Münsiflər etiraf etdi: “Tapşırmalar olur” – Muğam Müsabiqəsindən Reportaj

<span style="color:red;">Münsiflər etiraf etdi:  “Tapşırmalar olur” – <span style="color:red;">Muğam Müsabiqəsindən Reportaj
9 aprel 2019
# 09:01

Teatr, kino, opera, simfoniya, rok kimi tamaşaçıya iddialı sənətlər ha çalışsalar da azərbaycanlını muğam qədər öz ağuşuna ala bilmədi; hələ də azərbaycanlı öz mənəvi dünyasını muğamla kökləyir, qırçı Məhəmməd kimi həyat fəlsəfəsini ordan çıxarır. Bəlkə də milləti yox olmaqdan qəzəbli-qüdrətli cahangirlər yox, üçcə nəfər qoruyur: tardan kamandan dəfdən ibarət muğam üçlüyü.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən Muğam müsabiqəsi muğam sahəsində gəncləri üzə çıxarmaq üçündür. Ona görə çox izlənir ki, adamlar necə olsa yenilik axtarışındadır, muğamın gəncləşməsini istəyir, köhnə miflər yeni tələblərə cavab vermir.

Bir çox elitar musiqi kimi muğam da ənənədən çıxmağı sevmir. Qəzəllər, səslər dəyişir, ladlar, musiqilər eyni qalır. O üzdən gənc səslər həmişə gözlənilir.

Lakin VII Müsabiqənin keçirildiyi Muğam Teatrında bizi qarşılayan, yazıçı, münsiflər heyətinin üzvü İlqar Fəhmi bu fikirlərə bəri başdan etiraz edir:

- Əslində, muğam qədər improvizə istəyən ikinci bir musiqi janrı bəlkə də dünyada yoxdur. Çünki, muğamın mahiyyətində çərçivə içində improvizə dayanıb. Muğamda hansı şöbəni oxusan, bir girişdə, bir çıxışda ayaq edirsən, amma pərdənin içində gəzişmələr edə bilirsən. Baxsaq, 19-cu əsr kitablarına görərik ki, indiki muğam heç o quruluşda deyil. Muğam hər dəfə dövrə uyğunlaşır. Biz iştirakçılara da bunu deyirik. Bizim tələblərimizdən biri də bu çərçivəni doldurmaq, ona özündən əlavələr etməkdir...

İlqar bəylə söhbət edə-edə gözləmə otağının qarşısına yaxınlaşırıq. Hər həftə Muğam Teatrından yayımlanan müsabiqə konsertinin səhnə arxası xeyli səs-küylüdür. İştirakçılar geyinib hazırlaşmağa, təşkilatçılar münsifləri qarşılamağa, səhnədəkilər son məşqləri yekunlaşdırmağa tələsir.

Belə bir “vajnı” məqamda İlqar bəy bizi müsabiqənin ən məşğul və yəqin ki, ən məsul şəxslərindən biri ilə görüşdürür. İlk gündən müsabiqənin musiqi rəhbəri və redaktoru olmuş Çingiz Abbasovla. Çingiz müəllim nə az, nə çox 46 ildir ki, Azərbaycan televiziyasının musiqi verilişlərinin redaktoru işləyir.

1973-cü ildən bəri musiqi mütəxəssisi kimi muğamla məşğul olur. Müsabiqədə çıxışlar arasında təqdim olunan lent yazıları, musiqi parçaları Çingiz Abbasovun redaktor əməyinin bəhrəsidir.

İştirakçıların hamısının müəllimi var və öz müəllimləri ilə məşqlər edirlər. Amma Çingiz Abbasovun köməyi ilə ifaçılar seçimlərini daha da təkmilləşdirirlər:

- Bəzən ifalarına bir şöbə daha artırıram. Ya da görürəm, təsnif yox, bəstəkar mahnısı oxuyurlar, o zaman dəyişiklik edirəm. Axı, misal üçün, Qulu Əsgərovun mahnısını təsnif kimi təqdim etmək düz deyil...

İştirakçılar ifa edəcəkləri musiqiləri özləri seçsə də, ümumi proqrama Çingiz Abbasov cavabdehdir. Repertuar təkrarlanmamalı, rəngarənglik qorunmalıdır. Lakin məsələ təhvil-təftiş atmosferində də keçmir. İştirakçılar özləri də seçimdə Çingiz Abbasovdan kömək edir:

- Bəzən deyirlər, Çingiz müəllim, çox əsəbiləşirsiniz. Axı bu işin mənə dəxli olmasa əsəbiləşmərəm. Bir şey səhv olsa, biabır alaram.

İfaçıların oxuma ardıcıllığını da Çingiz Abbasov müəyyən edir. Püşklə deyil, sadəcə rəngarənglik, major-minor ladların əvəzlənməsi ilə. Bir sirr də var: adətən yaxşı ifaçılardan birini axıra saxlayırlar ki, yorulmuş tamaşaçılarda coşqunluq yaransın.

Bizim reportajımız Əliağa Vahid həftəsinə təsadüf edib.

Bu nə deməkdir? İlqar Fəhmi izah edir:

- İlk üç mərhələdə kimdən qəzəl oxuyacaqlarını özləri seçiblər. Amma bu həftədən etibarən hər həftə bir şairin qəzəlləri oxunur. Qəzəlləri mən seçirəm. Əvvəllər də belə idi, amma tarixi ardıcıllıqla gedilirdi və ilk həftələrdə Nizami, Nəsimi, Füzuli, Seyidin qəzəlləri oxunurdu. Dil baxımından qavramaq, ifa etmək çətin idi. Biz indi bunu tərsinə qurduq, sadədən mürəkkəbə getmək üçün müasir dövrdən qədim dövrə doğru seçdik. İlk həftələrdən Vahid, Süleyman Rüstəm, Şəhriyardan başlayırıq ki, gedib Füzuliyə çıxa bilək. Çalışırıq uşaqlar klassik poeziyaya daxil olmaqda əziyyət çəkməsinlər.

İştirakçılar oxuduqları qəzəllərin izahını bilirlərmi? Axı mənasını bilməsələr bu, intonasiyaya, ifaya təsir edəcək. Ümumiyyətlə, mənasını bilmədiyi sözü insanın zil səslə oxuması bir az gülməli çıxır. İfaları quru əzbərçilikdən İlqar Fəhmi, qəzəlin izahını iştirakçılara təqdim etməklə xilas edir. Həm də tək izah yox, hansı yerə hansı qəzəlin uyğun olduğunu da göstərir:

- Muğam üç pilləlidir: Aşağı şöbə - ona maye deyirik - orta şöbə, bir də zillər. Misal üçün maye şöbədə aşağı səslə oxunur və bu hissəyə dərd kədərin izharı, həsrət və ayrılıq motivləri uyğun gəlir. Zil oxuyursansa, dərddən danışa bilməzsən. Zil üçün tərənnüm qəzəlləri daha uyğundur. Orta hissəyə vəsf qəzəlləri yaxşıdır. Bizdə bəzən bunlar qarışır. Məsələn, bu yaxınlarda bir xanəndə “Məclisi-üns”də Nizaminin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəlini zildə oxudu. Axı özün dilinlə deyirsən ki, yar sizə xəlvətcə gəlib. Sən bunu niyə qışqırıb aləmə bəyan edirsən? Bunu aşağı şöbələrdə, mayedə oxumaq olar. Bəzən görürsən, sizdə oxunmalı gurultu qəzəli mayedə oxuyurlar. Onda ya qəzəlin energetikası kifayət etmir, ya da normadan artıq olur. Yəni, şeirin energetikası ilə muğamın iniltili enerjisi bir-birinə uyğun gəlmir.

Artıq iştirakçılar gözə dəyir. İlqar bəy iştirakçıları müşayiət edən tar ifaçısı, Rəşad İbrahimovla bizi tanış edir. Rəşad Milli Konservatoriyada işləyir. İlk dəfədir, müsabiqədə müşayiətçi kimi çıxış edir.

- Bir ifaçı kimi bu müsabiqədə fərqlənmək, gözə çarpmaq kimi bir arzunuz varmı?

- Onsuz da hər ifaçının öz ştrixləri olur. Yəni, hər mizrabda bir səs, bir çalar var. Fərqlənirsə, görünəcək...

- Rəşad bəy, bu gənclərin bəziləri ilk dəfədir ansamblla çıxış edirlər. Nə kimi təəssüratlarınız var?

- Məşqlərdə bildiklərimizi öyrədirik. Səhnə görməmiş uşaqlar da var. İkinci günlər biz çıxış edirik, dördüncü gün Elnurgil (o biri ifaçıları deyir).

Foyedə yaranan canlanma, eyni zamanda səssizlik söhbətimizi qırır. Hər kəs özünü toparlayır: münsiflər gəlir!

Müsahibə üçün 15 dəqiqəmiz var. Qocaman ifaçı, Xalqa artisti Əlibaba Məmmədovun kefi kökdür, qiymət verməyə xəsislik edən xanəndə həmkarı Mələkxanım Əyyubovanı vəsf etməkdə xeyli səxavətlidir:

- Füzuli deyir, fələklər yandı ahimdən, mən deyirəm, mələklər yandı ahimdən...

Münsiflər yaş iyerarxiyasını qorumaqla böyükdən kiçiyə otağa daxil olurlar.

10 vermirsiz heç kimə. Favoritiniz yoxdurmu?” soruşuram.

Bayaqdan səxavət göstərən Əlibaba Məmmədov ciddiləşir:

- 10 verməyəcəyik hələ. Dəstgahlar oxunmalıdır.

- Dəstgah hələ qabaqdadır deməli...

- Hə. Biz muğam üçün gəlmişik bura. Muğam da hələ qabaqdadır.

- Seçimlər bir-birinə təsir edirmi? Axı görürsən ki, bir nəfər 8 verdisə hamı 8 verir.

- Yalan sözdür. Hər kəsin öz səlahiyyəti var. İstər 9 verər, istər 7. Özü bilər.

Mələkxanım Əyyubova izah edir:

- İlk seçim turunda belə olurdu. Bir birimizlə məsləhətləşirdik, çünki 300-400 adamın içindən 20 nəfər seçirdik. İndi müsabiqə başlayandan sonra hər kəs müstəqil qərar verir. Ola bilər axı mən Əlibaba müəllimin bəyəndiyini bəyənməyim. Bəzən çox istedadlı ifaçıya aşağı qiymət veririk, çünki potensialını işlətmir, özünə arxayınlaşır. Aşağı qiymətlə onu özü haqda düşünməyə məcbur edirik. Məsələn, ötən dəfə Rəvanı tənqid etdim. O, yaxşı iştirakçıdır, amma daha yaxşı oxuya bilərdi. Burada münsiflikdən başqa pedaqoqluq da lazımdır. Belə edirik ki, sabah axıra qalan iştirakçı hər kəsi qane etsin.

Xalq artisti Mənsum İbrahimov üzr istəyib söhbətə qoşulur:

- Maraqlı odur ki, müsabiqə günlərində birimiz bir bal artıq, bir bal əskik veririk, amma yekunda eyni adamları seçirik. Əsas məsələ ifadır. Bu müsabiqədə ilk çıxan mənim tələbəm oldu. Bəzən ümid bəslədiyimiz bir uşaq gəlib zəifləyir. Bəzən heç ümid etmədiyimiz uşaq gəlir, hamını keçir. Məsələn, Arzu Əliyeva elə ilk həftədən ələnmişdi. Amma indi Arzu əməkdar artistdir, Leyli oynayır. Bizim tələbələrimiz artıq dərs deyirlər. Təyyarın tələbəsi bu müsabiqədə iştirakçıdır.

Baxın, Səkinə xanım gəldi. Tələbəsi Rəvanə Ərəbova bu gün Leyli oxuyur.

Əlibaba Məmmədov:

- Hər müsabiqədə 3-4 nəfər yetişməsi böyük məsələdir. Əvvəllər 20 ildə bir xanəndə yetişərdi. Məsələn, mənimlə Alimin, Ağaxanın arasında 20 il fərq var.

Alimdən söz düşən kimi, fürsət tapıb yenilik, ənənədən çıxmaq barədə soruşuram:

- Gənclər yeniliyə açıq olurlar. Alim Qasımov da gənc ikən muğamda yeniliklər etdi. Bəs münsiflər heyəti kimi gənclərin yeniliklər etməsinə nə qədər açıqsınız?

Deyəsən, bu sualla muğam ustası Əlibaba Məmmədovu bir balaca qıcıqlandırıram:

- Muğamda yenilik həmişə var. Dörd xanəndəni qoysanız eyni muğamı fərqli oxuyacaqlar. Allah Üzeyir bəyə rəhmət etsin, deyirdi ki, muğamı nəbadə nota salasınız. Nota salanda muğamın əl-ayağı bağlanır. Elə düşünməyin ki, təkcə Alim muğamı inkişaf etdirib. Əlibaba da inkişaf etdirib. Mələkxanım da inkişaf etdirib. Mələkxanımın uşaqlığı mənim gözümün qabağında olub. Mələkxanım özü də nə qədər inkişaf edib. Muğam elə şeydir ki, ondan doymaq olmur.

- Bəzən, ifaçılar özlərini əvvəlki məşhur xanəndələrə bənzədirlər. Məsələn, Mustafa var idi, Qədir Rüstəmov kimi oxuyurdu...

- İzlə gedənin izi qalmaz, qızım. Onsuz da biz sənətə gələndə kimisə yamsılayırıq, amma sənətdə yetişəndə öz yolumuz olmalıdır...

Müsabiqə varsa, orada tapşırılmaq var. Tapşırığa baxıb-baxmamaq sonrakı məsələdir. Amma tapşırılma olmasza olmazdır, bu sual da:

- Mənsum müəllim, tapşırılmalar olurmu?

- Tapşırığa baxmırıq. Amma tapşırırlar. İnsan faktoru var da... Deyəndə, deyirik, yaxşı oxusun, yaxşı bal verək. Bu, elə sənətdir ki, göz qabağındadır, hamı görür. Heydər Əliyev Fondu bizdən bunu istəyir: şəffaf bir seçim etmək! Uşaqlara hər şərait yaradılır. Geyimdən məşqlərədək. Məqsədimiz onları ifaçı kimi yetişdirməkdir. Bizim dövrümüzdə nə qədər çətinliklər olurdu, indi hər şərait var.

Deyirlər, sənətdə qısqanclıqlar qaçılmazdır. Özüm ən yaxşı vaxtımda operaya 17 ifaçı aparmışdım. Şah İsmayıllar, Leylilər, Məcnunlar...

- Müsabiqədə musiqi təhsili olmayanlar da var. Heç güzəştlər olurmu?

- Yox. Hamısı ilə məşğul olmuşuq. Kimsə kənarda qalmayıb. Ona görə, heç bir güzəşt yoxdur.

Vaxtın yetişdiyini ən çox Əlibaba müəllim hiss edir. Bakı ləhcəsiylə söhbətimizi yekunlaşdırır:

- Daha vaxtdu, gedmeg lazımdu...

Dəhlizdə geyinib qrimlənmiş iştirakçıları görürük. Bəzilərini tanıyıram. Təbii olaraq tanıdıqlarımdan birinə istiqamətlənirəm. Nəcəfova Türkanə. Tovuzdandır. İncəsənət Universitetində təhsil alır. Balı yüksəkdir. Həyəcanlıdır. Onu daha da karıxdırmaq istəmirəm.

Zibər Zamanova əslən Laçındandır. Bərdədə doğulub. Musiqi müəllimi olmaq, başqa uşaqlara təhsil vermək istəyir.

Hüseyn o taylı olduğunu bəlli edərcəsinə dəhlizin bir tərəfində təkcə dayanıb. Hüseynin musiqi təhsili yoxdur.

- Çətin olurmu?

- Çətin olur. Təyyar müəllim, Mənsum müəllim bir həftəyə hazırlaşdırır bizi. Çox zəhmət çəkirlər. Bir həftədə amadə oluruq da... Amma, Allah şükür, balımız var.

Mingəçevir şəhərindən müsabiqəyə qatılan Məhindən kumirini soruşuram. Gözlədiyimin əksinə olaraq gənc muğam ifaçılarının adını çəkir:

- Kamilə Nəbiyeva, Bəyimxanım... Onlar kimi olmaq istəyirəm. Yaşlı sənətçilərdən ilham alırıq. Amma yəqin özümüzə yaxın olduğu üçün gənc xanəndələr daha çox stimul verir. Hədəflərimdən biri operada oxumaqdır.

Artıq saat 9-dur. Münsiflər alqışlarla zala daxil olur. Az sonra heç bir konsertdə olmayan bir sakitlik yaranır. Bir az sonra zalda əyləşən bu yorğun adamlar ifaçıların səsində öz ruhunu soraqlayacaq, muğam dəryasında qərq olacaqlar...

# 6712 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #