əvvəl olmuşdum. Qılçam bu cür olmadan əvvəl.

- Bu hadisə orda oldu?

- Yox, Zaqatalada...

- Yoldaşınızla tanış olduğunuz yerdə...

- Hay!

- Heç nə...

- Ayağım sürüşdü balkonda. Sındı. Orda həkim də tapılmadı. Bura gələndə travmatologiyaya girdim. “Aperasiya” eləmək istədilər, qorxdum ürəyimdən. Həkimlər də ehtiyatlandı. Yaşıma görə.

- Düzələcək? Həkimlər nə deyir?

- Düzəlməyi çətin. Hara düzəlir e? Həkimlər bir azdan sonra açıla bilər deyirlər. Sərbəst yeriyə bilməyim çətindi amma. Evin içində bu dəmir tutalğaclarla gəzişirəm. Tədbirlərə getməyə isə gərək kimsə kömək eləsin.

- Gedirsiniz tədbirlərə?

- Hərdən. Özümün yubileyim olanda. Yaxınların yubileyi olanda...

Vidadi müəllim evdə bu çarpayını özünə vətən eləyib. Yanına radio-maqnitofon qoyur. Keçmiş günlərdəki kimi xəbərləri, dünyada baş verənləri burdan izləyir.

- Mənim həyatım indi bundan ibarətdir. O əsəri bitirə bilmək mənim ən böyük arzumdur. Ayrı arzum yoxdur. Balalar yaxşıdır, yaxşı yaşayırlar. Nəvələr də elə.

Bu Vidadi müəllimin mənə dediyi sonuncu sözlər idi.

- Şəlalə!

Bizi ötürməyi üçün xanımı çağırır. Xanım gülümsəyərək qapıya qədər bizi ötürür. Bu qısa yolda söhbətləşə bilirik. Deyir ki, Vidadi müəllimin romanını yazmaq mənə maraqlı gəlir.

- Nədəndi roman?

- Mən yazdığım qədəri ilə bir bacı öz qardaşına qız axtarır. Onu evləndirmək istəyir. Maraqlıdır yəni. Hərdən yaza-yaza ardını soruşuram. O da qocaldıqca uşaqlaşır, hər sualıma cavab verir, danışdıqca danışır.

Ayaqqabılarımı geyinib ayağa qalxanda pəncərənin o üzündən Vidadi müəllimin heykəl kimi donuq görünüşü ilə qarşılaşıram.

- Bir serial var e... – qadın danışır. – Türk serialı. “Adını sən qoy”. Deyəsən adı belədir. Vidadi müəllim mənə o romanı yazdıranda elə bilirdim həmin serialdı. Çox oxşayır bir-birinə.

Birdən-birə Vidadi Babanlının heykələ çevrilən simasının buzu açılır:

- Şəlalə, az danış!

Qadın gülümsəyərək susur. Vidadi müəllimin sinəsinə qədər olan hissəsini görə bilirəm burdan. Bilmirəm, indi ayaqları necədir. Ağrıyırmı görən?

# 3394 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #