Mirzə Cəlilin yazıq Fatma xalası – Mehman Qaraxanoğlu yazır...

Mirzə Cəlilin yazıq Fatma xalası – Mehman Qaraxanoğlu yazır...
29 iyul 2019
# 11:45

Kulis.az Mehman Qaraxanoğlunun “Sizi deyib gəlmişəm, Mirzə Cəlil...” məqaləsini təqdim edir.

Ədəbi sezintilər...

Tez-tez eşidirik: Mən öz əsərimi (şeir, roman, povest, hekayə, bir sözlə, janrından asılı olmayaraq) tamamladım. Mütləq mənada yoxdu tamamlanma! Sən öz əsərinin tamamlandığına inandınmı, qələmini qoy yerə...

1. “Tamamlanan” əsər hardasa sənin də tükənməyin haqda ilkin siqnalları verir.

2. “Tamamlanan” əsər müəllif-oxucu antiharmoniyasına gətirib çıxarır. Oxucuya ötürüləcək impulslar kəsilir.

3. “Tamamlanan” əsər mətnlər arasındakı rabitəni qırır. Yazıçı öz-özünü “tərksilah” etmiş olur. Mirzə Cəlillə Çexovu nümunə gətirə bilərik. Hər iki yazıçının bütün hekayələri bir-biri ilə əlaqəlidir; “əlaqə” dedikdə məzmun və ideya yaxınlığını deyil, struktur-semiotik oyunları nəzərdə tuturuq, sanki tamamlanmamış bir “oyun”un davamını növbəti “oyun”da görürük.

“Pirverdinin xoruzu” hekayəsinin sonluğunda yazıçı bu yöndəki bədii-estetik konsepsiyasını ümumiləşdirir: “Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım”. Hekayənin “natamam”lığı haqda informasiyanı bilərəkdən şüurumuza “axıdan” yazıçı bir tərəfdən oxucunu “çaşqın” hala salır, digər tərəfdən də mətni bir tamın, bütövün içərisinə yığdığına görə rahat nəfəs ala bilir. Bundan sonrakılar oxuculuqdur!

***

Cəlil Məmmədquluzadənin “Buz”una uşaq hekayəsi kimi baxmaq böyük yanlışlıqdır. Bu bizim “faciə”miz, Mirzə Cəlilin isə dahiliyidir. “Buz” bədii mətnin doğuluş estetikasını bütün möhtəşəmliyi ilə göstərən, “İnsan niyə yazır?” sualının əsrarəngiz koordinatlarını ortaya qoyan, lakin onların içərisindən yalnız ikisini qabardıb yazıçı əzablarının da məhz oradan qaynaqlandığını israrla düz gözümüzün içinə söyləyən, həmçinin bədii-estetik və elmi-nəzəri konsepsiya sərgiləyən bir mətndir.

Nədir insanı yazmağa sövq edən həmin iki hal? Birincisi, insan adətkərdə olmuş vərdişlərin əsiridir. Ondan qaçmaq mümkünsüzdür. “Kortəbii” ağıllılıq (Və ya fəaliyyət) maraqlarımızn əksinə olsa da, bizi idarə edir. Nitşe də, Şopenhauer da, Freyd də və Mirzə Cəlil də bunu deyirdi.

“Buz”da qırx il öncəki hadisə nəql olunur. Özü də təhkiyəçinin öz dilindən. Elə yazmağın özü də “kortəbii” fəaliyyət növüdür. Yazma! Görüm necə yazmırsan? Dəli olacaqsan! Özün özünə daş atacaqsan. “Buz”dakı uşaq kimi. Uşaq daşı küçə yoldaşı Şirəlinin darvazasına deyil, özünə, “qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir” - deyən xəstə xalasının son ümidinə atır. Dahi yazıçının fəlsəfi qənaəti budur: “Adətkərdə olmaq yaman pis imiş”. (“Buz”)

İkincisi, insan yazarkən nə vaxtsa aldığı travmalardan, acı xatirələrdən, lap “görüb-götürdükləri”ndən, bir sözlə, izafi “yük”ün ağırlığına tablaşmayan yaddaşından qurtulmaq istəyir. Yazmaq da sərxoşluğun bir növüdür. (“Kefli” İskəndərlər həm də simvolik “yazıçı”dırlar, onlar içməsə, dəli olarlar! Arxayın olun, Həsən ağalar heç bir zaman içməyəcəklər! Çünki onlar yaddaşsızlığa məhkum olunmuşlardır) Təhkiyəçi qırx il öncə baş vermiş hadisəni heç cür unuda bilmir: “Hər yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür”. Nəticə: Özünüzü uşaqlıq travmalarından qoruyun! Onun bədəlini ödəməli olacaqsınız! (Uzağa niyə gedirik, Şərif Ağayarın “Şəkil” hekayəsində də “eyni” travma “idealizə” olunur... )

***

Sən hələ də elə düşünürsən ki, hekayədə (“Pirverdinin xoruzu”) Pirverdinin xoruzundan söhbət gedir? Pirverdinin öz “arzusu”na çatdığından xəbəri yoxdursa, mətnin suçu nə?! Bəli, gözəl balamız Pirverdi öz arzusuna çatdı: Axund Molla Cəfərin evlənmə təklifinə əvvəl çəm-xəm eləyən, axırda razı olan atası Qasım əmi evə əsl döyüşkən bir xoruz – ikinci arvadı Pərinisəni alıb gətirdi. Baxın, zahirən bir birinə çox-çox uzaq olan predmetlər mahiyyət baxımından bir-birini necə tamamlayırlar: Xoruz və ikinci arvad! İç-içə olan varlıqlardır! Lütfən, hekayənin sonluğunu yenidən oxuyun!

***

Mirzə Cəlil dahiyanə ədəbi manevrlərlə insan və məkan adlarının üzərindən elə zərif “xırdalıqlar” və variasiyalar edir ki, donub qalırsan! Məgər “Danabaş kəndinin əhvalatları”nda eşşəyin itməkliyindən söhbət gedir? Əgər Xudayarlar öz analarını (Vətənlərini!!!) pul, kreslo, vəzifə, titul, rütbə xətrinə “siğə elətdirmək”lə bir gecənin içərisində “bəy” olurlarsa, özünüz düşünün, nələri itirmiş oluruq?! İtkinin arealı o qədər nəhəngdir ki, onu yalnız “danabaşlıq”la doldurmaq olar!

***

Heydərli pirinə getmək istəyən Fatma xalanı əri Kərbəlayi Xalıqverdi atın tərkinə alıb yola düşür. “Birdən naqafil Fatma çığırdı: A kişi qoyma, başmağım düşdü”. Başmağı götürmək üçün atdan enən Kərbəlayi Xalıqverdi arvadına cilovu bərk tutmağı tapşırır. Amma “sən saymağında ol, gör fələk nə sayır”.

At düz köhnə sahibi Məşədi Nurəlinin tövləsinə tərəf götürülür. Dünyanın qəribə-qəribə işlərinə bir bax ki, qəzanın baş verdiyi yerdən xeyli uzaqda Məşədi Nurəli həmkəndliləri ilə söhbət əsnasında atın yeni sahibi və onun övrətindən “bəh-bəh”lə danışırlar:

“Kişi doğrudan Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya səsini eşidim, ya boyunu görəm. Kəndlilər bu söhbətdə idilər, gördülər ki, at tappıltısı gəlir. Yola tərəf baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır”.

Övrətlər yığışıb Fatma xalanı atdan düşürürlər. Yarım saatdan sonra əri Kərbəlayi Xalıqverdi də gəlib çıxır.

Böyük Mirzə Cəlil son cümləni yazır: “Yazıq Fatma xala!!!”.

Bəli, üç nida... Daha heç nə...

***

Cəlil Məmmədquluzadənin “Fatma xala”sı elə ilk cümləsindən beynimizdə “Göyçək Fatma” nağılını assosiasiya edir: “Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yolu ilə gedəndə”. Yazıçı “köhnə” mətni ustalıqla dekonstruksiya edib tam modern bir mətn təqdim edir. Başmağı isə dipdiri “elastik” və metaforik bir nəsnə kimi əsərin sonunacan gətirib çıxarır.

Başmaq, sadəcə, oyunun ruporu rolunu oynayır. Ümumiyyətlə, yazıçının bütün hekayələrində ağırlıq mərkəzi hər hansı bir predmetin üzərinə düşür. Tək bir predmetin (canlı və ya cansız, fərqi yoxdur!) izi ilə oxucunu geniş ərazilərə çıxarmaq Mirzə Cəlil nəsrinin müstəsna özəlliklərindəndir.

# 4380 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #