Nəriman Nərimanovun oğlunun qürbətdə qalan məzarı – Reportaj-Fotolar

Nəriman Nərimanovun oğlunun qürbətdə qalan məzarı – <span style="color:red;">Reportaj-Fotolar
19 aprel 2019
# 15:45

1941-ci il iyunun 22-də faşistlərin SSRİ-yə hücumu ilə başlayan Böyük Vətən Müharibəsində Azərbaycan SSRİ-dən də olan minlərlə gənc iştirak etmiş, döyüş meydanında həlak olmuş və müharibə tarixinə öz adlarını qəhrəmanlıqla yazmışdır. 2-ci dünya müharibəsində həlak olan və doğma vətənindən çox uzaqlarda dəfn olunan gənclərdən biri də Nəcəf Nəriman oğlu Nərimanovdur.

Nəcəf Nərimanov 2 dekabr 1919-cu ildə Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nərimanov Azərbaycan SSRİ-nin ilk hökumət başçısı, SSRİ-nin ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) olmuşdur Anası Gülsüm xanım tacir ailəsində anadan olmuşdur.

Öz istedadı ilə məktəb yoldaşlarından seçilən, orta təhsilini Moskvada alan Nəcəf musiqi ilə məşğul olur, xarici dillərə maraq göstərib alman, fransız, ingilis, rus, türk dillərini öyrənir, yuxarı siniflərdə isə texnika ilə maraqlanır. Orta məktəbi bitirib Leninqrad Hərbi Texniki-tank məktəbinə daxil olur, 1 il sonra Kiyevdəki eyniadlı məktəbə köçürülür. Kiyev tank məktəbindən verilən xasiyyətnamədə onun tapşırıqları layiqincə yerinə yetirməsi, döyüş və nəqliyyat maşınlarını əla sürməyi, komandirlik qabiliyyətinə mükəmməl yiyələnməsi qeyd olunurdu. Hərbi Akademiyada təhsilini davam etdirməyi arzulayan Nəcəf Moskva şəhərindən hərbi xidmətə çağırılır və tağım komandiri kimi xidmət edir.

Hərbi xidmətdən müharibəyə yollanan Nəcəf Nərimanovun olduğu Stanislav şəhərindəki tank diviziyası Lvova göndərilir. Sonralar Nəcəf döyüşlərin birində yaralanır, Saratovda hərbi xəstəxanada müalicə olunub yenidən döyüşə qayıdır. Çox keçmədən Nəcəfin də olduğu 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun tank hissələri Stalinqrada gəlib çatır, 4 ay davam edən döyüşlərdə iştirak edir.

Ukraynanın Volnovaxa şəhərində düşmənlə davam edən ağır döyüşlərdən sonra o Moskvaya qayıtmalı olduğu barədə batalyonun əmr aldığını eşidir, bu barədə öyrənmək üçün qərargaha generalın yanına getməli olur. Maşın tapmaq ümidilə vağzala yollanan zaman düşmənin 300 təyyarəsi qara bulud kimi şəhərin üstünü örtür və o vağzala çatmağa macal tapmır. Ertəsi gün əsgərlər həlak olan dostlarını axtararkən Nəcəfin də meyitini tapır.

"Stalinqradın müdafiəsi uğrunda" medalı ilə təltif olunan Nəcəf Nərimanov, ölümündən sonra birinci dərəcəli "Vətən Müharibəsi" ordeninə layiq görülür. Volnovaxa şəhərində dəfn olunan Nəcəfin məzarını 1959-cu ildə Nəriman Nərimanovun tədqiqatçısı, görkəmli alim və dövlət xadimi Vəli Məmmədov ziyarət etmiş və onun məzarı başında, axşam olduğu üçün fənər işığında atası Nəriman Nərimanovun ona yazdığı məşhur "Bitməmiş məktubu"nu oxumuşdur. Çünki bu məktubu oxumaq Nəcəfə qismət olmamışdı...

Nərimanovun Bakıdakı xatirə muzeyi və Volnovaxa şəhərində yerləşən, vaxtilə Nəcəf Nərimanovun adını daşıyan məktəbin sovet dönəmində qarşılıqlı əlaqələri olmuşdur. Hətta 1985-ci ildə həmin məktəbdən bir qrup pioner Bakıya gələrək Nərimanov muzeyinə Nəcəfin məzarından bir miqdar torpaq gətirmişlər. Lakin sonradan SSRİ-nin süqutu, Qarabağın işğalı və digər səbəblərə görə həmin şəhərlə əlaqələr kəsilmişdir. Son illərdə isə Ukraynanın şərqində baş verən hadisələr, Donetsk vilayətinin müharibə meydanına çevrilməsi, Nəcəfin məzarının hazırki durumu haqda məndə və Nərimanovun muzeyində narahatlıq yaradırdı. Həmin şəhərdə terror hadisəsinin olması, ümumən Donetsk vilayətində partlayış və dağıntıların baş verməsi Nəcəfin məzarının da zərər görə biləcəyi ehtimalını artırırdı.

Bu səbəblə bir müddət apardığım araşdırmalar nəticəsində Volnovaxa şəhərinə getməyə qərar verdim.

Ukraynaya səfər çərçivəsində 24 may 2018-ci ildə Volnovaxa şəhərinə yola düşdüm. Bölgədəki gərgin vəziyyətə görə yolboyu bir neçə post-patrul məntəqəsində sorğu-sual olunaraq Volnovaxa şəhərinə çatdım. Şəhər qəbiristanlığındakı bir neçə saatlıq məzar axtarışımın nəticəsiz qalmasına görə, məlumat almaq ümidilə şəhər muzeyinə getdim. Muzey əməkdaşları turizm şəhəri olmayan Volnovaxaya azərbaycanlı turistin gəlişini təəccüblə qarşıladılar. Mənim getmə səbəbimin Nəcəfin məzarını axtarıb tapmaq olduğunu biləndə isə onların mənə olan marağı daha da artdı.

Məni sevindirən isə muzeydə Nəcəf və Nəriman Nərimanova aid şəkillərin, Vəli Məmmədovun əlyazması olan və digər sənədlərin ayrıca qovluqda saxlanılması oldu. Muzeydə şəhər qəhrəmanlarına aid daimi guşədə Nəcəfin də şəklini görməyim isə onun hələ də unudulmadığının bariz nümunəsi idi. Nəcəfin adı həmin şəhərdə küçələrdən birinə verilmişdir. Hal-hazırda Nəcəfin məzarı muzeyin də yerləşdiyi şəhər mərkəzi parkında, 2-ci dünya müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin ətrafındadır.

# 5725 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #