Şəhid atasına tərif oxutduran icra başçısı - AYB-dən REPORTAJ

<b>Şəhid atasına tərif oxutduran icra başçısı - AYB-dən</b> <span style="color:red;">REPORTAJ
12 oktyabr 2017
# 11:34

Kulis.az Qəşəm Nəcəfzadə ilə gənc ədiblərin görüşündən Ayxan Ayvazın yazdığı reportajı təqdim edir.

Dünən Qəşəm Nəcəfzadənin gənc ədiblərlə görüşü oldu. Tədbirə gecikmişdim, çünki Sabir Rüstəmxanlının kitab təqdimatı təzə bitmişdi və mən də ordan reportaj yazırdım.

Natəvan klubunun dairəvi masasının tən ortasında oturan Qəşəm Nəcəfzadənin yanındakı oğlan məni görən kimi:

- Siz kimsiniz? – dedi. – Bəlkə özünüzü təqdim edəsiniz, ayağa qalxıb şeir deyəsiniz.

Sən demə, mən gəlmədən əvvəl gənclər tribunaya çıxıb şeirlərini oxuyublarmış. İçəri girən kimi Ulucay Akifə yaxınlaşıb soruşdum ki, maraqlı nəsə olmayıb.

- Mən şeir oxumuşam. – dedi gülümsəyərək.

- Buyurun, şeirlərinizi oxuyun. – oğlan təzədən dilləndi.

- Mən şeir yazmıram.

Qəşəm Nəcəfzadə:

- Təzə gəlib hələ. – dedi – Şeir yazmır, nəsr yazır.

Yer-yerdən adımı çəkdilər: Ayxan Ayvazdır. Elə bil sirrimin üstü açılmışdı. Qəfil əynindən şalvarın düşəndə nə hiss edirsənsə, onu hiss etdim. Məni o oğlanın tanımamağı xoşuma gəlmişdi, istəyərdim bir xeyli zarafat edim.

Oğlan gülümsündü:

- Yaman dəyişmisən e, tanımadım.

- Dur bir reportaj oxu. – Ulucay Akifin atmacası.

Sizə deyim ki, ciddi bir görüş olacağını düşünürdüm. Ciddi deyəndə ağlınıza ayrı şey gəlməsin. Yəni ənənəvi tədbirlər kimi deyirəm. Mənə elə gəldi ki, heç Rəşad Məcid giriş sözüylə Qəşəm Nəcəfzadədən ağız dolusu danışmayıb, Qəşəm müəllim də gənclərə öz ədəbi yolundan söhbət açmayıb.

Gecikdiyimə görə Rəşad Məcidlə qapının ağzında rastlaşdıq. O, gedirdi, mən tədbirə yetişməyə çalışırdım.

Siqaret yandırdım tədbirə girmədən əvvəl. Gördüm çox adam çöldədir, elə bil Yazıçılar Birliyinə ekskursiyaya gəliblər.

Cavan bir oğlan mənə yaxınlaşdı:

- Yazıçılar Birliyinə üzv olmaq üçün kitab çıxarmaq lazımdır?

- Vallah, - dedim, - bayaq Rəşad Məcid burdaydı, desəydin elə yolüstü sizi üzv edib gedərdi işinin dalınca.

Oğlan key-key məni süzüb əlini yellədi və çıxıb getdi.

Mənə elə gəlir, görüş elə şeirlə başlamışdı. İçəridə Yazıçılar Birliyinə xas olmayan rahatlıq, sərbəstlik, azadlıq vardı. Elə bildim, hansısa restorandayıq, yığışıb bir-birimizin şeirinə qulaq asırıq. Bircə yeməklər və içkilər çatışmırdı.

Qəşəm müəllim bu rahatlığın dozasını bir az qaldırdı:

- Məni tənqid də edə bilərsiniz. Hətta haqsız tənqid də. Əslində mən haqsız tənqidi daha çox sevirəm. Heç haqsız tənqiddən incimirəm. Əksinə çox xoşuma gəlir. Çünki bilirsən ki, haqsız tənqiddir.

Gülüşmə düşdü.

Cavanlar şeir oxuyur, Qəşəm müəllim də şeiri eninə-boyuna təhlil edirdi. Amma qırımından hiss olunurdu ki, hələ dişinə dəyən şeir olmayıb.

Mənim yadımda Baba Pünhan kimi şeir oxuyan bir qəzəlxan oğlan qaldı, bir də “ölürəm, məhv oluram” janrında şeir yazan qız.

Qəşəm müəllim maraqlı bir əhvalat danışdı. Dediyinə görə, bir rayonda icra başçısı şəhid atasına kağız verib ki, iclasda bunu oxuyarsan. Kağızda nə olasıdır? Tərifnamə. Kişinin dodaqlarının arasından güc-bəla çıxırmış o sözlər. Sonra kağızdakı sözlər bitib. Şəhid atası kağızı əliylə geri eləyib öz sözlərini deyib: “Mənim balamın əlləri torpaqda çürüdü...”

- Bax siz də, o icra başçısının şəhid atasına verdiyi kağızı oxuyan kimi şeir deyirsiz. – Qəşəm müəllim dedi. – Halbuki o, öz sözləriniz deyil. Öz sözlərinizi oxuyun.

Alqışlar qopdu. Və misal gətirmək üçün Qəşəm müəllim öz şeirlərindən oxudu.

Tədbirin rahatlığından gənclər pıçapıça keçmişdilər, arxa tərəfdə İltimas Səmiminin səmimi gülüşləri görünürdü.

Qəşəm müəllim gözündə eynək şeirləri coşğuyla, əlini havada yellədə-yellədə oxuyur, sonra onun yazılmasından danışırdı.

Birdən elə bil ortaya bomba atdılar:

- Qəşəm müəllim, siz elə zəif şeirlərinizi deyirsiniz ki, uşaqlar elə başa düşəcək istedadsızsız. – Ulucay Akifin səsi, sonra təbəssümü göründü.

Vay! Nə pis oldu bu?! Bu qədər adamın içində ayağın boyda uşaq sənə belə desin. Qəşəm müəllimin öz şeirində qıza ironik tərzdə ünvanladığı sualı burda təkrarlamaq yerinə düşər: “Nətərsən?”

Mən olsam çəkinərdim o sözü deməyə. Gərək Rəşad Məcid Ulucayın qulağını çəksin. Adam da ağsaqqal kişiyə istedadsız deyər? Bu da mənim üçün Kəramət Böyükçöl olub.

Qəşəm müəllim isə heç tövrünü pozmadan gülümsədi və rahatlıqla:

- İstəyirəm ki, hər səpkidə şeirimi oxuyum. – dedi. – Və siz görəsiniz.

Amma Ulucayın dedikləri bayaq şeir oxumuş və bəyənilməmiş gənclərin ürəyinə su səpdi. İçlərində bu sözləri oxumaq olurdu: “Sən bizi bəyənmədin. Guya öz ağlınla bizə şeirin nə demək olduğunu göstərirdin. Oxuyub özünü biabır elədin”.

Yaxşı ki, Qəşəm müəllim kağızı bir tərəfə tullayıb eynən Kəramətin Elgizin verlişindən çəkib getdiyi kimi getmədi. Səbrlə, təmkinlə öz şeirlərini oxumağa davam elədi. Və sizi əmin edirəm ki, heç qəlbinin dərinliklərində də Qəşəm müəllim gənc oğlanın ona ilişməyini vecinə almadı. Hətta baxışları ilə bunları dedi: “Eh, gənclik! Kəramət də mənə nəsə öyrədir, bu da. Nə olacaq?”

Amma Qəşəm müəllim nə demişdi: “Mən haqsız tənqidi daha çox sevirəm”. Bəlkə də bu cümlənin yaratdığı rahatlıqdan istifadə edib Ulucaya ilıq-ilıq gülümsündü?

- Mənə kimin sualı var? – Qəşəm müəllim eynəyini çıxarıb masaya qoydu.

Sükut.

Bir də soruşdu. Yenə sükut.

İstədim mən soruşum:

- Kəramət, hardadır? Nə əcəb atasının gənclərlə görüşünə gəlməyib? Bu necə oğuldu?

Yaxud bu da ola bilər: “Deyilənə görə, “Çöl” romanını siz yazmısınız? Nə məsələdir?”

Qəşəm müəllim sual gəlmədiyini görüb elə bil içimi oxudu: Kəramətə yazdığı şeiri oxudu. Ağlımda bu hissə qaldı:

Doğum evində demişdim ki,

Körpəmiz dəyişik düşər.

Demişdi, qolunda qara xalı var, qorxma,

Bəs böyüyəndə,

Sən kimlə dəyişik düşdün, oğlum?

Və gurultulu alqışlar eşidildi.

Ondan sonra yenə şeirlər oxundu.

Ulucay:

- Mən bir balaca şeir yazmışam. Əslində bir az uzun olacaqdı, amma nəsə arxası gəlmədi.

Şeiri oxudu: “Balıq çörək atırdım balıqlara...”

Qəşəm müəllimin uğunmağı və “Mən elə bildim, şeir hələ başlamayıb” deməsi Ulucayın bayaqkı atmacasına cavab idi.

Yanımda oturmuş Kafka bunu görən kimi əlini əlinə vurub şaqqanaq çəkdi. Kafka deyəndə ki, bizim Müşfiq Şükürlünü deyirəm. “Kitayski” Kafkanı...

“Azərbaycan” jurnalına da gənclərin şeirləri gedəcəkdi. Seçim başlanmışdı. Qəşəm müəllim bu dəfə oxunan şeirlərin bəzilərini bəyənirdi. Hiss edirdi ki, yavaş-yavaş istedadlar yağışdan sonrakı göbələk kimi bir-bir ortaya çıxır. Əlini havaya qaldırıb “Əla” deyirdi.

- Mən sizə öz mətbəximi göstərirdim. – dedi bir az keçəndən sonra. – Mənim mətbəximdə dolma da var, dovğa da var, aş da var.

Sonra səsini qısıb təbəssümlə dedi:

- İndi Ayxan gedib yazacaq ki, Qəşəm Nəcəfzadənin menyusu...

Gülüşmə düşdü və mənim qarnım acından kaman çalmağa başladı. Gənclər Qəşəm müəllimlə şəkil çəkdirdilər. Qəşəm müəllimin böyür-başı cavanlaşdı. Tədbirdəki son çıxışında dediklərini xatırladım: “Mənim heç dostum yoxdur. Siz poeziyadan, şeirdən danışmağa adam tapırsınız. Amma mənim danışmağa dostum yoxdur. Çünki hamısı yaşlanıb. Kəramətə də zəng edirəm ki, gəl bir çay içək, söhbət edək, deyir ayrı yerdəyəm. Bu mənada siz xoşbəxtsiniz və bu gün məni də xoşbəxt elədiniz”.

Bir qız Qəşəm Nəcəfzadənin bu sözlərindən sonra gülümsəyərək dedi:

- Qəşəm müəllim, mənə dostluq atın da, mən sizə ata bilmirəm.

Ulucayın atmacası:

- Dostluğunuzdakı qocaları çıxarın, cavanları alın dostluğa. – Öz aramızdı, Ulucayın yumor hissinin getdikcə artması məni bir ziyalı kimi çox sevindirdi.

Və Qəşəm müəllim gülümsündü. Təbəssümü cavan idi, saçları qoca...

# 1984 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #